“Ədəbiyyat və incəsənət” portalı “Azərbaycan” jurnalının Baş redaktoru, yazıçı, hamımızın sevimlisi İntiqam Qasımzadənin yeni hekayəsini təqdim edir. Əminik ki. Məmnuniyyətlə oxuyacaqsınız.
– Cәmi qәbiristanlıq әhlinin ruhuna bir salavat: “Allahün mәsәlli әla Mühәmmәdin vә ali Mühәmmәd”...
Qәbri torpaqlayıb qurtarmışdılar; molla dәfnә gәlәnlәri salavat demәyә dәvәt edirdi. Sonra da “Quran”dan “Fatihә” vә “İxlas” surәlәrini deyib, nizamla qәbiristanlığı tәrk edәcәk vә mәrhumun yas mәclisinin keçirilәcәyi Tәzә Pir mәscidinә gedәcәkdilәr.
Yaxın dostumuz Aqili dәfn edirdik. Gözlәnilmәdәn, qәfil vәfat etmişdi. İllәrdәn bәri bir yerdә durub-oturduğumuz dostlarımızın hamısı gәlmişdi. Başqa cür ola da bilmәzdi; iyirmi beş ilә yaxındı hәr sәhәr Bakı bulvarında görüşüb xeyli gәzişir, sonra da çayxanada oturub çay içir, zarafatlaşırdıq. Ayda da bir, ya iki dәfә mәclis qururduq; hәrdәn birimiz xәrcini boynumuza götürürdük. Bir dә görürdün tinimizә düşdü, yığışıb Quba-Qusar tәrәfә çolpa çığırtması yemәyә gedirdik, ya da Nardarana nәrә balığının kotletini yemәyә. Daha çox Salyan tәrәfә – Şorsuluya gedirdik; xüsusәn gәrәf, qaşqaldaq vaxtı. Aramızda әn fәalı, әn zarafatcılı şorsululu Akif idi; o çәkib aparırdı bizi ora. İndi dә hәmәn Akif mәnә yaxınlaşıb:– Bura bax, yadından çıxmayıb, kişi sәndәn xahiş elәmişdi ki, mәn ölәndә qәbrim üstә sәn “Fatihә” verәrsәn?! Sәn dә söz vermişdin, - söylədi.
– Nә danışırsan, – dedim, – zarafatdı da elәyirdik.
Akif əl çəkənə oxşamırdı:
– Yox ey, o, zarafat-zad elәmirdi, çox ciddi deyirdi. Mәndәn dә xahiş elәmişdi ki, yaddan çıxmasın, Akif, çıxsa, sәn yada salarsan.
Aqilin ölәndә mәndәn qәbri üstә “Fatihә” demәyimi istәmәsinin mayası hardan gәlirdi? Bizim Cavad adında bir dostumuz da vardı; әsli Qarabağdan, Cavanşirlәr nәslindәndi. Çox mәrifәtli kişiydi. Bir neçә il әvvәl vәfat etmişdi. Bir gün vәfatının ildönümündә dostlar yığışıb getdik onun qәbrini ziyarәtә: 2-ci Fәxri xiyabanın çöl tәrәfindә, şosse yolunun lap kәnarında dәfn olunmuşdu. Oralarda da molla-zad olmur ki, bir yasin oxutduraq. Odur ki, mәn qәbrin baş tәrәfinә keçib dostlarımızı “fatihә” demәyә dәvәt etdim; bilirdim bunun qaydasını, yәni dәvәt elәyәndә deyilәn sözlәri:
– Allahın mәğfiril mömüninә vәl mömünat, vәlmüslüminәn vәl müslümat, rәhmallahi mәnqәrәl fatihәәs salavat, – ucadan avazla dedim. Avazla da ucadan “Fatihә” vә ardınca da “İxlas” surәlәrini oxudum; ziyarәtimizi, mollalar demişkәn, yola verdim. Elә rәhmәtlik Aqilin dә, zәnnimcә, mәnim avazım xoşuna gәlmişdi. “Düzü, avazım pis deyildi; özüm dә bilirdim bunu, oxuduğum da “Quran”dı... Molla “İxlas” surәsinin son sözlәrini tәlәm-tәlәsik: “vә lәm lәkin lәhu kufufәn әhәd” – deyib dәfn mәrasiminin nöqtәsini qoydu vә dәrhal da dәfnә gәlәnlәrә müraciәtlә söylədi: – Hörmәtli qohumlar, qonşular, dostlar, mәrhum Aqil qardaşımızın ailәsi sizlәrә zәhmәt çәkib gәldiyiniz üçün öz minnәtdarlığını bildirir. Zәhmәtinizi hәlal edin.
Hamı: – “Halal olsun” – dedikdə molla yekun sözünü söylədi:– Dәfn mәrasiminin davamı Tәzә Pir mәscidindә keçirilәcәk; indi ora gedәcәyik. Maşınlarımız qәbiristanlığın girәcәyindәdir. Buyurun, hamınızı bir nәfәr kimi ora dәvәt edirlәr.
Akif dirsәyi ilә böyrümә vurub:– Tez elә, – dedi, – sora gec olacaq, vәdivәәmәl elә. Kişi vәsiyyәt elәmişdi sәnә.
Bir addım irәli çıxıb:– Molla әmi, hörmәtli dostlar, – dedim, – çox-çox üzr istәyirәm, bir neçә dәqiqә vaxtınızı alacam. Mәn Aqilin dostları adından danışıram. Söz yox, molla qardaş mәrasimi yüksәk sәviyyәdә aparır, heç bir әlavәyә ehtiyac yoxdur. Amma mәsәlә ondadır ki, rәhmәtlik hәlә sağlığında mәndәn xahiş elәmişdi ki, – bunu dostlarımız da bilir, – ölәndә mәn onun qәbri üstündә “Fatihә” verim. Mәn dә onun bu istәyini sizin iştirakınızla yerinә yetirmәyi özümә vacib bilirәm.
Hiss etdim ki, әmәlli-başlı hәyәcanlanmışam. 75 illik hәyatımda ilk dәfә idi bir belә insanın qarşısında ucadan, “Fatihә” verәcәkdim. Oxuyacağım “Quran”ın hikmәtindәndi yәqin, hәyәcanlı olsam da, inamlıydım. Bir an duruxdum. Sonra çәliyimi yaxınlıqdakı şam ağacına söykәdim (mane olurdu mәnә) vәәllәrimi qarşımda qoşalayıb ucadan әtrafdakı müsәlman qardaşlarımızı Aqilin vә cәmi qәbiristanlıq әhlinin ruhuna “Fatihә” demәyә dәvәt etdim:
– Allahın mәğfiril mömüninә vәl mömünat, vәl müslüminәn vәl müslümat, rәhmallahi mәnqәrәl fatihәәs salavat...
Hamı – kimi ucadan, kimi ürәyindә – “Allahün mәsәlli әla Mühәmmәdin vә ali Mühәmmәd” – deyә, salavat çevirdi. Mәn “Quran”ın әn gözәl surәlәrindәn sayılan “Fatihә” surәsini avazla demәyә başladım:
Bismillәhir-rahmanir-rahim, Əlhәmdu lillәhi Rabbil -alәmin”... vә sairә surәlәri deyib qurtardım. Deyәsәn, avazım camaatın da xoşuna gәlmişdi; xalqımız demişkәn, avazım yaxşı idi, oxuduğum da Quran”dan.
– Çox sağ olun, – dedim. – Allah ölәnlәrinizә rәhmәt elәsin. Başınız ailәnizin, qohum- əqrabanızın yanında hәmişә uca olsun. İki-bir, üç-bir, hamı qәbiristanlığın çıxışına üz qoydu. Akif dә mәnә yaxınlaşıb qoluma girdi vә biz dә axına qoşulduq.
– Yaxşı elәdin, savabdı, – dedi Akif. – Hәm dә bu bir borc idi, boynunda qalacaqdı.
Çıxışa çatdıq. Maşına minmәk mәqamı gәlәndә, gördüm ki, çәliyimi unutmuşam, qalıb qәbir üstә. Dәrhal Akifә: “Məni bir beş dәqiqә gözlә, çәliyim qәbir üstә qalıb, gedib gәtirim” – deyib ayağımı çәkә-çәkә götürüldüm Aqilin qәbri tәrәfә. Nә yaxşı onun qәbri çıxışa yaxın idi. Çәliksiz әmәlli-başlı yeriyirmişәm ki... Yaxınlaşanda nә görsәm yaxşıdır?! İstәr-istәmәz, bir an duruxub qaldım: axı, heç beş-altı dәqiqә olmazdı ki, camaatın buranı tәrk etdiyi. Hamı getmişdi, ins-cins qalmamışdı. Axırıncı biz çıxmışdıq burdan – Akiflә mәn. İndi isә burda, rәhmәtliyin qәbrinin baş tәrәfindә iki yeniyetmә qız uşağı bir-birinә sığınıb xısın-xısın ağlayırdı. Ayaq tәrәfdә isә, Akito cinsindәn olan yapon iti quyruğu üstә oturub, kәdәrli gözlәriylә qәmgin-qәmgin Aqilin başdaşı әvәzinә müvәqqәti qoyulmuş şәklinә baxırdı. Mәnә elә gәldi ki, itin gözlәri yaşarmışdı. Əvvәlcә duymasam da, sonra qızcığazların Aqilin qızları olduğunu başa düşdüm; müsәlman adәtinә görә, dәfnә qadınlar getmir axı. Qızlar evdә qala bilmәmişdilәr, ürәklәri gәtirmişdi onları bura. Kәnarda gözlәyiblәr, kişilәr dağılışandan sonra, yaxınlaşıblar. Görünür, Aqilin yoxluğunu hiss edәn Akütonun vurnuxduğunu, evdә özünә yer tapmadığını görәn qızlar onu da özlәriylә gәtirmişdilәr. Bu cins iti Aqil beş-altı il әvvәl “Akitonun hekayәti” mәşhur yapon filmindә görüb ağlına, sәdaqәtinә heyran olmuşdu. Uzun axtarışlardan sonra onun küçüyündәn tapdırıb çox baha qiymәtә almışdı.
Gördüklәrimdәn o qәdәr mütәәssir olmuşdum ki, niyә qayıdıb gәldiyimi dә unutmuşdum; bir qәdәr әvvәl bura toplaşmış onlarla insanın iştirakı ilә aparılan dәfn prosesi mәni heç belә sarsıtmamışdı. Daha bir neçә addım irәli gedib qızlardan bir qәdәr aralı vә arxada dayandım, diqqәtlә Aqilin şәklinә baxdım; dodaqları azca qaçmışdı, ironik bir tәbәssüm vardı üzündә. Amma... gözlәri kәdәrli idi...
Orda belәcә nә qәdәr durduğumu deyә bilmәrәm... Yәqin ki, bir xeyli durubmuşam. Xәyalım mәni çәkib uzaqlara aparıb, vaxtın necә ötdüyünü hiss etmәmişәm. Odur ki, bir әlin ehmalca qoluma toxunmasından diksinәn kimi oldum. Azca qanrılıb geri baxdım; Akif idi, lәngidiyimi görüb nigaran qalmış, arxamca gәlmişdi. Üzündә bayaqkından xeyli fәrqli dәrin bir kәdәr vardı. Bir müddәt dinmәzcә yanaşı durduq. Qızlar elәcә bir-birinә sıxılıb xısın-xısın ağlayırdılar. Akito isә heykәl kimi donub gözlәrini sahibinin şәklinә dikmişdi. Bütün vәziyyәtlәrdә sayıqlığını itirmәyәn, düzgün qәrar verәn dostum Akif mәnә işarә etdi ki, getmәk lazımdır. Vә biz Aqilin üç doğmasını orda onunla baş-başa qoyub, sakitcә çıxışa doğru getdik. Yol boyu heç birimiz – nә o, nә dә mәn, bir kәlmә dә olsun dinib danışmadıq. Maşına oturmaq istәyәndә başa düşdüm ki, qәbir üstündә gördüklәrim; qızların bir-birinә qısılıb xısın-xısın ağlaması, Akitonun sahibinin şәklinә dikilmiş kәdәrli gözlәri mәni elә sarsıdib ki, ora niyә qayıtdığımı tamam unutmuşam; çәliyimi götürmәmişәm. Elә hәmin anda da Akifin sәsi eşidildi:
– Aaa, çәliyi götürmәmisәn ki....
Mәn günahkarcasına: – Hә, – dedim, – qızları görüb tamam unutmuşam.
Akif :– Yaxşı, onda sәn otur, mәn gedib götürrәm, – deyib, maşının qapısını
örtdü.
– Yox, mәn dә gәlirәm, – dedim, – birdәn sәn tapmazsan, yerini mәn
bilirәm.
Ayağımı çәkә-çәkә Akifin dalınca götürüldüm. Qızlar hәlә dә ordaydılar. Akif elә bil çәliyi әliylә qoymuşdu, düz bayaq mәn “fatihә” verәndә yanında durduğum şam ağacına sarı getdi, çәliyi götürüb, dәrhal da geri döndü vә qoluma girib:
– Getdik, әmioğlu, – dedi, – (onun hәrdәn mәnә belә müraciәt etmәyi vardı), camaat çoxdan çatıb Tәzә Pirә, yaxşı deyil, “Quran” oxutduracaqlar yәqin...
– Bir dәqiqә gözlә, – dedim, – gәlirәm. – Qәbrә yaxınlaşdım, әyilib bir әlimi qәbrin üstündәki torpağa qoydum vә ürәyimdә: “rahat yat, dostum, biz – övladların, dostların, bir dә bu köpәyin, – sәni utmayacağıq” – dedim vә qeyri-ixtiyari Akitoya baxdım. İt elә bil ürәyimdә dediklәrimi eşitmişdi, başını mәnә sarı çevirib sözlәrimә sәs verdi; alçaqdan, bir insan kimi inildәdi. Bu iniltidә tәkcә bir itin sadiqliyi deyil, bu fani dünyada bәndәnin-bәndәyә olan bütün sevgisi, hәsrәti vә dәrdin ağırlığı vardı...
Pirәbәdil. 2026
“Ədəbiyyat və incəsənət”
(12.11.2026)


