Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, dəyərli izləyicilərimiz, bu dəfə "Ruhun pıçıltısı" rubrikamızın qonağı AYB-nin üzvü Qalibə Cəfərovadır. Hazırda 6-cı dəfə təntənə ilə qeyd etdiyimiz Zəfər bayramının təəssüratları altında yaşayırıq, odur ki, Qalibə xanımın vətənpərvərlik mövzusunda yazdığı şeirləri Sizə təqdim edirik.
TÜRK TARİXİN QANI İLƏ YAZANDI
Nə yorular, nə dayanar, nə susar
Biz tarixi, təkrar -təkrar yazarıq,
Bəzisinə dərd olarıq, həm yara
Qanımızı sızar -sızar yazarıq.
Əslimizi danmadıq, türk doğulduq
Bayrağı, hilalı qanla yoğurduq,
Ön cərgədə, yerimizdə dayandıq
Turk oğluyuq, türkəm dedik, Turanıq.
Qurd südüylə bəsləndik, qurda döndük
Cəbhələrdə ölməz, ər igidlərik,
Bir ölsək də, min -min doğar, artarııq
Cəng tutarıq, gürz atar, bərkiyərik .
Qaçar bizi görən də, yağı yad da
Türk oğluna ,türk qoşar bu minvalda,
Od qoyarıq, can alarıq üstəlik
İki qardaş birləşib bir arada.
Ayağımıza iynə - tikan batmaz ki
Qurd oğlu qurd kölgələrdə yatmaz ki,
Biz çıxanda gün doğulur cahana
Qarı düşmən meydanlara çıxmaz ki .
Yeni- yeni tariximiz yazarıq
Biz tarixik, tarix olar yaşarıq
Qorxumuz yox, kimsədən kimsələrdən
Pozammazlar, biz yenidən yazarıq .
Türk tarixin, qanı ilə yazandı
Qismət, tale, bəxti belə yazandı
Bir yumruqda, bir oldu məmləkəti
Qələbəni qanı ilə qazandı.
Qələbəni qanı ilə qazandı.
XARI BÜLBÜL DASTANI
44 günlük Qələbə qəhrəmanlarımıza ithaf edirəm
Döndülər cərgələrə
Sıralandı igidlər,
Düşmənin ürəyinə
Dağ üstən dağ çəkdilər.
Ön cəbhə, arxa cəbhə
Bir oldu, birgə vurdu
Vətənin sərhəddində
İgidlər, səf-səf durdu.
Durdu, səfərbər oldu,
Canlandı, cana döndü
Dünya, cahana döndü,
Qarabağdan dolandı
Azərbaycana döndü.
Xarı bülbül dastanı
Dillərdə əzbər oldu ,
Vətənin igidləri
Vurdu düşməni vurdu.
İllərlə çəkən savaş
44 gün bitər oldu .
Tarixə yeni tarix
Görünməmiş dərs oldu.
Qan istədi torpaqlar
İstədi, Şəhid qanı,
Yazıldı tarixlərə
Xarı bülbül dastanı.
Yerdən, göydən, səmadan
Yağdılar, düşmən üstə,
İgidlərim vurdular,
Qondular, köksün üstə.
Nəfəs ala bilmədi
Nəfəsi tıxanmışdı ,
O mənfur düşmənimin
Tamahı koşalmşdı .
Keçdilər dağdan, daşdan
Keçdilər, candan, başdan
Qazandılar qələbə
Bu, təkrarsız savaşdan .
Açıldı, Xarı bülbül
Açdı Qarabağımda,
Əfsanələr yaşandı
Hər ləçək, yarpağında.
Gəlişindən, min-min şəhid
Boylandı, baxdı, güldü,
Vətənin hər qarışı
Xarı bülbül bitirdi .
Salam verdi şəst ilə
Vətənin sərhəddinə
Qanlarıyla, can vermiş
Şəhid igidlərinə .
Ona can, nəfəs verdi
Şəhidlərimin qanı ,
Ölmüşdü, o dirildi
Oyandı yataqları .
Vətənə, oğul verdi
Mərd oğul, mərd analar,
Xarı bülbül dastanı
Dünya durduqca yaşar.
Xarı bülbül dastanı
Dünya, durduqca yaşar.
AZƏRBAYCAN TURKİYƏ
Ər oğluyuq ərlərik
Vətəncün şəhidlərik,
Düşmənə can vermərik
Azərbaycan Türkiyə.
Bir ağızda bir dadıq
Deməyin biz yadlarıq.
Dünya yaşar, biz varıq
Azərbaycan Türkiyə.
Qopuz çalar əlimiz
Nəğmə söylər dilimiz.
Yallı gedər elimiz
Azərbaycan Türkiyə .
Ucalıb günə-aya
Səs salıb bu dünyaya
Yetişərik haraya
Azərbaycan Türkiyə.
Qalibiyyət bizdədir
Allah qəlbimizdədir,
Birlik cümləmizdədir
Azərbaycan Türkiyə.
MƏN TÜRK OĞLUYAM TÜRKƏM
Mən türk oğluyam türkəm
Azad bir yurdda kökəm,
Əcdadımdan güc alan
Göylər oğlu, Göytürkəm .
Bayrağım göyəbülənd
Himnim də min cür ahəng,
Turanlardan bu yana
Mən türk oğluyam, türkəm.
Sözümdə var hikmətim
Müstəqildi dövlətim
Şanlıdır məmlkətim
Mən türk oğluyam, türkəm.
Türkəm, türkdür, türk adım
Tükənməz alov, odum
Ana, vətən ilk andım
Mən türk oğluyam, türkəm.
Türkmən, oğuz yoldaşım
Qazax, qırqız qardaşım
Türk elim dost, sirdaşım
Mən türk oğluyam, türkəm.
Uyğur, tatara həyan
Qaraqalpağı duyan
Əhdi-peymanı sayan
Mən türk oğluyam, türkəm.
Hər bir yerdə var səsim
Hər qəlbdə var nəfəsim
Məhəmməddir ümmətim
Mən türk oğluyam, türkəm.
Mən türk oğluyam, türkəm.
“Ədəbiyyat və incəsənət”
(11.11.2026)


