Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

15—Cİ DƏRC                                                          

  

   – Vaqif, Sən öz yaradıcılığını hansı bəstəkarın musiqisinə bənzədərdin?

  – Bir bəstəkarla məhdudlaşmamışam. Həm klassik, həm caz, həm xalq musiqisi var. Klassiklərdən daha çox rus bəstəkarları Skryabin, Raxmaninov və polyak Şopeni eşitmək olar.

Bilirəm, Sən belə ritorik sualları sevmirsən. Ancaq nə yaxşı ki, soruşdum. Və nə gözəl ki, deyinsən də, cavab verdin sualıma.

Moskvada dolğun bir həyat yaşamısan. Parlaq, son dərəcə maraqlı insanlarla görüşlərin unudulmaz aylar, günlər, anlar bəxş edib Sənə.

- Nazim Hikmətlə Moskvadakı görüşün yadıma düşdü... 

- 1963-cü ilin fevral ayında Moskva Konsevatoriyasında Niyazinin dirijorluğu ilə türk bəstəkarları Adnan Sayqunun III simfoniyası və fortepiano konserti, Camal Erkinin II simfoniyası və skripka ilə orkestr üçün konserti səslənəcəkdi. Mən də o konsertə qulaq asmağa getdim. Foyedə Nazim Hikməti və köməkçisi Əkbər Ağayevi gördüm. Söhbətə yeni başlamışdıq ki, bir qrup rus ziyalısı Nazim Hikmətə yaxınlaşdı. Bu arada Əkbər mənə yavaşca dedi ki, Adnan Sayqun və Nazim Hikmət Türkiyədə dənizçilik məktəbində oxuyublar, uşaqlıq dostu olublar. Konsert başladı. Sayqunun bir əsəri çalındı. Sonra Erkinin fortepiano və orkestr üçün əsərini pianoçu İsaak Juk çaldı. Juk bu əsəri üç günə öyrənmişdi. Konsert yüksək səviyyədə keçdi. Konsertdən sonra mən səhnə arxasına getdim. Niyazini təbrik etməyə. “Ürəyim dağa döndü, Maestro,” - dedim.

Niyazi özünə məxsus əzmlə cavab verdi: “Bəs sən Niyazini nə bilmişdin!”

Niyazi məni Türkiyənin SSRİ-dəki səfirinə, oradakı türk diplomatlarına və əlbəttə, Sayquna və Erkinə təqdim etdi. Bu zaman heç vaxt unuda bilməyəcəyim bir hadisə baş verdi. Otağa Nazim Hikmət daxil oldu. Heç kimə baxmadan Niyaziyə yaxınlaşdı, onu qucaqlayıb təbrik etdi. Mənə: “Gəl gedəlim”, - dedi. Mən onunla çıxmaq istəyəndə Türkiyənin səfiri əsl kişi hərəkəti edərək, dedi: “Sayqun, neçin okul arkadaşınla selamlaşmıyorsun?”

Sayqunla Nazim bunu gözləyirmişlər kimi, bir-birinə sarıldılar və mən türk diplomat xanımlarının xısın-xısın ağladıqlarının şahidi oldum. Sonra Nazim Hikmət Əkbər Ağayevi və məni axşam yeməyinə dəvət etdi. Biz konservatoriyadan çıxaraq Qersen küçəsi ilə üzü aşağı düşərək Karl Marks prospektinə dönüb “Nasional” restoranına getdik. Bütün yol boyu yanımızdan ötən qadınların gözləriylə Nazim Hikməti necə yola saldıqlarını görürdüm. 60 yaşında da olsa, o, diqqət mərkəzində idi. Keçdiyi ömür yolunun əzab-əziyyəti, kədərli yaşantıları onu daha da işıqlı etmişdi sanki... Bu mənim Nazim Hikmətlə son görüşüm idi...

- İlk görüşün Bakıda olub, deyəsən? 

- İlk dəfə Nazim Hikməti 1957-ci ildə atamın ölümündən sonra bizə gələndə gördüm (indiki Səməd Vurğunun ev muzeyinə). İlk növbədə məni və Yusifi - Bakının iki stilyaqasını məftun etmişdi Nazim Hikmətin şıq geyimi. Velvet kepka, yumşaq makasin, boz rəngli palto, boğazında sərbəst düyünlənmiş ipək şarf onun məğrur görkəminə çox yaraşırdı. Mən o zaman konservatoriyanın 2-ci kursunda oxuyurdum. Əziz qonaq üçün Şopenin “3№ Mi major etüdü”nü çaldım. O, məni qucaqladı və soruşdu:

-       Üzeyir Hacıbeyliyi mi yoksa Kara Karayevi mi çok seviyorsun?

-       İkisini də, - deyə cavab verdim.

-        Kendini və toprağını sev, - dedi.

Heç gözləmədiyim cavab... Bizdə olduğu zaman dönə-dönə: “Kendi dilinizde konuşun. Dilinizi koruyun. Azerbaycan türkçesi temizdir, saftır, şirindir...”, - deyirdi.

- Yusifin toyunda da iştirak etmişdi?

- 1960-cı ildə Nazim Hikməti ikinci dəfə gördüm. O, Yusifin toyunda iştirak etməkçün gəlmişdi. Yusif Moskvada Ədəbiyyat İnstitutunda oxuyanda atam onu Nazim Hikmətlə tanış etmişdi. Söhbət əsnasında Nazim Hikmət ondan hansı adla yazacağını soruşub. Yusif də: “Yusif Vəkilov”, - deyib. “O zaman her kes zannedecek ki, russun. Öyleyse babanın adını kendine lakap olaraq al. Yusif Samedoğlu ol” – Nazim deyib. Sonralar mən də oldum Vaqif Səmədoğlu, Emin də Sabitoğlu...

- 1963-cü il, iyun ayının 3-də Nazim Hikmətinqəfil ölüm xəbəri...

- Onunla az görüşdüyüm üçün üzülürəm. Həm də peşmanam, niyə ona şeir yazdığımı demədim. O məni  Səməd Vurğunun oğlu və musiqiçi kimi tanıdı.

- Sənin Nazim Hikmətə ithaf etdiyin şeirlər var...

- Elədi. Uzun zaman onun parlaq, nurlu siması xəyalımdan çıxmadı. Bu duyğularla həmin il ona bu şeiri həsr etdim:

Öləndə neçə yaşın var idi sənin?

Neçə qış, neçə bahar görmüşdün?

Öləndə kimin saman sarısı saçlarının

Qoxusunu eşitdin?

Torpağını gördünmü gözlərini yumanda?

Mavi gözlərinin səması indi yox.

Gecə çökdü gözlərinin səmasına.

Neçə ulduz söndü

mavi gözlərinin

qapanmış gecəsində?

İşığı bizə heç vaxt

çatmayacaq ulduzlar.

Öləndə neçə yaşın var idi sənin?

Yoxsa hələ doğulmamışdın?

 

60-cı illərin ikinci yarısında Azərbaycanda da ədəbiyyat, incəsənət sahəsində çalışan gəncləri bir yerə toplayıb seminarlar təşkil edirdilər. Yaradıcı gənclər ayda 1-2 dəfə Bakının klub və kafelərində yığışır, şeirlər oxuyur, rəssamlar öz əsərlərini göstərir, musiqiçilər çalırdı. Əsasən də caz. Çox maraqlı disputlar keçirilir, söhbətlər olurdu.

Bu işlər o zaman Azərbaycanın komsomol komitəsinin rəhbəri Maqsud Əlizadənin (sonradan o, Tibb İnstitutunun rektoru olarkən qətlə yetirildi) xeyir-duasıyla, Azərbaycan komsomol komitəsində çalışan mərhum Zaur Rüstəmzadənin, İqor Plavskinin (1991-ci ildə ermənilər tərəfindən vurulan vertolyotda həlak olmuşdu) rəhbərliyi ilə keçirilirdi.

Sənin xatirələrindən: “İki dəfə Zuğulbada “Gənclik” pansionatında Gənclərin Ümumrespublika Seminarı keçirildi. Bu seminara yaşlı nəsildən olan yazıçılar, alimlər də dəvət olunmuşdu. Komsomol Komitəsi bizə - gənc bəstəkarların, rəssamların, şair və yazıçıların daxil olduğu qrupa avtobus da ayırmışdı ki, Azərbaycanın rayonlarına gedib, orada çıxışlar edək, yerli ağsaqqallarla görüşək. Hətta bir dəfə bu avtobusla Tiflisə də getdik. Məni və Anarı Gürcüstan TV-yə dəvət etdilər. Məlumdur ki, Sovet dövründə senzurasız heç bir çıxış mümkün deyildi. Ancaq biz Tiflisdə yoxlamasız TV-də canlı çıxış etdik. O illərdə Gürcüstan liberal fikirli yaradıcı gənclərin toplaşdığı məkana çevrilirdi. Bizim seminarlardan sonra Gürcüstanda ilk seminar Bakurianidə keçirilirdi. Bakurianiyə Tiflisdən gedəndə, gənclər darıxmasın deyə, hər avtobusa gürcü qadınları bir neçə şüşə çaxır, konyak, yemək qoyurdular. Bakurianidə mehmanxanada öz nömrəmizə gedəndə mənim qabağımda gürcü yazıçısı Çabua Amiredjibi pilləkənlə qalxırdı. Əlində  hörülmüş qamış içində 60-70 litr çaxır şüşəsi. Güclə aparırdı. Birdən çaxır şüşəsinin qırağı pilləkənin böyrünə dəydi və qıpqırmızı çaxır axmağa başladı. Çabua axan çaxıra baxa-baxa əlacsız halda əllərini yana açıb, rusca ürəyəyatan gürcü ləhcəsində dedi: “Vaqif, doroqoy, lestnisı i stupenki pyut za tvoyo i moyo zdorovye”. (Vaqif, əzizim, pilləkənlər sənin və mənim sağlığıma içirlər)”. 

 

Gənclik illərində Sən həm bığsız olmusan, həm də eynəksiz. Bu görünüşlə Səni xarici aktyorlara bənzədirmişlər. Hətta bir dəfə bununla bağlı maraqlı hadisə də yaşanıb. Sənin xatirələrindən: “Moskvada Macarıstan səfirliyində qəbul var idi. Yaşıl gözlü, qara saçlı, şıltaq, gözəl macar aktrisası İlona Bereş məni bu qəbula dəvət etmişdi. Rüstəm İbrahimbəyov xanımı Şöhrətlə həmin qəbulda idi. Protokola görə, səfir və onun xanımıyla görüşmək üçün öz növbəmizi gözləyirdik. Bizdən qabaqda məşhur rus rejissoru Serqey Qerasimov, xanımı aktrisa Tamara Makarova ilə dayanmışdı. Qerasimov arxaya döndükdə, məni görcək, qollarını açıb: “Oy Tamara, smotri kto u nas v qostyax”, - dedi. (Tamara, bax gör, bizə kim qonaq gəlib). Tamara məni görməyinə ürəkdən sevinib qucaqladı, öpmək üçün üzünü yaxınlaşdırdı. Qerasimov da eyni hərəkəti etdi. Mən isə keyləşmiş halda gülümsəyirdim. Rüstəm İbrahimbəyovun təəccübünün hüdudu yox idi: –“Vaqulya, belə adamlarla oturub-durursan, bizim xəbərimiz yoxdur”. “Mən onu ilk dəfədir canlı görürəm”, - desəm də, deyəsən, Rüstəm mənə inanmadı. Serqey Qerasimov çox guman ki, məni hansısa ərəb ya hind aktyoruna oxşatmışdı”.

Deyirdin, məni ən çox ərəb aktyoru Ömər Şərifə və İtalyanın məşhur teatr və kino aktyoru Vittorio Hassmana bənzədirdilər. Hassmanın teatr aktyoru kimi oyununu Moskvada Kino Evinin səhnəsində görmüşdün. Monopyesdə yaratdığı müxtəlif obrazlar, o cümlədən Hamlet obrazı Sənə çox dərin təsir buraxmışdı. Sən Hassmanın aktyorluq istedadını yüksək qiymətləndirirdin.

...Vittorio Hassman

    olmuşdu Hamlet

    təkbaşına.

Vittorio Hassman 2000-ci ildə 78 yaşında dünyasını dəyişdi. Onun ölüm xəbərini mənə deyəndə səsindəki kədər indi də qulağımdadır...  

Vittorio Hassman mənim də xoşuma gəlirdi. Onu Amerika istehsalı olan “Hərb və sülh” (A.Kuraqin), “Rapsodiya” (skripkaçı P.Bronte) filmlərindəki rollarından tanıyırdım. Bu yaxınlarda Vittorio Hassmanın iştirakıyla “Ötmə” (Bruno) filminə baxdım. Sənin gənclik illərini görməsəm də, fotolarından deyə bilərəm ki, oxşarlıq var imiş...

Ötən illər xarici görünüşünə toxunmuş, bığ, eynək, gümüşü rəngə boyanmış saçlar, dolğunluq əlavə olunmuşdu görkəminə. Bu görünüşdə Sən Strasburqda maraqlı bənzətməylə qarşılaşmısan. Rusiyalı jurnalist Səni Fələstin lideri Mahmud Abbas zənn edərək müsahibə götürmək üçün qabağına qaçıb, mikrofonu Sənə tərəf tutaraq: “Mahmud Abbas...” dedikdə, Sən ona: “Sovsem naoborot (tam əksinə)”, – deyərək, israilli deputatların yaxana taxdıqları Knessetin nişanını göstərmisən...

 

 “Ədəbiyyat və incəsənət”

(12.10.2026)                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.