XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
14—CÜ DƏRC
Qayıdaq 60-cı illərə. Keçən əsrin 60-cı illəri Sənin həyatının mühüm məqamları ilə yadda qaldı. O illər Xruşşovun “mülayimləşmə” dövrünə təsadüf edir.
- Səninçün 60-cı illər nə idi?
- Mənimçün 60-cı illərin əsas qiyməti kimlərinsə o dövrdə yaratdığı romanlar, povestlər, şeirlər, simfoniyalar, rəsm əsərləri deyil, bunlar öz yerində, mənimçün o dövr əsas mahiyyətlə Yeni Zövq yaranan bir zəmin kimi dəyərlidir. Və bu fenomen təkcə Azərbaycanda və o zamankı SSRİ-də yox, bütün dünyada baş verirdi... Azərbaycan 60-cı illər intibahının dünyada baş verən bədii hadisələrin əksəriyyətindən gen düşmədi, bir çox sahələrdə öz sözünü dedi...
“Mülayimləşmə”nin təsiri altında sovet cəmiyyətinin dəyişməsi özünü söz azadlığında, siyasi və ictimai həyatın liberallaşmasında müəyyən qədər büruzə verir, Qərb dünyasına qapıların açılması, yaradıcı fəaliyyətə daha çox azadlığın verilməsiylə xarakterizə olunurdu. Azadlığın az da olsa dadını duyan cəmiyyətdə “samizdat”, dissidentlik yaranırdı. Azad düşüncəli, müstəqil, sərbəst insanlar – şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar və başqa peşə sahibləri yetişirdi. Onlar insanın mənəvi dünyasına daha çox baş vurmağa çalışırdılar. Sən azaddüşüncəli adamların önündə gedənlərdən oldun. Müstəqil düşüncəni, qaynayan azad ruhunu qoruyub, saxlaya bildin.
Anar evdə şeirləri atasına oxudu. Şeirlərinlə elə ilk tanışlıqdan Rəsul Rza Səni şair kimi qəbul etdi. “Mümkündürmü, ilk dəfə əlinə qələm alan bir gənc belə bitkin, müasir təfəkkür və geniş müşahidələrlə zəngin şeirlər yazsın...”. Bu fikirləri Rəsul Rza Sənin haqda “Geniş yollara çıx” adlı məqaləsində yazdı və yeddi şeirinlə birlikdə 1963-cü ildə “Azərbaycan” jurnalında nəşr etdirdi. Bu il Sənin yaradıcılıq yolunun başlanğıcı oldu. Enişli-yoxuşlu bir yol...
“Əgər Rəsul Rza şeirlərimi bəyənməsəydi, mən musiqini atmayacaqdım... Atamın müdrik, yolgöstərən məsləhətlərindən tale məni məhrum etdi. Ancaq xoşbəxt adamam ki, Rəsul Rza mənim əlimdən tutdu ...Məsuliyyət hissi ilə şeir yazmağı mənə Rəsul Rza öz şeirləri, söhbətləri ilə oyrətdi...”
... Azərbaycanda yeni şeirə ədalətsiz münasibət vardı və çəpərləri sındıran Rəsul Rza idi. Rəsul Rza keçən əsrin 60-cı illərində Azərbaycanın gənc şair, yazıçılarına həm arxa oldu, həm də arxasınca apardı. Musiqidə isə bu missiyanı Qara Qarayev yerinə yetirdi. Hər ikisi yeniliyə, modernizmə meyilli adamlar idi. Onların adlarıyla bağlı mənəvi məktəblər yarandı.
İlk dəfə Rəsul Rzanı görməyim yadıma düşdü. Bacım Esmira onun kiçik qızı Təranəylə onillik musiqi məktəbində bir sinifdə oxuyurdu. Sinfin qızları ad günlərində bir-birlərini təbrik edirdilər. Təranənin bir ad günündə, onda üçüncü sinifdə oxuyurdum, bacımla mən də onlara getdim. Kitab pasajının üstündə yerləşən evlərinə. Bacım mənimlə getmək istəməsə də, valideynlərimin təkidiylə onun sinif yoldaşlarıyla yığıncaqlarında mütləq mən də iştirak etməli idim. Rəsul Rza biz olan otağa gəldi, hamıyla salamlaşıb çıxdı. Həmin gündən yadımda aydın qalan bir Rəsul Rzanın təbəssümüdür, bir də özümün geyindiyim zümrüdü paltarım. Qalan hər şey duman içində...
Jurnal çıxanda Sən Bakıda deyildin. Moskva Konservatoriyasına ikiillik təcrübəyə getmişdin. Təcrübə bəhanə idi. Sənə o dövrdə Moskvada olmaq su kimi, hava kimi lazım idi. Moskva mühitiylə nəfəs almaq, maraqlı, azaddüşüncəli yaradıcı insanlarla tanışlıqlar, görüşlər, ünsiyyətlər təsirsiz ötmədi ömründən... 1960-cı illərin əvvəllərində Moskvada gənclər kafeləri yaranırdı. Orada gənclər musiqiyə qulaq asır, rəqs edir, gənc rəssamlar əsərlərini nümayiş etdirir, fikir mübadiləsi aparırdılar. Şeir gecələri keçirilirdi. O illər həm də sevgiylə, böyük ümidlərlə, niyyətlərlə dolu həyat idi...
Moskva küçələrində
on beş, bəlkə iyirmi il
bundan əvvəl, elə bil
ölüm kimi uzun bir yuxudan
oyandım.
Və diksindim oyanan kimi.
Və diksinən kimi
əlimdən düşüb sındı,
çilik-çilik oldu Vətən sözü
Moskvanın küçələrində...
- Sənin Moskva həyatın konservatoriyadan başladı...
- Atamın dostlarından şair Konstantin Simonov tanınmış musiqiçi, müəllim Yakov Vladimiroviç Fliyerə zəng vurub, məni ona tapşırdı. Mən onun yanına gedib, Bethovenin sonatasını və Şopenin etüdünü çaldım. İfama diqqətlə qulaq asan Fliyer mənimlə məşğul olacağını dedi. Məlum idi ki, Fliyer yalnız yüksək səviyyəli musiqiçilərlə məşğul olur və gələcək laureatlar yetişdirirdi.
- Sən öz seçimin haqda professor Fliyerə necə dedin?
- Açıq-aşkar dedim ki, mən şairəm, artıq pianoçu deyiləm və mənə bir müddət Moskvada yaşamaq, oranın ədəbi mühitində olmaq, görüb-götürməkdən ötrü bu təcrübə bir bəhanədir. Şükür, Fliyer məni başa düşdü. Ancaq öz sözünü də dedi: “U vas na Vostoke etoqo dobra – poetov xvataet! A xoroşix pionistov s takimi rukami – malo...” (Sizin Şərqdə şair çoxdur, amma belə əlləri olan pianoçular azdır...).
Səni başa düşdüyünə görə Fliyeri minnətdarlıq hissiylə yad edirsən.
- Vaqif, bəs Sən heç bir dərsdə iştirak etmədin?
- Moskva konservatoriyasındakı fortepiano dərslərinə icazə alıb girmək, sakit-kirimiş oturub, kənardan qulaq asmaq, seyr etmək səadətdir! Qoca Henrix Neyqauzun gözəl, məharətli rejissor, parlaq aktyor kimi iştirak etdiyi tamaşalar idi bu dərslər. Yakov Fliyerin dərsin ilk dəqiqəsindən tələbəni tam səhnə, müsabiqə səfərbərliyinə hazırlaması, maddi cəhətdən ən imkansız şagirdini belə əynindəki nimdaş pencəyi əla biçilib tikilmiş frak kimi duymağa alışdırması...
Qoca Henrix Neyqauza şeir də həsr etmisən.
Otağımda Şopen...
İndi gedin,
indi uzaqdan güdün,
son günümün
son nəfəsimi.
Bir də yaşamaq istəyən
insan həvəsini.
Bu kiçik noktürn
səslənənədək,
mən də, ömrüm də
ikimiz də tək,
verib baş-başa,
yavaş-yavaş
yaşayacağıq yer üzündə.
Yer üzünün
titrəyən dizində...
- Yəqin adi dinləyiciyə də Moskva konservatoriyası çox şey verir?
- Əlbəttə. Təəssüf ki, mən bu xoşbəxt anların yalnız müşahidəçisi olurdum. Ancaq sadəcə oranın dəhlizlərində addımlayanda adama bəzən qəribə bir hiss, qeyri-adi duyğu hakim olur: bu parketə axı Çaykovski, Raxmaninov, Skryabin, Rixter, Gilels ayaq basıb! Hər dəfə o konservatoriyadan çıxıb, qaldığım yerə, əsasən Ədəbiyyat İnstitutunun yataqxanasına gələndə, açıq-aşkar bir planetdən o birinə keçdiyimi görürdüm. Raketlə kosmik gəmidə yox, 13 nömrəli trolleybusda...
- Ədəbiyyat İnstitutunun yataqxanasına Moskva ədəbi mühitinə yaxın olmaqçün düzəlmişdin?
- Əlbəttə. Mən orda Fikrət Qocayla, Maqsud İbrahimbəyovla, Azər Mustafazadəylə, rus ədəbiyyatının sonradan parlayan istedadlı yazıçıları Vasiliy Belovla, Valentin Rasputinlə, Viktor Astafyev və başqalarıyla tanış olub, ünsiyyət qurdum. Orada müxtəlif yığıncaqlar olurdu, müxtəlif mövzularda diskussiyalar keçirilirdi. Belə məclislər daha çox o illər Moskvada təhsil alan Maqsud İbrahimbəyov və Anarın evində olardı. Maqsud yataqxanada qalırdı, Anar isə yoldaşı Zemfira xanımla kirayə birotaqlı evdə yaşayırdı. Anargil ayda bir dəfə mənzillərində dost məclisləri qurur, bu məclislərdə İvan Draç, Amiran Çiçinadze, İlya Averbax, Yuri Klepikov, Alla Axundova, Manana Andronnikova, Yunna Moris kimi azadlıqsevər şəxsiyyətlərlə saatlarla müxtəlif mövzularda ciddi, mənalı söhbətlər gedirdi. Həmişə qonaqpərvər Zemfira xanım bizə ana qayğısı göstərirdi. Mən özüm tez-tez işlərimi bitirən kimi özümü verirdim Anargilə. Onların yeməklərinə şərik çıxırdım. Ona görə mən Zemfira xanıma “mamaşa” deyirdim...”.
Zemfira xanım “Ardı yaşanılır” xatirələr kitabında yazır: “Bizim ailə üçün son illərin ağır itkilərindən gənclik dostumuz, yoldaşımız Vaqif Səmədoğlunun dünyasını dəyişməsi oldu. Biz ona “Vaqulya” deyirdik. O isə mənə “Mamaşa”... Vaqulya Moskvada bizim tutduğumuz evin sahibi ilə razılığa gəlmişdi ki, onların royalında gəlib məşq etsin. O, Bethovenin “Apposionata”sını çalarkən, ev yiyəsi yaşlı qadın Larisa divanda oturub, ona qulaq asmağı çox sevərdi, fikrə dalardı, deyərdi ki, gəncliyi yadına düşür. Demə, cavanlığında Vadim adlı gənci sevirmiş, o da deyəsən, pianoçu imiş... Vaqulya cazı da çox sevərdi.Onun özünün caz nümunələrini ifa etməyi yadıma düşür, fortepianoda çaldığı “Reqtaym”ı və “Bassanova”sı indi də qulağımdadır... Heyif Vaqulyadan. Onun yeri həm bu gün görünür, həm də sabah görünəcək... Ondan sonra mənə “mamaşa” deyən olmayıb, yəqin olmayacaq da...”.
Bu ailənin Günelinin – uşaqlıqdan gözünün önündə böyüyən, ciddiliyinə, məsuliyyətliyinə qiymət verdiyin, ilk yaradıcılıq addımlarına dəstək olduğun, uğurlarına ürəkdən sevindiyin Günel (Anarqızının) Vaqif əmisinə - (Vaqif Səmədoğluna) olan sevgisi, ehtiramı Sənə həsr etdiyi təsirli ithafda da özünü göstərir: “...Uşaqlıqdan bəri tanıdığım, şeirləri və pyesləri ilə böyüdüyüm, evimizin hər zaman ən əziz qonağı olan, sevdiyim və mənəvi ata kimi qəbul etdiyim nəhəng bir adam üç gün öncə dünyasını dəyişdi... Bütün bu günlər özümə yer tapa bilmədiyimdən hisslərimi nə burada, nə də başqa haradasa ifadə edə bildim... Bu miqyasda adamlar həyatdan köçəndə demə, belə olurmuş...”.
Ömür yolu açıq yoldur,
nə getdi, getdi...
Əlində bir gün də qalmır,
nə itdi, itdi...
Bu dünya dəmyə dünyadır,
nə bitdi, bitdi...
1964-cü ildə Sən Moskvadan Bakıya qayıdırsan...
- Moskvadan sonra Bakı konservatoriyasında səkkiz il (1964-1972) dərs dedin. Məgər iki sənətdə paralel şəkildə vahid ömür sürə bilməzdin?
- Bəlkə də olardı. Mən bunu bacarmadım...
Gündəliyindən peşmanlıq hissi keçirdiyini oxuyuram: “Son dərəcə sevdiyim musiqini, fərdi ifaçılığımı poeziyaya qurban verdim...”
- Gözəllik qanununa tabe olan musiqinin cazibəsindən qurtulmaq mümkün deyil. Sən də qurtula bilmədin...
- Musiqiyə “əlvida” dedim. Ancaq bu xülya idi... Musiqidən nə ayrılmaq mümkündür, nə də ondan azad olmaq. Və bu insandan asılı deyil, burada öz sözünü musiqi deyir, sonsuz, yenilməz iradəsini ortaya qoyur. Musiqi Azadlıq Məhbəsidir. Ona məhkum olan insanların cəzası isə ömürlükdür...
Şopenhauer deyirdi ki, musiqiyə qulaq asdıqdan sonra yenə deyilməmiş, yarımçıq, kifayətlənmədiyin nəsə qalır. Bəlkə belə fikirlər Sənin də içində dolaşıb, musiqiylə tam deyə bilmədiyini sözlə, şeirlə ifadə etmək istəmisən...
Deyəsən bu musiqi
Bramsdan qalıb,
bəlkə Malerdən...
Bir vaxt itib yox ola bilirdim
bu səslərin, akkordların içində,
görünməzə dönürdüm
sonuncu tonikaya qədər...
İndi
ya son tonikadan başlanır
günlərin musiqisi,
ya da son akkord
heç bir vaxt səslənməyəcək
bir musiqiyə dönür ömür...
“Ədəbiyyat və incəsənət”
(09.10.2026)


