XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
30-CU DƏRC
ÖLÜM GƏLİR, ÖMÜR, SONUN MÜBARƏK...
Qarnının altında sancılar var. Gedirik USM-yə. Həkim deyir ki, tez-tez USM etdirmək düzgün deyil, 4 ay qabaq etmisiniz. Müayinədən sonra üzünün ifadəsi dəyişir həkimin. Su yığılıb, ağırlıq verən odur. Sənə heç nə demirəm. Tam müayinə üçün Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin qəbuluna gəlirik. Sənə deyirəm ki, orada ən sonuncu model tibbi aparatlar var və müayinən daha dəqiq olar. Tam müayinə olunursan. Dördüncü dərəcəli mədə xərçəngi, əməliyyat olmaz...
Diaqnozdan doğan ilk sarsıntı. Çaşqınlıq. Qorxu. Səni itirmək qorxusu. Baş əymək, ya əyməmək xəstəliyə. Səndən gizlətmək istədim xəstəliyini. Mümkün olmadı. Gecə axtarıb-tapdın xəstəliyin haqda yazılmış həkim rəyini. Səhəri dedin: “Niyə məndən gizlədirsən?” Dinmədim. Özümü toplayaraq: “Xəstəlikdir, gəlib, deməli, mübarizə aparmalıyıq, əsas odur ümidimizi itirməyək”, – dedim. Sən də mənə bir həkim kimi bu xəstəliyin necə keçəcəyi, hətta sonluğunun belə necə olacağı haqda danışıb, atanın, qardaşının, bacının da bu xəstəlikdən getdiklərini xatırlatdın...
Sizin ailədə ən qorxulu yaş həddi 50 idi. Atanız Səməd Vurğunun dünyasını dəyişdiyi yaş. Bir də xərçəngin irsən keçmə ehtimalının qorxusu. Gündəliyindən: “Mehdixan əmimin dediyinə görə, babam Yusif ağa rakdan gedib. Atamı da o xəstəlik apardı. Növbədə görən kimdir? Yusif? Aybəniz? Mən?” (1975)
Yusif, Aybəniz, Sən – üçünüz də 50 yaş həddini keçdiz, ancaq o xəstəlikdən yaxa qurtara bilmədiz. Yazdığın kimi oldu. 1998-ci ildə xərçəng Yusifi apardı, 2009-cu ildə Aybənizi, 2015-ci ildə isə... Səndən sonra Aygün... Xəstəlik sizin ailənin dözümünü sınağa çəkdi. Sonadək bu dözümü qoruyub saxladınız hər biriniz. Qulluq edənə yüz dəfə “sağ ol” dediniz... Əziyyət verdiyinizə görə min dəfə üzr istədiniz...
Bütün yaradıcılığın boyu Sən ölümdən yazmısan. Bir gün də qəribsəmədim bu dünyada ölüm sarıdan...
Gündəlikdən: “Ölümün gözlərinə baxa-baxa gərək yazasan həyatdan”.
Ölümü əbədi həqiqət bilib, insanı Ölümə hazırlayırsan. Ölümə gedən yolların məşəqqətlərini yaradıcılığına gətirirsən. “Generalın son əmri” misteriya tamaşasında əzab-əziyyətli həyat yollarından keçən generalın arzusu təntənə ilə sevgili kimi Ölümünü gözləmək, ona qovuşmaqdır...
Sən insanı ölümdən qorxmamağa alışdırırsan. Ölümə gedən yolda ömrə dözməyə çağırırsan...
Minorda ömür sürüb, majorda ölmək. Baxın əsəri kimi...
Asan ölüm arzusu çox misralarından sezilir. Genetik davamdan qaçmaqçünmü Sən rahat ölüm arzulayırdın? Nazim Hikmət xərçəngdən ölmək istəyirmiş. Hər şeyi dərk edərək, yavaş-yavaş ölmək və öldüyünü bilmək istəyirmiş... Çünki onda hər şey dəyişir... Adam da, dünya da başqa cür görünür... Tale o vaxtı Nazim Hikmətə vermədi. “Qorxunc satqınlıq” adlandırdığı qəfil ölüm düşdü qismətinə. O vaxt Sənə verildi... İl yarım vaxt...
“Mən ölürəm”in dərk edilməsi bizim həyata necə baxmağımızla müəyyən edilir. Nazim Hikmət həm sürdüyü ömürlə, həm də yaradıcılığıyla ölümə meydan oxudu. ”Ölümün üstünə yüyürdüm”, - deyərək yaşadı. Sənin bütün yaradıcılığın dünyaya, həyata, ölümə, insana, qadına olan baxışlarının təzahürüdür...
Ölüm bir gün də
tək qoymur məni.
Qoymur onsuz sevib-sevilməyə,
qəmlənməyə, sevinməyə,
istədiyim kimi şeir yazmağa.
Bir nəğməyə də qoymur
rahat qulaq asım,
xəyallarda özümü özümə basdırır...
Sən bu xəstəliyin sagalmazlığı haqda danışdıqca mənə elə gəldi ki, bu söhbətinlə xəstəliyin qarşısında ağ dəsmal qaldırırsan. Ancaq yanılırdım. Mən bunu sonradan anladım. Sən ilk gündən sanki xəstəliyini idarə etməyə başladın. Bu gücün qarşısında baş əyirəm! Üzümdəki çaşqınlığı görüb: “Rodnaya, elə bilirsən, mən ölmək istəyirəm? Ancaq səndən fərqli olaraq, mən daha realistəm. Bilirəm ki, istoriya moey bolezni takaya жe yasnaya, kak istoriya 2-oy mirovoy voynı, qde izvesten pobeditel”, – dedin. (Mənim xəstəliyimin sonu da II Dünya müharibəsinin sonu kimi aydındır, qalibin kimliyi məlumdur...). Sonra məni sakitləşdirmək üçün: “Əlbəttə, nə lazımdırsa edərik”, – dedin. Ancaq ikimiz də bilirdik ki, qarşımızda həyatımızın ən ciddi bir mərhələsi, Olum – Ölüm mübarizəsi durur...
Fələyə qurban olum,
Bizi neçin ayırdı?
Oxuma o nəğməni
Mənim havam ayrıdı...
Bu misraları Sən bloknot vərəqinə yazdın. (Xəstəliyini 2-3 həftə sonra biləcəkdik). Jurnal masasının üstünə qoydun. Oxudum. “Bu nədi? Niyə belə yazmısan?”, – dedim. Dinmədin...
Hər görüşün axırı ayrılıqdır...
Biz evləndiyimiz gündən Sən məni itirmək qorxusuyla yaşamısan. Özünü pis hiss edən kimi: “Səndən nigaran gedəcəm”, – deyirdin. Bu misraları da həmin fikirlərin təsiri altında yazmısan:
Ömrün qürub çağı tikdiyim evi,
Deyəsən, fələk yıxır yavaş-yavaş...
Xəstəliyini bilməmişdən əvvəl, 2012-ci ildə isə mən bu şeiri yazmışdım:
Kimsə kimləsə tanış olacaq,
Bu, nə Sən olacaqsan, nə də ki, mən.
Kimsə kimləsə sevişəcəkdir,
Bu, nə Sən olacaqsan, nə də ki, mən.
Kimsə kimləsə sevinəcəkdir,
Körpə gəlişinə, körpə səsinə,
Bu nə Sən olacaqsan, nə də ki, mən.
Kimsə kimləsə.......
Kimsə kimləsə....
Artıq nə Sən varsan, nə də ki mən...
Sənə oxudum. Dedin: “Yaxşıdı”. Ürəkdənmi dedin, ya xətrimə dəyməməkçün, bilmirəm. Niyə yazdığımı da bilmirəm. Bəlkə sonun yaxınlaşdığını hiss etdiyim üçün? Axı mənim də içimdə həmişə Səni itirmək qorxusu olub. Bilmişəm ki, bir gün hər şey bitəcək. Nəyəsə göz yummaq, nəyisə şişirtməmək, nədəsə güzəştə getmək. Bir cümlə də həmişə içimdə səslənirdi: “Mən də Səni başa düşməsəm, anlamasam, duymasam, kim başa düşəcək, anlayacaq, kim duyacaq Səni?” Bunları başa düşmək illərləmi gəldi, ya Sənə olan məhəbbətimlə?
Xəstəliyin haqda ancaq yaxınlarımız bildi. Və ölkə başçısı İlham Əliyev. Sənin həyatın uğrunda dövlət başçısının qoşulduğu mübarizə Sənə olan hörmətin, sayğının təzahürü idi. İlham Əliyev Səni AŞPA-dakı fəaliyyətin dövründə yaxından tanımışdı. Şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
Xəstəliyin haqda xəbərin yayılmasını istəmirdik. İstəmirdik mətbuat bilsin. Ardı-arası kəsilməyən yorucu, etikadan uzaq sualları cavablandırmaq, xəstəliyin müzakirəsini oxuyub, bunlara dözmək işgəncəyə çevrilir. İlk dəfə xəstəliyin haqda məlumat ANS-də getdi. 2013-cü il noyabrın 29-da Mirşahin zəng edib, çəkilişə gəlməkçün icazə istədi. Biz yol üstündəydik. Növbəti kimyaterapiya üçün Tel-Əvivə gedirdik. Bu müsahibənin təxirə salınmasını istəsək də, Mirşahinin inadkarlığı üstün gəldi. Həmin gün nəvəmiz Aylanın ad günü idi. Mirşahinin gətirdiyi bir dəstə gül yerinə düşdü. Sənin arıqlamış, solğun bənizini görən Mirşahin həyəcanını gizlədə bilmədi, qəhər onu boğurdu. Müsahibəni alar-almaz getməyə tələsdi. Bir dilim tort, içilməmiş çay qabağında qaldı. Gedərkən yavaşca: “Boğazımdan keçmədi, son dərəcə sevdiyim insanı bu halda görmək mənə çox ağırdı”, – dedi.
Həmin müsahibədən Sənin ürəküzücü etirafın: “Mənim beynim də, ürəyim də şeir qəbiristanlığıdır...”.
Bizim həyatımızın İsrail dövrü 9 iyun 2013-cü ildə başladı. Bizi Tel-Əvivə yola salmağa Anar gəldi. Ona mən dedim Sənin xəstəliyini. Səndən xəbərsiz. Anar özünü toplasa da, səsi titrəyirdi. Ürək-dirək verməyə çalışırdı Sənə: “Biz hələ Sənin 75 illiyini keçirməkçün Moskvaya da gedəcəyik”, – deyib, Səni qucaqladı. (Anar sözünün üstə durdu. 80 illiyini Moskvada keçirtdi, artıq Sənsiz...). Bilmirəm, Anar özünümü inandırmaq istəyirdi hər şeyin yaxşı olacağına, ya Sənə ürək-dirək vermək istəyirdi. Sonralar Anarın təsirli yazısında oxuyacağam: “60-cılar nəslinin yarpaq tökümü... Heç kəslə əvəz edə bilməyəcəyimiz şəxsiyyətlər: Yusif Səmədoğlu, Emin Sabitoğlu, Toğrul Nərimanbəyov, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov... Bu nəslin budağında bəlkə də son yarpaqlar qalır...”.
Zalım xəstəlik. Yalançılığa öyrədir bizi. Əvvəl mən anamı aldadırdım sağalacağına, indi də Səni. Səni alda-aldada özüm də aldanırdım, öz yalanıma inanmaq istəyirdim. Bilmirəm, buna yalan demək olarmı? Mən yalan demişəm, ancaq heç kəsi aldatmamışam... Sənin bu sözlərin, gör bir hansı gündə mənə yar oldu...
İl yarımlıq bir dövr yaşadıq İsraildə. Sənin sevdiyin, sənin sevildiyin İsraildə. Mən onda bilmirdim ki, ömrümün Sənsizlik dövründə Tel-Əvivçün, qədim məkan olan Yaffo üçün, Dezinqof, Hayrikon küçələri üçün, Dezinqofdakı saysız-hesabsız kafelər üçün, imdad dilədiyim Yerusəlimçün darıxacam... Sənin həyatının uzaldılması üçün əllərindən gələni edən “Assuta”nın həkimləri, ilk gündən Səni tək qoymayıb, tez-tez yanına gələn, bizə ürək-dirək verən İsraildəki Azərbaycan diasporasının üzvləri Mixail Aqarunov, onun həyat yoldaşı Turan xanım, Arye Qut (bizimçün Rəşid), Cəmil Məmmədov, Səadət Şükürova tez-tez yada düşəcək...
Biz İsrailə getməmişdən Sən Arye Qutla “Facebook”dan tanış idin, onunla yazışırdınız. İlk gündən o Səninlə doğması, əzizi kimi görüşdü. Və sona kimi o bu hissləri qorudu. Rəşid Bakıda olanda da zəng edir, hal-əhval tutur, Sənə baş çəkirdi. Yanvarın 27-də də axşamüstü zəng etdi.
- Vaqif müəllimi görmək istəyirəm.
Səndən soruşdum:
- Rəşid gəlsin?
- Gəlsin.
- İndi Qubadayam, Nüşabə xanım, bu gün qayıda bilsəm, gələcəm. Olmasa, sabah mütləq gələcəm.
Səhəri gün, yanvarın 28-də Rəşid dəhlizdə dayanıb xısın-xısın ağlayırdı, dünən gəlib çata bilmədiyi üçün özünü danlayırdı...
Sən deyirdin: “Rəşid mərd, etibarlı oğlandı, Azərbaycan üçün çox işlər görür...”. Rəşid beynəlxalq münasibətlər üzrə tanınmış ekspertdi. İsraildə yaşasa da, heç vaxt doğulub, boya-başa çatdığı Azərbaycanı unutmur. “Mən Azərbaycan xalqının dostu deyil, oğluyam”, deyən Rəşid bizim həqiqətlərin dünyada eşidilməsi üçün dəyərli işlər görür. Azərbaycana olan məhəbbətini qoruyaraq, bunu ətrafdakılara da aşılayır, Azərbaycanı onlara sevdirir.
(Nüşabə xanım kitabı yazanda Rəşid dediyi Arye Qut hələ sağ idi, sonradan o özü də xərçəngdən getdi – red.)
Rəşidin atası ilə birgə yazdığı, Xocalı soyqırımından bəhs edən bədii-sənədli “Ağrı” romanında Azərbaycan xalqının faciəsini ürək ağrısı ilə təsvir etmişdi. Rəşidin Azərbaycanın 44 günlük müharibədəki qələbəsində mənəvi dəstəyi çox böyükdü.
İsrail bizim birgə olduğumuz son məkan oldu. Məhəbbətimizin son sınaq nöqtəsi... Bəlkə buna görə İsrail mənimçün doğmalaşdı... İki insanın birgə yaşadığı müddətdə vaxtaşırı məhəbbət öz təsdiqini tapmalıdır. Yaxşı günlərdə, çətin günlərdə, xəstəlikdə, əlacsızlıqla mübarizədə, ümidsizlik içində boğulanda. Bəlkə də məhz o çıxılmazlıqda məhəbbət özünün ən yüksək nöqtəsini yaşayır (bəzən əksinə də olur). Bir-birinə qarşı daha ehtiyatlı, diqqətli olmağı, xətrə dəyməməyi, tez-tez könül almağı, xoş günlərin sayını artırmağı, gözlərində yuva salan dərdi, kədəri yerli-yersiz gülüşünlə, təbəssümünlə ört-basdır eləməyi öyrədir bizə.
İsraildə bizim ağrılı ayrılığımız başladı...
Tel-Əvivə biz üçümüz gəldik: Sən, mən və Sənin qəddar xəstəliyin. İçimizdəki ümidlərlə, möcüzəyə inamımızla...
Bizi Tel-Əvivdə Aralıq dənizinin sahilində yerləşən “Renessans” hotelində yerləşdirdilər. Niyə hotel? Müayinəyə, müalicəyə gələnlər özlərini xəstə kimi hiss etməsin, normal həyat tərzlərini yaşaya-yaşaya müalicələrini ala bilsinlər, deyə. O hotelin işçiləri ilə doğmalaşmışdıq biz. Hər gəlişimizdə onlar Sənin əhvalınla maraqlanır, ürək-dirək verirdilər bizə. Nömrələrdə siqaret çəkmək qadağan idi. Xüsusi ötürücü siqnal qoyulmuşdu otaqlara. Sən əsasən eyvanda çəkirdin. Bəzən otağımızdan siqnal getsə də, buna göz yumurdular. İlk vaxtlar özünlə binokl da götürürdün çimərlikdəkilərə baxmaqçün... Sonralar “Hilton” hotelində qaldıq...
Davamı var
“Ədəbiyyat və incəsənət”
(02.11.2026)


