Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
“Günün şeiri” rubrikasında sizlərə təqdim etdiyimiz şeir Əntiqə Kərimzadədəndir. “Adamı adamdan asırlar indi, çoxdan dəbdən düşüb dar ağacları...” sətirləri ilə başlayan şeir, əlbəttə ki, elə başlanğıcdanca adamı özünə çəkir.
ƏNTİQƏ KƏRİMZADƏ,
ADAMI ADAMDAN ASIRLAR İNDİ…
Adamı adamdan asırlar indi,
Çoxdan dəbdən düşüb dar ağacları...
Uşaqlıq gözəlmiş...
Duru inanıb
Suya söyləyərdik tüm arzuları...
Böyüdük...
Böyütdük arzuları biz,
Bilmədik, arzunu şamdan asırlar...
İnsan cücərdirik inam içində,
Çürüdür ruhları həmin insanlar,
Dam tikib veririk ümid rəngində,
Bizi elə həmin damdan asırlar...
Yoxdan var düzəldib,
"Var!" deyirik ha,
Bizim ömrümüzü yoxa çıxarır...
Az olmur, çarmıxa çəkilir ürək,
Biz sadələşib, adam olduqca,
İnsan var, özünü "çox"a çıxarır...
... Beləcə, edirlər, susurlar indi...
Adamı adamdan asırlar indi...
“Ədəbiyyat və incəsənət”
(16.10.2026)


