XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
28—Cİ DƏRC
Kislovodski özünün “Narzan” sularıyla Sovet dövründə ən məşhur, ən sevilən istirahət ocaqlarından idi. Oraya ailəliklə bir neçə aylıq dincəlməyə gedirdilər. Oradan da Yessentukiyə, Pyatiqorskiyə. Kislovodsk Sənin uşaqlıq şəhərindir. Mənim də uşaqlıq yaddaşımda bu şəhərin öz yeri var. Sən ora getməyə çox can atırdın. Kislovodskiyə qatarla yox, təyyarəylə getdik. Qış vaxtı, yanvarda gəldik uşaqlığımızla görüşə. Qar yağmışdı, xəfif şaxta vardı. Sanki heç nə dəyişməmişdi burada. Parkda tək-tük adamlar gözə dəyirdi. Narzan qalereyası da öz yerində dururdu. Bağlı idi. Biz Parkda, tanış küçələrdə gəzdikcə ayaqlarımızın altında qar kimi xırçıldayan donmuş uşaqlıq xatirələrimiz ləpir-ləpir əriyirdi...
- Nuşa, danışmışdım sənə, bir dəfə Kislovodskidə az qala ölmüşdüm, 13 yaşım olardı onda.
- Bu, necə olmuşdu?
- Futbol oynayanda yerə bərk dəydim, üst dodağım partladı. İndiyə kimi çapıq yeri durur, üstünü bığ örtüb. Yeri çirk eləməyə başladı. Çirk də beyinə yerisə, bu ölüm deməkdir. Qızdırmam yüksək idi. Həkimlər heç nə edə bilmirdilər. Qonum-qonşu, hərə bir çarə deyirdi. Ağlaşma düşmüşdü. Yəqin mən ölürdüm. Qızdırma içində atamın anama dediyi sözləri eşitdim: “Atam, anam Allaha inanan olublar, mən də inanıram, əlimizdən tutacaq...”. Mən sag qaldım. Mehdi Hüseynin arvadı Fatma xala xilas etdi məni. Onlar da Kislovodskidə istirahət edirdilər. Xəbəri eşidən kimi özünü bizə çatdıran Fatma xala anamdan soruşdu:
- Uşağa “Sulfadin” vermisiz?
- Yox.
Kimsə aptekə dərmançün qaçdı. Mən bir tabletka “Sulfadin” içdim, səhər ayağa qalxdım. Qızdırmam düşdü, çirk çəkildi. Bəlkə də böhranlı vaxtı keçdi. Ancaq onda atam da, anam da, mən də əmin idik ki, məni “Sulfadin” xilas etdi...
Bakıya Yessentukidə aldığın tünd-boz rəngli yarım metrlik, üzünü yuxarı tutub ulayan canavar heykəliylə qayıtdıq.
– Nuşa, boz qurd türk xalqlarının müqəddəs heyvanıdır deyə aldım.
Nə vaxtsa Səndən soruşmuşdum: “Hansı heyvana çevrilmək istərdin?”
- Canavara...
Mənə şeir yazmaq öyrət,
öyrət, canavar izi.
Bilinsin ki, hardan gəlib,
hara gedir sözlərim.
Yaşamağa,
torpaqda sənin kimi qalmağa
haqqı olsun şeirlərimin,
olsun, canavar izi...
Ən çox sevdiyin TV verilişləri “Heyvanlar aləmində”, “Ovçuluq və balıqçılıq” idi. Gecələr baş-başa qalırdın təbiətlə. Deyirdin ki, ruhum dincəlir bu verilişlərə baxanda...
Gündəlikdən: “Yer üzündə bircə adama paxıllıq edirəm, o da fransız Jak Kusto zalımdır. Alim, səyyah, qətiyyətli və mədəni, işgüzar və dincəlməyi sevən bir insan. Necə həsəd aparmayasan ona?”
Heyvanları çox sevirdin. Fərqi yox idi ördək, it, pişik olsun, ya canavar, ilan. Bu sevgi uşaqlıqdan gəlirdi, atandan gəlirdi. Şüvəlandakı bağınızda ev quşları, itlər, pişiklər olub. Poynter cinsindən olan Reks atanın sevimli iti idi. Olduqca ağıllı heyvandı. Onunla ova gedərdi Səməd Vurğun.
- Bir dəfə bağda nahar zamanı papa boşqabından ən yaxşı sümüklü ət parçasını götürüb, itə vermək istəyəndə Aybəniz ət parçasını ona verməsini istədi: “Onu mənə ver də”. O isə: “Yox, bu, Reksin payıdır”, - dedi. Aybəniz pərt halda: “Sən bu iti bizdən çox istəyirsən”, - deyəndə, papa ciddi bir görkəmlə: “Yox, hamınızı bir istəyirəm”, - deyə cavab verdi. Hamımız gülüşdük.
- Vaqif, Xavər xanım atanın Məstan pişik zarafatı haqqında danışmışdı.
- Atam Varşavadan Vroslava, Sülh tərəfdarları Konqresinə getmişdi (Konqresdə Pol Robsonun çıxışının təsiri altda “Zəncinin arzuları” poemasını yazmışdı). Bakıya nə vaxt qayıdacağıyla bağlı vurduğu teleqramı nə mamanın, nə bizim, birbaş Məstan pişiyimizin adına göndərmişdi: Bakı, Fioletov küçəsi 6, Vəkilov Məstan Səmədoviçə.
Sən də bağımızda iki it saxladın. Biri ağır təbiətli Alabay cinsindən olan Topaş, o biri cılız, qatışıq cinsli, tülküyəbənzər Rembo. “Qazaxdan gələndə yolüstü Ağdaş pavilyonunda çörək yeyəndə qapının ağzında balaca tüklü it gördüm. Bir lüləkabab verdim, yedi. İçəri girdi. Xidmət göstərən oğlana 10 şirvan verib, dedim, bunu qutuya qoy. Yoldan bağa gətirdim. Adını Rembo qoydum”.
Topaşla tez dil tapdılar. Ayrılmaz dost oldular. Rembo çox acgöz idi. Görünür, yetimlikdə çox aclıq çəkmişdi, gözü doymurdu. Topaş sahib kimi Səni qəbul edirdi. Sənin gəlməyini qabaqcadan hiss edir, darvazanın ağzında yolunu gözləyirdi. Etibarlı Topaş Sən xəstələnəndən yarım il qabaq xəstələndi və öldü. Rembo tək qalmasın deyə ona dişi Bolonka aldın. Onların balaları oldu, ancaq Sən görmədin...
Sən torpağa, təbiətə sıx bağlısan. “Adamın ayağı yuxudan duranda torpağa dəyməlidir... Yaşıllıq istəyir ürəyim. Ağaclarla bir yerdə nəfəs almaq istəyirəm. Yarpaq havası həsrətindədir ciyərlərim. Təbiət qoynunda, bir bağ yerində yaşamaq istəyirəm...”, – deyirdin.
- Nuşa, dünyada ən çox sevdiyim rəngdir yaşıl... yaşıl təbiətin rəngidir.
Kaş bir bağım olaydı,
Hovuzu da dəyirmi,
Çox yox, ağac əkərdim,
5-10-15-20...
Şükür, oldu bağımız. Xudmani. Ləhiş bağlarında. Hovuzu dördbucaq. 15-20 yox, çoxlu ağac əkdin. Meyvə ağacları, ikimizin də sevdiyi şam ağacları. Çox sevirdin o bağı. Çin olan arzunu. Böyük zəhmətin hesabına başa gəlmişdi o bağ Sənə. Bağ sahəsi veriləndə ora düzənliyin düzü idi, hər yan qumluq. Saxara səhrası kimi. Ətrafda nə ins vardı, nə cins. Sakinləri tülkü, ilan, əqrəb. Sözün əsl mənasında ürəyini qoydun o bağa. Hər gəlişimizdə məndən “Bura nə yaxşıdır!” tərifini eşitmək istəyirdin ki, cavabında: “Yaratdım!”, – deyəsən.Həqiqətən, Sən bu bağı yaratdın. Onunçün də Sənə əziz idi o bağ.
Hər bağ mövsümü qurtaranda ürəyim sıxılır, qəmlənirdim. Bağ da bizimçün darıxırdı. Gülüş, qışqırıq səslərini elə bil quyumuz udur, uşaq, böyük izlərini narın qum içində gizlədib itirirdi, küləklər boş qalmış yelləncəkləri qışqırdır, hovuzun suyu bizsizlik xiffətindən bulanır, itlərin ulaşması lap zilə qalxırdı. Yağan yağışlar gedən yay üçün payızın axıtdığı göz yaşlarıydı sanki. Balaca Ayla: “Ağlama, dəniz, ağlama, Topaş, yayda yenə gələcəm”, – deyəndə, inanmaq istəyirdim ki, mütləq belə də olacaq, gələn yay ailəlikcə ora qayıdacağıq...
Gələn yayı oturub,
Gözləyək düz doqquz ay,
O doğulan günəcən
Əlvida, qurtaran yay...
1995-ci ildə yazdığın şeirdəndir bu bənd. Onda nə bağımız vardı, nə Ayla, nə Topaş. Bacımgilin Pirşağıdakı bağında on günlük istirahətdən sonra yazmışdın bu şeiri. Bacımın əri Arif Fərəczadəyə minnətdarlığını özünəməxsus tərzdə bildirdin: “...bilməzdim susuz dünyada.... bacanağın bağı varmış...”. Uzun illər AzTV-də və Lider TV-də musiqi şöbəsinin baş rejissoru olmuş nurlu, saf insan Arif Fərəczadə bu ilin may ayında 81 yaşında dünyasını dəyişdi.
O zaman Sən gedən yaya “əlvida” desən də inanırdıq ki, qarşımızda neçə-neçə sabahlı, ümidli illər durur. 2014-cü il Səninlə birgı keçirdiyimiz S O Nuncu yay oldu... Sənsizləşmiş bağa gedə bilmirəm, Vaqif... Bağın hər daşı, qumu, torpağı... hər ağacı, yarpağı, gülü-çiçəyi... Sənin adınla bağlıdır...
Evlənəndən sonra bizim quşlu günlərimiz başladı. “Aşkar gözəllik quşlarda və balıqlardadır. Açıq rəngarənglik, əlvanlıq”. Sən əvvəllər balıq saxlamısan. Bir neçə akvariumun da olub. Deyirdin, onlar evdə xüsusi mikroiqlim yaradır. Ancaq ...bir qış gecəsi dondu balıqlar... Dedin: “Qorxuram, birdən yenə də düşməz mənə balıq saxlamaq”. Ancaq tez də əlavə etdin: “Yox, Səninlə nəsə saxlamaqdan qorxmuram...”. Ancaq taleyi sınamamaqçün quş saxlamaq qərarına gəldik. Halbuki, onun da düşər-düşməzliyi olur. Yəqin mənim “quş saxlamaq sahəsində təcrübəmi” də nəzərə aldıq...
8 yaşım olanda atam mənimçün Professor ləqəbli bülbül almışdı. O, çox gözəl cəh-cəh vurduğuna görə bu ada layiq görülmüşdü. Onun zildə məharətlə ifa etdiyi zəngulələri ən zilxan xanəndə belə edə bilməzi. Evdə tozsoran işləyəndə, radio, televizorda musiqi səslənəndə, xüsusən də böyük bacım violada çalanda quş elə bil onlarla yarışa girir, dil boğaza qoymurdu. Quşla yarışda bacımın bəzən əsəbləri tab gətirmir: “O, mənə mane olur”, – deyərək çalmağı dayandırırdı. Bülbül isə səsinin bütün imkanlarından istifadə edərək, bu yarışdan qalib çıxırdı. Havalar isinəndə biz onu küçə eyvanına qoyurduq. Səhərlər günəşin şüaları eyvana düşəndə, bu şüaların istiliyi ilə cuşa gələn bülbül təbiətə öz minnətdarlığını gözəl oxumasıyla bildirirdi. Bu zaman onun vurduğu zəngulələr hər dəfə yeni çalar qazanırdı. Bu cəh-cəh qarşısında küçədən keçənlər də biganə qala bilmir, ayaq saxlayıb, onun oxumasını dinləyirdilər. Öz oxumağından həzz alan bülbülün duruşunda bir möhtəşəmlik, həm də ona yaraşan təkəbbür vardı. Tünd-boz rəngli bülbülə atamın aldığı gümüşü qəfəs çox yaraşırdı. Quşa atam qulluq edirdi. Sonradan bu öhdəliyi mənim boynuma qoydu. Atam dəqiq adam olduğundan quşun yeməyini eyni vaxtda verilməsini tələb edirdi. Hətta ezamiyyətdə olanda belə atam ilk növbədə quşu soruşur, yeyib-yemədiyi ilə maraqlanırdı (eyni xüsusiyyəti Səndə də gördüm). Bülbül bütöv bir quş ömrünü bizimlə yaşadı, qocaldı və öldü. Atam onu həyətimizdəki əncir ağacının dibində basdırdı.
İlk dəfə tutuquşu almağa Yusiflə getdin. O da evində Kakadu cinsindən olan tutuquşu saxlayırdı. Kitab da vermişdi tutuquşular haqda. Maarifləndirmək üçün bizi. Quşlarla evimizə yeni nəfəs gəldi. Ən əsası, onlar Sənə sevinc gətirirdilər. Onlara qulluq etmək, nazlarını çəkmək xoşuna gəlirdi. Quş bazarına tez-tez gedirdin. “Orada gözlərim dincəlir, ruhum təzələnir... Nuşa, adam bəzən heç ölmək istəmir”, – deyirdin. Mənə də Sənin sevincindən pay düşürdü, çünki çalışırdım ki, hər şey Sənin ürəyincə olsun...
Sənin kimi azad ruhlu bir insanın qəfəsdə quş saxlamasına təəccüblənənlər də tapılırdı. Sənin məntiqli cavabın aydınlıq gətirirdi bu suallara: “Əgər o quşları buraxsam, heç bircə saat da yaşaya bilməzlər. Çünki onlar neçə nəsil qəfəsdə yetişmiş quşlardı. Onlar özləri-özlərinə su, yem tapmaq, özlərini təhlükələrdən qorumaq instinktini artıq çoxdan unudublar. Adi sərçənin bildiyini bunlar bilmir. Sərçədən dərrakəli, ağıllı olsalar da. Sərçəyə nə var, o azaddır, təbiətin balasıdır. Uzun illər köləlikdə, əsirlikdə yaşayan millətlərdə də bu “qəfəs” instinkti yaranır”.
Evimizdə üç qəfəs, üç müxtəlif növ tutuquşu saxladıq. Rozella, Korella, Dalğavari. Səndən xahiş etdim ki, qəfəslərin sayı artmasın. Üç müxtəlif cinsli, müxtəlif təbiətli quş. Onların içində ən mehribanı, ilk gündən ələ öyrətdiyimiz balaca, yaşıl rəngli, dalğavari cinsindən tutuquşu idi. Diribaş olduğundan Sən ona Cinbala deyirdin, mən Çika. Ona bir neçə söz və bir neçə söyüş də öyrətmişdik. Onun bu sözləri təkrarlamasının başqa ləzzəti vardı. Rozella nəinki öz rəngarəngliyi ilə fərqlənirdi, həm də çox qaraqabaq idi. Bizdə olduğu 3-4 ay ərzində nə bizə, nə də o biri quşlara alışdı. Sən onun “adamayovuşmazlığı” ilə barışa bilmədin, zoomağazaya təhvil verdin. Ancaq arada zoomağazaya gedib, quşa baş çəkirdin. Bir neçə vaxtdan sonra Rozellanı bir amerikalının alıb, özüylə Amerikaya apardığını öyrəndin.
İlk aldığın tünd-boz rəngli Korellaya Moşu adını qoydun. Onu Yusifin verdiyi boyük gümüşü rəngli qəfəsə saldın. Quş çox aktiv idi. Əmin Mehdixanın nəvəsi bioloq Sevinc xanım bizə dedi ki, ələ öyrəşdirmək üçün hər gün qəfəsdən çıxarın, əlinizdə saxlayın. Sən dedin: “Yox, tələsməyək, əvvəl bizə alışsın, sonra ələ”. Səni eşitmədim. İstədim “quş təlimatçısı” kimi Səni təəccübləndirim, tərifləyəsən məni. Hər gün Sən evdən çıxan kimi, Sevinc xanımın məsləhətiylə əlimə əlcək geyinib, Moşunu “ələ öyrətmə planı”mı həyata keçirməyə çalışırdım. Biçarə quş əlimdə çırpınır, qışqırır, mən isə o ümidlə ki, onu ram edirəm, 5-6 gün öz təlimimi davam etdirdim. İnadkarlığımın uğurla nəticələnəcəyinə inanırdım. Yazıq Moşu o dərəcədə aqressivləşmişdi ki, qəfəsin yanından keçə bilmirdik, bizə qışqırır, səs-küy salırdı. Onun bu hərəkəti Səni təəccübləndirdi:
- Düz-əməlli quş idi, bunun niyə bizdən zəhləsi getsin axı?
Dinmədim. Susmağım Səndə şübhə oyatdı. Birdən soruşdun:
- Nuşa, onu qorxutmamısan ki?
- Yox...
Növbəti dəfə Sən yenə evdən çıxan kimi əlimə əlcək geyib, qəfəsə yaxınlaşdım. Qəfəsin qapısında böyük qıfıl gördüm... Sən evə qayıdanda, qapını açmışdım ki, gülməyimi saxlaya bilmədim.
– Nədi, elə bildin, hiss etməyəcəm quşun günü-gündən sərtləşdiyini, bu işdə sənin əlinin olduğunu?
Beləliklə, mənim “quş təlimçisi” olmaq arzum puça çıxdı. Sənin dediyin kimi, səbr, vaxt lazım imiş... Biçarə quşu zoomağazaya qaytarmaq məcburiyyətində qaldın. Əvəzində aldığın Korella dinməz-söylənməz çıxdı. Durduğu yerdən tərpənmirdi. Xavər xanım ona Abidə adı qoydu. Al-qırmızı yanaqlı bu Korellanın məxmər kimi sarı, qara rəngli tükləri var idi. Ona Sədəfrəngli Korella da deyirlər. Sən ona Çil-çil adı qoydun. Bir-birinizə tez alışdız.
“Bayaq Çil-çilin başını qaşıdım. Xoşhallanıb, iki dəfə dərindən əsnədi, birdən yuxuya gedib az qaldı tirdən yıxılsın. Canını yeyim onun. Bu tutubala daha mənsiz qala bilməz. Yaman öyrəndi əlimə, iyimə, səsimə. Quşlar da ünsiyyətsiz yaşaya bilmirlər. Mənim ağlıma gəlməzdi quş bu dərəcədə insana həyan ola bilər”.
Bu quşcuğaz mənimdir,
Tək inamım, dinimdir,
İki gözüm solubdur,
Quş səsiylə dolubdur...
Quşlar ailəmizin üzvlərinə çevrilmişdilər. Sən onlara vitaminlər, oyuncaqlar alırdın. Hətta xarici səfərdə də onları unutmurdun. Bir gün Çikaya dişi tayı almaq qərarına gəldin. “Günahdı, – dedin, tək qalmasın”. Bu məqsədlə zoomağazaya getdin. Gələndə: “Nuşa, zoomağazada kimi görsəm yaxşıdı?” – dedin.
- Kimi?
- Alim Qasımovu. Biləndə ki, sarı quşu evdəki Çika üçün gəlin alıram, dedi, onu öz maşınımda əsl gəlin kimi aparacam. Bizi evə “Sarı gəlin” havasını oxuya-oxuya gətirdi.
Çikanı evləndirdik. Yuva aldın. Səbirsizliklə yumurtadan çıxacaq balanı gözlədik ailəlikcə. Yumurtadan çıxan balanın sevincini yaşadıq. Hamımızdan çox Sən sevinirdin...
Nigar bizə Dalğavari cinsindən mavi rəngli tutuquşu bağışladı. Onu da o birilər olan qəfəsə qoyduq (Bu bizim səhvimiz oldu). Sən demə, quşlar da eynən biz insanlar kimi imiş. Xoşxasiyyət, rəhmdil, qəzəbli, hirsli... Yeni quş çox aqressiv və qısqanc çıxdı. Bizim Çikanı dişiyə qısqandı, gözümçıxdıya saldı. Dimdik müharibəsinə qalxdı. Dimdiyi ilə Çikanın başından vurduğu zərbə onu öldürdü. Yersiz gəldi, yerli oldu, buna deyirlər. Sən dedin: “Buna dözə bilmərəm”. Onu pəncərədən buraxmaq istədin, mən qoymadım. Səhəri zoomağazaya qaytardın. Bir müddət sonra Sənin sevimli Çil-çilin və onun erkək tayı da quş ömürlərini başa vurdular. Qəfəs boş qalmasın deyə, 2014-cü ildə sarı, yaşıl tüklü, dalğavari tutuquşu aldın. Bu son aldığın quş oldu... Çox mehriban çıxdı. Bir-iki söz öyrəndi. Amma Səndən sonra əvvəlki həvəs qalmadı, Vaqif... Yemini-suyunu mən, hərdən də Ayla verir. Əlbəttə, Sənin kimi baxılmır...
“Ədəbiyyat və incəsənət”
(29.10.2026)


