Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
Dünyanın ən gözəl vaxtlarından biriydi. Bazar günü idi. Ata da, ana da evdə idi. Bu gün Umayla qəşəng oyunlar oynayacaq, onu parka aparacaqdılar.
Səhər yeməyi yedilər, evi yığışdırıb səliqəyə saldılar. Ana paltaryuyandan çıxan paltarları sərməkçün eyvana çıxdı. Ata Umayın parka geyinəcəyi cici paltarları hazırladı. Sonra su şüşəsinə qaynamış ilıq su doldurdu, balaca qaba şokoladlı peçenyelər qoydu. Umay parkda acsa, susuzlasa, yesin də, içsin də...
Ana otağa girən kimi, soruşdu:
-Umay geyindimi? Gedirikmi?
Ata dedi:
-Hələ yox. Umay yataq otağındadır. Rəngli “şık-şık” oyuncağını götürüb gələcək indi.
Bir neçə dəqiqə də gözlədilər. Umay gəlmədi. Ana dedi:
-Bir gedib baxım. Bəlkə, “şık-şık”ını tapmayıb.
Ana yataq otağına keçdi. Az keçməmiş, ata onun təlaşlı səsini eşitdi:
-Umay burada yoxdur axı!
Ata da qaçaraq yataq otağına keçdi. Umay görünmürdü. Atayla ana çarpayının altına boylandılar, şkafın bütün rəflərini yoxladılar, hətta pərdələrin arxasına da baxdılar. Umay heç yerdə yox idi.
Ana həyəcanlandı:
-Canım-gözüm, Umayım!
Atanın səsi titrədi:
-Qaraqaş, qaragöz qızım mənim!
Ana kədərlə soruşdu:
-Heç otaqdan çıxmadı, hə?
Ata da eyni kədərlə cavab verdi:
-Yox... Mən qonaq otağında üzü bəriyə-yataq otağının qapısına tərəf oturmuşdum. Çıxmadı...
-Baxmadığımız hara qaldı ki?
Ata bir az fikirləşdi:
-Bəlkə... Bəlkə balaca siyirməli dolabların hansınınsa arxasında gizlənib?
Sağdakı siyirməli dolabın arxasına ata baxdı, soldakının arxasına da ana boylandı. Umay buralarda da yox idi. Birdən atanın gözləri yataq örtüyünün qırışığına gizlənmiş “şık-şık”a sataşdı. Tez onu əlinə götürüb dedi:
-Bax, oyuncağı burdadır! Axı o, “şık-şık”ını götürməyə gəlmişdi!
Ana dedi:
-Oyuncağı şıqqıldat! Şıqqıldat!
Ata oyuncağı bərk-bərk silkələdi. Otağı səs götürdü: “şık-şık-şıkkk!” Yatağın üstündəki qoşa yastıqlardan soldakı tərpəndi. Umayın yuxulu baxışları atayla ananı süzdü. Ata oyuncağı yatağın üstünə atıb əllərini uzatdı:
-Nazlı qızım! Sən burdaca yumrulanıb yatmışdın?
Ana sevincindən kövrəldi:
-Qoçaq qızım! Qəşəng qızım! Elə yatıb ki, çağırdıq, eşitmədi.
Umay dikəlib arxasını yastığa söykədi, dedi:
-Siz məni çağırmadınız axı.
Atayla ana birağızdan dedilər:
-Çağırdıq axı!
Umay başını buladı:
-Yox! Çağırmadınız.
Ata dedi:
-Mən “Qaraqaş, qaragöz qızım mənim!” deyə səsləndim.
Ana dedi:
- “Canım-gözüm, Umayım!” Mən də belə çağırdım...
Umay gülümsədi, əlini “şık-şık”a tərəf uzatdı, götürdü, şıqqıldatdı. Sonra gülərək dedi:
-Siz həmişə mənə elə deyirsiniz də... Elə çağırmaq olur? Məni bax, bu, “şık-şık”ım çağırdı. Möhkəm-möhkəm şıqqıldadı, bildim ki, məni çağırır. Axı mən ona söz verdim ki, onu da parka aparacağam.
Atayla ana bir-birlərinə baxıb gülümsədilər. Sıra ilə Umayı qucaqlarına alıb öpdülər.
Yarım saat sonra parkdakı bütün uşaqlar, quşlar, pişiklər, böcəklər artıq “şık-şık”ın Umayı necə çağırıb oyatdığını bilirdi. Qarşısına çıxana bu maraqlı əhvalatı danışırdı atasının qaraqaş, qaragöz, anasının qəşəng qızı!
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)


