XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
18—Cİ DƏRC
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə üzv seçildin. Öz cazibənlə Azərbaycanı dünyaya açdın. Beş il Avropa Şurasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvü olduğun müddətdə Səni beynəlxalq aləmdə tanıdılar, sevdilər. AŞPA-nın iclaslarında, komitə və komissiyalarında etdiyin çıxışlar, xüsusən Avropa deputatlarıyla yaranmış şəxsi münasibətlərin, qeyri-rəsmi görüşlərin o mərhələdə ölkənin xeyrinə kifayət qədər müsbət təsir göstərdi.
Yazıçı, millət vəkili Elmira Axundovanın müsahibəsindən: “İki il Avropa Şurasında çalışdığım müddətdə Strasburqa gələndə Avropa parlamentariləri, onların arasında lordlar, markizlər və başqaları vardı, bizə yaxınlaşıb, Vaqif müəllimi soruşur, ona salamlarımızı çatdırmağı xahiş edirdilər. Mən Vaqif müəllimdən bu sirrin səbəbini soruşduqda dedi ki, mən onlarla görüşəndə cürbəcür söhbətlər edirdim, istər siyasətdən, tarixdən olsun, istərsə həyatdan. Burada müəyyən qədər ciddilik, müəyyən qədər də zarafat, yumor olurdu. Onlarla restorana da gedirdim. Yeri gələndə pianoda klassik və caz musiqisi də çalırdım. Bu da avropalı deputatlarda təəccüb, heyrət və maraq doğururdu.
Avropalı deputatların etiraf etdikləri kimi, Sənin kimi müstəqil düşünən, dünya siyasətini yaxşı başa düşən, fərqli azərbaycanlı deputatı tanıdılar. Və eyni zamanda onları təəccübləndirən o idi ki, niyə Vaqif Vəkilov kimi şəxslər Avropa Parlamentində, dövlət təşkilatlarında keçirilən görüşlərə, simpoziumlara göndərilmir, əvəzində dünya siyasətində baş verən proseslərdən kifayət qədər xəbərləri olmayan adamlar gəlir?
Yadındadı, mərhum fransalı siyasətçi, senator Daniel Qule Bakıya gələndə Sənə üzərində adın yazılmış konyak bağışlamışdı. Durur o konyak. Bilirsən, Vaqif, nə yaxşı ki, mən də daxil olmaqla Sən heç kəsi eşitmədin, deputat oldun. Dünyaya açıldın. Bunu Sənin 80-ci illər gündəliklərini – içinə çəkilib, yaşadığın günləri, ayları, illəri oxuyandan sonra lap yaxşı anladım.
- Strasburqda Avropa Şurasının Parlament Assambleyasında Gürcüstanın maraqlarını qorumağın Gürcüstanda böyük rezonans doğurmuşdu.
- 2001-ci ilin sentyabrında AŞPA-nın iclasında Pankis dərəsində yaranmış böhranlı vəziyyət, Rusiya rəsmilərinin Gürcüstana, Pankis dərəsinə səpələnmiş terrorçulara qarşı hərbi qüvvədən istifadə etdiklərinin bəyan edilməsi müzakirə olunurdu. Əslində isə Pankis dərəsində rusların artilleriya atəşindən qaçan çeçen qaçqınları yerləşdirilmişdi. Çeçen xalqının məhvi gedirdi. İlham Əliyev (o zaman qrupun rəhbəri idi) dedi ki, heç kəs çıxışa yazılmasın, bu haqda ancaq Vaqif müəllim danışacaq. Mən çıxış etdim. Mənim çıxışım siyasətçi sözündən daha çox haqsızlığa qarşı şair sözüydü... Gürcüstanı müdafiə etdim... Raqozinə dedim ki, Pankisdə vəziyyəti Gürcüstan özü yoluna qoya bilər. Yaxşı olar ki, başqa suveren dövlətin daxili işlərinə qarışmaqdansa Rusiyanın öz daxili işlərinə fikir verin. Ermənistanın nümayəndəsi Rostomyana isə bildirdim ki, keçmişə sonsuz qapılmaqdansa, günün gerçəklərinə fikir versələr, daha yaxşı olar... Fasilədə bütün gürcü nümayəndələri mənə minnətdarlıqlarını bildirdilər.
- Və Sən Gürcüstanda, sözün əsl mənasında qəhrəmana çevrildin, oldun “etot usatıy azerbaydjanes” (bu bığlı azərbaycanlı). Gürcüstan televiziyasında bir neçə dəfə Sənin çıxışın təkrar olundu. Haqqında gürcü, rus, azərbaycandilli mətbuatda məqalələr, ədəbi portretlər dərc olunmağa başladı. Gürcü dilinin gözəl bilicisi, şair-tərcüməçi İmir Məmmədlinin tərcüməsində “Azadlıq, Azadlıq, övladınam mən” şeirlər kitabın “İntellekt” nəşriyyatının direktoru Kaxmeq Kudava tərəfindən çap olundu. Tiflisdə “Kitab bayramı” günündə kitabın təqdimat mərasimi keçirildi. Bizi Tiflisə dəvət etdilər. Bahalı, zərif gürcü çaxırı kimi sevgi dolu, dadlı görüşlər yaşatdılar bizə... Böyük, şirin təəssüratlarla 3 gündən sonra geri döndük.
Baxıram çiynimdə getdiyin yola,
Ömür dediyimiz daşa söykənib,
Ağlaya bilmirəm, nə olub mənə,
Sinəm kasadlaşıb, ahım tükənib?
Fikirlər təntiyib, ustalır bir-bir,
Kaş ki, ömrü boyu uşaq qalaydım,
Ay ata, deyirəm, sənsiz dünyada
Kaş ki, övladın yox, şeirin olaydım...
Həyatda özünü təsdiq etmək çətindir. Ələxsus, əgər Sənin üstündə adı miflərə çevrilmiş atanın nüfuzlu adı varsa. Şair atanın şair oğlu olmaq olar. Ancaq bir məktəb yaratmış atanın şeirlərinə oxşamayan, onu təkrarlamayan, tamam fərqli üslubda yazan oğula xəyanətkar kimi baxılır, bunu ona bağışlaya bilmirdilər. Sənin ünvanına yağdırılan böhtanların, yazılı, şifahi ittihamların sayı-hesabı yox idi. Hətta həyasızcasına hökm də çıxarırdılar: “İstedadlı pianoçudur, getsin pianosunu çalsın, şeir yazmasa da olar”. Belə təzyiqlərə tab gətirmək, dözmək...
- Vaqif, nə əcəb atanın şair, yazıçı dostları buna imkan verirdilər?
- Atamın adlarını çəkmək istəmədiyim dostları üç il məni Yazıçılar Birliyinə qəbul etmədilər ki, Səməd Vurğunun oğluyam. Aralarında bir yazıçı var idi, hər dəfə Vəkilov Vaqif Səməd oğlu sənədlərinə baxanda, deyirdi ki, mən belə şair tanımıram.
Əgər təqvimdə 60-cı illər yox, 37-ci il və ya 40-cı illər olsaydı, Sən o illərdən sağ çıxmayacaqdın.
Sən yaradıcılığa düz yolla deyil, öz yolunu axtara-axtara gəldin. Ənənəvi yazmamaq, yeni söz demək, heç kəsə bənzəməyən, özünəməxsus ifadə tərzi ilə seçilmək öz üzərində çaldığın qələbə idi. Saldığın yeni yol idi, orijinal yol idi. Orijinallıq isə ağlın fərdiliyidir. Yeni Azərbaycan şeirinin novatoru oldun
-Yollarla müqayisə etsəm, məsələn, poeziya var ki, xiyabandı, prospektdi. Poeziya var, tutaq ki, çox döngələri olan bir küçədir. Mən poeziyamı meşədə cığıra bənzədərdim. Özüm saldığım cığıra.
1968-ci ildə əl boyda – 1,5 çap vərəqli “Yoldan teleqram” adlı ilk kitabın çap edildi. Böyük çətinliklə, məhdud tirajla. Gənclik dostlarından olan ədəbiyyatşünas İntiqam Qasımzadənin xatirələrindən: “... Kitab çap olunmuşdu. Amma elə bu zaman xəbər gəldi ki, kitabı “həbs ediblər”, tiraj ləğv ediləcək, satışa buraxılmayacaq. Vaqif də, onun dostları da – hamımız qəm dəryasına qərq olmuşduq, ölüsü düşmüş adamlar kimi... Evə qayıdırdım. Hüsü Hacıyev küçəsində (indiki Azərbaycan) kitab köşkünün yanından keçəndə birdən kitabların arasında tanış bir ad gözümə sataşdı: Vaqif Vəkilov “Yoldan teleqram”. 3-ü satılmış, 27-si qalmışdı. Kitabların hamısını aldım. Oradan da düz Vaqifgilə... Sən demə, kitabın dükanlara verilməsinə o zamanlar çox yayılmış “levıy tovar” buraxmaq hərisliyi səbəb olub. Yəni tirajdan artıq çap etdikləri kitabları rəsmi icazə gözləmədən veriblər satışa. Bədxahların ciddi cəhdlərinə baxmayaraq, kitab artıq işıq üzü görmüşdü. “Yuxarıdakı” yoldaşlar da görünür, fikirləşiblər ki, məsələni qəlizləşdirmək xeyir gətirməz onlara, kitabı “həbsdən azad ediblər”.
Kitab ədəbi tənqidin kəskin iradlarına, rəsmi tənqidin şeirlərin formasına, obrazlarına, mövzusuna görə mühafizəkar hücumlarına məruz qaldı.
1972-ci ildə “Günün baxtı” adlı kiçik kitab Sən Bakıda olmayanda çapdan çıxdı. Əslində, kitab böyük olmalı idi, ancaq kəsilib doğranmışdı hansısa redaktor tərəfindən. Üçüncü – “Mən burdayam, İlahi...” kitabının nəşrinə hələ 24 il vardı!
Yaşadığın zamanla poeziyan arasında uçurum var idi. Şeirlərinin həddindən artıq fərdiyyətçiliyi qəbul edilmirdi. Eyni zamanda Allah, Ölüm, Azadlıq, Ayrılıq mövzulu şeirlərin mövcud rejim şəraitində çapı nəinki mümkünsüz idi, onların oxunması belə riskli, yazılması isə daha təhlükəli idi...
Vicdan kirəsi tək gəlir evimə
Qəbzə bənzər, iki dildə qəzetlər.
Xəbərlər haqq-hesab istəyir məndən
Hər səhər, hər səhər, hər gün, hər səhər...
İllərlə üst-üstə yığılır borcum,
Bilmirəm neyləyim, çaşıb qalmışam.
Sönür bu borcların buz nəfəsindən,
Göy üzündə Günəş, otağımda şam...
Zülmət möhürlənmiş bu qəbzlərdən,
Haqqımı nə ilə ödəyim indi?
Deyirlər özün seç, “tebe na vıbor”-
İntihar, qazamat, vətən həsrəti...
Şeirlərini senzuradan qorumaq üçün Sən çap olunmamaq qərarına gəldin. Bu, həm də Sənin protestin idi. Sən mübahisə edib, kiməsə nəyisə sübut etməyi xoşlamırdın. Hansısa redaktorla çənə-boğaza çıxmağa, hansısa senzora başa salmağa, hansısa tənqidçiylə söz güləşdirməyə, hansısa naşı oxucuya şeirin ecazını və sehrini izah etməyə hövsələn çatmırdı. “İnsana verilən enerji potensialı tükənməz deyil. Bu enerjini ya yaradıcılığına sərf etməlisən, ya da yazdıqlarının üzə çıxarılmasına. Bəzən bu iki fəaliyyət sahəsini vəhdət şəklində uyğunlaşdırmaq olur... Vaqif yaradıcılığının bircə səhifəsini də yaradıcılığı nümayiş etdirmək həvəsinə qurban vermədi. Təsəllisini “Şair sözündən qorxan ya cəllad, ya dəlidir” aforizmində tapdı. Öz poetik “mən”ini ana balasını qoruyan kimi qorudu”. (Anar)
Bütün enerjini ancaq yazmağa sərf etdin, nə sözünü, nə düşüncəni mövcud ideologiyaya uyğunlaşdırdın. Tabulardan hər istedad da azad ola bilmir. Sən bacardın. Tərəzinin bir gözünə uğuru, o biri gözünə öz istedadına güvəni, qüruru qoyub, ani şan-şöhrətə, mükafatlara baş əymədin, mərdliklə öz poetik dünyanı qorudun, ona sadiq qaldın. Və susmağı seçdin. Yaza-yaza susdun. Məhrumiyyətlər bahasına başa gəldi bu fədakarlıq.
Susmaq, həmişə susmaq,
ananla söhbət edəndə də,
sevdiyinlə görüşən anda da,
hər an, hər yanda
susmaq, eləcə susmaq...
“Susan şair” ifadəsi Sənin ədəbi taleyinin rəmzinə çevrildi. Bu məşəqqətli yolun tənhalığını yaşaya-yaşaya yazdın.
Ağlama, qələm, ağlama...
Söz yolunun min daşından
Neçə qələm beli sınıb,
Neçə qələm izi yanıb...
- Mən çap olunmamaqla özümü ideoligiyanın dişindən, caynağından qoruya bilmişəm. Bir də ideologiyanın pəncəsində qanı tökülə-tökülə yazılan şeirlərdən...
Çap olunmamaq Sənə müəyyən sərbəstlik verdi, ideya sərbəstliyi, fikir sərbəstliyi. İstədiyini yazdın. Şair kimi öz azadlığını qoruyub saxlaya bildin, dövrünün ən azad, sərbəst şairlərindən oldun. Gündəlikdən: “Şair yalnız öz taleyini yazmalıdır, öz iç aləmini ortaya qoymalıdır. Şair kiminsə ideyasını müdafiə edən, kimlərisə ifadə edən adam olmamalıdır... Nəyi bilirsənsə ondan, necə bacarırsansa, elə yazmalısan. Ancaq öz ağlına, öz dəliliyinə, öz həqiqətinə və yalanına bel bağlamalısan. Nə Tolstoya, nə Fizuliyə, nə Folknerə... Özündən yaxşı heç kəsi tanımırsan bu dünyada. Səndən yaxın adam yoxdu özünə yer üzündə”.
Höte deyirdi ki, ağıllı insan çox bilən deyil, özünü tanıyandır. Sənin bütün Poeziyan özünü tanımaq, öz daxilini anlamaq, onun dərinliklərinə vaqif olmaqdır. Bu Sənin öz həyat yolunda əldə etdiyin təcrübədir, keçdiyin öz yolundur. Çətin yoldur bu... Müdriklərin yoludur bu...
Mən bu insan deyiləm,
Şeirlərdə sözüməm,
Anam olsa da mənim
Məni doğan özüməm...
Həyat yolunla yaradıcılıq yolunun bir-birinə calanıb, hörülmüş olduğu bir ömür sürdün. Keşməkeşli bir yol. Anar necə də (min dəfə) haqlıdır: “Vaqif dövrün ən ağır dərdlərini, məlalını, qəm-qüssəsini içində yaşadan və içində ağlayan şairdir. Vaqif zamanın yaraladığı şairdir”.
Sənin kimi dərdini içində çəkən sakit təbiətli insanın ağrısı özündən qat-qat ağır olur.
...Göy üzü lap quramadır,
Buludları yamaq-yamaq
Bu daş hasara söykənib,
Çətindir, vallah, yaşamaq!
“Ədəbiyyat və incəsənət”
(15.10.2026)


