XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
23—CÜ DƏRC
Yeni ailə qurduqda əvvəlki nikahdan olan uşaqlarla münasibətləri tənzimləmək, onların etibarını qazanmaq çox vacib və incə məqamdır. Biz evlənəndə qızım Mirvarinin 18 yaşı var idi. Ancaq qiyabi də olsa, o, Səni biz tanış olan zamandan tanıyırdı. Mənim həyatımda Sənin olduğunu bilirdi. Dəfələrlə Sənin telefon zənglərinə cavab verib, səsindən xoşu gəldiyini deyirdi. Mənə sataşmaq üçün bəzən danışıq tərzini yamsılamağa çalışır, ya da Səməd Vurğunun şeirini ucadan yanımda oxuyub, qaçırdı. Onun bu uşaq şıltaqlığına heç cürə hirslənə bilmirdim, ancaq zarafata salırdım.
Sənin ikinci nikahdan iki qızın var – 21 yaşlı Nigar və 17 yaşlı Məhbub. İlk dəfə onları Aybənizin evində qurulan toy məclisimizdə gördüm. Qızlar gülümsəsə də, üzlərindəki çaşqınlıq keçirdikləri narahatlıqdan xəbər verirdi. Onları başa düşmək olardı... Tez bir zamanda qızlar məclisə qaynayıb qarışdılar. Hətta məni bəyəndiklərini də Sənə dedilər. Toy məclisində kimsə dedi: “Qızlar, bu günü yadınızdan çıxartmayın, hər övlada valideyn toyu görmək nəsib olmur”. Hamı gülüşdü. Ancaq bu sözlərdən bir kədər də boylanırdı.
Sənin Mirvariylə, mənim Nigar və Məhbubla münasibət qura bilməyimizçün ilk növbədə təmkin tələb olunacaqdı. Mənimçün bunun daha çətin olacağını bilirdim. Çünki hər şey ancaq mənim istəyimdən asılı olmayacaqdı. Qızlar üzbəüz binada, eyni həyətdə, Sənin əvvəllər olduğun evdə yaşayırdılar. Sən ayrılanda Nigar altı, Məhbub iki yaşında olub. Bacın Aybənizin o zaman göstərdiyi müdriklik Səninlə qızların arasında bağların qırılmasına yol verməyib. Nigar evdə sözə baxmayanda, ona qadağalar qoyulanda, Sənə zəng edib: “Məni buradan apar”, - deyəndə, Sənin xahişinlə Aybəniz onu öz evinə aparır, sakitləşdirirdi. Elə o illərdən Nigarla bibisi arasında etibarlı münasibətlər yaranmışdı. Səninlə də çox vaxt Nigar Aybənizgildə görüşürdü. Bibisi Nigara xüsusi həssaslıqla yanaşırdı. Özüylə Şüvəlandakı bağa aparır, Nigarın bütün uşaq şıltaqlıqlarına təmkinlə, sevgi dolu dözümlə yanaşırdı. Nigar deyir ki, Aybəniz məni təkcə bibi kimi yox, ana kimi, ata qədər, hətta onların cəmi boyda sevirdi. Bu münasibətdən doğan ərkyana, sevgi dolu hisslərə görə Nigar öz bibisini minnətdarlıqla yada salır. Aybənizlə bağlı şirin, kövrək xatirələr onunçün çox əzizdir: “Məni fərəhləndirən, qəlbimə dəyməyən, sevən, sevməyi öyrədən, mənə – azyaşlıya hörmət etdiyinə görə, saf, səmimi, sərhədsiz duyğularla yanaşdığına görə, onunla bağlı bütün xatirələrə görə Aybənizə öz təşəkkürümü bidirirəm...”. Nigar Sənə də bağlıdır. Ədəbiyyata, poeziyaya meyillidir. Özünəməxsus qələmi var. Maraqlı həmsöhbətdir. Güclü yumoru var.
Biz qızlarla təkcə bayramlarda, ad günlərində görüşmürdük. Onlar istədikləri vaxt bizə gələ bilirdilər. Düzdür, Məhbub ailə qurandan sonra başqa ölkəyə köçdü.
Nigar doğulanda Səni ilk təbrik edən qapı qonşunuz yazıçı Mirzə İbrahimovun kiçik qızı Solmaz İbrahimovayla onun həyat yoldaşı olub. Onların “bizim bir oğlumuz vardı, bir qızımız da oldu, böyüyəndə evləndirərik” zarafatyana sözləri illər sonra həqiqət oldu...
Nigar artıq özü anadır. Onun qızı dünyaya gələndə Səninlə Bakıxanov qəsəbəsindəki doğum evinə getdik. Bir dəstə güllə. Nigarla pəncərədən danışdıq. O, gülləri həkimə verəcəyini dedi. Qızının adını Nigar özü qoydu: Məryəm. Məryəm böyüyüb, ağıllı, gözəl bir qıza çevrildi. UNEC-i uğurla bitirib. “Dünya iqtisadiyyatı” ixtisası üzrə. Ayladan iki yaş böyükdü. Onlar uşaqlıqdan birgə oynayır, tətil günlərində də Nigar və Mirvariylə birgə istirahətə gedirdilər. Nigar filoloq, Mirvari ekoloq olsa da, təsadüf elə gətirib ki, qızlar bir təşkilatda çalışırlar.
Bir dəfə Nigar və Mirvari qızlarıyla bizdə olanda Sən dedin:
- Nuşa, rahatam, qızlar bir-birləriylə dil tapıb, münasibət qura biliblər.
- Vaqif, bu münasibət Sənə olan sevgidən doğub...
Birgə yaşadığımız həyatın, biri-birimizə olan təsiri altında ikimiz də dəyişirdik. Çünki ikimiz də başa düşürdük ki, biz bir yerdə olmalıyıq. Bununçün isə qarşılıqlı məhəbbət, hörmətlə yanaşı, bir-birimizi başa düşüb, olduğumuz kimi qəbul etməyimiz vacib idi. Təzə evlənmişdik. Evdən çıxanda məndən soruşdun:
- Gələndə sənə nə alım?
– Gül və acı şokolad.
- Adamların içində əlimdə gül necə gəlim? (Onda maşınımız yox idi)
- Sənə adamların fikri vacibdir ya məni sevindirməyin?
Üzümə baxdın, bir söz deməyib getdin. Evə dönəndə əlində bir dəstə gül və şokolad var idi... Bundan sonra daha heç bir vaxt Sənə demədim ki, gül al. Bayramlarda, ad günlərimdə, adi günlərdə belə Sən evə əlində gül gəlirdin. Adətən sevdiyim qızılgüllərlə. Bağımız olanda qızılgüllər, yasəmən ağacları əkdin. Güllər açanda Sənin də ürəyin açılırdı mənə yaşatdığın sevinc üçün...
Son aylar yeriməyin çətinləşmişdi. Sürücümüz Fərmanı çağırdın. O gəldi. Üzündə təbəssüm mənə dedin: “Nuşa, sən get, mənim Fərmanla işim var”. Çox keçmədən Fərman əlində bir dəstə ağ qızılgül gəldi, otağa, Sənin yanına keçdi. Məni otağa çağırdın, kədərlə gülümsəyərək gülləri mənə uzatdın: “Nuşa, yəqin bu mənim sənə aldığım son güllərdir...”.
Səni öpüb, güllərlə tez otaqdan çıxdım. İçimdən qopan hönkürtünü eşitməyəsən deyə...
İlk gündən elə alındı ki, Sən evdən çıxanda mən də pəncərəyə yaxınlaşıb arxanca baxdım. Sən bunu hiss etmiş kimi, dönüb pəncərəyə baxdın, mən əl etdim, Sən də cavab olaraq əlini yellədin. Az qala, ailəmizin yolasalma ənənəsinə çevrildi bu adət. Məncə, yaxşı adətdir. Sən evdən gedəndə bilirsən ki, bu evdə yolunu gözləyən var. Bizim yaşadığımız ünvanlar dəyişsə də, “əl etmək” adətimiz dəyişmədi. Bir də qapının kandarında evdən çıxanda və evə qayıdanda bir-birini öpmək. Bir-birimizin məişət vərdişlərinə alışırdıq.
Səfər üçün paltarlarını çamadana yığanda paltarlarının arasına kiçik kağız parçalarında yazılar qoyurdum: “Darıxıram...”, “Ev sənsiz boşdur” və bu kimi qısa, xoş cümlələr. Çamadanı boşaldanda Səninçün çox darıxdığımı duyasan bu yazılardan. Biləsən ki, az müddətə getmiş olsan da, evdə Səni gözləyən var. Sən də mənə cavab yazır, qayıdanda oxuyurdun: “Nuşa, sevgilim! Qaqu səni sevir, səninçin yaşayır...”.
“Nuşa! Çox hörmətli və ən əziz! Erməniləri bir təhər etdik... Mişka (Mirvari) boyda iki dənə buterbrod aldım, axşam yedim. İnciməyin, hamıdan çox Ayladan ötrü darıxıram... Sənsiz nəinki Strasburq, bütün dünya bomboşdur. Bu fikir dopdolu vannanın içində gəldi ağlıma. Qanda şəkərim, deyəsən çox deyil. Öpürəm... (26.04.2004)
“Nuşa, məhəbbətim! Şəkərim yaman düşüb. Bakıda satılan diabet dərmanları fuflo imiş! Bura vaxtı ilə 22.30. Şeyləri yığdım. Səhər 5.15-də buradan çıxırıq. Vətənə və sənə dönürəm. Yaman darıxıram... Ayla məni tanımasa pərt olacağam... (Ayla beş aylıq idi) Xavərə ayaqqabı aldım bu gün. Şirniyyat, çay, qəhvəni Paris aeroportunda alacağam. Pul qalıb. Öpürəm səni...” (30.04.2004)
Xavər xanım məni xəbərdar etmişdi ki, Sən nəsə aldıqda bir dənəylə kifayətlənmir, yavaş-yavaş onun sayını artırırsan. Səninlə birgə yaşayanda vasvası Xavər xanımın qorxusu o olub ki, nə vaxtsa Sənə protez dişlər qoyulsa, evin hər küncündən onun üzünə Sənin protezlərin ağaracaq...
Mən də alışırdım Sənin bu xüsusiyyətinə. İstər fotoaparat olsun, istərsə qəlyan, alışqan, təsbeh və ürəyin istəyən digər əşyaların sayını artırdıqca onlar yığılır, kolleksiya yaranırdı. Hətta bir dəfə Sənə dedim: “Ay Vaqif, nə yaxşı, arvadlardan kolleksiya yığmırsan...”. İkimiz də gülüşdük.
Həqiqətən, insan istedadlıdırsa, bu, həmişə özünü müxtəlif sahələrdə, müxtəlif istiqamətlərdə göstərir. Gördüyü hər bir işdə özünü büruzə verir. Bu mənada Sənin istedadın genişmiqyaslıdır. Şair, dramaturq, musiqişünas, filosof, ictimai-siyasi xadim. Bu xüsusiyyətlərlə yanaşı, geniş maraq dairəsi olan olduqca unikal şəxsiyyət...
Gördüyün işi həvəslə edirdin. Otağının tozunu alırdın. Oradakı fiqurları, qəlyanları, divardan asdığın xəncərləri, şəkilləri bir-bir silirdin. Tüfənglərini açıb, içini təmizləyir, yenidən yığır, qundağını xüsusi məhlulla silirdin. Aldığın müxtəlif daşlardan olan təsbehləri, iri muncuqları açır, özün istədiyin kimi başqa sapa yenidən yığırdın. Bu işləri çox sakit, dinməz-söyləməz edirdin. Zövq ala-ala. Eyni zamanda həm də dincəlirdin. Təsərrufat mağazasına getməyi xoşlayardın. Oradan əliboş çıxmazdın. Mütləq evə aid lazım bildiyin, xoşuna gələn nəsə almalı idin, fərq etməzdi qazan, tava, bıçaq, şam olsun...
Rəssamlığın da var idi. Rənglər, rəsm dəftərləri almışdın... hamısı durur...
Az qala unutmuşdum. Sənin aşbazlığın da vardı axı. Dadlı, müxtəlif şorbalar bişirmək bacarığın. Hərdən gileylənirdin: “Nuşa məni mətbəxdən uzaqlaşdırdı...”. Qabaqlar səhər yeməyi yemirdin. Gözünü açan kimi siqaret və kofe mütləq idi. Yaxşı da kofe dəmləyirdin. Sonradan mən alışdırdım Səni səhər yeməyinə. Bəzən özün hazırlamaq istəyirdin. Hazırladığın pomidorlu yumurtanın ləzzətindən doymaq olmurdu.
Səni kolleksioner adlandıranlara deyirdin: “Kolleksioner Tretyakov olub. O, 40 il qabaqcıl rus rəssamlarının əsərlərini yığmaqla məşğul olub və sonra da bu kolleksiyanı şəhərə hədiyyə edib. Kolleksionerlər olmasaydı, dünyada nə bir muzey, nə bir kitabxana olardı. Mən isə özümçün yığıram. Mən yığıcıyam”.
Sənin əşyalar dünyandan ayrıca bir əsər yazmaq olar. Zəngin, rəngarəng dünyandan. Sən istədiklərini (əlbəttə, imkan daxilində) almaqda, əldə etməkdə azad idin. Bilirəm, bəzən elə bir şey əldə etmək istəyirdin ki, onun alınmasına ehtiyac belə olmurdu. Bədxərclik də edirdin çox vaxt. Yadımdadır, Parisdə bir fotomağazaya getdik. Bizimlə o ölkədə çalışan jurnalist Əsgər Əsgərov da var idi. Sənin diqqətini bir fotoobyektiv çəkdi. Gözaltı mənə baxa-baxa onun qiymətini soruşdun. Hiss etdim ki, Sən mağazada tək qalmaq istəyirsən. Eşiyə çıxdım. Əsgər də arxamca. Mənə dedi: “Sağ olmuş niyə belə şeylərə pul xərcləyir?” Mən də cavab verdim: “Foto sənəti onun hobbisidir. Lazım olmasa, almaz...”. Ürəyimdə isə dedim: “Sənin onun yaşadığı sıxıntılı, içinə qapandığı günlərindən xəbərin olsaydı, bu gün nə edirsə, nə alırsa, hər şeyi ona halal edərdin...”.
-Sənin foto sənətinə marağın çox erkən yaşlardan başlayıb.
-1949-cu ilin yayında ailəlikcə Kislovodskidə istirahət edirdik. Gəzinti zamanı atam Yusiflə məni fotoaparat satılan dükana apardı. Yusif üçün “Moskva-5”, mənim üçünsə “Komsomolets” adlı fotoaparat aldı. O vaxtdan bizdə foto sənətinə həvəs yaranmağa başladı. Yusif ömrünün sonuna kimi evdən fotokamerasız çıxmazdı. Mən də onun kimi. Əlbəttə, mən fotoqraf kimi deyil, həvəskar kimi yüksəksəviyyəli fotohəvəskaram. Fotoqraf sənəti ağır sənətdir. Foto sənətinin imkanları hüdudsuzdur. Bir vaxtlar gözəl məkanlarda çəkdiyim fotolar, təəssüf ki, qalmayıb, Nuşa. Kimlər, nələr yox idi orada... Üç mindən artıq neqativim itib-batdı evdən-evə köçəndə. Onlarla da birgə fotolarımdan ibarət sərgi düzəltmək arzum. Yaxşı ki, “Komsomolets”i qoruya bildim. Yığdığım fotoaparatlar içində mənə ən əziz olanı...”.
-Arxayın ol, əzizim, indi “Komsomolets” fotoaparatın muzeydə qorunur.
Səs-küylü şəhərdə çiynində çanta, fotoaparat, aramla yeriyən bir adam. Bu, Sənsən. Yaddaqalan obrazınla Sən böyüdün, yaşa doldun. Tanımayanlar bu obrazda Səni əsl fotoreportyor kimi qəbul edə bilərdilər, bu da Sənin ürəyincə olardı. Ürəyincə olan işə münasibətin də ciddi idi. Foto sənəti Səninçün hobbidən də artıq gündəlik zərurətə çevrilmişdi. Hərbçinin silahı yanında olduğu kimi, Sən də fotoaparatdan ayrı gəzmirdin. Yadıma gəlmir, nə vaxtsa Sən evdən fotoaparatsız çıxasan. İstər iş olsun, istər qonaqlıq, istərsə də səfər. Sən siqaret hərisi idin. Evdən çıxmamış qapının ağzında mütləq ciblərini yoxlayırdın, siqaret qutusunu unutmamısan ki. Ancaq fotoaparatı heç vaxt unutmurdun. Sənin foto qəhrəmanların ailə üzvləri, dost-tanışlar, tanımadığın təsadüfi adamlar, heyvanlar, təbiət olurdu. Zarafatyana çəkdiyin şəkillər də az deyil. Ətrafı seyr etmək, başqalarının görmədiklərini görə bilmək və öz təəssüratını çəkdiyin fotolarda çatdırmaq qabiliyyəti bu sənətdə olan istedadından gəlirdi. “Elə fotolarım var ki, onlar əslində yazmaq istədiklərimdir...”.
“Foto çəkmək bir saniyədə rəsm əsəri çəkməyə bənzəməlidir”. Bu fikir XX əsrin nəhəng fotoqraflarından biri, Sənin də sənətinə yüksək qiymət verdiyin fransız Anri Kartye-Bressona məxsusdur. Fotojurnalistikanın atası sayılan Anri Kartyenin iş metodu Sənə yaxşı tanış idi. Adamların fotosunu çəkdiyi zaman onlara “görünməz” qalmaq bacarığı fransız fotoqrafına məşhurluq gətirmişdi. Sən də bu üsuldan məharətlə istifadə edə bilirdin. Evdə, səfərdə. Yadındadır, çıxartdığın fotolarda özümü bəzən gözlənilməz, xoşagəlməz vəziyyətlərdə görəndə hirslənib, onları cırırdım. Ancaq elə bil Sən məni eşitmir və hər şey yenidən təkrarlanırdı.
-Bilirsən, Nuşa, fotonun əsas üstünlüyü ünsiyyət qurmaq imkanının olmasıdır, çünki foto ilə söhbət etmək, xatirələrə dalmaq mümkündür. Mənimçün əziz olan belə fotolardan biri Qobustan qaya rəsmləri önündə atamla olan şəklimdir. Nuşa, sən bilirdin ki, Qobustanda qaya rəsmlərini Azərbaycan üçün qoruyub, saxlayan şəxslərdən biri də sənin qayınatan Səməd Vurğun olub?
- Yox, bilmirdim.
- 1954-cü il idi. Qobustanı daş karxanası edib, üzərində çoxlu rəsmlər olan qayaları doğrayırdılar. Bundan xəbər tutan atam (onda o, Elmlər Akademiyasının vitse-prezidenti idi), tarixçi alimlər İsaq Cəfərzadə və Zinoviy Yampolski Qobustana getdilər. Mən də onlarla idim. 15 yaşım olardı. Ora çatanda gördük ki, traktorlar, buldozerlər qayaları parçalayırlar. Atam onlara qışqırdı. İş dayandırıldı. İsaq Cəfərzadə qayaları yoxladı. Məlum oldu ki, bir neçə qayaüstü rəsm yox edilib. Zinoviy Yanpolski məhv edilmiş qayaüstü rəsmləri görəndə ağladı. Onların nailiyyəti o oldu ki, bütün qaya rəsmləri yoxlanıldı, siyahıya alındı, sənədləşdirildi və Qobustan qoruq elan olundu.
- Allah onların hamısına rəhmət eləsin... Biganəlik, laqeydlik yad olub bu insanlara. Yoxsa bu gün Qobustan qoruğu olmazdı...
- Neçə il sonra, 1967-ci ildə yenidən Yampolskiylə görüşdüm. Anarın ssenarisi əsasında “Torpaq. Dəniz. Od. Səma” filmi çəkilirdi (rejissor Şamil Mahmudbəyov). Anar, Emin, mən və Yampolski getdik Qobustana. Yampolski oraya Səməd Vurğunun gəlməsini və harayını danışdı. “Mən də gəlmişdim”, - dedim.
- Ya pomnyu, bıl malenkiy. (Yadımdadı, onda balaca idin).
Yazıçılar İttifaqında portretlərini çəkdiyin həmkarların yeni çıxan kitablarına bu fotoları yerləşdirəndə özünü əsl fotoqraf kimi hiss edirdin. Bir gün yazıçı Hüseyn Abbaszadə zəng edib, Səndən xahiş etdi ki, təzə kitabı üçün onun portretini çəkəsən. Telefon dəstəyini yerə qoyan kim, “Ura!” qışqırdın. Sevincinin həddi-hüdudu yox idi. Uşaq kimi sevinirdin. Vallah, kitabın çıxanda heç belə sevinməmişdin...
- Nuşa, foto işində ən maraqlı məqamlardan biri çəkdiklərinin aşkarlanmasıdır - qaranlıqdan nə çıхacağını gözləmək, heç nədən bir obrazın yaranması.
- Yadındadır o zaman yaşadığımız Qorki küçəsində (indiki Mirzə İbrahimov küçəsi), pilləkənlərin altında özünə fotolaboratoriya düzəltməyin? Nə qədər foto kağızlar, kimyəvi preparatlar almışdın. Hər gün o kiçik məkanda iki-üç saat oturur, böyük zövq aldığın işlə məşğul olurdun. Mən də qonaq gəlirdim o dar məkana, termosda dəmlədiyim çayla birgə. İlahi, biz necə də xoşbəxt idik...
- Köçdüyümüz təzə evdə, çulan üçün nəzərdə tutulan yerdə də fotolaboratoriya düzəltdim. Rəqəmsal fototexnika, printer çıxdıqdan sonra fotolaboratoriyadan istifadəm azalmağa başladı...
Bilirsən, Vaqif, Sənin fotolarından ibarət sərgi təşkil etmək arzun həyata keçdi. Yəqin sevinərdin. Fotosərgi keçirmək ideyası gözlənilməz oldu. Sankt-Peterburqda Rəssamlıq Akademiyasında təhsil alan gənc rəssam Elşad Əhmədov zəng etdi, Sənin yaradıcılığının pərəstişkarı olduğunu bildirdi. Özü də həvəskar fotoqraf olan Elşad Sankt-Peterburqda Sənin çəkdiyin fotolardan ibarət sərgi keçirməyi təklif etdi. Yerinə düşdü bu təklif. Qarşıda 80 illiyin gəlirdi. Və mən böyük həvəslə bu işə girişdim. Evdə, bağda olan neqativləri bir yerə topladım. İşin sonrakı mərhələlərində tanınmış fotoqraf, Sənin də yaxşı tanıdığın, sənətinə qiymət verdiyin Rafiq Qəmbərovun məsləhətləri yardımçı oldu mənə.
Əvvəl Bakıda “Qalereya-69”da (25 dekabr 2019) , sonra Sankt-Peterburqda, Dostoyevskinin gediş-gəlişli ev muzeyində (10mart 2020) Sənin fotosərgini təşkil etdik. İlk dəfə Dostoyevskinin muzeyində Azərbaycan dilində şeirlər səsləndi. Sənin şeirlərin. Sənin adını daşıyan Poeziya Teatrının aktyorlarının ifasında. Qürurlu səslə bu haqda mənə gənc, istedadlı sənətşünas xanım Ekaterina Sapoqova dedi. Azərbaycan mədəniyyətinə, Sənin yaradıcılığına rəğbətlə yanaşan bu mehriban, işıqlı xanımın səyləri nəticəsində Dostoyevskinin ev muzeyində fotosərgin baş tutdu.
“Ədəbiyyat və incəsənət”
(22.10.2026)


