“Biri ikisində” Tamara Vəliyevanın essesi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəTamara Vəliyevanın essesitəqdim edəcək.

                                                                                                             

 

Tamara VƏLİYEVA

 

BEYNİMİN KİNOLENTİNDƏ İLİŞİB QALAN

XATİRƏLƏR

 

Beynimizin içində bir kinolent yerləşir. Həyatımızın vacib və ya qeyri-vacib səhnələri orda çəkilib. Nə zaman tənhalığa üz tutsaq, o kinolent nostalgiya duyğusu kimi gözlərimizin önündə canlanır: elə hadisələr var ki, hansı yaşda olduğundan asılı olmayaraq incəliklərinə kimi-geydiyin ayaqqabıya, paltara kimi yadına düşür, gözlərinin önündəmi deyim, beynindəmi deyim, təkrar canlanır. Eləsi də var ki, tam aydınlığı ilə görə bilmirsən. Bəlkə elə, o hadisəni o vaxt da tam aydınlığı ilə görə bilməmişik; beynimizdəki kinolent də, nə görmüşük, necə görmüşük, elə də çəkib.

Səksəni haqlamış bir insan bütün ömrünə beyninin kinolentində baxsa, nə qədər zaman keçər-neçə dəqiqə, neçə saat? Hər halda bütöv bir gün olmayacaq, tutaq ki, bir saat... Beynimizin kinolentində yazılmış səksən illik bir ömür bir saata sığarmış... Sən demə, ömür o qədər də uzun deyilmiş, gözünü yumub-açınca keçib gedirmiş-beynimizdəki kinolent kimi...

Uşaqlıq xatirələri beynimizin ən zəngin xəzinəsidir. Beynimin kinolentində qalan bir hadisədən düz altımış il keçib. Üç və ya dörd yaşım olardı, arxamı nəhəng bir ağacın gövdəsinə söykəyib maraqla pişik balasını qovaraq ağaca dırmaşdıran qohum-əqrəba uşaqlarına tamaşa edirdim. Onlar da bu pişik balası kimi kiçik və məsum idilər. Məsum idilərmi?

Yeddi-səkkiz yaşlı bu oğlanlar-kiçikləri də var idi-bir-birlərinə qoşulmuş, bir-birlərindən ilham alaraq qəddarlaşmışdılar. Əllərindəki daşlarla qorxusundan ağacın yuxarısında özünə sığınacaq tapmış pişik balasını nişan alır, onu  yerə salmağa çalışırdılar. Onlar kimi qəddarlaşan, altdan-yuxarı qəzəblə hürən köpək də hərisliklə bu körpə pişiyi parçalamağa tələsirdi. Ehtiraslar son həddə çatmışdı. Mənim yeddi yaşlı qardaşım da qaragüruhun içində idi-o da əlindəki daşları hay-küylə miyoltusu aləmə səs salan zavallı, köməksiz pişiyə tolazlayırdı.

Atılan daşlardan qorunmağa çalışan pişik sanki miyoldamaqdan çox,  fəryad edirdi, köməyə kimlərisə çağırırdı, yəqin ki, vicdanlı, insaflı insanlardan kömək diləyirdi. Amma onun ətrafında ağıllarını itirmiş oğlanlardan və bir də mənim kimi gücsüz, zəif tamaşaçıdan başqa kimsə yox idi.

Kimin atdığı daş o pişiyi yerə salsaydı, günün qəhrəmanı olacaqdı. Beynimin kinolentində o an özümü də görürdüm, təsəvvürümdə ən çox geniş açılmış gözlərim canlanırdı. O an hadisəyə necə münasibət bəsləməyimi xatırlamıram, ancaq dinməzcə və maraqla hadisəyə baxan o gözləri görürdüm. O gözlərdə təlaş var idimi, bilmirəm, içimdə o hadisəyə qarşı bir üsyan var idimi, onu da bilmirəm, sadəcə, baxırdım...

Bəlkə, mən də o dəcəl oğlanlar kimi o pişiyin ağacdan nə vaxt düşəcəyini, kim tərəfindən düşürüləcəyini, günün qəhrəmanının kim olacağını səbirsizliklə gözləyirdim, nə bilim... Keçirdiyim hisslər xatirimdə deyil, ancaq hadisəni xatırlayıram, vəssalam... Çox kiçik idim, ağaca dırmaşan o köməksiz pişik balası kimi...

Beynimin kinolentində o hadisənin mənzərəsi belə idi-məndən, pişik balasından, qəzəblə hürən itdən və bir neçə oğlan uşağından başqa heç kim yox idi xatirimdə. Bəlkə, doğrudan, o zaman ətrafda heç kim olmamışdı, kişilər hamısı işdə-gücdə, qadınlar da mətbəxdə, meydan uşaqlara qalmışdı. O hadisənin sonu beynimin kinolentinə yazılmamışdı. O pişik balası özünü bu qızışmış kütlənin əlindən qurtara bildimi, insanlıqdan çıxmış, şüursuz kütləyə çevrilmiş oğlanların içindən günün qəhrəmanı çıxdımı? Heç nə xatırlamıram.

Amma bir gün altmış yeddi yaşlı qardaşım uşaqlığımızdan danışarkən uşaq vaxtı özünə bağışlamadığı bir hadisəni-həmin əhvalatı söylədi.

– Sən də mi unutmamısan? – soruşdum.

Qardaşım təəccüblə:

– Sən o hadisəni o vaxt gördünmü? – dedi: – Axı sən çox kiçik idin!

–Gördüm, – dedim. – Heç unutmadım!

Amma yenə o pişiyin sonunun necə olduğunu soruşmadım; onun gözlərindəki xəcaləti, kədəri gördüm və soruşmadım. Əgər vicdan varsa, onun əzabı insana bir ömür boyu bəs edərmiş.

Beynimə həkk olunmuş o acı xatirə indiyə qədər elə acı olaraq da qaldı...

                                                                                                         

 

XALAMIN ƏRİ

 

Həyat keçmişdən gələcəyə gedən bir yol imiş. Bu yol kimin üçün qısa, kimin üçünsə uzun ola bilər. Nədənsə, insan bu yolçuluqda ancaq keçmişə qayıdıb onu araşdırar, acı-şirin yaşananların xatirəsi ilə yaşayar, ruhunu qidalandırar. Bəs gələcək? İnsan gələcəyini bilməz, amma gələcəyin sonunun nə ilə bitəcəyini hər kəs bilər.

Onu tanıyanda çox kiçik idim, hələ köhnə kənddə yaşayırdıq. “Köhnə kənd” ona görə deyirəm ki, kolxozun bölünməz fondu hesabına təzə bir kənd salınmışdı və hamı sıra ilə öz hazır evinə köçürdü. Köhnə kənddə mən üç il ancaq yaşamışam və xalamın əri ilə elə o vaxtlar tanış olmuşam. Nə deyim, kiçik yaşlarımda onunla bağlı bir fikrim yox idi, sadəcə, xalamın əri idi. Onlar təzə kəndə bizdən çox gec köçdülər, hətta deyərdim, könülsüz köçdülər. Haqları da var idi. Xalamgilin köhnə kənddə böyük həyəti və həyətin içərisində iki kürsülü evləri var idi. İkincisini təzə tikmişdilər və orada yaşayırdılar. Amma xalamgil iki eyni evi niyə yanaşı tikmişdilər və köhnə evin qapıları niyə daima bağlı olardı, bilmirdim. Böyüdükcə, beynimdə hərlənən bu sualın cavabını axtarmağa başladım. Məlum oldu ki, əvvəlki ev kərpicdən tikilibmiş, daşdan evlər tikilməyə başlayanda heç kimdən geri qalmağı xoşlamayan xalamın əri əvvəlki evinin eynisini daşdan tikdirmişdi. Amma deyilənə görə, əvvəlki ev də qohum-əqrəbanın işinə yaramışdı. Belə ki, əriylə dalaşan, küsən qohum qadınlar uşaqlarını da götürüb, ərləri ilə barışana qədər o evdə qalarmışlar.

İkiotaqlı, böyük eyvanlı, kürsülü ev yeni tikilmişdi, hər iki otağın qapıları eyvana açılırdı. Eyvanın ətrafında əkilən qızılgüllərin ətri və gözəlliyi indi də gözlərimin qarşısındadır. Bu həyətin gözəlliyindən danışmaqla qurtarmaz və bir sirri də açım, mən xalamgilə onları sevdiyim üçün deyil, o bağçanı sevdiyim üçün gedirdim.

Xalamın ərini isə heç sevmədim və onu sevməyə-sevməyə bağındakı meyvələri nuş eləməyə çox həvəslə gedirdim. Hansı meyvə birinci yetişir, hansı payızda, əzbər bilirdim. Onun bağında bitən ağacların çoxu bizim bağımızda əkilməmişdi-nə köhnə kənddə, nə də təzə kənddə. Anamla atam öz sevdikləri ağacları əkmişdilər. Mənim sevdiyim, yayın ilk aylarında yetişən cır gilas ağacı bizdə yox idi və həyətimizdəki gilaslar yayın ortasında yetişirdi. Cücərəndən yetişənə qədər yediyim qırmızı, turş alçalar da əkilməmişdi bağımızda, hətta göyü belə, əkilməmişdi. Atamla anam alça deyilən o meyvə ağacını öz bağlarına layiq görmürdülər. Hələ eyvana yaxın əkilmiş böyük əzgil ağacını demirəm, bəlkə də, kənddə əzgil ağacı təkcə xalamgilin həyətində idi.

Bütün günü həyətdə vurnuxan, bağ-bostan salan hündür boylu, mavi gözlü, ağbəniz, saçı-saqqalı ağarmış bu insanı niyə sevmirdim, səbəb nə idi? Bəlkə, bunun səbəbi qaradinməz, bütün günü dodaqlarının altında deyinə-deyinə iş-güc görən xalam idi. Küsülü kimi görünürdülər, elə bilirdim, bir-birlərinə nifrət edirlər. Qaşları düyünlü, nazik dodaqları  bir-birinə qapanmış, kiçik mavi gözlərindən qəzəb tökülən xalamın (qəribə idi, hər ikisi mavi gözlü idi, amma xalam qarabəniz idi) qarmaqlı burnu üzünü bir az da qəzəbli göstərirdi. Baş örtüyünün üstündən alnını kiçik bir yaylıqla bağlayardı-ərəb çalmasına oxşayardı. Xalam üst-üstə gen tumanlar  və  “dejurka” deyilən qolu uzun, qabağı aşağıya qədər düyməli köynək pirpaz[1] geyib işinə başlayardı; dünyadan, həyatdan narazı adamlar kimi... Desəm ki, onun saçlarını, bədənini heç vaxt görmədim, desəm ki, heç dişlərini də görmədim... Gülməzdi xalam və mənim fikrimcə, bunun səbəbi xalamın əri idi.

Almacıq sümükləri çəhrayı rəngdə olan bu sarışın qoca, bəlkə də, qoca deyildi. Çünki uşaq olanda ətrafımda olan böyüklərin, anamdan başlamış, hamısını qoca hesab edirdim. Halbuki xalamın mənimlə həmyaşıd kiçik oğlu da var idi; o da mənim sevgimdən məhrum olanlar sırasında idi.

Yadımdadı, yayın ilk ayı idi, hamılıqla xalamgilə getməyə hazırlaşırdıq, nədənsə, qışda onlara qonaq getdiyimi heç xatırlamıram. Nə isə, hamı qəşəng paltarlarını  geymişdi. Mənimsə, geyməyə salamat paltarım yox idi. Hamısı kürəkdən ağac budaqlarına keçdiyi üçün cırılıb,  əl ilə təzədən tikilmişdi. Məndən böyük bacımla  yaşyarım fərqimiz var idi. Çox az səxavətli olardı... Həmin gün hansısa paltarının mənə geyindirilməsinə razılıq verdi. Bilmirəm onu necə dilə tutdular, nə vəd etdilər... Biz o zaman artıq təzə kənddə yaşayırdıq və mən o qədər də kiçik deyildim. Hər halda ağaca çıxmağa icazə verilən bir yaşda idim. O paltarın rəngini, üstündəki naxışları indi də xatırlayıram. Nazik ipək donun çiyinlərindən belə qədər enən qat-qat qırçınları ona havalı görkəm verirdi. Hətta biz xalamgilə çatanda xalamın heç nəyi bəyənməyən ərlik qızı mənim paltarıma tərif də dedi.

Ağ gilasın yetişdiyi zaman idi. Böyüklər evdə oturdular, uşaqlar isə həyətə səpələndilər. Mən yenə də üz tutdum evin sol tərəfində, çəpərin yanında əkilmiş gilas ağacına tərəf. Ağac çəpərə o qədər  yaxın idi ki, yan budaqları yola sallanırdı, həm də hündür ağac idi. Ümumiyyətlə, bütün meyvə ağacları hündür idi və mən, həmişə olduğu kimi, ağacın ən hündür yerinə çıxdım. Gözümə dəyən yetişmiş meyvələr əlçatmaz budaqlarda olsa belə, onları dərib yedim. Bir də onda ayıldım ki, güllü-çiçəkli, tərifli paltarım yenə də ağacın hansısa bir budağına keçib, mənim də əl-ayağım havada yellənir. Qışqırıb köməyə adam çağırdım, hardansa bir əl peyda oldu, məni götürüb yerə qoydu. Bu, xalamın əri idi, imdadıma  yetişmişdi. Öz qaydası ilə bütün günü bağda-bostanda əlləşən xalamın əri həm məni, həm də gilas ağacının budağını xilas etdi. Bir az gec gəlsəydi, budaqqarışıq yerdə olacaqdım. İndi heç olmasa, donumun cırılmağı ilə canımı qurtardım.

Xalamın əri məni yerə qoydu. Üzümə belə, baxmadı, nə bir şirin söz, nə bir acı söz dedi. Beli əlinə alıb işinə davam etdi. Yenə də qadınlar paltarımı soyundurub gülüşə-gülüşə yamamağa başladılar. Bacım alt dodağını dişləyərək:

– Bir də sənə donumu verməyəcəyəm, – dedi.

Yenə də mən günahkar-günahkar yarıçılpaq oturub paltarımın yamanmasını gözlədim. Ən çox qorxum isə bacımın qəzəbinə tuş gəlmək idi.

Beynimin kinolentində onunla bağlı bir xatirə və o mənzərə heç yadımdan çıxmır. Köhnə kənddə, geniş eyvanda böyük süfrə açılmışdı. Süfrə yerə-xalçanın üzərinə salınmışdı deyə, hamı döşəkçələrin üstündə oturub yeməyin gətirilməyini gözləyirdi. Mən o zaman çox kiçik idim. Yanımda oturan bacımın qısa saçlarını, “matroska” deyilən paltarını, əsl barlas tayfasının üzünü andıran çəkik gözlərini bütün aydınlığı  ilə xatırlayıram. Ondan başqa, ətrafda olan heç kəsin üzünü xatırlamıram. Əlimdəki qaşığı ağzıma soxaraq yeməyimi gözləyirdim. Bacımın qarşısına qoyulan yeməyin görünüşü belə, yadımdadı. Boşqabın içində yupyumru bir köftə, bir  iri kartof var idi. Qaşığımı o boşqaba uzatmağımla başıma zərbə dəyməyi bir oldu. Alt dodağımı dişlədim. Qaşığı ilə başıma vuran bacımın qəzəbli üzünü heç unutmadım... Məni qucağına alıb yaramı təmizləyən qadınların üzünü indi xatırlamıram. Mən ağlamırdım. Deyəsən, hələ ağrını hiss eləmirdim, bəlkə də, başıma nə gəldiyini dərk edəcək qədər böyük də deyildim, amma bez parçasındakı al qanı və arsız-arsız başı bezlə sarınmış halda o yeməyi yediyimi də indiki kimi xatırlayıram... Hər şey adi qarşılandı, bir qarın yemək üçün başımı yaran bacım da cəza almadan sakitcə yeməyini yedi, süfrə pozulmadı, kiçik bir qəza idi, vəssalam.

...Paltarımı yamayıb gülüşə-gülüşə əynimə geyindirən qadınlar elə eyvandaca xalçanın üzərində süfrə açıb, hamını çağırdılar. Xalamın əri süfrənin başına keçmiş, ayaqlarını dizdən büküb əlini başına dayaq verərək sultanlar kimi bəzəkli mütəkkəyə dirsəklənmişdi. Hərdən o biri əliylə hələ suyu qurumamış, ülgüclə qırxılı başını alnından üzüyuxarı tumarlayırdı. Süfrənin başına keçməzdən əvvəl, başını, ayaqlarını xalamın köməkliyi ilə yumaq adəti vardı... Gözaltı  hamını süzərək sanki “Bu evin, bu bağçanın, bu açılan süfrənin sahibi mənəm!” deyirdi. Hər şeyin birincisi onun qarşısına qoyulurdu. O, yeməyə başlayandan sonra hamı əlini süfrəyə uzadırdı. Sonra şirin söhbətlər, zarafatlar, gülüşlər bir-birinə qarışırdı. Pıqqapıq qaynayan samovarın çayı da armudu stəkanlara töküləndə, birinci stəkan onun qarşısına qoyulardı. Çox xoşbəxt idi süfrəsinin başında xalamın əri. Süfrə tez-tələsik yığılmazdı, uzun çəkərdi, biz uşaqlar da səsimizi içimizə çəkib böyüklərin keçmişdən-keçəcəkdən xəbər verən söhbətlərinə maraqla qulaq asardıq.  Axşamtərəfi xalamın əri əynini səliqə ilə geyinib kəndin mərkəzinə, kişilərin “birlik” adı qoyduqları məkana gedərdi və oradan bir ətək xəbərlə qayıdardı.

Xalamın əri külfətini yayda yaylağa göndərərdi. Özü isə aranda əkin-biçinlə məşğul olardı. Dədə-babadan aran camaatının yaylaq yeri Kəlbəcər rayonunda yerləşirdi. Onlar yay fəslinin üç ayını burada keçirərdilər. Həyatlarını başqa cür təsəvvür edə bilmirdilər. Yayı yaylaqda, qışı qışlaqda keçirmək keçmişdən qalma bir adət idi.

...Danışacağım bir əhvalat da yenə köhnə kənddə, mən çox kiçik olanda baş vermişdi. Deyilənə görə, ailəmizdə qış aylarında yenə bir qız uşağı doğulmuşdu. Onunla da mənim aramda iki yaş fərq var imiş. Nədənsə, ailəmiz qərara gəlmişdi ki, məni də xalam özü ilə yaylağa aparsın. Amma mənim bundan xəbərim yox idi, mənə heç nə deyilməmişdi. Ya çox kiçik idim, adam yerinə qoyulmamışdım, ya da inadkarlığımı düşünüb gizlətmişdilər ki, etiraz etməyim. İkinci variantı saf-çürük edəndə, daha inandırıcı görünür mənə.

Həmin gün beynimin kinolentində necə çəkilibsə, heç silinmir. Məndən böyük bacılarım geyinib-kecinib, məni də özləri ilə götürüb xalamgilə qonaq getdilər. Hər şey planlanmışdı, anam bizimlə gəlməmişdi. Çünki evdə təzə doğulmuş beş-altı aylıq bir bacım da var imiş. Məni aparmaqda məqsəd anamın yükünü yüngülləşdirmək idi. Nədənsə, məndən kiçik bacımın körpəliyi, lap kiçik yaşları beynimin kinolentinə həkk olunmamışdı. Məni aparmaq da bacısına ürəyi yanan xalamın ideyası olmuşdu. O vaxt qədrini bilmədiyim, indi qiymətini anladığım, amma hər zaman sevdiyim xalamın.

Mən xalamgildə nə vaxt yuxuya getmişəm, bilmirəm. Amma ayılanda yük maşınının kabinəsində oturan xalamın qucağında idim. Və birdən zil səslə necə ağladımsa, səsimi kəsə bilmədilər. Uşaq olsam da, anladım ki, məni evimdən, ata-anamdan ayırıb harasa aparırlar. O “hara”nı da bilmirdim. Xatirəmdə bu, ilk yaylaq səfərim oldu. Bəlkə, mən körpə ikən anam aparmışdı, yadıma gəlmir...  Niyə ağladığımı soruşdular. Dəmir qutuda olan şirnilərim yadıma düşdü. Onları istədim, hamı əl-ayağa düşdü, maşın dayandı, içindəki yüklər eşim-eşim edildi, şirnilər yoxa çıxmışdı. Bu, məni lap hiddətləndirdi. Maşının arxasında məndən bir yaş kiçik xalam oğlu büzüşüb oturmuşdu, yazıq-yazıq baxırdı. Bəlkə, o da yatmışdı, səs-küyə yenicə oyanmışdı, bilmirəm, bəlkə o da anasının qucağını istəyirdi. Amma xalam məni qucağında daşıyırdı, ona görə ki, mən əmanət idim və o bu əmanəti axıra qədər göz bəbəyi kimi qorudu. O vaxtlar bunun mənim üçün elə də əhəmiyyəti yox idi, məni ailəmdən ayırdığı üçün xalama da, oğluna da nifrət edirdim.

İntiqam almaq üçün lazımi saatı, dəqiqəni gözləmək lazım gəlirdi. Mən də o vaxtı gözlədim və bir-bir intiqamımı almağa başladım. Aldığım intiqam hekayələrindən bir neçəsi beynimə elə həkk olunub ki, ən incə cizgilərinə, üz ifadələrinə qədər xatırlayır, təsəvvürümə gətirirəm. Bir insan təsəvvürünün nələrə qadir olduğunu anlamaq belə, çətindir. Təsəvvür etmək qabiliyyəti, bəlkə də, təbiətin möcüzələrindəndir.

Xalam süfrə açıb birinci oğlu ilə məni yedizdirərdi ki, sonra bizi oynamağa göndərib özü rahat yesin. Xalam bir ovuc yeməyi elə incə-incə yeyərdi ki, uzun çəkərdi. Çox az yeyərdi xalam, ona görə də, həmişə arıq və qıvraq olardı. Amma mənim süfrə kənarında çıxardığım oyunlar bu süfrə səfasını daha da uzadardı. Şəkər torbasını yanıma qoyardım, imkan verməzdim ki,  xalam oğlunun da çayına  şəkər tökülsün. Öz çayıma isə o qədər tökərdim ki, içə bilməzdim. Evimizdə etmədiyim bütün yaramazlıqları burada edərdim. Mən indi o insanların səbrini heyranlıqla xatırlayıram.

Amma xalam oğlu bir dəfə cəsarətləndi və bu cəsarəti ilə məni heyrətləndirdi. Nazik, uzun çay bardağı bir anda ikimizin də diqqətini cəlb elədi. Hər ikimiz o bardaqda çay içmək istədik. Yazıq xalam ortada qalmışdı, axırda belə şərt kəsdi ki, bu bardaqda hər gün birimiz çay içək və şübhəsiz ki, birinci növbə mənə düşdü.  Xalam oğlunun cəsarətindən hikkələnmişdim. Çayı içəndən sonra bardağı necə dişlədimsə, çilik-çilik oldu. Yaxşı ki, heç bir zədə almadım. Hamı təlaşla mənə bir şey olub-olmadığını yoxlayarkən, mənim gözüm bardağın sınmağından məyus olub ağlayan xalam oğlunda idi. Yəqin ki, mən çadırdan çıxıb qonşu uşaqlarla oynamağa gedərkən, xalam rahat nəfəs alar, oğlunu yedizdirər, özü də yeyərdi. Yoxsa mən orda olanda onların rahat yeməyi mümkün deyildi. Amma bu, əsl mən deyildim. Nə o vaxta qədər, nə də ondan sonra heç vaxt belə əzazil olmadım. Bu, mənim evimizdən, ailəmdən ayrılmağımın intiqamı idi və indiyə qədər onun xəcalətini çəkirəm.

Xalam qadın rəfiqələriylə gəzintiyə çıxıb söhbətləşəndə məni də özüylə aparadı. Gəzinti zamanı xalamın qucağından düşməzdim. Xalam yorulanda bulağın başında oturardı, qadınlar da onu dövrəyə alaraq  daşların, qaya çıxıntılarının üstündə əyləşərdilər. Xeyli qeybət edərdilər. Mən də təmiz yaylaq havasında, xalamın dizlərinə başımı qoyaraq,  xumarlana-xumarlana bu qeybətlərə qulaq asmaqdan həzz alardım. Sevirdim bu qadın qeybətlərini. Bu qeybətlərdə insanların xarakterləri analiz olunurdu:  kim pintidi, kim təmizkardı, kim yaxşıdı, kim pisdi, nəyə görə pisdi, nəyə görə yaxşıdı, bir sözlə, kim kimdi. Bu qeybətlərlə üç yaşlı bir uşaq  həyatı, insanları, nəyin pis, nəyin yaxşı olduğunu öyrənirdi. Arada mənim də qeybətimi edirdilər bu qadınlar. Xalamın qulağını doldururdular:

– Niyə qoymursan özü yerisin? Qolların qırıldı onu gəzdirməkdən. Sən qoy get, gör arxamızca necə qaçacaq!

Bir gün belə də etdilər. Xalam məni qucağından yerə qoyub:

 – Bir az da özün yeri, – dedi: – Çox yorulmuşam...

Onsuz da, qadınlar qeybətimi edəndə hikkələnmişdim və hikkəmi xalamın üstünə tökdüm:

– Məni necə gətirmisən, elə də gəzdir, – dedim.

Bu, xalama kəsdiyim cəzanın bir hissəsi idi.  Heyrətdən, kiçik bir qız uşağının həyasızlığından gözləri böyümüş qadınlar xalamı ürəkləndirdilər:

– Gəl gedək, arxamızca özü gələcək, bax görərsən, çox üz vermisən, – deyə-deyə yazıq xalamı çəkib özləri ilə apardılar.

Xalamın gözü arxada qalmışdı. Qadınlar, demək olar, onu zorla aparırdılar. Mən isə onların bu psixoloji hücumlarına məhəl qoymadan həmin yerdə, çəmənlikdə oturub xalamın iradəsinin nə vaxt qırılacağını gözləyirdim. Nə bir həyəcan, nə bir qorxu var idi içimdə, xalamı yaxşı tanıyırdım. Keçirdiyim o hisslərə, uşaq qəzəbinə, inadına daha çox heyrətlənirəm.

Xeyli uzaqlaşandan sonra xalam geri çevrilib yalvara-yalvara məni səslədi. Cavab belə, vermədim. O boyda yolu geri qayıdıb təzədən məni qucağına alanda, duyduğum həzzi təsəvvür etməzsiniz! Bu, qalibiyyət həzzi idi. Hələ yolboyu onu öyrədən, yoldan çıxaran qadınları danladıqca, ikiqat əziyyətə saldıqlarını üzlərinə vurduqca, sevincim ikiqat artırdı. Və bu hadisə də xalamın yaylaq mövzularının içində mühüm yerlərdən birini tutdu. Elə bil onun rəngsiz həyatına bir rəng qatdı, qohum-əqrəbayla hər süfrə başına yığılanda, bunları elə şövqlə danışırdı ki, elə bil böyük bir qəhrəmanlıq etmişdim.

Mən ancaq xalamla gəzintiyə çıxanda onun qucağına minirdim. Bütün günü uşaqlarla çöldə oynayar, vaxtımı şən keçirərdim. Yaylağa bir minik avtomobili gələndə uşaqlar “atan gəldi” deyə məni səsləyərdilər. Biz dəstə ilə o maşının arxasınca qaçardıq və məlum olanda ki, gələn atamın maşını deyil, başqa adamın maşınıdı, məyusluğumu gizlədərək:

 – Eh, mənim atamın belə yerlərdə nə işi var, o, buralara gəlməz, – deyərdim.

Bir mən yox, ətrafımdakı uşaqlar da pərt və məyus olardılar. Demə, onlar da mənim ata həsrətimi bilir, məni sevindirmək istəyirmişlər. Niyə mən orda ancaq atamı gözləyirdim, heç özüm də bilmirəm. Yəqin, məni bu ayrılıq əzabından ancaq o xilas edə bilərdi. Deyilənə görə, atam hər il yaylağa bir neçə dəfə gələr, oradakı heyvandarlıq təsərrüfatına nəzarət edərmiş. Amma o il nədənsə, atam yaylağa getməyib, bunun yəqin, bir səbəbi olub, amma bu səbəbi mən xatırlamıram.

Xalam gözəl at minərdi. Atın üzərində şəstlə oturar, qəddini dik tutardı. Nazik dodaqlarını bir-birinə bərk sıxıb mavi gözləriylə elə sərt baxardı ki, özümü yığışdırıb itaətkar olardım. Yaylaqda çağırıldığımız yerlərə atla gedərdik. Xalam məni tərkinə alıb iri bir yaylıqla özünə bağlayardı. Mənim bu səfərlərdə yadımda qalan yırğalanan atın üzərində mürgüləyərək getməyim və çayın içindən keçərkən, at nalının daşlara dəyərək çıxardığı “şakır-şukur” səslər, bir də axan çayın şırıltısı idi. Bu bir melodiya kimi beynimə yazılmışdı. Xalam oğlu kimin tərkində gedərdi, xəbərim olmazdı. Bəlkə də, indi xatırlamıram, bəlkə də o, anasının tərkində getmək üçün ağlayıb-sızlayıb, amma taleyinə boyun əyib, yad bir adamın tərkinə minib-yəqin, belə də olub...

Bizim yaylaqdan arana qayıdışımız da macəralı oldu. Böyük yük maşınının arxasında yataqlar düzəldilmişdi və biz bu yumşaq yataqların içində xumarlanaraq evimizə qayıdırdıq. Amma mən xalam oğlunun bizimlə qayıtmasını istəmirdim və əmr etdim ki, onu elə burdaca meşənin içinə ataq və gedək. Mən bu əmri verəndə və bu ideya ağlıma gələndə,  artıq biz yaylaqdan xeyli aralanmışdıq, hava da qaralmışdı. Mənim inadkarlığımı bilən xalam o dəqiqə mənimlə razılaşdı. Xalam oğlunun qorxmuş, vahiməli gözləri hələ də yadımdadı. Maşın dayandı və mənə elə gəldi ki, onu götürüb, doğrudan da, bu qalın, ucsuz-bucaqsız meşənin içərisinə atdılar.

Buna əmin olduqdan sonra isti yatağın içərisində xalamgilə çatana qədər, yatdım və gözlərimi xalam qızının sevgi dolu səsinə açdım. Bizi xalamın əri və onun ərlik qızı qarşılayırdı. Bu sevgi dolu sözlər isə qucağında əzizlədiyi, mənim yolda atdırdığım xalam oğluna aid idi. Bu mənzərəni görəndə, necə hikkələndim, necə ağladımsa, xalam oğlu da mənə qoşuldu. Yolboyu cınqırını çıxarmayan, qorxusundan maşının hansısa küncündə gizlədilən uşaq içindəki sarsıntını bu göz yaşları ilə tökdü.  İndi o, məndən qorxmurdu. Böyük bacısı onun daldalanacağı bir qala idi və bu böyük bacı eşidəndə ki, mən onun kiçik qardaşını yolda atdırıb gəlmək istəmişəm, çox qəzəbləndi. Mənə necə təpindisə, səsimi o dəqiqə kəsdim. Xalamın əri isə sakitcə, buz kimi dayanaraq bu mənzərəni seyr edirdi.

Maşın onların yükünü boşaltdıqdan sonra sürücü məni öz evimizə apardı. Gecə idi, evə çatanda, eyvanda yolumu gözləyən valideynlərimi gördüm. Dünyanı mənə verdilər. Bu, uzun bir ayrılığın sonundakı qovuşma  kimi idi. Onların da sevincinin həddi-hüdudu yox idi. Evdə bütün külfət yatmışdı, mən ailəmin içində idim və isti aran mənə sərin yaylaqdan da gözəl görünürdü. Və o gecə ana qucağında səhərə qədər, bəlkə də, dünyanın ən şirin yuxusunu yatdım.

Səhər açıq eyvanda bütün ailə bir qayda olaraq yeməyə oturmuşdu. Atam məni öz yanında oturdaraq suallar verməyə başladı. Bu suallardan mənim yadımda qalan  tək bircə sualdır:

 – De görüm, Afərim necə arvaddı?

 Afərim bizim yaylaqda qaldığımız evin sahibəsi idi. Ev bir çadırdan ibarət idi. Mən o evi tən ortadan ayıraraq elə mənimsəmişdim ki, o xətdən heç kim biz tərəfə keçə bilməzdi. Yaylaqda hər kəs çadırda yaşayırdı. Afərim xalamın ərinin qohumu idi. Biz onun evinə qonaq kimi getmişdik, amma mən orda özümü qonaq kimi yox, hər şeyin sahibi kimi aparmışdım. Bu suala cavab axtarmaq istəyəndə gözlərim ağacdan asılmış göyərçin qəfəsinə sataşdı.

 – Bax, – dedim: – Afərimin təmizliyi o göyərçin qəfəsinə girib.

 Atam bu sözlərimə xeyli güldü. Sonradan bunu hər gələn qonağa böyük həvəslə danışardı. Mən bu sözlərlə Afərimin pinti, tənbəl bir qadın olduğunu deməyə çalışmışdım. Və yəqin, bu qadının pinti, tənbəl olduğunu xalamın ətrafına yığılan qadınların qeybətindən anlamışdım. Yoxsa üç-dörd yaşlı uşaq nə bilirdi ki, kim tənbəldi, kim qoçaq?!

Xalam hər bizə qonaq gələndə mənimlə bağlı əhvalatları həvəslə danışar, ətrafdakılar da ona qoşulub uğunardılar. Mən xalamı nə qədər xoşbəxt etmişdim, nə qədər əyləndirmişdim. Ona görə də, etdiyim hərəkətlərə görə uşaqlıqda xəcalət çəkmək nədi, bəlkə də, qürrələnmişdim.

İntiqam hissi nəinki bir böyüyü, hətta kiçik bir uşağı da qəddarlığa vadar edir. Mənim həyatımda belə bir əhvalat daha olmadı. Həmişə ailəmin ən anlayışlı, ən tərbiyəli, yolayaxın övladı oldum. İndi də xalam oğlunun yolda atılması barədə verdiyim əmri xatırlayanda-o anda o kiçik uşağın qəlbində yaratdığım qorxunu, vahiməni təsəvvür edəndə, qanım donur, özümü bağışlaya bilmirəm. İntiqam hissi insanı qəddarlaşdırır, qorxulu edir və mən bu əmri verən uşaqdan özüm də qorxuram.

Allah əfv etsin...

...Sonra bütün kənd yavaş-yavaş yeni salınmış qəsəbəyə köçməyə başladı. Bizim ailə birinci köçənlərin sırasında idi. Əvvəlki kəndimizin adı bu səbəbdən “köhnə kənd” qaldı. Bir gün bu köhnə kənd yer üzündən tamamilə silindi, yerini pambıq sahələri, taxıl zəmiləri tutdu. Amma o köhnə kəndin xəritəsi beynimin kinolentinə elə çəkilib ki, hər küçəni, hər dalanı, hər qohum evini xəyalımda yenə də gəzirəm. Köhnə kəndin ruhu məni indi də tərk etməyib.

Hətta, yadımdadı, biz köçərkən, sədaqətli itimiz Laykanı təzə qəsəbəyə aparmaq mümkün olmadı. Layka üçün ayrıca bir yük maşını gəlmişdi. Təəssüf ki, bir neçə kişi onu maşına mindirə bilmədi. Əlacsız qalıb iti maşının arxasına bağladılar, maşın hərəkətə gəldi, amma it yerindən tərpənmədi, boğulmağından qorxub Laykanı təzə qəsəbəyə aparmaq fikrindən əl çəkdilər. Layka bir rus hərbçisinin atama bağışladığı ov iti idi. Yəqin, atam onu ova gedərkən özüylə apararmışdı, amma mən bunu xatırlamıram.

Xatırladığım budur ki, qadınlar, uşaqlar toyuq tutub kəsmək üçün hazırlaşanda, Layka hansı toyuğun kəsiləcəyini tez anlar, onu bir küncə sıxışdırardı. Qorxusundan küncə sıxılan toyuğu asanlıqla tutub kəsərdilər. Layka da dili ilə ağzını yalayaraq bu toyuqdan öz payına düşəni gözləyərdi. Toyuğun sayından asılı olaraq Laykanın payı da ya az, ya da çox olardı. O, aza da qane idi, çoxa da...

İnsanlar uzun zaman yaşadıqları evlərindən çıxıb təzə qəsəbəyə, təzə evlərə köçdülər. Amma Layka axıra qədər köhnə həyətdə qaldı.

Köçərək tərk etdiyimiz ev atamın tikdiyi üçüncü ev idi. Atam birinici evi, deyilənə görə, yetim bir qohumunu evləndirərək ona bağışlamışdı. İkinci evini bibimə vermişdi. Bibim öz oğlu və nəvələri ilə orada yaşayırdı. Üçüncü ev isə, deyilənə görə, yeni tikilmişdi, yəni Layka tək qalmırdı. Həyətdə yenə də ona doğma adamlar qalırdı. Layka da ölənə qədər o həyətdə yaşadı. Uşaqlara qoşulub ağacdan pişiyi salmağa çalışan da elə bu it idi.

Böyüdükcə xalamın daha üç övladı olduğunu öyrəndim. Xalamın ən böyük qızı, sən demə, bibimin gəlini, qapıbir qonşumuz, daima bir süfrə başında oturduğum Kübra xalam imiş. Böyük oğlu mənim böyük bacımla evlənib, Bakıda yaşayırmış. Orda böyük bir zavodun baş mühəndisi işləyirmiş. Böyük bacım atamın ilk evliliyindən idi və aramızda böyük yaş fərqi var idi. Evi tez tərk etdiyindən uşaqlıq xatirələrimdə ona yer yox idi. Mən onun da bacım olduğunu böyüdükcə anladım.

Xalamın ikinci oğlu isə orta məktəbi qurtarmaq üçün Bakıya, qardaşının yanına getmişdi. Halbuki, kənddə onillik məktəbimiz var idi və onun baş mühəndis oğlu da bu kənd məktəbini qurtarmışdı. Amma anam deyərdi ki, xalamın əri çox yergə adamdır, bəniscildir[2], heç kimdən geridə qalmaq istəməzmiş, zəmanə ilə ayaqlaşmağa çalışarmış. Hətta anam onun barəsində bir əhvalatı da tez-tez danışardı. Xalamın əri də anamgil kimi varlı bir ailədən imiş. Bir gün onların on üç dəvəsini, deyilənə görə, ərəblər oğurlayıb aparır. Xalamın əri İran ərazisindən keçib ərəbləri təqib etmiş, düz iki aydan sonra dəvələri ilə geri dönmüşdü. Bu əhvalatı bu qədər bilirəm, daha xalamın ərinin o dəvələri ərəblərin əlindən necə aldığını, bu səfərə təkmi, yoxsa cütmü getdiyini bilmirəm. Çünki anam elə danışardı ki, sanki xalamın əri tək yad bir ölkənin ərazisinə keçmiş və on üç dəvəsini quldurların əlindən alıb gətirmişdi.

Xalam nişanlananda, beş yaşında imiş, amma ərə gedəndə neçə yaşı olub, on birmi, on üçmü, dəqiq xatırlamıram. O zaman xalamın əri də yeniyetmə bir oğlan olub və hər İran səfərindən qayıdanda xalama kişmiş gətirərmiş. Xalam da kişmişi çox sevdiyindən, onun hər gəlişində kişmiş payını almaq üçün üstünə yüyürərmiş. O zaman bu hekayələrə gülüşərdik, indi isə ağlamaq istəyirəm.

Anamın uşaqlığı, gəncliyi Sovet hökumətinin qurulduğu zamanlara düşdüyü üçün bu əziyyəti çəkməmişdi. Amma ondan yaşca böyük iki bacısı bu adətin qurbanı olmuşdu.

Birinci bibimgil qonşumuz olaraq təzə qəsəbəyə köçdü. Yenə də qapıbir qonşu olduq. Aramızda nə bir hasar, nə də bir çəpər oldu. Sıra ilə bütün məhlə köçərək öz yerini aldı, xalamgil də, nəhayət, gəldilər. Xalamın əri yenə qollarını çırmalayaraq həyət-bacanı sahmana salmağa başladı: ağaclar əkildi, bostan salındı. “Qoşa” adlanan qoca it də gəlib öz yerini tutdu. Bu dəyişiklik onun da xoşuna gəlməmişdi. Bütün günü kefsiz halda mürgüləyən it gözlərini qaldırıb gəlib-gedənə belə, baxmazdı. O da öz üsyanını bu cür ifadə edirdi.

Bu itlə mənim köhnə haqq-hesabım var idi. Biz xalamgilə gedəndə iti bağlayırdılar ki, bizə toxunmasın. Bir dəfə necə oldusa, onu bağlamaq yaddan çıxdı. Mən itin yanından keçərkən it arxamca düşdü, qorxub qaçmağa başladım. Özümü eyvana çatdırıb içəri atılmaq istəyəndə, Qoşa dişləri ilə arxamdan yapışdı. Xalamın ərinin zabitəli səsi onu özünə gətirdi, məndən əl çəkdi,  günahkarcasına zingildəyərək öz yerinə keçdi. Xalamın əri iti zəncirlədi.  Xalamın tibb bacısı olan qızı yaramı təmizlədi, sarğı qoydu, həyatımda ilk və son dəfə məni bir it dişlədi.

Bu ev, bu həyət məni də özünə çəkmədi. Görürdüm ki, xalam da, əri də yeni məskənlərindən o qədər məmnun deyillər. Ciddi bir səbəb olmasa, mən heç onlara getməzdim də... O ciddi səbəblərdən biri xalamın ərinin qəfil ölümü oldu. Bu ölüm xəbəri o yaşadək eşitdiyim və yadımdan çıxmayan ilk ölüm xəbəri oldu.

Qohum-qonşu, eşidən-bilən həyətə yığılmışdı, qadınlar ağlaşırdılar. Xalamın məndən bir yaş kiçik olan oğlu içəridən qorxmuş halda çıxanda,  qadınlar şivən qopardı:

  – Yetim qalan balam, vay! –  deyərək necə qiyyə çəkib ağladılarsa, uşağın üzü daha da məzlumlaşdı, elə sarsıldı ki, mən bu anı indiyə qədər unuda bilmirəm. Və o anda ona necə ürəyim yandığını da...

Göz yaşları qurumayan, ağlayıb ərinə ağı deyərək onu göylərə qaldıran xalama lap təəccübləndim. Nədənsə, mənə elə gəlmişdi ki, bu yoxluğa xalam sevinəcək, üzü güləcək, bir daha deyinməyəcək. Amma belə olmadı, xalamın işi daha da çətinləşdi. Ərinin bütün işlərinin öhdəsindən gəlməyə çalışdı. Düyünlü qaşları heç açılmadı, nazik dodaqları bir-birinə daha çox sıxıldı. Amma nəinki xalamın oğlu, bütün ev, bağ-bağça da yetim qaldı. Əlləri ilə cənnət yaradan, ailəsinin hər an qayğısına qalan bu insanın qədir-qiymətini mən də böyüyəndən sonra anladım.

“Keçmiş keçmişdə qaldı” deməyin, keçmiş insanın yanınca gəzər, insan öz keçmişi ilə mövcuddur, gələcək mücərrəddir. Ölüm hər an gələ bilər. Həyat bizə verilmiş hədiyyədir. Zamanın qiymətini bilək...

                                                                                                          Dekabr, 2023

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2026)



[1] “Başdan-ayağa nizamlı” mənasını verən dialektik söz. Əsasən, Salyan və Neftçala tərəflərdə işlənir.

[2] Yergə, bəniscil- bəhscil, hamıyla bəhsə girən adama deyilən dialektik sözlər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.