HEKAYƏ SAATI - Pərvanə Məmmədova-Kəlağay, “Təbiətin səsi” Featured

Uşaqlar üçün hekayə. Amma böyüklərə də aiddir.

 

“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün təqdim edəcəyimiz hekayə “Təbiətin səsi” adlanır, müəllifi Pərvanə Məmmədova-Kəlağaydır.

 

Yay idi. 7 yaşlı Aysu kəndə - babasıgilə qonaq gəlmişdi. İlk günü evdə - televizorun qarşısında cizgi filmlərinə baxaraq keçirdi. Sabahısı, yuxudan durar-durmaz, nənəsi dedi:

-Gözəl nəvəm, bu gün həyətdəki meynənin altında yemək yeyəcəyik. Geyin, əl-üzünü yu, gəl.

Aysu meynənin altındakı masanı görəndə sevindi, dedi:

-Nənə, ay nənə! Mən belə çay içməkləri internetdə görmüşdüm ey!

Baba nənəyə baxıb gülümsədi, söylədi:

-Demək, bizim kimiləri də internetdə göstərirmişlər...

Səhər yeməyindən sonra nənəsi Aysunu buyurdu:

-Bax, gözəlim, suyu açmışam. Balaca suçiləyəni də doldurmuşam. Götür əlinə, keç bostana, gilas ağacının dibində nanə ləkləri var. Onları sula.

-Su bitəndə nə edim?-qızcığaz soruşdu.

-Qayıdıb gələrsən, dolduraram.

Aysu suçiləyəni götürüb bostana keçdi. Nanələrin ətri yarpızların, qızılgüllərin ətrinə qarışmışdı. Bu ətir çələngindən burnu qıcıqlanan Aysu asqırdı. Və elə həmin an sanki sehrli nəsə baş verdi.

Qız heç vaxt eşitmədiyi səslər eşitməyə başladı... Bir quş cikkildəyirdi. Amma onun cikkiltisi internetdə eşitdiyi bütün quş səslərindən daha gözəl idi. Hardasa lap yaxında xəfif xışıltı da vardı. Başının üstündəki gilas budaqlarından da bir ayrı cür fısıltı gəlirdi.

Aysu suçiləyəni yerə qoyub bostanın içərilərinə doğru irəlilədi. Öz-özünə düşündü: “Deyəsən, asqırdım, sonra mənim sehrli qulağım peyda oldu. Gör, nə qəribə səslər eşidirəm...”

Birdən pişik miyoltusu eşidildi. Aysu təəccübləndi, bu dəfə ucadan dedi:

-Aa... Heç şəhərdəki pişiklərin belə mehriban miyoltuları yoxdur e!

Pişik növbəti dəfə miyoldayanda, qızcığaz sevincəyə düşdü:

-İnternetdəki, televizordakı pişiklərin səsində heç vaxt belə şənlik olmur ki! Deyəsən, burada pişiklərin də nəsə sehrli qüvvələri var!

Bir iri quş qanadlarını gərərək səmada dairə vururdu. Pişiyin səsi ucadan eşidildi. Və Aysu fərqinə vardı ki, bu dəfə miyoltuda xüsusi bir təhdid tonu da var; yəni “mən burdayam ha!” Göydəki iri quş sanki bu təhdidi hiss etdi.  Uçub uzaqlara getdi. Aysu pişiyin səsinə tərəf irəlilədi. Bostanın taxta çəpəri bitən kimi, dəmir çərçivəli kiçik bağça başlayırdı. Çəmənlikdə çilli bir toyuq vardı. Ətrafında isə sarı, qara, xına rəngli balaca cücələr qımıldaşırdı. Qızcığaz daha da heyrətləndi:

-Cücələr, həqiqətən, şəkilli kitablardakı kimi rəngarəngmiş! Hətta şəkillərdəkindən də göyçəklərmiş!

Cücələrin civ-civ səsləri, toyuğun gah tüklərini qabardıb, gah yumrulanması Aysu üçün bütün cizgi filmlərindən maraqlı idi. Diqqətlə baxanda, bağçadakı armud ağacının haça budağına yayxanan boz pişiyi də gördü. Elə bil öz mülkünü qoruyan keşikçi idi.

Aysu bu gördüklərini, eşitdiklərini kiməsə danışmaq istədi. Tələsə-tələsə nənə-babasının yanına qaçdı. Onlar nəvələrini səbirlə, təbəssümlə dinlədilər. Nənə dedi:

-Quzum, o iri quş leydir, hərdən gəlir, toyuq-cücəni yiyəsiz görəndə birini dimdiyinə vurub aparır. Amma bizim Məstanın caynağından yaman qorxur. Neçə dəfə Məstan onun dimdiyindən cücə salıb. Pişiyin miyoltusunu eşidən kimi, quşun uzaqlara uçması bundandır.

Baba isə nəvəsinin heyrətinə sözləriylə sığal çəkdi:

-Aysu bala, buralarda sehrli heç nə yoxdur. Sən həmişə hər şeyi ya televizorda görmüsən, ya da internetdə. İndi təbiəti canlı-canlı görürsən. Eşitdiyin o cürbəcür səslər təbiətin səsidir.

Aysu bir az düşündü, dedi:

-Baba, mən təbiətin səsini şəhərdəki dostlarıma necə apara bilərəm?

Baba qayğıkeşliklə cavab verdi:

-Təbiətin səsi hər yerdədir. Şəhərdə də var bu səslər. Sadəcə, insanlar qaç-qovdan, texnologiyadan azca da olsa, ayrılıb bu səsləri eşitmək istəmirlər.

Aysu dedi:

-İndən belə, həmişə təbiətin səsinə qulaq asacağam. Ağacların yanından keçəndə, yarpaqları dinləyəcəyəm. Quşların cikkiltisini də seçəcəyəm. Görüm, hansı səs hansı quşundur.

Babayla nənə birağızdan dedilər:

-Əhsən, bizim gözəl nəvəmiz! Sən təbiətin səsiylə böyüsən, əsl insan kimi böyüyəcəksən!

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.