"Ruhun pıçıltısı" Mina Rəşid Şıxova ilə Featured

Ülviyyə Əbülfəzqızı,

"Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Bu dəfə də "Ruhun pıçıltısı" rubrikamızda bir ruhun səsini duyacağıq. Qonağımız AYB və AJB-nin üzvü, Prezident mükafatıçısı, həm uşaqlar həm də böyüklər üçün yazılmış bir çox kitabların müəllifi Mina Rəşid Şıxovadır.

Sizə şairin bir neçə şeirini təqdim edirik.

 

 

BİZ QANADLI ƏSGƏRLƏRİK

 

Qayaları ram edərik,

Keçərik uçurumdan.

Qarşımızda dağ dayanmaz,

Enərik aşırımdan.

 

Düşmən bir də oyanar ki,

Biz artıq yanındayıq.

Hanı qurduğu istehkam?

Biz heç sədd tanımadıq.

 

Biz hər yandan yola çıxdıq-

Çaydan, dağdan, meşədən…

Düşməni saldıq tələyə

Çaş-baş qaldı bu işdən.

 

Biz qanadlı əsgərlərik

Göyümüz var uçmağa.

Düşməni aldıq araya

Yer tapmadı qaçmağa.

 

Aşdıq Murovu, Şişdağı,

Cıdır düzünə çatdıq.

Şuşada bayrağımızı

Uca zirvəyə taxdıq.

 

Biz qanadlı əsgərlərik

Heç zaman yorulmarıq.

Gecə-gündüz yurdumuzun

Keşiyində durarıq.

 

 

QƏHRƏMAN ŞƏHİDLƏRİMİZƏ

 

Şəkildə duruşunla da

Sən başqa bir oğulsan.

Ey qəhrəman, gülüşünlə

Bir günəş misallısan.

 

Kimsəyə minnət qoydunmu

Vətəni qoruyanda.

Yağışda, yaralı halda,

Ac-susuz, yorulanda?...

 

Sən ancaq irəli baxdın,

Baxmadın sağ-soluna.

Bir də baxdın göyə qalxıb

Yerə düşən qoluna...

 

Yenə, yenə sarsılmadın

O dəhşətli ağrıdan.

Tək əlinlə silah tutdun,

Dişinlə bayrağından...

 

Son nəfəsdə bayrağını

Şuşayadək apardın.

Sən Şuşada Zəfər çalıb

Bizi bizə qaytardın.

 

Qanınla yazdın adını,

O sal daşa, qayaya.

Son anda da təbəssümlə

Vida etdin dünyaya…

 

 

QƏLBİMDƏSƏN, BİRDƏNƏM!

Şəhid xanımının dilindən

 

...Hərdən səsin gəlir qulağıma,

sevinirəm.

ah, o təbəssümün...

gülümsünürəm.

əllərim havalanır,

sənə doğru uçuram…

 

Adın gəlincə qızımızın dodağı büzülür,

oğlumuzun qaşları çatılır...

uşaqların səsinə aşağı enirəm və

sənə uzanan əllərimlə

iki balamızı qucaqlayıram.

sənin qoxun gəir,

səsin gəlir,

sən həmişə bizimləsən,

qəlbimdəsən, birdənəm...

 

 

BİR PAYIZDI, BİR DƏ MƏN...

 

Hərənin öz havası var,

Hər kəsin öz fəsli var.

Mənim də ürəyimdə

Payız möhtəşəm olar...

 

Payız nə mehribandı

Günəşi gülümsəyir.

Yağışı damla-damla

Könlümdə rəqs eləyir.

 

Külək mənə bənzəyir

Gah küsür, gah da gülür.

Həzin-həzin əsəndə

Heyva qoxusu gəlir.

 

Sanki dünya boş qalıb

Bir payızdı, bir də mən.

Yarpaq qonur çiynimə

Pıçıldayır: “Çəkmə qəm..."

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.