XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
29—CU DƏRC
Pozulmaz sonsuz tarazlıq,
Düz gələr Allahın sözü,
Bir bu dünya, bir o dünya,
Tərəzinin iki gözü.
Biri ömür, biri ölüm...
Mən bilmirəm həyat bir ağrıdır, yoxsa həvəs. Bəlkə hər ikisinin birliyidir. Tərəzinin iki gözü...
Sən ayaqlarından şikayət edirdin. Ayaqların ağırlaşır, yerimək çətin olurdu Sənə. Bizə dedilər ki, Bakıya alman cərrahı gəlib, Leyla Şıxlinskaya Klinikasında qəbul edir. Qəbuluna gəldik. Ayaqlarını müayinə etdikdən sonra alman həkim dedi ki, ayaq damarların təcili əməliyyat olunmalıdır. Əməliyyatı ya Almaniyada, ya da Türkiyədə etməyi məsləhət gördü. Gündə nə qədər siqaret çəkməyinlə maraqlandı. Biləndə ki, gündə iki qutu yarım siqaret çəkirsən, dedi bir qutu azaldın, heç olmasa. Dedin ki, çalışacam, bunun mümkün olmadığını bilirdim. “Siqareti tərgitmək asandır, özüm 100 dəfə atmışam”. Mark Tvenin bu fikriylə yəqin siqareti tərgitmək istəyən hər bir kəs razılaşar. Deyirdin ki, özüm də ata bilmədiyimçün əziyyət çəkirəm. Bunu mən də görürdüm, ona görə susurdum.
Ev, aldığın müxtəlif markalı siqaret, tütün, siqarlarla dolu idi. Ürək əməliyyatından sonra da ata bilmədin. Keçdin elektron siqaretə (Əslində, onun zərəri daha çoxdur). O da müvəqqəti. Yadındadı, Tel-Əvivə uçanda elektron siqaretə asma aparatı deməyin? Həm gülməli, həm də çox kədərli bir vəziyyət... Təyyarə havaya təzə qalxmışdı, Sən elektron siqareti çıxardıb, bir-iki qullab vurdun, tüstü qalxdı, yanımızdan keçən gənc stüardessaya elektron siqareti göstərib: “Qızım, mən asma xəstəsiyəm, nəfəs ala bilmirəm, bu, nəfəs aparatımdır”, – dedin. Biçarə qız özünü itirmiş halda: “Əlbəttə, Vaqif müəllim, istifadə edin”, – dedi. Yaxşı ki, nə o stüardessa qız, nə də ki, salondakılar elektron siqaretin spesifik iyini duydular. Bəlkə də duyub, üzünə vurmadılar. Xəstəliyin bilinəndən sonra isə siqaretin birini söndürməmiş o birini yandırırdın, siqareti siqaretə calayıb çəkirdin. Əmziksiz dura bilməyən körpə kimi Sən də siqaretsiz dura bilmirdin. Buna baxmaq lap üzücü olurdu. Son günə kimi, “oynadın” siqaretlərlə, markalarını dəyişdin, başını qatdın. Bu siqaret yanğısı xəstəliyinin acısını unutdurmaq üçün idi, bilirəm. Son günlər mən yandırırdım siqaretini.
- Nuşa, birdən öyrəşdirərəm səni...
- Öyrəşmərəm.
- Amma yaraşır sənə, – deyib, üzümə gülümsündün.
Bir məqam axtarırdın elə bil mənə bir xoş söz deməyə. Demədiklərini bəzən həsrətli baxışların deyirdi...
Ayaq damarlarının əməliyyat olunmasıyla bağlı Azərbaycan Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra Səni Ankaradakı Türkiyə Yüksək İxtisas və Araşdırma Sağlıq Xəstəxanasına göndərdilər. Və 2011-ci ilin iyun ayından 2014-cü ilin sonuna kimi bizim Bakı, Ankara, Tel-Əviv xəstəxanalarından imdad dilədiyimiz dövr başladı...
2011-ci il iyun ayının 18-də biz Ankaraya gəldik. Türkiyədə bizi Azərbaycan səfirliyinin nümayəndəsi Dursun Həsənov qarşıladı. Xəstəxanada bizi Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi gözləyirdi. Böyük, işıqlı bir otaqda yerləşdirdilər bizi. Çarpayıdan əlavə böyük dəri bir divan da vardı otaqda. Sən bir sanitar oğlan tapıb, ona pul verdin. Yaxınlıqdakı bazardan elektrik çaydanı, iki fincan, çay, qəhvə, qənd aldırdın. Çay, qəhvə çox içdiyindən, həm də rahatlıq sevdiyindən lazım olan əşyalar əlinin altında olmalı idi.
Həmin gündən Sənin müayinən başlandı. Dopler, qan analizi...
Səhəri gün bazar idi. Xəstəxanaya mənim Türkiyədəki qohumum, atamın xalası oğlu Altay gəldi. Bizim Ankarada olduğumuzu Altaya Ankarada yaşayan bacım Esmiranın kiçik qızı Əzizə xəbər vermişdi. Bakıda Dillər Universitetinin İngilis dili fakültəsini bitirmiş İbrahim Tarpıcı ilə ailə qurduqdan sonra ərinin təyinatıyla Türkiyənin bir neçə əyalətini gəzib-dolaşdıqdan sonra Ankarada məskunlaşmışdılar. Səni Altayla tanış etdim. Uzun illər hüquqşünas kimi çalışmış 77 yaşlı Altay artıq təqaüddə idi. İki il idi arvadını itirmişdi. Sən Altayçün dedin: “Qluboko odinokiy çelovek...” (Çox yalqız adamdır). O, bizi maşınında Əzizəgilə apardı. Gəlişimizə çox sevinirdi Əzizə, İbrahim, onların iki oğlu: Arif və Cəmil. İbrahim Sənin şeirlərini sevir, gözəl təhlil edir.
Altayın maşını ilə xəstəxanaya döndük. Xəstəxananın həyətində bizi mənim vəfalı, mehriban dostum, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində birgə çalışdığımız dövrdən tanıdığım, xeyli müddətdir Türkiyədə işləyib ailə quran Səriyyə Gəncəliyeva və onun alicənab həyat yoldaşı Adil Tamer gözləyirdi.
Səhəri ağır gün oldu. Ayağında anju etdilər. 3-4 saat bir yerdə uzanmaq çətindir. Ürəyində problem var, dedilər. Şəkərin yüksəkdir. Sabah ürəyini də anju etməlidirlər.
Ürəyini anju etdilər. Əziyyət çəkirsən səssiz-səmirsiz.
Səriyyəylə Adil gəldilər. Səriyyə dedi ki, Gülhanə Klinikasında Anar Əmrahov adında həmyerlimiz işləyir. Gənc, istedadlı kardioloqdur. Axşam onunla gələcəyini bildirdi. Anar həkim və türk həkimi anjunun nəticəsiylə gəldilər. Anar həkim dedi ki, açıq ürək əməliyyatı olunmalıdır. Şuntlama... Ayağın üçün gəldik, ürək problemin tapıldı. Anar həkim əməliyyatın təxirə salınmadan yerinə yetirilməli olduğunu dedi. Klinikanın türk həkimləri də gəlib çıxdılar. Onlar da əməliyyatın vacibliyini vurğuladılar. Sən boyun qaçırdın bu xəstəxanada əməliyyat edilməkdən. Anar həkim Səni Gülhanəyə keçirib, əməliyyatın orada keçirilməsini təklif etdi. Bütün edilən təkidlərə baxmayaraq, Səni fikrindən döndərmək mümkün olmadı. “Bakıya qayıdıram, - dedin, - müayinəyə qürbət ölkə, əməliyyata vətən yaxşıdır...”.
Sonradan mənə orada əməliyyata razılıq verməməyinin səbəbini dedin: “Nuşa, sənə yazığım gəldi. Təsəvvür et ki, əməliyyat vaxtı mən ölürəm və məni qoyurlar morqa. Sən morqun qabağında ağlayıb, özünü öldürürsən, ancaq buna türk həkimləri məhəl qoymurlar. Dərdinlə baş-başa qalırsan başqa ölkədə...”.
Türk həkimlərinin peşəkarlığına söz ola bilməz, ancaq bizim həkimlərdən fərqli olaraq onlar soyuqqanlıdırlar. Sən də bunu hiss edib, o nəticəyə gəlmişdin. Xəstəxanada olduğun müddətdə bir gün siyasətçi Hikmət Çətin, səhəri gün Türkiyənin o zamankı baş nazirinin müavini Cəmil Çiçək Sənə baş çəkdilər. Onların Sənin xəstəxanada olduğundan hardan xəbər tutduqları bizə məlum olmadı. Xəstəxana ab-havasından çıxmaq üçün 2-3 gün Ankarada qalmaq istədin. Xahiş etdin, Dursun şəhərin mərkəzində, xudmani “Tunalı” hotelində bizə yer bron etdi. Uzun illərdir Ankarada çalışan mənim məktəb və tələbəlik illərimin can dostu Rəhilə Şükürova (Süleymanova) bizim Ankarada olduğumuzdan xəbər tutan kimi, özünü hotelə çatdırdı. Ona xəstəxanada olduğumuzu demədiyim üçün umu-küsü etdi. Bir yerdə nahar edib, şəkillərimizi çəkdikdən sonra Sən bizi tək buraxıb, hotelə dincəlməyə getdin. 2013-cü ilin yayında Rəhilə kiçik oğluna Bakıda toy etdi. Bizi də çağırdı. O bilirdi Sənin xəstə olduğunu. Dedi: “Nuşa, sən mənim atalı-analı günlərimin, gənclik illərimin yadigarısan, heç olmasa özün gəl”. Sən də dedin: “Get, eynin açılsın”. Dedim: “Baxarıq”. Ancaq bilirdim ki, getməyəcəm. Toya bir həftə qalmış Rəhiləyə toya gələ bilməyəcəyimi dedim. O, incik halda: “Heç olmasa bir saatlıq gəl...” – dedi. Gedə bilmədim. Sənə toya getməyəcəyimi deyəndə sevindin: “Hə, getmə, yanımda ol...”.
Bir müddət sonra Rəhilə ilə Bakıda görüşdük. O, toyun necə gözəl keçməsindən danışdı və mənim orada iştirak etmədiyim üçün təəssüfləndiyini dedi. Səni xəstə vəziyyətdə qoyub, toy məclisində rahat otura bilməyəcəyimi anlatmağa çalışdım. Amma Rəhilə məni başa düşmək istəmədi. “Heç olmasa, bir saatlıq gələ bilərdin”, – dedi.
Sənin çox qabaqlar yazdığın şeirdəki bu bənd mənim haqlı olduğumu göstərmirmi?
...Kaman süzüb, tar oynayıb,
Mən xəstəykən yar oynayıb.
Aramızda qar oynayıb,
Qaralanıb, de neyləyim?
2018-ci ilin aprelində Ankaradan Rəhilənin ölüm xəbərini almaq həm gözlənilməz, həm də çox üzücü oldu. O, Bakıda atasının, qardaşının yanında torpağa tapşırıldı. Rəhiləylə yaddaşımın bir küncünə sığınmış məktəb, tələbəlik çağlarının dadı, duzu da getdi. Onunla birgə dəfn etdim o gözəl, qayğısız illərin xatirələrini...
İyunun 25-də biz Ankaradan vətənə döndük.
2011-ci il 30 iyun. Neftçilər Xəstəxanasındayıq. Sənə Rəşad Mahmudovun əməliyyat etməsini məsləhət görüblər. İkiotaqlı palatadayıq. Hər rahatlığı var. Müayinələr başlandı. Pankreatitdən bir həftə müalicə olunmalısan. Əməliyyat qabağı əhval-ruhiyyən yaxşıdır. Bu məni sevindirir. Sənin məsuliyyətli anlarda özünü tez bir zamanda toplamağın, qətiyyətli olmağın mənə də güc verir. 12 iyul səhər saat 10:00-da əməliyyatdır. Bir gün qabaq əməliyyata hazırlıq oldu. Sanitar hamamda döş qəfəsindəki tükləri qırxdı. Zarafat etmək üçün fürsəti qaçırmadın, o saat dedin: “Oldum lap broyler toyuğu...”.
Əməliyyatın haqda ancaq yaxın qohumlar bilirdi. Palatada oturub, nəticəni gözləyirdik. Əməliyyatı Rəşad Mahmudov və Seymur Musayev etdilər. Uğurlu keçdi əməliyyat. Rəşad doktor palataya gəlib, bizə gözaydınlığı verdi. Tel-Əvivdə müayinə olunduqda dünyaca məşhur kardioloq (adını unutmuşam) ürək əməliyyatının harada olunmasıyla maraqlandı. “Bakıda”, – dedik. Kardioloq: “Çox uğurlu olunub”, – dedi.
Sən reanimasiya otağındasan. Mən palatada Sənin narkozdan ayılmağını gözləyirəm. Sanitar gəlib, Sənin özünə gəldiyni, məni görmək istədiyini dedi. Məni görən kimi su istədin. Çox su içməyə qoymurdular, ağciyərlərinə su yığılmasın deyə. Əziyyət çəkirdin. Səhər eyni mənzərə. Daima su içmək istəyin. Rəşad doktor müayinədən sonra Sənə su içməyə icazə verib, deyib ki, dəyməyin onun xətrinə. İki gün sonra Səni palataya keçirtdilər. Əməliyyatdan sonrakı mərhələ çox ağır, əzablı keçdi. Narkozun təsiri davamlı oldu. Ancaq şükür edirdik, çəkdiyin fiziki, mənəvi əziyyətlər arxada qalır. Yavaş-yavaş özünə gəlirdin, həyata qayıdırdın. Sən demə, bu çəkəcəyimiz iztirabın, əziyyətin hələ əvvəli imiş... sonu görünmyən əzabın əvvəli...
2012-ci il həyatımızın xoş məqamı kimi Sənin haqda (həyatın, yaradıcılığın, taleyin haqda) “Posle menya ostanetsya more” (“Məndən sonra dəniz qalacaq”) adlı kitabın işıq üzü görməsi oldu. Kitabın müəllifi filoloq Şövkət Keramovadır. Kitabın redaktoru şair-tərcüməçi Siyavuş Məmmədzadənin etdiyi əlavələr bu əsəri daha da zənginləşdirmişdi.
Kitabın təqdimatı Nizami küçəsindəki “Əli və Nino” kafesində keçirildi. Yer balaca, adam çox, səmimi, isti ab-hava. Kimsə dedi: “60-cı illərin ruhundadır bu təqdimat...”. Anar kitabı belə səciyyələndirdi: “Posle menya ostanetsya more” kitabı çox dəyərli kitabdır. Çünki bizim ədəbiyyatda yazıçının sağlığında yazılan ilk sənədli-bədii əsərdir...”. Kitabın redaktoru şair-tərcüməçi Siyavuş Məmmədzadə dedi ki, Vaqif Səmədoğlu polifonik şəxsiyyətdir. Mən hətta deyərdim o, orkestr adamdır... Mehriban Zəkinin qopuzla Sənin “Heç kəsə demə...” şeirini fərqli, düşüncəli, duyğulu səsləndirməsi gecəyə xüsusi ab-hava qatdı. Rüstəm İbrahimbəyov Moskvadan olan rusiyalı telereportyor Mixail Deqtyarla gəldi. O, Bakı haqda çəkdiyi sənədli filmə bu təqdimatdan da süjet daxil edəcəyini bildirdi.
Həmin ilin yaddaqalan günlərindən biri Norveç səfirliyinin təşkil etdiyi gecə oldu. Norveç səfirliyi ilk dəfə azərbaycanlı şairlə – Səninlə görüş keçirmək istədiyini bildirdi. İngiliscə şeirlərinlə internetdən tanış olublar. Sentyabra planlaşdırılan görüşü Sən çox nəm-nüm edəndən sonra noyabra təyin etdilər. Əvvəl səfirin gənc, məlahətli xanımı Astrid və tərcüməçi ilə bir kafedə görüşdük. Gecənin təfərrüatlarını dəqiqləşdirdik. Görüş noyabrın 30-da onların oturduqları evdə təşkil olundu. “Azərbaycan” kinoteatrının yanında yerləşən bu evdə vaxtıyla Azərbaycanın birinci katibi İmam Mustafayev yaşayıbmış. Səni uşaqlıq, gənclik xatirələrinin qoynuna atdı bu ev... Gecədə Avstriya, Yaponiya, Rumıniya, Mərakeş, Gürcüstan səfirləri, başqa səfirlik nümayəndələri iştirak edirdi. Həmin gecədə xanımıyla iştirak edən Səlim Babullaoğlu xatırlayır: “...Vaqif müəllim giriş çıxışı elədi. Bu çıxış təkcə Vaqif Səmədoğlunun şair kimliyinin təqdimatı deyildi, həm də çağdaş Azərbaycan poeziyasının təqdimatı idi... Bu qısa çıxış ədəbiyyat tarixindəki onlarla şairin Nobel nitqindən daha maraqlı idi. Müasir Azərbaycan insanının nitqini poetik həddə qaldırmışdı, yaxud şeiri gündəlik və daha səmimi nitq qədər alçaqkönüllü eləmişdi Vaqif Səmədoğlu. Şair üçün isə bundan böyük nailiyyət yoxdur”.
21 dekabrın 2012-ci il dünyanın sonu deyilən gün. Bəşəriyyətin qorxuyla, həyəcanla gözlədiyi gün. Yemək-içmək tədarükü görənlər çox idi. Bakıda da alhaal idi, ət, toyuq, balıq konservi, şam, suxarı, su tədarükü görülürdü. Son gələndə bir göz qırpımında, ani bir vaxtda hər şey bitir. İnsanlar bunu bilsələr də, yenə də ümüdlərini xilas ola biləcəklərindən üzmək istəmirlər... Səhəri gün Olqa Moskvadan zəng etdi. Dünyanın dağılmaması münasibətilə bir-birimizi təbrik etdik. Olqa dedi ki, biçarə, yaşlı anası axşam düşdükdə göy üzünün qızarmasını dünyanın axırı zənn edib, qorxmuş halda qızına zəng edərək: “Olqa, naçinaetsya. Nebo krasnoe, çto delat?”, – deyib. (Olqa, başlayır. Göy üzü qırmızı rəngdədir, neyləyim?)
Bəlkə də Yaradan o ümidlə biz insanlara yaşamaq haqqı verdi ki, dəyişək, mənən yüksələk...
2013-cü il – Qara ilan ili...
İlin əvvəlində beş günlük Qəbələyə getdik. “Qafqaz Resort Hotel”də qaldıq. Ağırlaşmısan... Qayıdandan sonra USM, qan analizi etdik. Hər şey normal çıxdı.
2013-cü ilin aprel ayında Sənin ad günün üçün bir albom çıxartmaq istəyirdim çəkdiyin fotolardan. Bu istəyimi Sənə bildirəndə, dedin: “Bəlkə deyimlərimdən ibarət bir kitab çıxardasan?” -Yadımdadı, Sənin “Azadlıq”qəzetində (1989-1991-ci illərdə qəzetin baş redaktor müavini idin), “Oğuz eli”ndə (1992-1994-cü illərdə qəzetin baş redaktoru idin) Təmkin Səbirli adıyla dərc etdirdiyin ictimai-siyasi məzmunlu satirik, yumoristik zərb - məsəllərin, maraqlı deyimlərin.Tez bir zamanda deyimlərini, hikmətli ifadələrini yığıb, ön söz də yazdım. Aydın Abdullazadəyə çap üçün verdim. Adını “Müdriklərlə üz-üzə” qoydum. Aydından xahiş etdim ki, kitabın nəşrini Sənin ad gününə kimi çatdırsın. Aydın söz verdi və sözünə əməl etdi. 5 iyuna, ad gününə bir neçə gün qalmış kitab artıq evdə idi. Ancaq onun sevincini yaşaya bilmədik. Qapımızı dərd döydü...
“Ədəbiyyat və incəsənət”
(30.10.2026)


