Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

 

19—CU DƏRC                                                          

 

Gündəliyində oxuyuram: “Vitrinə qoyulmuş və dükanın içində saxlanan şairlər var. Mən hələ  anbardayam...”.

Diksindirdi bu sözlər məni. İllərlə çap olunmamaq, gündəmdə olmamaq... İçində qalan incikliyin, küskünlüyün sədasıdır bu. Kompüterdə nəsə yazırdım. Gözlənilmədən dedin: “Nuşa, mən yazıb, nə oldum ki, sən yazıb nə olacaqsan”. Çaşdım. Hələ də göynəyirdi o illərin sağalmayan yaraları...

Şeirlərin gənclər arasında əl-əl gəzir, əzbərlənir, başqa dillərə tərcümə edilirdi.

Estoniyada, Latviyada jurnallarda haqqında yazılar, şeirlərin çıxırdı. Latış türkşünasları, şairləri, tərcüməçiləri Uldis Berzinş, Peters Bruveris şeirlərini latış dilinə tərcümə edirdilər. 1981-ci ildə iki şeirin məktəb dərsliklərinə daxil edilmişdi. Bu haqda Uldis məktubunda xəbər verir:

“V Latvii dva tvoix stixotvoreniya stali obyazatelnoy literaturoy dlya şkolnikov... S udovolstviyem budu perevodit tvoi novıye stixi...”. (...Latviyada sənin iki şeirin məktəb proqramına daxil edildi... Məmnuniyyətlə sənin yeni şeirlərini tərcümə edəcəm...”)

Səni Azərbaycanda şair kimi çox məhdud dairələrdə tanıyırdılar, o ki qala məktəblərdə...

Peters Bruversin məktubundan bəlli olur ki, 1988-ci ildə latış dilində kitabın çapa hazırlanırmış: “...Doroqoy Vaqif! Mı Tebya vspominaem i lyubim. Nakones, xotelos bı izdat Tvoyu kniqu na latışskom. Ya bıl v naşem izdatelstve – nikokix problem, soqlasnı. Tı ne protiv? Mojet v kniqu mojno vklyuçit i tvoi pritçi? ...U nas vsyo vremya mitinqi i piketı...” (Əziz Vaqif! Biz Səni xatırlayır və sevirik. Nəhayət, Sənin latış dilində kitabını çap etdirmək istəyirik. Bizim nəşriyyatda oldum, onlar da razıdırlar. Sən etiraz etmirsən? ...Bəlkə kitaba Sənin pritçalarını da salaq? ...Bizdə mitinqlər və piketlər ara vermir...”. (Məktubda Peters “Sən”i böyük hərflə yazıb)

Həmin il əksər sovet ölkələrində olduğu kimi Latviyada da siyasi-sosial vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf etdiyindən, kitabın nəşri baş tutmadı.

80-cı illərin əvvəllərində Polşada şeirlərin yayılırdı. “Solidarnost”(“Həmrəylik”) müstəqil həmkarlar ittifaqının qeyri-leqal fəaliyyəti dövründə (1981-1986) polyak intellektualları yığışıb, Sənin şeirlərini oxuyurdular. Onlar Səni “elitar poeziyanın sonuncu mogikanı” adlandırırdılar. Sənin bu azad ruhlu ölkəyə, onun mədəniyyətinə böyük məhəbbətin var.

Gündəlikdən: “Yadıma Dubultıda Varşava radiosuna qulaq asmağım düşdü. Həyatımda elə istedadlı, zövqlə, tapıntıyla, orijinal və məntiqli tərtib edilmiş radio verilişləri eşitməmişdim. Dili bilməyə-bilməyə, slavyan sözlərindən az-maz mətləbi duya-duya elə zənn eləyirdim ki, diktorlar efirə yox, sözləri birbaşa mənə deyirlər, əvvəlcədən Latviyada olduğumu öyrənib. Mən bəlkə də o gündən sonra Şopenin, doğrudan da, polyak olduğuna inandım. Və indi onun musiqisinə tamam başqa cür qulaq asıram. İndi gör, o xalq tamam müstəqil, azad olsaydı, bu dünyada nə işlər görər, ədəbiyyatda, incəsənətdə, musiqidə nələr yaradardı”.  (1985)

 Şeirlərində də oxunur bu duyğular. 

            Buzovna qayalarını

           sevdiyim qədər,

           sevirəm səni, Yana!

           Yana,

           Yanacığaz,

           polyak qızı!

          Ağlım olsaydı onda,

          Allah olsaydı onda,

          bir dəfə də öpərdim

         sol əlinin ovcundan.

         Polşada gözəl plakatlar çəkirlər,

         Yana.

         Nə?

        Nədən danışım

        İndi səninlə?...

   Bu sətirlər Sənin “Royal” poemandandır. 1964-cü ildə yazmısan. Qadın marağı ilə Səndən polyak qızının real olub-olmadığını soruşdum. “Yox, real deyil”, – dedin. Mən də inandım. Ancaq  polyak qızına həsr elədiyin başqa şeirin də var... 

2018-ci ildə Polşada polyak dilində “Şair kimi yox, şeir kimi ölmək istəyirəm” adında  kitabın işıq üzü gördü. Kitabı polyak dilinə Polşada yaşayıb, çalışan İlahə Kərimova tərcümə edib.

“Yol” qəzetinin 4-cü sayında (1996-cı il, aprel ayı) belə bir məlumat çap edildi: “İsveçdən aldığımız xəbərə görə, bir neçə təşkilat görkəmli Azərbaycan şairi Vaqif Səmədoğlunu şeirlərinə, Milli Azadlıq hərəkatındakı roluna görə, “Nobel” mükafatına təqdim etmişlər. O, Azərbaycan tarixində “Nobel” mükafatına təqdim olunmuş ilk şairdir”.

O ilin yayında (hansı ay olduğu yadımda deyil) Bakıya Finlandiyada yaşayan musiqiçi, AzTV-də çalışmış, bəstəkar Rauf Hacıyevin kürəkəni Cahangir Əkbərov gəlmişdi. Bizdə də oldu. O danışırdı ki, mən İsveç dilini bilməsəm də radiodan “Nobel” mükafatına iddiaçılar arasında hər dəfə Vaqif Vəkilov (Səmədoğlu) adını eşidəndə bədənimdən elektrik keçirdi...

O il ədəbiyyat üzrə “Nobel” mükafatı Polşa şairəsi Vislava Şimborskayaya təqdim edildi. Sən hesab edirdin ki, əsas mükafatı almaqdır, namizəd olmaq deyil. Bəlkə də istəməzdin bu faktı yazım, ancaq yazdım. Məlumdur ki, “Nobel” mükafatının siyasi tərəfləri də var. Deyirdin: “Nazim Hikmət kommunist və türk olmasaydı, bu mükafata layiq görülərdi”.

Tolstoy, Çexov kimi yazıçılar da bu mükafatı almayıblar. Sənin özün azərbaycanlı olmasaydın, bu mükafata layiq görülərdin. Hər halda, “Nobel” mükafatı meyar deyil.

- Sənin şeirlərin uzun deyil. Bu, Amerika şairi Edqar Ponun “uzun şeir olmur” fikriylə üst-üstə düşür.

-  Çexovun da oxşar sözləri var: “Yığcamlıq istedad göstəricisidir”.

Sən də gənclərə uzun şeirlər yazmamağı məsləhət görürdün. Şeirlərinin yığcam olmasiyla bağlı gözəl alim, mərhum Tofiq Hacıyev “Yeni ədəbiyyat yaranır...” məqaləsində yazırdı: “Vaqif şeirinin öz dövrünün yetirdiyi sərvət olmasının, əsrimizin narahat, səbirsiz əhvalına uyğunluğunun bir əlaməti də şeirlərinin fövqəladə yığcamlığıdır. Bu şeirlər həyat həqiqətləridir – həyat həqiqətləri qəlpə-qəlpə olur... Həqiqət cild-cild, səhifə-səhifə olmaz, misra-misra, kəlmə-kəlmə olar... Vaqifin şeirində həqiqət kəlmə-kəlmə, misra-misradır, ancaq fasiləsizdir – onun sözündən nəticədə bir kitab həqiqət bağlanıb...”. 

“Vaqif Səmədoğlu şeirləri həyatın, cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir... XX əsrin fəlsəfəsidir” deyən alim şairin fəlsəfəsinin məhdud dairədə mütaliə edilməsinə görə təəssüfünü bildirərək yazır: ”Heyf, Vaqifi hamı oxumur... Çoxları onu Moşu Göyəzənliyə görə tanıyır, heyif... Vaqifin şeirini hamı oxusaydı, vətənin nə dərdi vardı – yoxsa vətən tutuquşular yox, müdriklər yurdu olardı”.

Qulağımda küləyin uğultusu,

gözlərimdə torpağın tozu.

Sağımda kor quyu,

solumda paslı darvazanın səsi,

Arxamda bağ evi,

qarşımda hasar.

Sağ əlim cibimdə,

sol əlim divarda.

Burdayam, ay Allah, burda!      

 

Hər bir insanın həyatında büdrəmələr, uğursuzluqlar, bədbəxtliklər ola bilir, sonra da onların üzüntüsünü yaşayır. Kişilər həyatlarının ən dözülməz vaxtlarında içkiyə əl atır, dərdlərini onunla bölüşürlər. Hər insanın içmək üçün şəxsi, müxtəlif səbəbləri olur. Sevincdən, bolluqdan da içirlər. Yaşanan stres, reallıqdan qaçmaq, unutmaq istəyi. İçki müvəqqəti təskinlik gətirsə də, heç kəsin dərdinə əlac olmayıb. O, taleləri sındırır, münasibətləri pozur, ailələr dağıdır. Faciə onda başlayır ki, içki gündəlik tələbata, zərurətə çevrilir. İçkili vəziyyətdə yaşadığı hala vurulub, etdiyindən, dediyindən həzz alanlar da olur. Bu asılılıqdan çıxmağa isə hər adam özündə güc tapa bilmir. Onun içində çox istedadlar batıb...         

Amerika dramaturqu Uilyams Tennesi özünün içkiyə münasibətini belə xarakterizə edirdi: “Bir çox yazıçılarda belə problem var. Demək olar ki, bütün Amerika yazıçıları içki problemi ilə qarşılaşıblar. Yazıçılıq işində böyük gərginlik keçirirsən. Əgər müəyyən yaşa kimi bununla bağlı heç bir çətinliklər olmursa da, sonradan daim içkinin köməyinə ehtiyac duyursan”. İçkiyə, narkotikə aludəliyin yaradıcılıqda oynadığı rola haqq qazandırmağa çalışan Tennesi ömrünün son 20 ilində ciddi əsər yazmamış və sevdiyi insanlardan təcrid olunmuşdu.   

Bir dəfə işdə orta yaşlı xanım həmkarımın söhbət zamanı əminliklə “yaradıcı adamlar ancaq stimulyatorların təsiri altında yarada bilirər” deməsi məni əməlli-başlı hirsləndirdi: “Əlbəttə, dünya mədəniyyətində içkinin və ya narkotikin təsiri altında əsər yaradanlar olub, yəqin ki, olacaq da. Məsələn, Amerika yazıçısı, şairi Çarlz Bukovski ilk böyük əsərini – “Poçtamt” romanını 20 şüşə viskiylə 20 günə yazıb. Ancaq bu o demək deyil ki, hamını bir sıraya düzməliyik... Nə şair ərimin, nə bəstəkar qardaşımın nəyinsə təsiri altında yazdıqlarını heç vaxt görməmişəm...”.                                                                                                                                                                                                                                                                         Sən də inanırsan ki, dünya mədəniyyətində stimulyatorların təsiri altında yaradılanlar çox azdır, 5  faiz.                                                                                                                                  

Hələ içkidə batmayıb

İnsan kədəri, dərdi,

Batsaydı insan dərdindən

Allah özü içərdi...                                    

Böyük istedadına görə başqalarından fərqlənənlər gündəlik həyatda da elə başqaları kimidirlər. Sən də dost məclislərində yeyib-içmisən kimdənsə çox, kimdənsə az. Davakarlığın da olub. Özün də etiraf edirsən: “Mən həmişə bic tərpənmişəm. Bir gün məclisə gedəndə, bir ay evdən çıxmamışam, özümə cəza vermişəm. Həmin günlərlə bağlı utandığım, utanmadığım anlar da olub... Gördüm ki, məclislər, qonaqlıqlar mənə yazmağa mane olur... Bir də mənim içki içməyim həddən artıq şişirdilib...”.

Bu yerdə böyük rus yazıçısı Vladimir Nabokovun bu fikri yadıma düşdü: “Kütlə öz günahlarını ona tay olmayanların həyatında görməkdən həzz alır...”.

İçkiylə bağlı çoxlu məzəli, gülməli əhvalatlar danışırdın. Onlardan birini, yadımda qalanı yazmaq istəyirəm: “Özbəkistanda olanda gözəl özbək şairləri Rauf Parfi və Məmmədsaleh məni Daşkənd yaxınlığındakı “Dürmən” adlı yerə apardılar. Gələn gün onlar arxın üstündə salınmış körpüdə mənə bayram süfrəsi açdılar. Suyun səsindən bir-birimizi eşitmək çətin olduğundan qışqıra-qışqıra danışırdıq. Oradaca süfrəyə plov və piyalələrdə araq verdilər. Yeyib-içir, gülüb-danışırdıq. Səkkiz adam olardıq. Hamı xorla danışırdı. Gecədən xeyli keçmiş özümüzü yatağa çatdırdıq. Səhər saat 8-də məni səhər yeməyinə qaldırdılar. Yeməkxanaya girəndə Parfini gördüm. Ona: “Dobroe utro”, - dedim. O, çox təəccüblə üzümə baxdı. Tahircanla salamlaşdım. O da təəccüblə: “Dobroe utro”, - dedi. Məmmədsalehə yaxınlaşıb: “Dobroe utro”, – deyəndə, soruşdu: “Vaqif əkə, niyə rusca danışırsız?” “Necə bəyəm?” – soruşdum. “Gecə çox gözəl özbəkcə danışırdız...” – dedi.

Sən demə, bütün gecəni onlarla özbək dilində danışmışam. Sonra da deyirlər araq zərərlidir...”.

Həyatının müəyyən mərhələlərində – şəxsi həyatında, yaradıcılığında naümüdlikdən yaranan inciklik, küskünlük... Yaşadığın mürəkkəb, çətin günlər, çarəsizlik, özünəqapanma...

Ana yurdum,

torpağında bir ləpir də izim qalmadı. 

Doğuldu, öldü şairin,

sənin xəbərin olmadı...

Bu şeiri ağrısız oxumaq olmur. Keçmişin ağırlığını çəkmək dözülməz olur bəzən. Yazdıqca Səninlə yaşayıram o saatların, dəqiqələrin üzüntülərini. Öz həyatından bezə bilir insan, ancaq o kritik anda möhkəm iradə köməyinə gəlir. Sənin köməyinə gəldiyi kimi...

Özümü öldürmək istəmişəm iki dəfə,

Amma öldürməmişəm min dəfə...

-Bu misralar yaradıcı insanlar, şairlər üçün peşmanlığın, bədbinliyin zirvəsidir. Ancaq elə olur ki, insan o kritik anı aşa bilmir. Böyük şair Mayakovskinin timsalında olduğu kimi...

- Məhz o kritik anlarında Sən Bulqakovun “gözəl yalan” adlandırdığın “Əlyazmalar yanmır” fikrini alt-üst edərək, 70-ci illər yaradıcılığını məhv etdin...

-       Nuşa, şair vicdanı açıq yaradı. Adicə bir meh də ağrı verir, o ki qaldı səmum küləkləri...

Səninçün ağrılı söhbətlər etməkdən həmişə qaçmışam. Çalışmışam Səni o küləklərdən qoruyum.  Ancaq  xəstəlikdən qoruya bilmədim...

 Poeziya məğlubiyyətdən yaranır...

Yaradıcı insanın bir insan kimi (yaradıcılıq və şəxsi müstəvidə) məğlubiyyəti onu yaradıcılığa çox bağlayır, o özünün mənəvi əzablarını yaradıcılığına gətirir.  

Barmaq göz olub, kağıza baxır,

Şeirlə şairin göz yaşı axır...

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2026)                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.