XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
11-Cİ DƏRC
Atam evlənəndən sonra nənəm öz sevgisini onun ailəsinə verdi. Gəncədəki ev-eşiyini, həyət-bacasını qoyub (orada böyük oğlu ailəsiylə yaşayırdı), ömrünün sonuna kimi bizimlə Bakıda yaşadı. İlk gündən ev işlərində anama yardımçı oldu zəhmətsevər, təmizkar, əldən iti nənəm. Uşaqlıqdan nənəmdən eşitdiyim “Evini təmiz saxla, qəfil qonaq gələr, özünü təmiz saxla, qəfil ölüm gələr” sözləri sırğa kimi qulağımda qalıb.
Nənəmin bir sandıqçası vardı. Paltarlarını, əşyalarını səliqə-sahmanla yığardı ora. Sandıqçasını açanda paltarlarının arasına qoyduğu ətirlərin iyi vurardı adamı. Atamın ona verdiyi pulları yığar, ürəyi istədiyi şeyləri aldırardı. O puldan bizə – nəvələrinə də atamdan xəbərsiz verərdi. Televizora baxmağı yaman xoşlayırdı nənəm. Xüsusən də, özünün dediyi kimi, “külfət filmlərinə”. Rus dilini bilməsə də, filmi yaxşı başa düşür, aktyorları tanıyır, hətta onların oynadıqları rolları belə sadalayırdı. Hansısa filmdə II Nikolayı görəndə, əzizini görürmüş kimi, əlini sinəsinə vurub, sevinc dolu bir səslə: “Çar Nikolay”, – deyirdi. Lenindən zəndeyi-zəhləsi gedir, onu Gəncədə yaşayan hansısa Kor Musaya oxşadır, balalarının sevdiyi “Evimizi yıxan Lenin baba, a lay-lay...” havasını yadına salır, uşaqların bu laylasız yatmadığını deyirdi.
Nənəm ildə bir-iki aylıq Gəncəyə gedər, orada yaşayan nəvə-nəticələri, qohum-əqrabasıyla görüşərdi. Uşaq vaxtı mən də nənəmlə yayda Gəncəyə gedər, buradan vurub oradan çıxardım. Nənəm hökmlü qadın olsa da, bizə – kiçik oğlunun balalarına qarşı çox mehriban, qayğıkeş idi, bir sözlə, əsl Nənə! Nənəmin zəhləsi getdiyi bir şey vardısa, o da yaş söhbətiydi. Yaşı çoxaldıqca, bu cür söhbətlər onu daha da qıcıqlandırırdı. Yaşını soruşana: “Qadan alım, sizin mənim yaşımda-başımda nə işiniz var? Allah verən ömürdür, nə vaxt lazım bilsə, onda da alacaq”, – deyə söylənərdi. Bəlkə də vaxtsız ölmüş oğul, qız dərdi nənəmi öz yaşından utandırır, yaş söhbətinin ona qınaq olduğunu düşündüyündən ölüm-həyat məsələlərinin insandan asılı olmamasını vurğulamaqla öz yaşına haqq qazandırırdı. Nənəm 92 yaşında dünyasını dəyişdi. Zehni, hafizəsi yerində. Son gününə kimi özünü yük etmək istəmədi ailəsinə. Qulluq göstərənə yüz dəfə “sağ ol” dedi, dualar etdi. Məni atama tapşırmağa macal da tapdı nənəm: “Nüşabə amanatı”. Atamı kövrəltmişdi nənəmin bu vəsiyyəti. “Anam mənə öz övladımı tapşırdı...”. Çoxlu adam yığıldı Gəncədən, Bakıdan. Onlar böyük nəslin ağbirçəyini yola salmağa gəlmişdilər. Türkiyədən teleqramlar, zənglər oldu. Atam dedi: “Evimin bərəkəti getdi...”. Nənəm qardaşları Mir İsmayıl və Mir Davudla bir ildə dünyasını dəyişdi. Onların ölümünü nənəm yuxusunda görmüşdü. Bu xəbəri atam ondan gizlətsə də, nənəm öz yuxusuna inanmışdı...
Nənəm qara kəlağayıda yadıma düşür. Ağ birçəkli, üzü nurlu Nənəm, müdrik baxışlı, qürurlu Nənəm. Namazlı, ağzı dualı Nənəm. Gəncə, Hacıkənd, Xoşbulaq günlərimli Nənəm. Vulkanlı, çiskinli Nənəm. Göz qırpımında dumanlarda itən Nənəm düşür yadıma.
Öz atasını erkən yaşlarında itirən atam bacarıqlı, qətiyyətli, məsuliyyətli bir şəxsiyyət kimi yetişmişdi. Ailə onunçün birinci yerdə idi. Onunla dərdsiz-sərsiz yaşayırdıq. Atam qohumların da işinə yarıyır, onlara əl tuturdu. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) tamamlayıb, ixtisasca iqtisadçı olsa da, məsul vəzifələrdə çalışsa da, bütün ruhuyla incəsənət adamıydı atam. Yaraşıqlı barmaqları vardı. Uzun, nazik. Atamın xəttinə söz ola bilməzdi. Hərfləri ağ kağızın üzərinə nəqqaş kimi düzürdü. Bu da ona babası Hacı Seyid Əhməd ağadan keçmişdi yəqin. Atamın musiqi duyumu da çox yüksək idi, gözəl nitq qabiliyyəti vardı. O, Gəncə musiqi məktəbində Fikrət Əmirovla bir yerdə oxumuş, violonçel sinfində təhsil almışdı. Böyük Vətən müharibəsi başlamasaydı, bəlkə də atam rejissor olardı (ancaq o zaman o, mənim atam olmazdı). O, Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutuna qəbul edilmişdi. İmtahan götürənlər arasında böyük rejissor Ejzenşteyn də varmış. İmtahanda atam Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən Kefli İskəndərin monoloqunu söyləyib. Onun ifasını maqnitofonda dinləmişdim. O maqnitofon yazısına qulaq asanda nədənsə anam əsəbiləşərdi. Böyük Vətən müharibəsinin başlanması çoxları kimi atamın da taleyini dəyişdi. Atam çox igid adam idi. Müharibə zamanı yaralanmış, kontuziya olmuşdu. Çoxlu medalları, ordeni vardı. Ancaq müharibədən danışmağı xoşlamırdı. 9 May onun sevdiyi gün idi. Atamın bəlkə də ürəyində qalan incəsənət adamı olmaq arzusundan irəli gəlirdi ki, üç övladını – qardaşımı, bacımı və məni musiqiçi görmək istəyirdi. Qardaşım Mobil və bacım Esmira konservatoriyanın nəzdindəki musiqi məktəbində (indiki Bülbül adına musiqi məktəbində), sonra konservatoriyada – qardaşım bəstəkarlıq üzrə Cövdət Hacıyevin sinfində, bacım viola (alt) bölməsində Rəşid Seyidzadənin sinfində təhsil alıblar. Konservatoriyanı bitirib professional musiqiçi oldular. Onların hər ikisi Azərbaycanın fəxri adlarını daşıyır. Məni konservatoriyanın nəzdindəki musiqi məktəbinə violonçel sinfinə götürmək istədikdə, atam razılaşmadı, 2 nömrəli yeddiillik musiqi məktəbinin fortepiano sinfinə yazdırdı. Bu musiqi ocağına o zaman Üzeyir Hacıbəyovun tələbəsi olmuş Fatma xanımın Səmədova rəhbərlik edirdi. Orta təhsil aldığım 190 nömrəli məktəbdə (o dövrdə tanınan, ilk ordenli məktəb idi) 2-ci sinifdən fars dili keçməyim, mənim gələcək ixtisas seçimimi təyin etdi, musiqi müəllimim və atam mənim musiqi təhsilimi davam etdirməyimi istəsələr də. Anamın arzusu məni həkim görmək idi. Nənəm də onun istəyinə qoşulub: “Hə, sənin boy-buxununa ağ xalat çox yaraşar”, – deyirdi. Mən isə öz seçimimdə israrlı idim. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars bölməsinə daxil oldum, universiteti uğurla bitirdim. Diplom rəhbərim mərhum professor Mübariz Əlizadə mənə “Fars ədəbiyyatı” kafedrasında qalıb, diplom işimi genişləndirərək namizədlik dissertasiyası kimi müdafiə etməyi təklif etdi. Mövzum da müasir İran şairi Karonun yaradıcılığı haqqında idi. O zaman daha böyük arzular içində çapaladığımdan, razı olmadım...
Ürəyimcə olmasa da, mənim ilk iş yerim AzSSR EA-nın (indiki AMEA) Fəlsəfə və Hüquq İnstitutunda Estetika və Etika şöbəsi oldu. Bu işə məni o illər qohumluq münasibətində olduğum saf qəlbli, saf əqidəli, əslən polyak olan istedadlı sənətşünas Natalya Mixaylovna Miklaşevskaya gətirdi. Elmlər Akademiyasının Arxitektura və İncəsənət İnstitutunda çalışan incəsənət elmləri doktoru Natalya Mixaylovna bütün yaradıcılığını Azərbaycanın təsviri incəsənətinin tədqiqi və təbliğinə həsr etmişdi. Onun XIX əsrin ikinci yarısının məşhur sənətkarları Mirzə Kazım İrəvani və Mir Mövsüm Nəvvabın yaradıcılığına dair əsərləri bu tədqiqat işlərinin gözəl bəhrəsi idi. Natalya Mixaylovnanın özünün akvarellə çəkdiyi maraqlı rəsmlərindən biri – “Güllər” əsəri illərdir evimizin divarını bəzəyir.
O zaman Estetika və Etika şöbəsinə Şükufə Mirzəyeva rəhbərlik edirdi. Kürən saçlı, mavi gözlü, itisözlü Şükufə xanım əslən Qarabağdan, Şuşadan idi. O, Şərqdə fəlsəfə elmləri doktoru adını qazanan ilk alim qadındır. Geniş və zəngin dünyagörüşlü bu iddialı xanım hekayələr, pyeslər də yazırdı. Hötenin “Faust”unu yazıldığı dildə, almanca oxumasından qürur duyurdu. Şükufə xanım böyük alim, filosof mərhum Heydər Camalın bibisi idi. Bakıda ucalan “Azad qadın” heykəlini həyat yoldaşı, görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun onun canlı obrazından yaratdığını fəxrlə söyləyirdi. Fuad Əbdürrəhmanov sovet monumental heykəltəraşlığının əsasını qoyanlardan idi. Onun özünü görməsəm də, yaratdığı dərin məzmunlu əsərlərinə baxmaq kifayətdir ki, bu böyük sənətkara ehtiram duyasan. Əbdürrəhmanovun ucaltdığı abidələr dünyanın müxtəlif şəhərlərində özünə yer tapıb. Yadımdadır, tələbə vaxtı Düşənbədə praktikada olarkən, taciklər bizə IX-X əsr Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Rudəkinin əzəmətli heykəlinin müəllifinin həmyerlimiz Fuad Əbdürrəhmanov olduğunu deyəndə çox qürurlanmışdıq. Sükufə xanım da Fuad Əbdürrəhmanov kimi dünyasını vaxtsız dəyişdi. Mən hər dəfə I Fəxri xiyabanda Fuad Əbdürrəhmanovun qəbri önündən keçəndə qəribə bir sıxıntı keçirirəm. Möhtəşəm heykəllər simfoniyası yaradan bu böyük heykəltəraşın özünün niyə qəbirüstü heykəli olmasın, muzeyi olmasın?
Estetika və Etika şöbəsində Babək Qurbanov (şair Osman Sarıvəllinin oğlu), Rəhman Bədəlov da çalışırdı. Sən demə, Rəhman Bədəlov Sənin gənclik dostlarından olub. Babəklə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində bir sinifdə təhsil almısan. Dostluğunuz olub, sonra yollarınız ayrılıb. Bunları mən çox sonralar bildim. Nədən ayrıldığınızı bilmədim. Məktəb illərindən Babəklə birgə şəkliniz qalıb. Bir də Səninlə bağlı Babəkin kövrək duyğuları hopmuş o illərin işıqlı xatirələri...
Babək Qurbanovla 2016-ci ildə Səməd Vurğunun ev muzeyində görüşdük. Bu görüşdə filoloq alim, Sənin yaradıcılığın haqda ilk namizədlik dissertasiyası yazan, şeirlərini əzbər bilən, ədalətsevər İradə xanım Musayeva da iştirak edirdi. “60-cılar” mövzusunda maraqlı söhbət alındı. Söhbət qısadılmış şəkildə “Kaspi” qəzetində çap edildi (3 sentyabr, 2016).
Babək atası Osman Sarıvəllinin portretini muzeyə bağışladı. Portret Qazaxda Poeziya Evinin divarından asılıb. Babək Bakıya məzuniyyətə gəlmişdi. Son illər Türkiyədə Qaziəntəp Türk Musiqisi Konservatoriyasının professoru idi. Tanınmış alim, fəlsəfə elmləri doktoru Babək Qurbanov Azərbaycan musiqi mədəniyyətinin fəlsəfi tədqiqinə aid fundamental əsərlər müəllifidir. 2019-cu ildə Babəkin ölüm xəbərini eşitdim. Gözümün önünə onun təvazökar, mədəni, alicənab siması gəldi...
Mən iki il Şükufə xanımın şöbəsində işlədikdən sonra Şərqşünaslıq İnstitutunun əyani şöbəsinin aspirantı oldum. Sonra uğursuzluqlar dalğası üstümü örtdü, həm şəxsi həyatımda, həm də işlədiyim sahədə. Boğulmadım, üzüb, sahilsiz Əfqanıstana gedib çıxdım. Sonra qayıtdım. Və həyatımda yeni fəsil başladı...
“Ədəbiyyat və incəsənət”
(06.10.2026)


