Bakı şəhəri Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Şuşa Humanitar Kollecinin birgə təşkilatçılığı ilə yazıçı Əlisəfa Azayevlə görüş keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Şuşa Humanitar Kollecində baş tutan tədbirdə ilk olaraq Bakı şəhəri Yasamal Rayon MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Arzu Xudayarova çıxış edərək görüşün əhəmiyyətindən, kitabxanalar və təhsil müəssisələri arasında əməkdaşlığın vacibliyindən bəhs edib.
Daha sonra Şuşa Humanitar Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Qasımova bu cür görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsi, mütaliə mədəniyyətinin formalaşması və ədəbiyyata marağının artırılması baxımından önəmini vurğulayıb.
Kollecin Humanitar şöbəsinin müdiri Ruhiyə Rzayeva isə çıxışında xüsusilə Kitabxana işi ixtisası üzrə təhsil alan tələbələrin kitaba və kitabxanaçılıq sahəsinə olan marağından söz açıb, tədbirin gələcək mütəxəssislər üçün əhəmiyyətli təcrübə və fikir mübadiləsi imkanı yaratdığını qeyd edib.
Görüşdə Əlisəfa Azayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova və tələbələr yazıçının şeirlərini səsləndiriblər. Tələbələr yazıçı ilə səmimi söhbət apararaq ona müxtəlif mövzularda suallar ünvanlayıb, yaradıcılıq yolu və ədəbiyyatla bağlı fikirlərini bölüşüblər.
Maraqlı müzakirələr şəraitində keçən görüşün sonunda Əlisəfa Azayevə kitabxananın Fəxri Fərmanı təqdim olunub. Yazıçı da öz növbəsində müəllifi olduğu kitabları Mərkəzi Kitabxanaya və kollecin kitabxana fonduna hədiyyə edib. Sonda qonağa təşəkkür ifadə olunub və xatirə fotosu çəkilib.
“Ədəbiyyat və incəsənət”
(20.11.2026)


