XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
31-Cİ DƏRC
Biz İsrailə gələn günün səhəri hotelə “Assuta” klinikasının həkimləri gəldi. Tatyana Strelser məni kənara çəkib, Bakı Milli Onkologiya Mərkəzinin göndərdiyi analizlərə istinadən heç bir ümidverici söz demədi. Əməliyyat edilə bilməz. Artıq gecdir. Ancaq vəziyyəti bir qədər düzəltmək olar, o da müalicə prosesində bilinəcək, Sənin kimyaterapiyanı necə qəbul edəcəyindən asılı olacaq. Sənə dedilər: “Mı sdelaem vse, çto ot nas zavisit. Nam skazano, çto Vı dostoyaniye respubliki. Ponimayem otvetstvennost”. (Əlimizdən gələni edəcəyik. Bizə deyilib ki, Siz ölkənin sərvətisiniz. Məsuliyyətimizi başa düşürük).
Əsaslı müayinələrdən sonra ilk kimyaterapiya. Mənə xəbərdar etdilər ki, bu prosedurdan sonra insan çox əsəbi, hirsli olur. Klinikadan çıxıb, bizi gözləyən taksiyə minəndə Sən hotelə getmək istəmədiyini, bir qədər gəzmək istədiyini dedin. Axşam düşürdü. Hava qaralırdı. Bir qədər gəzdikdən sonra bir kafedə oturduq. Sən yemək istədin. Mən istəmədim. Fikrim ancaq Səndə idi, artıq hərəkət etməkdən, artıq söz deməkdən çəkinirdim. Çəkinirdim ki, birdən nəsə xoşuna gəlməz və əbəs yerə əsəbiləşərsən.
İkimiz də susurduq. İçin qaynayanda, göz yaşlarını içinə tökəndə susmaq... Sənin nələr keçirdiyini hiss edib, deməyə söz tapmayıb, susmaq... Verdiyin sifarişi gözləyirdik. Birdən Sən yerindən qalxıb, velosipedin arxasında böyük bir səbətdə gül aparan oğlana yaxınlaşdın. Ondan bir dəstə ağ qızıl gül alıb qabağıma, masanın üstünə qoydun. İlahi, Sən necə də həssas insansan, qəhər məni boğa-boğa güclə: “Çox sağ ol”, – deyə bildim...
Biz İsrailə gedən gündən Səndən nigaran qalan Cavanşir günaşırı zəng edib, səhhətinlə maraqlanırdı. Həmin gün də zəng etmişdi Cavanşir, avqustun 24-də dənizdə boğulduğu gün... Sənə bağlı olan, taleyinə biganə olmayan Cavanşir... Bu dəhşətli xəbəri gecə internetdə oxudun, Bakıya, onun xanımına – Elmiraya zəng vurdun... Bizi inadkarlıq göstərib tanış edən, bir yerdə olmağımıza ürəkdən sevinən Cavanşirin dünyadan köçməsini “bizi qoruyan bir mələyin” gedişi kimi qiymətləndirdim...
Şair, tərcüməçi, əslən bakılı olan Aleksandr Qriçlə Yerusəlimdə gözlənilməz görüşü xatırlayırsan? 2013-cü il oktyabrın 31-i, isti payız axşamı. Sənin sağalacağına ümidli günlərimiz idi. Aleksandr Qriç on iki il İntiqam Qasımzadə ilə AzTV-də “Bayatı” ədəbi verilişinin aparıcısı olmuşdu. Azərbaycanın şair və yazıçılarının əsərlərini rus dilinə tərcümə edib. 1992-ci ildən Los Anjelesdə yaşayır. Yerusəlimə qohumlarıyla görüşməyə gələn Aleksandr rus kitabxanasında “Osennyaya ostanovka” (“Payız dayanacağı”) kitabının təqdimatını keçirirdi. Kitab Bakı və bakılılar haqda idi: Mirzə İbrahimov, Rəsul Rza, Yusif Səmədoğlu, Mənsur Vəkilov, Fikrət Qoca, İntiqam Qasımzadə... Bu təqdimat haqda Sənə Mixail Aqarunov dedi. Sən də görüşə getmək istədiyini bildirdin. Dost-tanışlarla ünsiyyətə xəstələnəndən sonra daha böyük ehtiyacın var idi. Sizin görüşünüz çox təsirli oldu... Zal durmadan əl çaldı... Sən dedin: “Vaxtıyla Bakıdakı yəhudi dostlarım mənə bir cümlə öyrətmişdilər: “Le şana abaa be Yeruşalayim”. Onun dəqiq tərcüməsinin “Gələn il Yerusəlimdə” olduğunu indi bildim. Onda isə “Necə olursa olsun, biz səninlə mütləq Yerusəlimdə görüşəcəyik” kimi başa düşmüşdüm. Nədənsə bu cümlə yaddaşımda həkk oldu və 30 il qabaq Saşa Amerikaya köçəndə birdən yadıma düşdü və ona dedim... Budur, həmin görüş baş tutdu. Bu nə mənim, nə də Saşanın ağlına gələrdi. İnsan taleləri belədir...”.
Sonradan Aleksandr Qriç bu görüşün təsiri altında yazacaq: “Böyük şairlə o gözlənilməz sevincli görüşdən içində “əziz dostlarım Lyuda və Saşaya sevgiylə. 31.X.2013 Yerusəlim” yazılmış kitab (“Posle menya ostanetsa more...”) qaldı. Fotolar qaldı. Ağır xəstəliklə mübarizə aparan, optimizmini, yumor hissini saxlayan mərd insan Vaqif Səmədoğlunun gözəl çıxışından xatirə qaldı...”.
Biz hər ay, bəzən də ayda iki dəfə Tel-Əvivə gəlirdik, Sən kimyaterapiyanı qəbul edir, sonra vətənə dönürdük. 75 illiyinə bir aydan da az vaxt qalırdı. Sən necə də bu günü gözləyirdin. Yadıma gəlmir nə vaxtsa belə səbirsizliklə ad gününü gözləməyin. Bəlkə bilirdin, bu Sənin sonuncu...
Ad gününlə bağlı yadıma 1995-ci il dekabrın 25-də “Gülüstan” sarayında “Parni iz Baku”nun Yusifin 60 illiyindəki çıxışı düşdü. Onlar Yusifi təbrik edib, Sənin 60 illiyinin isə Kələkidə qeyd ediləcəyini vurğuladılar. (O zaman eks-prezident Əbülfəz Elçibəy Kələkidə idi). Onların bu atmacaları böyük gülüşə səbəb oldu. Dörd il sonra, 1999-cu ildə Sənin 60 illiyin əksər pyeslərinin qoyulduğu dəbdəbəsiz “Aktyor evi”ndə keçirildi. Sənə aid teatr tamaşalarının əvəzsiz rejissoru, vaxtsız dünyasını dəyişmiş Hüseynağa Atakişiyevin şeirlərin əsasında qoyduğu tamaşa Sənin ürəyincə oldu. Dedin: “Əsl şair yubileyi belə olar”.
May 2014-cü il. Biz növbəti dəfə Tel-Əvivdəyik. Həkimlərdən dönə-dönə soruşursan: “Yubileyimə qədər qalmaq şansım varmı?” Yubiley bəlkə də bəhanə idi Səninçün. Səni daha nə qədər yaşayacağın sualı düşündürürdü. Onlar da Səni sakitləşdirirdilər ki, əlbəttə qalacaqsınız. Bu zaman gözlərimin içinə zillənirdi Sənin gözlərin. Onların dediklərinin təsdiqini axtarırdın gözlərimdə. Mən də gülümsəyir, Səni inandırmağa çalışır, sonra baxışlarımı yayındırırdım.
Həkimlər əllərini Səndən üzdülər, öz gücsüzlüklərini etiraf etdilər: “Vətənə qayıtmağınız məsləhətdir...”.
Ümid üzümüzə bağladı qapılarını... Səni itirirəm... Qaçılmaz bir reallıqla qaldım təkbətək... Həkimləri qoymadım sənə bir söz desinlər. Onlar bütün lazım olan dərmanları verib, müalicəni evdə davam etdirməyi məsləhət gördülər. Axı həm də qarşıda yubileyin idi, Bakıda olmağımız məsləhət idi. Deyəsən, inandıra bildik Səni. Özümü xəyanətkar kimi hiss edirdim. Nə yaxşı qara eynək var imiş. O günlər gözlərimə çökən hüznü, qüssəni gizlətməkdə tez-tez mənə dəstək olan qara eynək. Hotelə gəldik. Sən dincəlmək istədin. Mən də dolan ürəyimi boşaltmaq üçün, o günlərimin ən yaxın sirdaşı, həmdəmi olan gözyaşlarıma qoşulub, kədərə, dərdə sarınıb, eyvana çıxdım. Sevinc insana xəyanət edir, kədər heç bir vaxt...
Dənizin sahilində üç-dörd it balası oynaşırdı. Gözümü onlardan çəkə bilmirdim. İlahi, bu küçüklər necə də xoşbəxt idilər. Onlar hoppanıb-düşür, quyruqlarını bulaya-bulaya özlərinə Allah saydıqları sahiblərinə sarı qaçırdılar. İlk dəfə idi aşıb-daşan heyvan sevinci görürdüm. Deyəsən, bu zavallı küçüklərin it xoşbəxtliyinə həsəd apardım, onların sevincindən pay umdum. Dəlicəsinə onlardan biri olmağı arzuladım... və hönkürdüm... əlimlə üzümü tutdum.
Otağa keçdim. Sən şirin-şirin yatırdın. Xeyli müddət Sənə baxdım...
Bakıya israilli həkimlərin verdikləri dərmanlarla qayıdırdıq. Ağrıkəsici, sakitləşdirici, yuxu dərmanı, ağrıkəsici yapışqanlar, kimyaterapiya üçün preparatlar...
Gündəlikdən: “Hər azarın öz iradəsi, öz xasiyyəti var, sevinclər isə bir-birinin eynidir...”.
Milli Onkologiya Mərkəzinə gedirik. Sən həmişəki kimi maşının qabaq oturacağında oturmusan. Zümzümə edirsən hansısa mahnını. Çox yanıqlı bir səslə. O səsdə çəkdiyin xiffətin, əzabın sızıltısını eşidirəm... Maşının aynasında sürücümüz Fərmanın dolmuş gözlərini görürəm. Ancaq deyə bildim: “Qaquş, nə şirin zümzümə edirsən...”.
Sən danışardın ki, atan da maşının qabaq oturacağında oturar, bəzən “Turacı” havasını, “Dad məni tutdular...” misrasını zümzümə edərdi. Bəlkə elə Sən də o havanı zümzümə edirdin? Bilmirəm...
Möhkəm ol, Nuşa... Son zamanlar tez-tez deyirsən bu sözləri. Sən məni sona hazırlayırsan, mən isə inanmaq istəmirəm Sona...
05.06.2014. Sənin ad günün. 75 illiyin.
Səhərdən ardı-arası kəsilməyən zənglər, təbriklər...
Hansısa saytda oxuyuram: “Ölüm ayağında olan Xalq şairinin 75 illiyidir”. Hiddətdən boğuluram. Nə insani, nə mənəvi çərçivəyə sığan düşkünlük. İnsani nə varsa, hər şey reytinqə qurban edilir. Yaxşı ki, Sən yatırsan, görmürsən. Zəng edirəm o sayta. Düzəldirlər. Axşam Azdramada dövlət səviyyəsində ilk və son yubiley tədbirindir. Neçə gündür vəziyyətin ağırlaşıb. Ayaqların şişib. Yubileydə iştirakın sual altındadır. Atan öz yubileyini radioyla dinləmişdi. Ölüm ayağında. 1956-cı il mayın 12-də. On beş gün sonra, mayın 27-də dünyasını dəyişdi. Sən belə paralellər aparmağı sevirsən. O gün də düşünmüsən bunu, bilirəm. Var gücünlə özünü toplayaraq: “Gedəcəm”, – deyirsən. Heyrətamiz mərdliklə gedirsən yubileyinə...
Azdrama. Anşlaq. Səninlə sağollaşmağa gəlib camaat... Çıxışlar... “İstiqlal” ordeninin təqdimatı... Konsert... Sonda lojadan Sənin çıxışın... Həyatında rol oynayan insanlara minnətdarlığın... və hamını kövrəldən sevgi etirafın: “...Mənə 74 il yaşamaq lazım oldu ki, “sevgili” sözünün mənasını başa düşüm. Sən mənim həyat yoldaşım yox, sevgilimsən, Nüşabə...” .
Çiçək yağışı yağdı o gecə...
Gecədən xeyli keçmişdi, biz yatmırdıq. Səninlə qürur duyan Ayla mətbəxdə saysız-hesabsız gülləri ayırd edir, güldanlara qoyurdu. Biz çay içə-içə təəssüratlarımızı bölüşürdük, həmişəki kimi, xəstəliyi unudub... Bu yubiley gecəsi Sənə yeni güc verdi... yaşamaq gücü...
Gündəlikdən: “Həyat dediyimiz ömür bölümünün son nöqtəsidir. Min dəfə desək ki, hamımız üçün bu nöqtə var, heç kim buna inanmır. Amma ölümə də inanmaq lazımdır. Ölüm də buna layiqdir...”.
- Vaqif, uşaqlıqda atam məni “Qadı”, bəzən “Qadılar qadısı” çağırardı, yəni çoxbilmiş. Bəs Səni uşaqlıqda necə çağırırdılar?
- Atam mənə Qabqı deyərdi.
- Nəyə görəsə təəssüf hissi keçirirsən?
- Əlbəttə...
- Hansı dövrdə yaşamaq istərdin?
- XX əsrin 20-ci illərində. O dövrün geyimləri zövqümə uyğundur. Ancaq sovet dövlətində yox.
- Sənin həyat fəlsəfən?
- Heç kəsə irad tutmamaq, insanlarla məsafə saxlamaq və ürəyini açmamaq.
- Nəyə vaxtın çatmır?
- Yaşamağa...
- Nəyin qarşısında qırmızı işıq yandırardın?
- Müharibələrə, epidemiyalara, kataklizmlərə qırmızı işıq yandırardım. Bir də ölümə qırmızı işıq yandırardım. Çünki çox yaşamaq istəyirəm... Yaşamaq mənimçün çox maraqlıdır...
Tel-Əvivdə Səndən soruşdum: “İndi neçə yaşında olmaq istərdin?”
“92 yaşında!”, – dedin.
Sağalmaz xəstəliklə mübarizə aparan insanın ürək dağlayan cavabı. Daha çox yaşamaq arzusu...
Gündəlikdən: “Xəstələnəndən sonra başa düşdüm ki, mən həyatı çox sevirəm...”.
Həyat eşqiylə bağlı yadıma Sən yataqda olarkən çox kədərli bir məqam düşdü. Evi yığışdırmağa bizə Yevqeniya (Jenya) adında bir gənc xanım gəlirdi. Həyat yoldaşının biznesi dağılandan sonra ailəsinə kömək etmək üçün evlərdə yır-yığış işləri görürdü. Öz xarici görünüşünə görə Jenya dünyanın hər hansı podiumunu bəzəyə bilərdi. Xurmayi saçlı, mavi gözlü, boylu-buxunlu bu xanım həm də kövrək, isti ürək yiyəsi idi. Sən olduğun otağın yığışdırılmasına heç cürə razılıq vermirdin. Səni dilə tutmaq üçün dedim ki, ancaq otağın tozu alınacaq və Sənə heç bir narahatlıq verməyəcək. Bir də əgər Sən o xanımı görsən, vallah, ürəyin açılacaq. Razılıq verdin. Jenya otağına girəndə dedim: “Qaquş, bax, gör nə gözəl xanımdır”. Bu zaman Sən güclə də olsa, başını bir qədər yastıqdan qaldırdın, Jenyaya baxdın. Soruşdum: “Düzdür, qəşəngdir?” Gözlərinlə təsdiqlədin. Jenya qızardı.
2014-ci ilin yanvar ayında “Torqovı”da kinorejissor Eldar Quliyevi görmüsən. Eldar Səndən soruşub:
- Vaqif, çem ya smoqu tebe pomoç? (Vaqif, necə kömək edə bilərəm Sənə?)
- Eldar, etot film snimaet Azrail, a tı pomojeş emu v montaje... (Eldar, bu filmi Əzrayıl çəkir, sən isə ona montaj işində kömək edərsən...)
Xəstəliyini gülüş hədəfinə də çevirirdin...
“Facebook”da yazışmalarında xəstəliyinlə bağlı suallara qara yumor dilində cavab verirdin. Sanki əylənirdin xəstəliyinlə... Cavanlığımda sevdiyim yeməklərdən biri xərçəng və pivə idi. İndi pivəsiz xərçəng yeyir məni...
Ünsiyyətə daha çox ehtiyac duyurdun. Dostlarla, həmkarlarınla görüşürdün, bu, Sənə müsbət enerji verirdi. Belə görüşlərin birindən qayıdanda dedin: “Nuşa, Ramiz Rövşən məni qucaqlayanda gözləri doldu, kənara çəkildi”.
Gündəlikdən: “Çox gözəl şair, son dərəcə mehriban insandı Ramiz. Nə yaxşı ki, bizdə belə adamlar var”.
Xəstəliyini aldatmaq istəyirdin. Lazımlı, lazımsız şeylər alıb: “Özümü sevindirirəm”, – deyirdin. Tel-Əvivdə gümüş, yaqutqaş üzük alanda dedin: “Nuşa, anamın səsi gəldi qulağıma: “Oğul, al bu üzüyü, sənə düşəcək...”. Dükanda sarı rəngdə jilet görəndə dedin: “Yusifin səsi gəldi qulağıma: “Vaqulya, mütləq al bu jileti, sənə düşəcək...”.
– Qaquş, bəs papanın səsi qulağına gələndə nə almaq istəyəcəksən?
– Yox, ona gücüm çatmaz!
İkimiz də ürəkdən güldük...
“Bir ayağım gordadır, bir ayağımla şıllaq atıram...”. Ən çətin, ağır anlarda belə Sənin zarafat etmək bacarığın... Bu böyüklüyünün qarşısında baş əyirəm... Sən bütün varlığınla bildirmək istəyirdin ki, mən yaşayıram, xəstəlik mənimçün həyatın sonu deyil...
Çəkini itirmisən, yeni çəkinə uyğun əyin-baş alır, zövqlə geyinirsən həmişə kimi. Kimyaterapiyadan saçların tökülüb. Gur saçlarını dibindən qırxdıranda mən içimi yedim, Sən: “Yüngülləşdim”, – dedin. Zahirən dəyişmisən. Quruya oxşayırsan. Bütün daxilin üzündədir. Yüksək düşüncə qabiliyyətinə malik insan...
Şlyapa, araqçın qoydun, müvazinətini saxlamaqçün əlinə əsa aldın. Yeni obrazda: “İndi İsfəndiyar dayıma oxşayıram”, – deyirsən. Əynində jiletli kostyum, jiletinin cibində zəncirli cib saat, başında şlyapa, əlində əsa. Aram, inamlı yeriş. Əsl bəy... Küçədə gəzəndə zəncirli saatı cibindən çıxarıb baxmaq üçün mənə deyirsən: “Nuşa, tez-tez məndən saatı soruş...”. Mən də yol boyu gülə-gülə bir neçə dəfə Səndən saatı soruşuram.
İlahi, o dəqiqələrdə də biz xoşbəxt idik...
Tel-Əvivdə tez-tez getdiyimiz aptekdə rusdilli qızlar işləyirdi. Bizi köhnə tanışları kimi qarşılayır, Səni dövrəyə alır, əhvalını soruşurlar. Sən də öz zarafatlarından qalmır, onlara xoş sözlər deyirsən. Mən aptekə tək gələndə, qızların sualı Səninlə bağlı olurdu ancaq. Mənə deyirdilər: “Vı sçastlivaya jenşina, çto u vas takoy muj...”. (Siz xoşbəxt qadınsız ki, belə əriniz var...).
Mən aptekdəyəm. Sən yaxınlıqdakı kafedə oturub, qəhvə içir, qəlyan çəkə-çəkə gəlib-gedənləri seyr edirsən. Əl telefonuma zəng edirsən: “Sənə sürprizim var, tez gəl”, – deyirsən. Gəlirəm. Üzündə sevinc dolu təbəssüm: “Nuşa, gitara almışam. Qabaqlar gitarada çalmağı bacarırdım axı, gərək məşğul olum ki, yadıma düşsün. Hirslənmirsən?”
Mən çexoldakı gitaraya baxıb, hər şeydən öncə onu necə apacağımı düşünürəm (Sənə ağır şeylər qaldırmaq olmazdı). “Yox, niyə hirslənim ki?”, – deyib, üzündən öpürəm.
Yadındadır, bir dəfə Səndən soruşmuşdum:
- Hansı musiqi aləti olmaq istərdin?
- Altı simli gitara. Onun ilahi səsi var.
Bir təmiz gitar akkordu...
Bir təmiz musiqi nəfəsi dəyə üzünə
şam ağaclarının arasında
yarpaq mehiylə əlbir olub.
Musiqiylə təbiətin müttəfiqliyi...
Hotelə gələn kimi gitaranı çexoldan çıxartdın, kökləməyə başladın. “Yox, əllərim heç zad hiss eləmir. Kimyaterapiyanın təsiridir”, – dedin. Sonradan dəfələrlə gitarada çalmağa cəhd etsən də, nəticə həmin oldu... Yaxşı ki, tütəkdə, dodaq qarmonunda çalmağına mane olmadı...
Kimyaterapiya xəttini də dəyişdi. Bloknotunda yazılar azaldı. Bloknotundakı son yazılarından biri:
“7.1.2014. Daha Bakıda və Tel-Əvivdə dükan qalmadı. Abırlı kəfənlik satan tapa bilmədim. Yudaşkinlə (tanınmış rus modelyeri) Moskvada Səlim Vəkilov danışıb. O tikəcək...”
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(03.11.2026)


