“Ədəbiyyat və incəsənət” portalının Gənclər guşəsində sizə istedadlı gənc yazarları təqdim edirik. Bu dəfəki qonağımız Məzahir Cəfərovdur.
Onun 26 yaşı var, Bakı şəhərində yaşayır. Bakalavr və magistr üzrə AzTU-da təhsil alıb. Təhsili boyunca ədəbiyyata, eyni zamanda incəsənətə maraq göstərib. Kolleksiyasında şeirləri, hekayələri, eyni zamanda rəsmləri rəsmlər də vardır.
Müəllifin 2026-cı ildə "Sən, Günəş, mən" adı altında ilk kitabı işıq üzü görüb. Kitab şeirlər və hekayələrdən ibarətdir.
MƏZAHİR CƏFƏROV,
MƏNİ ÇAĞIR…
Məni çağır ay Allah
Gəlim sənin yanına
Bilirəm yaraşmıram
Şöhrətinə şanına
Məni çağır ay Allah
Çağır ki çox qalmayım
Yaşamağım hədərdi
Boşuna günah almayım
Məni çağır ay Allah
Yer üzündə azmadan
Özüm özümdən bezib
Özümə qəbir qazmadan
Məni çağır ay Allah
Qulun gəlsin özünə
Qaranlıq yer üzündən
Masmavi göy üzünə
Məni çağır ay Allah
Cavab verim səhvimə
Bircə gümanın qalıb
Allah sənin əhvinə
GECƏN XEYRƏ QALSIN
Gecənin qaranlığı
Qoy üzündən nur alsın
Daha gecdir əzizim
Gecən xeyirə qalsın
Gözəl gözlərini yum
Yum ki gecəyə qalma
Gecə davana baxıb
Gecənin qəmin alma
Yat əzizim yubanma
Deyəsən gecə olur
Yalnızların gecəsi
Bilirəm necə olur
Gecə olan zamanda
İnsan qəmə bürünür
Xəyalın izinə düşüb
Dizin-dizin sürünür
Sürünməklə bu insan
Gecəni yata bilmir
Nə qədər çalışsa da
Xəyala çata bilmir
Sən rahat ol ki sənə
Bu gecə gəlməsin dar
Rahat yat sən əzizim
Hələ səhərə xeyli var
Gecənin qaranlığı
Qoy üzündən nur alsın
Daha gecdir əzizim
Gecən xeyirə qalsın
Qeyd: müəllif şeirlərində durğu işarələrindən istifadə etmir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2026)


