Mütaliə mədəniyyəti - mənəvi zənginliyə aparan yol Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Hər il oktyabrın 16-sı Dünya Mütaliə Bayramı kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Nizami Gəncəvi adına Kitabxana-Klubunun birgə təşkilatçılığı ilə “Mütaliə mədəniyyəti” mövzusunda dəyirmi masa keçirildi.

 

Tədbiri idarə edən AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin açaraq mütaliənin insanın mənəvi dünyasının zənginləşməsində, dünyagörüşünün formalaşmasında, nitq və təfəkkür qabiliyyətinin inkişafında mühüm rolundan danışdı. O, xüsusilə gənc nəslin kitaba və mütaliəyə marağının artırılmasının vacibliyini vurğuladı.

Dəyirmi masa ətrafında davam edən söhbətlərdə Nizami Gəncəvi adına Kitabxana-Klubunun müdiri Ülviyyə İsayeva, “Sumqayıt” qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı, kitabxananın əməkdaşları Mehparə Bağırova və Mətanət Hacıyeva, Milli Qəhrəman Polad Həşimov adına 28 saylı məktəbin kitabxana müdiri Rəfiqə Əhədova, eləcə də məktəblilər iştirak etdilər.

Görüş zamanı kitabın insan həyatındakı əvəzsiz yeri, mütaliə vərdişlərinin formalaşdırılması, mütaliə mədəniyyətinin inkişafı və yeniyetmələrin mütaliəyə cəlb olunması ətrafında maraqlı fikir mübadiləsi aparıldı. İştirakçılar mütaliənin yalnız bilik mənbəyi deyil, həm də insanın mənəvi kamilləşməsinə, düşüncə tərzinin zənginləşməsinə xidmət edən mühüm vasitə olduğunu diqqətə çatdırdılar.

Bir sözlə, tədbir kitabın və mütaliənin cəmiyyətin intellektual inkişafındakı rolunu bir daha ön plana çıxardı.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.