XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərinin hissə-hissə təqdimatını yekunlaşdırır.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey yer almışdı.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə verilmişdi.
Əminik ki, bu təsirli, sentimental əsəsri bəyəndiniz.
36-CI DƏRC
VƏ SON
Cümə axşamlarının birində Natavan Faiqqızı rəssam Mir Teymurla gəldi. Natavan Faiqqızı Sənin haqda rus dilində “V pulse mejmirya” (“İki dünya arası vuran nəbzdə”) kitabını yazıb. Görmədin nəfis tərtibatda çıxan bu kitabı. Bircə müsahibəndən doğuldu bu kitab. Natavan dedi ki, Sənsiz ev, elə bil kiçilib. Bir də Natavan dedi ki, Sən ona ölümdən qorxmamağı öyrətdin. Mir Teymur həm də məzarüstü abidənlə bağlı söhbət üçün gəlmişdi. Ona abidəni necə görmək istədiyimi dedim. Məzar üstündə “Mən burdayam, İlahi...” cümləsinin olması mütləq idi. Sən deyirdin, harada oluramsa olum, ora darıxmağın ünvanıdır... Beynimdə iki qəbrüstü ideya fırlanırdı. İkinci gün Fəxri xiyabana gələndə torpağının üstə bir ağ kağıza əllə yazılmış,
Məzarıma
nə başdaşı qoyun, nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın geyinib getsin...
şeirini və kağızın üstünə qoyulmuş bir cüt idman ayaqqabısı gördüm. Təsirləndim... Gördüyüm mənzərə beynimdə fırlanan ideyalardan birini təsdiqlədi. Ayaqqabını, şeiri kimin gətirdiyini soruşanda, dedilər ki, bir gənc qız. Məzar nəzarətçisi Müzəffərdən xahiş etdim, üstün götürülənə kimi nə yazıya, nə də ayaqqabıya toxunulsun. Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi olan Müzəffər əsl bələdçi kimi Fəxri xiyabana gələn qonaqlara burada son, daimi ünvanlarını tapmış ictimai-siyasi, elm, mədəniyyət xadimləri haqda bildiklərini böyük həvəslə danışır. Müzəffər bunu öz istəyi ilə edir, kiminsə tapşırığı ilə yox. Bu arada gənc yazar Lamiyə Mərdanın müsahibəsini oxudum. Sənin məzarın üstə ayaqqabıları, şeiri qoyan o gənc qızın Lamiyə olduğunu bildim.
“...Yanvarın 28-i ölüm xəbərini oxuyanda, anladım ki, çox böyük bir tarixin bitiş nöqtəsinə çatmağımıza lap az qalır və bütün bunları canlı görürük. Şair ağrılardan azad olmuşdu, ancaq məni gün boyu narahat edən bir nüans vardı. Şairin 1963-cü ildə ölümünə bu qədər uzaq, bəlkə də bir o qədər də yaxınkən yazdığı bu misralar:
Məzarıma nə başdaşı qoyun....
Ən sevdiyim ayaqqabılarımı çıxartdım qutusundan... Vaqif Səmədoğlunun misraları kağızda qalmamalıydı... Bəzi insanlar doğrudan da ölmür, sözlərdə, alqışlarda, iki sevgilinin ən xoş anında, bir xəstənin ümid dolu baxışında yaşayır... Ayaqqabılar sadəcə simvol idi... Mənimçün şeirin hərfi mənasından çox həyatıma qatdıqları önəmlidir...”.
Kim 52 il qabaq deyə bilərdi ki, 24 yaşında yazdığın şeir məzarüstü abidən olacaq...
Mir Teymur iki eskiz çəkdi. Birini o dəqiqə bəyəndim. Gözümün önündə Sənin təbəssümlü, nurlu üzün canlandı. Nə deyir mənə? Bəyəndinmi ideyanı? Mən istədim, həyatda qeyri-adi olduğun kimi, S o n M ə n z i l in də fərqli, qeyri-adi olsun. Mir Teymur işin icrasını istedadına bələd olduğu gənc heykəltəraş Fəqan Qasımova verməyə məsləhət gördü. Fəqanla görüşdük, ayaqqabıları və şeiri ona verdim. Fəqan iri hərflərlə yazdığı bu şeiri evdə masanın üstünə qoyub, yerə də ayaqqabıları. Fəqanın anası, sevimli bəstəkarımız Elnarə Dadaşova şeiri və ayaqqabıları görcək çox təəccüblənib. Xəyalən 40 il əvvələ, Bakı Konservatoriyada təhsil aldığı illərə qayıdıb. O vaxtlar müəllimi Qara Qarayev Elnarə xanıma xor əsəri yazmağı tapşırıb. Elnarə xanım xatırlayır ki, bizim dərslərdə Həsən Adıgözəlzadə (sonradan tanınan bəstəkar, dirijor oldu) də iştirak edirdi. Səhəri gün o mənə nazik bir kitab verdi: “Götür, buna bax. Yəqin xoşuna gələr”. Kitabın üstündə Vaqif Vəkilov “Yoldan teleqram” yazılmışdı. Mən rusdilli idim. Azərbaycan poeziyasını yaxşı bilmirdim. Kitabdan üç şeir (“Dünən adını yazdım”, “Təklik” və “Məzarıma...”) seçdim, Arfa, marimbafon və litavrların müşayiətiylə qarışıq xor üçün üç miniatür, triptix yazdım. Neçə il sonra evdə bu şeiri və ayaqqabıları görəndə içimdə qəribə duyğular baş qaldırdı. Elə bil, Vaqif müəllimin öz seçimi olub oğluma onun məzar üstünün tapşırılması. Çünki adətən Fəxri xiyabanda eyni adamlar heykəllər yapır. Bu, bir tərəfdən təəccüblü gəlsə də, bir tərəfdən də təbii göründü mənə...
Sən söyləyirsən ki, bizim bayraqda bir qəm, kədər var. Məndə bu bayraq həm qürur hissi doğurur, həm də kədər. Bunu heç nə ilə izah edə bilmirəm. Dəqiq başa sala bilmirəm, niyə? Necə ki, niyə bu ağac xoşuma gəlir, o ağac yox, bunu anlada bilmirəm. Bayraq məsələsində də bu kədərin haradan gəldiyini başa sala bilmirəm... Dəqiqlik çətin məsələdir. Bu yerdə mən Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsini xatırlayıram. Deyirlər ki, fəlsəfəm Lütfi Zadənin fəlsəfəsinə bənzəyir...
İndi təkcə fəlsəfəniz, ruhlarınız yox, məzarlarınız da bir-birinə yaxındır. Çox yaxın. Bu da bir Təsadüf... Sanki Sənin Taleyin Təsadüflərdən yoğurulub. Bəlkə də bu Təsadüflərdə Yaradanın barmağı var... İndi Fəxri xiyabana gələndə mütləq onun da məzarı üstə gül qoyuram.
Hüznlü günlərdə adama ürək-dirək verən çox olur. Mən isə özüm-özümlə, öz dərdimlə baş-başa qalanda, az da olsa, sakitlik tapa bilirəm. “Dərdimə dərman aradım, dərdim mənə dərman imiş”. Yunis Əmrə deyib bunu da...
Ancaq bir nəfərin zəngi – tanımadığım xanım mənə nağıllardakı qəhrəmanın çətin vəziyyətində dadına çatan xeyirxah pərini xatırlatdı. Onun ürək yanğısıyla dedikləri məni silkələdi sanki... “Ağlama, qızım, başını uca tut. Əyilmə, sınma, sənin ixtiyarın yoxdur. Sən elə bir kişinin arvadı olmusan. Sənin qarşıda hələ çox işin var...”. Çoxlu dualar etdi. Həyəcanlı, bir qədər xırıltılı səsli bu xanımın adı Nuriyyə idi. Ürəkdən gələn sözlərində bir doğmalıq eşitdim. “91 yaşım var, qızım, – dedi, – onkoloqam, Səməd Vurğun xəstə olanda, gənc həkim idim, evlərində olmuşam”. Nuriyyə xanım çox sərras, aydın danışırdı. Sonralar bildim ki, Nuriyyə xanım əslən Şuşadandır, Abbasqulu bəy Zöhrabbəyovun qızı olub. Nuriyyə xanım vaxtaşırı bizə zəng edir, hal-əhval tutur, dualar edib, sağollaşırdı. Birdən onun zəngləri kəsildi, nigaran qaldım, ona zəng etdim. Telefon zənginə özü cavab verdi. Dedi:
- Qızım, yaşım 94-ə çatır. Qulağım da pis eşidir. Pəncərənin qabağında durub, Allaha yalvarıram ki, vaxtdır, aparsın məni...
Nuriyyə xanım artıq iki ildir yoxdur həyatda. Onun ölümü mənə bir yaxın adamımın itkisi qədər təsir etdi.
Bu gün təmasda olduğum insanlarla məni Sənin yaradıcılığın tanış edib. Onların Sənin şəxsiyyətinə, yaradıcılığına olan sevgiləri, ehtiramları... Yadındadı, təzə evlənəndə demişdim: “Sənin dünyanı sevən adam mənim də əzizimdir”. Heç nə dəyişməyib...
Vaqif, darıxıram desəm yalan olar... bəzən zilə qalxır sənsizliyimin yalquzaq səsi...
Bu yaxınlarda taksidə gedirdim. Sürücü İlqar Muradovun ifasında “Kimindi indi o əllər” mahnısına qulaq asırdı. “Kimindi indi o əllər”misrası o qədər təkrarlandı ki, özümdən asılı olmayaraq pıçıldadım: İndi o əllər mələklərindi...
Səni düşündüm, Vaqif...
Fərid Hüseyn mənimlə müsahibəsində soruşdu ki, sənsizliyi mən necə ifadə edə bilərəm?
Cavabım özümçün də gözlənilməz oldu. Fikirləşmədən verdiyim cavab, gəldiyim qənaət:
U ş a q l ı ğ ı m ı n,
g ə n c l i y i m i n,
b ü t ü n ö m r ü m ü n ü s t ü n ə
V A Q İ F S Ə M Ə D O Ğ L U
a d ı y a z ı l d ı...
Deyirlər, ömrü təkrar yaşamaq olmaz. Ancaq olurmış... uşaqlığımı, gəncliyimi... ilk görüşdən son görüşə kimi Sənli ömrü yaddaşın içində əridərək, sözbəsöz, cümləbəcümlə təbəssümlə, göz yaşıyla, ölüb-dirilərək kağız üzərinə köçürmək ömrü təkrar yaşamaq deyilmi?
2014-cü ilin sentyabrında Nizami Muzeyindəki Son çıxışında məni o dünyada 50 il gözləyəcəyini söylədin... Öz aramızdı, həddən artıq çox vaxt qoydun axı görüşümüzə...
İndi Sən O r ad a, mən y o l d a...
Adam kaş ölüb yerə basdırılmaya. Yağışa dönüb, yavaş-yavaş hopa torpağın canına. Gün çıxandan sonra körpə ahı kimi buxarlanıb üzə çıxa.
Kaş...
“Ədəbiyyat və incəsənət”
(11.11.2026)


