“Ədəbiyyat və incəsənət” portalının “Poetik qiraət” rubrikasında sizlərə Fariz Süleymanoğlunun 2 şeiri təqdim edilir.
“Bir körpənin gülüşünə” və “Dost məclisi”.
FARİZ SÜLEYMANOĞLU,
“BİR KÖRPƏNİN GÜLÜŞÜNDƏ”
Elə bil ki, dan sökülür,
Nur yayılır, sis çəkilir,
Necə məsumluq tökülür,
Bir körpənin gülüşündə!
Cana gəlir durğunluğum,
Unudulur qırğınlığım,
İtib gedir yorğunluğum,
Bir körpənin gülüşündə.
Qəmli qəlbə işıq saçır,
Sevinc gəlir, kədər qaçır,
Xoş arzular çiçək açır,
Bir körpənin gülüşündə.
Əriyirəm, mum oluram,
Sanki təzdən doğuluram,
Göz yaşına boğuluram,
Bir körpənin gülüşündə.
Bitişəydi qəlb camımız,
Qayıdaydı dad-tamımız,
Arınaydıq kaş hamımız
Bir körpənin gülüşündə.
Yada düşür dünlərimiz,
Şirin, dəcəl yönlərimiz,
O günahsız günlərimiz,
Bir körpənin gülüşündə.
Qərib, üzün gülümsəyir,
Yazın, sözün gülümsəyir,
Nəmli gözün gülümsəyir,
Bir körpənin gülüşündə!
DOST MƏCLİSİ
Dostlar gəlib! Səda düşüb,
Gözəl çağlar yada düşüb.
Mis samovar “xoda düşüb”,
Dızıldaya-dızıldaya.
Hərə bir işdən yapışıb,
Bacaran şişdən yapışıb.
Bir arı aşdan yapışıb,
Vızıldaya-vızıldaya.
Dost tutular göz üstündə,
Gözəl süfrə miz üstündə,
Bişir kabab köz üstündə,
Cızıldaya-cızıldaya.
Kimi içir, kimi süzür,
Xoş arzusun sözə düzür,
Pişik doyub, bizi süzür,
Mızıldaya-mızıldaya.
Xatırladıq “ilk-ənləri”,
Bağrı yarıb-keçənləri,
Aramızdan köçənləri,
Sızlıdaya-sızıldaya!
“Ədəbiyyat və incəsənət”
(23.10.2026)


