XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
22—Cİ DƏRC
Sən öz yazdıqlarından arxayın idin. Sən tərəddüd etmədən öz yaradıcılığını mənə etibar etmişdin. Bu etibarı mən günbəgün, aybaay, ilbəil qazanmışdım. Yəqin yaradıcı adam üçün yaratdıqlarının etibarlı əllərdə olduğunu bilməsi bir səadətdir. Bu etibarı qazanmağın özü isə ikiqat səadətdir.
Sən düşünən insansan. Düşüncələrinin, xəyallarının haradasa lap uzaqlarda gəzdiyini görürdüm çox vaxt. Özünlə təklikdə qalmağı sevirdin. Uzun müddət hərəkətsiz oturur, baxışlarını bir nöqtəyə zilləyirdin. Çəkdiyin qəlyanın tüstüsü duman kimi otağa dolur, ev “Amfora” tütününün gözəl qoxusuna bürünürdü. Bu sakitlikdə və təklikdə Sən ruhən əlçatmaz yüksəkliklərə ucalırdın. Mən dəfələrlə sakitcə kənardan Sənə, Sənin sükutuna baxır, bu səssizliyi dinləyir, bu sükutda itirdim. Bu sükuta üçüncü kəsin girməsi ən böyük günah olardı...
Gündəlikdən: “...Arzularımdan, xəyallarımdan ötrü burnumun ucu başlayır göynəməyə. Yəqin başqalarının yanında zəif görünüb, tezliklə xəyalımdakı böyüklüyümə qaçıb, ona sığınmaq istəyirəm. Yəqin tənhalıq ictimai baxımdan zəiflik, şəxsi baxımdan isə çox böyük qüvvədir. Bəlkə də yanılıram. Ancaq özümçün gerçəkdən darıxıram hərdən...”
...Beynimdə sərin yer tapa bilmirəm,
Bir fikir dincələ bilmir beynimdə,
Dolanış bir yana, dövran bir yana,
Şairlə insan düz gəlmir beynimdə...
Çərçivələrə sığmamaq uşaqlıqdan gəlirdi. Bəzən özünə də sığmırdın...
- Anadan olduğum gündən darıxıram... Azadlıqdan ötrü darıxıram. Həqiqətdən ötrü darıxıram. Hərdən gözəl yalandan ötrü darıxıram. Özümdən bezib darıxmışam. Şairin sənəti odu. İş yeri darıxmaqdı...
Bəlkə elə bu səbəbdən uzun müddət bir yerdə işləyə bilməmisən. Əvvəl böyük həvəslə başladığın işə tədricən həvəsin sönüb, “bu işin mənasızlığı, lazımsızlığı” hissi Səni bürüyüb və oradakı mühit Səni darıxdırmağa başlayıb...
Darıxanda pis darıxıram.
İnsan darıxmağı deyil bu,
insan ömrü deyilən şeyə
heç bir dəxli yoxdur bu darıxmağın...
Bir vəhşi heyvanın
qəfəsdə ağaran dişləri
çıxır qəlbimdən,
gəmirir, gəmirir varlığımı.
Belə günlərdə bel bağlaya bilmirəm özümə,
özümə etibar eləmirəm.
Çünki özümə yox,
şeirlərimə bənzəyirəm darıxanda.
Bu da ölümdür.
Quduz olub öldürülmüş
canavarın, itin ölümü.
Qızmar gün altında ölüm...
Təzə evlənən vaxtlar tez-tez deyirdin: “Axı sən niyə mənə gəldin, mən şair adamam...”. Şeir də yazdın bu haqda...
Yarım, dizlərinə döy,
Mən çıxdım qabağına,
Lənət şair cinsinin
Qarasına, ağına.
Bu gün səni əzizlər,
Tutub basar bağrına,
Sabah özünə ağlar,
Yanmaz sənin ağrına...
Üç fəsil evdən çıxmaz,
Qışı qatar bahara,
Birdən göylərə qalxıb,
Qoşular durnalara...
Mən: “İndi də gec deyil, səhvimi düzəldə bilərəm”, – deyəndə, Səndən istədiyim, gözlədiyim cavabı eşidirdim: “Kimdir səni buraxan, bir güllə sənə, bir güllə də özümə”. Təbii, bu bir şıltaq söz oyunu idi. Ancaq bu sözlərdən bir-birini itirmək istəməyən iki insanın sevgi etirafının əks-sədası eşidilirdi.
İtirmək qorxusu... Xatırlayırsan, Ziya Bünyadovun qətl xəbərini. AzTV-lə. Fevralın 21-i 1997-ci ildə. İnanılmaz, dəhşətli bir hadisə xəbəri... II dünya müharibəsində şərəflə, qəhrəmancasına vuruşasan, öz vətənində xaincəsinə qətlə yetiriləsən... Bu ağlasığmaz faciə idi...
Sarsıntımı gündəliyə köçürməyə başladım.Yazıb, son nöqtəni qoyanda anladım ki, yazdıqlarım Sənə olan isti duyğularımın etirafıdır. Bir qədər duruxdum. Ölümlə Məhəbbət arasında gözə görünməyən, kövrək bağların olmasına. Görünür, ölümün nəfəsi, itki qorxusu bu hissləri mənə yazdırmışdı. Ölüm xatırlatdı ki, vaxt, zaman gözləmir, hər şey bir göz qırpımında yox ola bilir. Sevməyə, sevilməyə vaxt qalmaya bilər. Məhz mənim sevgi etirafım da ölümə qarşı üsyanım imiş, sən demə... Həyat yəqin Ölümlə Məhəbbətin kəsişdiyi yolda yaranır...
Görürsənmi, necə duyğular canlandırdı məndə unudulmaz Ziya müəllimin qətli...(Ziya Bünyadov mən çalışdığım Şərqşünaslıq İnstitunun rəhbərə idi)
Əlbəttə, Sən mürəkkəbsən, ziddiyyətlisən yaşadığımız dünya kimi. Belə insanla yaşamaq çətin olduğu qədər də maraqlıdır. Çünki onu tanımağa, dərk etməyə çalışırsan. Tanıdığın qədər də sevirsən. O mürəkkəbliyin içindən yüksələn açıq, sadə (adi yox), səmimi, azad ruhlu, həssas, kövrək qəlbli, zahirən sakit görünsə də, ani coşqunluğa qadir, hiddətlənəndə okeanda baş verən zəlzələyə bənzəyən, bəzən özünə qapanıb əlçatmaz olan, hər zaman qayğıya, nəvazişə ehtiyac duyan, təvazökar, təmtəraqdan, pafosdan uzaq, əzmli Vaqifi – Səni görürəm.
Öyüd-nəsihət vermək, onun-bunun başına ağıl qoymaq Sənə yad olub həmişə.Həyatda didaktik olmadığın kimi şeirlərində də didaktik deyilsən. Hətta bir dəfə Səndən soruşanda ki, kiminlə görüşmək istərdin, Nizami Gəncəvi, yoxsa Füzuli ilə, Vaqifanə cavab verdin:
- Nizami Gəncəvi ilə görüşmək istəməzdim. Məni görən kimi öyüd-nəsihət verməyə başlayacaq o saat, amma Füzuliylə görüşərdim, o ruh şairidir.
Səmimiliyin, didaktik olmamağın, sadəliyin gəncləri Səninlə ünsiyyətə sövq edirdi. Gənclərlə onların dilində danışırdın. 60-cı illərin sonlarında yazırdın: “Vaxt gələcək, mən şairlərə, xüsusilə gənc şairlərə gərək olacam. Buna əminəm...”.
Dediklərin zaman-zaman yerini tutur. 70-80-cı illər bir neçə gənc nəsil Azərbaycan modernist şairləri üçün Sən ədəbi Quruya çevrildin.
“Şair yaşa dolsa da, qocalmamalıdır...”. Yox, nə şeirlərində qocaldın, nə də ruhən...
Bugünkü ədəbi mühitin cavanları Vaqif Səmədoğlunun səmimi ünsiyyətindən sözün yaxşı mənasında yararlana bildi. Vaqif müəllim poeziyamıza yeni keyfiyyətlər qazandırdı: böyük fikirləri az sözlə ifadə etməyin ustası idi, ənənə ilə müasirlik onun şeirlərində bir-birinə yad görünmürdü, özünəqədərki sərbəst şeirin səslənişini, qafiyə lüğətini dəyişdi, özünəqədərki poeziyada şeirə “yad mövzular”ı şeirləşdirdi, poeziyamızın səmimiyyət arealını genişləndirdi... (şair Fərid Hüseyn)
Öz səmimi davranışıyla Vaqif Səmədoğlu yaşlı nəsillə gənc nəsil arasındakı buzları əritdi. (şair Cəlil Cavanşir)
...Vaqif Səmədoğlu özü də bimədən mənim şair haqqında təsəvvürümün canlı parçasına çevrildi. Əslində o, bu təsəvvürü təkcə məndə deyil, bir çoxlarında dağıtmışdı... O varlığı ilə bir çox zehinlərdə olan şair obrazını rekonstruksiya etmişdi. Yaxasındakı aparatla, qəlyanla, sərbəstliklə, sadəliklə, centlmenliklə... Bir addım da insana – oxucuya yaxın gəlmişdi. (jurnalist Nərgiz Cabbarlı)
Vaqif Səmədoğlu aktiv sosial şəbəkə istifadəçisi idi. Virtual forumlarda “Lirik” adı altında zəkası, yumoru ilə hamını heyran edirdi. Mən də həmin forumda bəzən ona yazırdım. Bir gün kitabını istədim. Arzularımdan biri idi kitabını oxumaq. Axı onun kitabları hər zaman defisit olub. Günlərin bir günü kitabını vermək üçün mənə zəng elədi. Nə o zəngi unudaram, nə də o görüşü. Böyük şair olduğunu bilirdim, böyük insan olduğunu həmin görüşdə gördüm. (yazıçı Ülviyyə Heydərova)
İnternetdə əsasən gənclərlə yazışırdın. Day.az. forumunda bir qrup qəlyan çəkən gənclə tanış olmuşdun. Eyni maraq dairələri olan gənclər ünsiyyət üçün çay süfrəsi ətrafında bir yerə yığışır, müxtəlif məsələlər haqda söhbətlər aparır, tütünlə dəyiş-düyüş edir, qəlyanı necə çəkməli, necə doldurmalı, təmizləmə qaydaları haqda danışır, fikir mübadiləsi edirdilər. Ancaq Sən öz alışdığın qaydalarla, nəzəriyyəsiz-filansız qulluq göstərirdin qəlyanlarına. “Çubuq-klub”dakı görüşlərdə Sən də bir neçə dəfə iştirak etmisən.
Klubun üzvü olmuş Elmar Kərimov deyir ki, “dyadya” Vaqif (onlar Sənə belə müraciət edirdilər) haqda sonsuz danışmaq olar... Çox nadir hallarda bir insanda bu qədər müsbət keyfiyyət bir yerdə olur. Onlarla ilk görüşdən qayıtdıqda dedin: “Nuşa, çoxdandır mən belə şənlənməmişdim. Son dərəcə maraqlı, ağıllı gənclərdi. İlya Bəkirzadə, Elmar Kərimov, Leonid Xodcayev... Çoxlu lətifələr, məzəli əhvalatlar danışırlar. Mənim dediklərim, danışdıqlarım onlar üçün çox maraqlıdır...”.
Klub xeyli müddətdir dağılıb, üzvlərinin də hərəsi bir ölkədə...
Sənin çox qiymətli bir xüsusiyyətin də var: insanlarla münasibətdə istədiyin qədər dərinliyə gedir, açılır, eyni zamanda da “ürəyinin qapısını ancaq yalqızlığa aç” deməklə, o qapını istədiyin vaxt hamının üzünə bağlaya bilirdin. Hələ gənclik illərindən Sənin hər təbəqədən dost-tanışların olub. Vaxtaşırı onlarla ayaqüstü də olsa görüşür, hal-əhval tuturdun. Vernisajda fotoaparat satan Yaşar vardı, papaqçı Qrişa, İsmayıl vardı... Deyirdin: “Gedim Yaşarla gap edim bir az...”. Vernisajda rus nənələrindən köhnə fotoaparatlar almışdın: “Yazıqlar saatlarla dururlar orda. Xeyir verdim onlara...”.
Papaqçı İsmayıla qara, boz, qəhvəyi rəngdə buxara papaqlar sifariş vermişdin. O papaqları başına qoyanda mənim xoşuma gəlmirdi. “Sənin görünüşünə panama, kepka daha çox yaraşır”, – deyirdim. Nə qədər məni inandırmaq istəsən də ki, buxara papaq Sənə yaraşır, razılaşmırdım.
Yadımdadı, mənim bir ad günümdə gözlənilmədən əlində üç buxara papaq otağa girib, birini qardaşım Mobilə, birini bacımın kürəkəni Mətinə verib dedin: “Qoyun başınıza, arvad yanında başı papaqlı olmaq lazımdır...”.
Buxara papaqla bağlı Sənin danışdığın bir əhvalat yadıma düşdü. 2001-ci il. Strasburqa AŞPA-nın ilk iclasına getməmişdən qabaq Prezident Heydər Əliyev bizim nümayəndə heyətini qəbul edir. Görüşün sonunda Heydər Əliyev Sənə yaxınlaşaraq deyir: “Vaqif, sən qrupun bir ağsaqqalı kimi fikir ver, kimsə orada başına buxara papaq qoymasın, əlinə təsbeh almasın. Biabır olarıq...”.
Evə gələn kimi bu söhbəti mənə danışdın.
- Vaqif, Heydər Əliyev bu sözləri Sənə eşitdirirmiş. Qızım sənə deyirəm, gəlinim, sən eşit. Yəqin ona çatdırılıb Sənin buxara papaq, təsbeh həvəskarı olduğun...
Xeyli güldük.
“Ədəbiyyat və incəsənət”
(21.10.2026)


