Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

10-CU DƏRC                                                          

 

Müsbət fikirlər eşitmişdin atamı tanıyanlardan, özüylə şəxsən tanış ola bilmədiyin üçün heyifsilənirdin. Atam gəncəli olmasıyla fəxr edirdi. Bizim Gəncədəki baba evimiz Ozan məhəlləsində idi. Sərdar bağının (indiki Xan bağı) yanında. Atamın atası Qara bəy tacir olub. Atam on beş yaşında olarkən o, dünyasını dəyişib. Nənəm Püstəbəyim həyatında xeyli itki yaşamışdı. Ər, oğul, qız... Keçən əsrin 20-ci illərin sonlarında nənəmin çox bağlı olduğu bacı-qardaşları Azərbaycanı tərk etmək məcburiyyətində qalıblar. Nənəm 35 il onların həsrətləriylə yaşadı. Yalnız 1966-cı ildə Türkiyədə onlara qovuşa bildi.              

Nənəmin valideynləri Gəncənin adlı-sanlı nəslindən olub. Gəncədə vəqflər müdiri olmuş, atası Hacı Seyid Əhməd ağa Talışxanlı nəslindən olmaqla, kökü Ərdəbildən idi. Anası Minabəyim xanım Xanbudaqova çox zəngin ailənin qızı olub. Nənəm Püstəbəyim danışırdı ki, anası Minabəyimə Seyid Əhməd ağanın ailəsi elçi düşəndə onun zəhmli atası Böyükağa bəy Xanbudaqov onlara rədd cavabı verib. Ancaq səhəri gün yuxudan durar-durmaz Böyükağa bəyin nökərləri tez-tələsik bazara göndərməsi, evdəkilərə: “Hazırlıq görün, dünənki elçiləri də geri çağırın, qızı verirəm”, – deməsi hamıda çaşqınlıq yaradıb. Sonra, o, gecə gördüyü dəhşətli yuxunu danışıb. Yuxuda ona “Sən o cür mömin, nəcib ailənin qəlbini sındırdığın üçün bütün nəslin qırılacaq”, – deyiblər. Beləcə, Xanbudaqov və Talışxanlı nəsillərini bir-birinə qatıb yoğuran bir yuxu yüzlərlə bir-birindən fərqlı, bir-birinə oxşar, müxtəlif taleli insanların dünyaya gəlməsinə səbəb olub.

Minabəyim xanımla Mir Hacı Seyid Əhməd ağanın ailəsində beş uşaq dünyaya gəlib: nənəm Püstəbəyim, Mir İsmayıl, Ülkərbəyim, Mir Davud və Balacabəyim. Əhməd ağa bütün uşaqlarının doğum tarixini “Quran” kitabının cildindəki boş səhifədə qeyd edirmiş. Bunun da əsasında doğum şəhadətnaməsi alınırmış. Hacı Seyid Əhməd ağa böyük maraq dairəsinə malik geniş dünyagörüşlü, yaradıcı bir insan olub. Rəssamlığı, xəttatlığı olub. Foto həvəskarı imiş. Mütaliə etməyi çox sevirmiş. Yağlı boya ilə çəkilmiş əsərləri çox təəssüf ki, Gəncədə it-bata düşüb. Yalnız karandaşla çəkdiyi, 1911-ci ilə aid Gəncə tarixində önəmli rol oynamış özəl insanların  portretlərindən ibarət rəsm dəftəri qorunub saxlanılıb. Oğlu Mir İsmayıl Azərbaycanı tərk edəndə bu rəsm dəftərini özüylə götürüb.

O, üç dəfə Həcc ziyarətində olub. Bu ziyarətlərin birindən geri dönəndə İstanbulda fotoaparat (çox güman ki, bu, 1900-cü ildə dünyada çox məşhur olan “Brownie” fotoaparatı olub) və teleskop alıb. Evinin damında quraşdırdığı teleskopla ulduzları, göy cisimlərini izləyirmiş. Cəmi 47 il ömr sürmüş Hacı Seyid Əhməd ağa 1917-ci ildə vəfat edib və İmamzadədə ata-babasının yanında dəfn olunub. Hacı Seyid Əhməd ağa özünün elmə, texnikaya olan böyük marağını oğul övladlarına aşılaya bilib. Onlar ali təhsilli mühəndis səviyyəsinə yüksəliblər. Mir İsmayıl Seyidzadə Berlində Şarlottenburq Texniki Universitetini bitirərək yüksək elektrik mühəndisi diplomunu (1924), Mir Davud Seyidzadə Karlsruhe Texniki Universitetini bitirərək maşın mühəndisliyi diplomunu (1936) alıb. Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. Yeri gəlmişkən, Azərbaycan Cümhuriyyətinin  Baş  naziri Nəsib bəy Yusifbəyli nənəmin xalası oğludur.

Mir İsmayıl Berlində sevib evləndiyi Helena adlı alman qızı (gəldiyi ilk gündən qohumlar tərəfindən sevilən Helenanı nənəmgil Azərbaycansayağı Leyla deyə çağırmış və ömrünün sonuna kimi o, bu adı daşımışdı) və yenicə doğulmuş Nuri adında oğlu ilə 1920-ci illərin sonlarında sovet rejimindən qaçaraq Türkiyəyə sığınıb. Sonradan qardaşı Mir Davud və bacısı Ülkərbəyim də ailəsiylə Azərbaycanı tərk edərək, Türkiyədə məskunlaşıblar. Türkiyə vətəndaşlığı aldıqdan sonra hər iki qardaş Saryal soyadını qəbul ediblər. (Saryal – Gəncə yaxınlığındakı Sarı yal dağının adından götürülüb).

Mir İsmayıl Ankarada Elektrik və Havaqazı fabrikində baş mühəndis vəzifəsində çalışıb. Mir Davud İzmirdə Cer Atolyesində müdir, Ülkərbəyimin böyük oğlu Nurəddin Xəzər “Ziraat bankı”nda baş direktorun müavini vəzifəsinə kimi yüksəliblər. Nurəddin bəy “Ziraat bankı”nın tarixinə dair böyük həcmli, sanballı bir kitab yazıb.

Mir İsmayılın yeganə oğlu, maşın mühəndisliyi diplomu alan Nuri Saryal bu sahədə böyük nailiyyətlər əldə edib, Türkiyənin, Almaniyanın tanınmış alimlərindən biri olub. Nuri bəy Türkiyədə ilk hərbi raket ixtira edənlərdəndir. Böyük zəka və bilik sahibi olan Nuri bəy Ankarada Orta Doğu Texniki Universitetini yaradanlardan olub, bir müddət bu universitetin rektoru vəzifəsində çalışıb. Nuri bəy Türkiyədə böyüsə də, onun Azərbaycana, ata yurduna olan məhəbbəti sonsuz idi. İki dəfə rəsmi dəvətlə Azərbaycanda olub. İlk gəlişində Bakıda anadan olduğu evi tapdı, Gəncəyə – ata yurduna getdi. Gəncəni çox bəyəndi Nuri bəy, Bakıdan çox. “Gəncənin öz siması var”, – dedi. 

1991-ci ildə mən Türkiyədə Nuri bəylə Nəriman xanımın qonağı oldum. İlk növbədə Ankarada Mir İsmayıl bəylə Leyla xanımın, Mir Davud bəyin, Ülkərbəyimin qəbirlərini ziyarət etdim. Barələrində çox eşitdiyim, görmək istədiyim, ancaq görə bilmədiyim insanların. Düzdür, Ülkərbəyim xanımı görmüşdüm, kiçik oğlu Altay Xəzərlə Bakıda, bizdə qonaq olanda.                       

Nuri bəy ailəsiylə atası Mir İsmayıl Saryalın Ankaranın mərkəzində öz layihəsi əsasında tikdirdiyi dördmərtəbəli evdə yaşayırdı. O, binanın bir divarını Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağına olan sadiqliyinin rəmzi kimi üçrəngli (göy, qırmızı, yaşıl) enli zolaq şəklində hördürüb. Qonşuluqda yaşayanlar bu üçrəngli zolağı binanın bəzəyi sanıb, öz evlərinin divarını da bu cür hördürmüşlər. Və Ankaranın o məhəlləsində üçrəngli zolaqları olan binaların sayı artıb. O qonşular haradan bilərdilər ki, bu evin yiyəsinin – sovet rejiminin caynağından qurtulmaq üçün məmləkətini tərk etməyə məcbur olmuş Mir İsmayılın içində bir vətən həsrəti yaşayır və evinin divarına hördürdüyü Azərbaycan bayrağı onun üçün bir təsəllidir. Vətən həsrəti Mir İsmayılı və onun kimi bir neçə dostunu Azərbaycan Kültür Dərnəyini yaratmağa həvəsləndirib (1948). Ayrılıq da, qürbət də xəstəlikdir, yoluxucu azardır ikisi də...

Otağında yaratdığı Azərbaycan guşəsi Mir İsmayılın rahatlıq tapdığı yer idi. Guşədə şüşə qabda bir ovuc vətən torpağı saxlayırdı. Bu torpaq onun vəsiyyətinə görə dünyasını dəyişəndə məzarına tökülmüşdü. Orada saatlarla oturar, divara vurulmuş Bakının Dağüstü parkdan çəkilmiş mənzərəsinə baxar, xəyallara dalardı. Azərbaycan bəstəkarlarının vallarına qulaq asmaq, radioda Azərbaycanla bağlı xəbərləri dinləmək gündəlik ehtiyaca çevrilmışdi onun üçün. Dodaqaltı Azərbaycan mahnısını (son illər “...hər bir dərddən olar yaman ayrılıq” mahnısını) zümzümə edər, bu zaman gözlərindən axıtdığı göz yaşlarını bir kəs görməsin deyə, tez silərdi. Bəzən sevgi yoluxucu olur. Onun da Azərbaycan sevgisinə ailə üzvləri, dost-tanışlar yoluxmuşdu. Evinin divarları bu sevgiylə nəfəs alırdı. Ayda bir dəfə Saryalgilin evində məclis qurular, Ankarada yaşayan azərbaycanlılar bu məclisə yığışar, yad edərdilər vətəndə qalan ailələrini, sevdiklərini, yaxınlarını...

Saryal ailəsi Türkiyədə tanınan-seçilən ailədir. Azərbaycandan gələn musiqiçi, alim, ədəbiyyat adamları Saryal ailəsinin mütləq qonağı olurdu. Niyazi, Lütfiyar İmanov, İbrahim Topçubaşov, Ziya Bünyadov, Emin Sabitoğlu və başqa bu kimi tanınmışlar. Niyaziylə Nuri Saryalın çox sıx, davamlı münasibətləri yaranmışdı. Babasının yaratdığı bu ənənəni bu gün istiqanlı, Azərbaycana hədsiz bağlı olan Nilgün xanım davam etdirir.

Ankarada mən başqa qohumlarla, maraqlı şəxslərlə tanış oldum. Azərbaycanın İstiqlal mücadiləsinin öndərlərindən olan, Azərbaycan Kültür Dərnəyinin başkanı Mehmet Kəngərli ilə görüşümüz oldu. Bakıya dönmək ərəfəsində o, mənə Türkiyədə çıxan bir qəzet verdi (əfsus, qəzetin adı yadımda deyil). Qəzetin qatlanmış hissəsində Heydər Əliyevin şəkli, altında məqalə vardı. Mehmet bəy xahiş etdi ki, bu qəzeti və Türkiyədə yaşayan azərbaycanlıların salamını, ürək sözlərini Heydər Əliyevin özünə çatdırım. Bakıda qəzeti və soydaşlarımızın ürək sözlərini şəxsən Heydər Əliyeva çatdırmağı çalışdığım Şərqşünaslıq İnstitunun direktoru, eyni zamanda, Heydər Əliyevin qudası, mərhum professor Aida xanım İmanquliyevadan (Aida xanımın kiçik qızı Mehriban xanım İlham Əliyevin həyat yoldaşıdır) xahiş etdim. Qəzeti özümün verməyim üçün Aida xanımdan Heydər Əliyevin yerini soruşmağa çəkindim.     

İstanbulda Nuri bəy və Nəriman xanımla başqa bir qohumun, Şəfiqə Qasprinskaya və Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanımın görüşünə getdim. Yataq xəstəsi olmasına baxmayaraq, görüşməyə razılıq vermişdi Zöhrə xanım. O, anası Şəfiqə xanımın nənəmlə, atamla 1960-cı illərin ortalarında olan görüşlərindən həyəcansız danışa bilmirdi.

Xatırlayıram, 1965-ci ildə Gəncəyə, Ozan məhəlləsinə nənəmin adına Türkiyədən məktub gəlmişdi. Bu ünvanda nənəmin böyük oğlu – əmim yaşayırdı. Əmim təcili atamı Gəncəyə çağırtdırdı. Atam Gəncədən yaxşı əhval-ruhiyyədə döndü. Bağlı qapı arxasında atam, anam, nənəm söhbət etdilər. Otaqdan çıxanda anamla nənəmin ağlamsınmış gözləri gülürdü. Nənəmin sönmüş gözlərində həyat qığılcımının görünməsi bizim ailəyə gözlənilməz, hansısa xoş xəbərin gəlməsindən xəbər verirdi. Nənəm namaz qılanda həmişəkindən daha çox dualar edir, Allaha nəyəsə görə minnətdarlığını bildirirdi. Nəhayət, biz uşaqların intizarına son qoyuldu. Gizli saxlamaq şərtiylə bizə deyildi ki, 35 ildən sonra nənəmin bacı və qardaşlarından məktub gəlib (evin ən kiçiyi də olsam, mən xəbərdən agah idim, nənəm xəlvətcə demişdi). Məktubu nənəmin qardaşı Mir İsmayıl yazıb. Görünür, Türkiyədəki qohumlar bu illər ərzində nənəmi, onun ailəsini sovet rejiminin zərbəsi altında qoymamaqçün susurmuşlar. Stalinin ölümündən sonra SSRİ siyasətində baş verən dəyişikliklər: repressiya qurbanlarına verilən bəraət, elm və texnika sahəsindəki nailiyyətlər, mədəni həyatda baş verən canlanma ölkə daxilində, həm də xaricdə sakit və sabit inkişafa ümid yaratmışdı bizim həyatımızda baş verənləri diqqətlə izləyib bizdən daha məlumatlı olanlarda, nailiyyətlərimizə bizim özümüzdən çox sevinənlərdə. Eyni zamanda, 60-cı illərin əvvəllərində Türkiyənin siyasi, ictimai və mədəni həyatında da yeni səhifə açmış hadisələr baş verir. 50-ci illərin sonlarında Bayar-Menderes rejiminin doğurduğu daxili siyasi böhrandan narahat olan hərbçilər 1960-cı il mayın 27-də dövlət çevrilişi edib, onillik Bayar-Menderes rejiminə son qoyurlar. 1961-ci ildə yeni konstitusiya qəbul edilir. Yeni konstitusiya bəzi siyasi azadlıqlar, o cümlədən, mətbuat azadlığı elan edir ki, bu da ölkənin siyasi vəziyyətinə, sosial və mədəni həyatına öz müsbət təsirini göstərir. 40-50-ci illərdə sərt təqiblərə məruz qalmış realist şairlərin əsərləri yenidən nəşr olunmağa başlayır. 60-cı illərin ortalarında təxminən 30 illik qadağadan sonra “yeni poeziya”nın banisi Nazim Hikmətin vətənə “ikinci dönüşü” baş verir...

Məhz hər iki ölkənin ictimai-siyasi, mədəni həyatındaki dəyişikliklər xaricdə yaşayan mühacirlərin çoxunda vətənə dönmək, qohum-qardaşla görüşmək arzularının çin olmasına inam yaratmışdı. Və məhz bu inam nənəmin qardaşına məktub yazdırmışdı. Ancaq ümidverici mülayimləşmədən sonra SSRİ siyasətinin sərtləşməsi içlərində kök salan “Çeka” xofu mühacirətdə olanların əksəriyyətinin nəinki vətənə qayıtmaq, hətta qonaq kimi gəlmək fikrindən də uzaqlaşdırdı, eləcə də nənəmin qardaşlarını.

Əmimin etirazına baxmayaraq, atam onlara cavab məktubu yazmaq qərarına gəldi. Dedi ki, anamı gözü yaşlı qoya bilmərəm. Bir müddətdən sonra nənəmlə atamın adına Türkiyədən dəvətnamə gəldi. Mir İsmayıl dayısının atamdan istəyi – xalq mahnılarından, Azərbaycan bəstəkarlarının operalarından ibarət vallar, Bakının, Gəncənin şəkilləri, bir də bir ovuc vətən torpağı idi. Nənəmlə atamın Türkiyəyə səfəri 1966-cı il, aprel ayının sonlarında baş tutdu. İlk dəfə şəxsi dəvətlə Azərbaycandan Türkiyəyə gedən nənəmlə atam oldu. Atamla nənəmin bu səfəri, sözün əsl mənasında bayrama çevrildi. Uzun illər məmləkət həsrətiylə mühacir həyatı yaşayanlara vətən ab-havası gətirənlərin səfəri. Nənəmin paltarının ətəyini vətən torpağına dəyib deyə öpüb, gözlərindən axan damcıları vətənin tozuna qarışdırıb bayram edənlərə ümid  gətirənlərin səfəri. Üç ay Türkiyədə qonaq qaldıqdan sonra geriyə dönən atamla nənəm vətəndə yola salındıqları təmtəraqla da qarşılandılar. O gündən evimiz ziyarətgaha çevrildi. Kimi atasından, ərindən, kimi qardaşından, əmisindən, dayısından ya da hansısa dostundan, tanışından xəbər bilmək üçün bizə gəlirdi. Atamgilin gətirdikləri məktublar, hədiyyələr, söz ismarışları neçə-neçə ailəni sevindirmiş, onlara ümid vermişdi. Bu sevinc payı üçün hətta Azərbaycanın müxtəlif rayonlarından da gəlirdilər.

O illərdən uzun zaman ötüb. Milyonlarla insanın taleyini məhv etmiş sovet imperiyası dağılıb, Azərbaycan öz istiqlalına qovuşub. Dəyişən siyasət nəticəsində ildırım sürətiylə dəyişən həyatda münasibətlər də dəyişib, gediş-gəliş sadələşib, çoxalıb, münasibətlər də adiləşib. Adilikdə isə cazibə itir. Həmin o cazibə ki, çox illər öncə istər Azərbaycanda, istərsə də Türkiyədə hadisəyə səbəb olan nənəmin qardaşları-bacısıyla olan o görüşündə var idi.

Mir İsmayıl Saryal uşaqlığından gənclik dövrünə kimi keçdiyi yolu – həyatının bir parçasını (1910-1930) “Bakı rüzgarı” kitabında qələmə alıb. Ustalıqla yazılmış bu kitabda o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önündə canlanır və sən özünü o olayların içində görürsən. Babasının bu kitabını mənə Nilgün Saryal verdi, 2014-cü ildə. Öncə “Bakı rüzgarı”nı Sənə göstərdim. Kitab türkcə idi. Tanışlıqçün vərəqlədin. Kitabın adı, dilinin sadəliyi tutdu Səni. Tez bir zamanda oxuyub, kitabın maraqlı, “Əli və Nino” qədər dəyərli, lazımlı olduğunu söylədin. Kitabı türkcədən dilimizə uyğunlaşdırmaq üçün yazıçı Nəriman Əbdülrəhmanlıya verdim, 2017-ci ildə “Bakı ruzgarı” mənim yazdığım ön sözlə “Xatirə Ədəbiyyatı” silsiləsindən “Xan” nəşriyyatında çapdan çıxdı. Ön sözə epiqraf kimi Sənin şeirindən olan bu misraları seçdim:         

                                         Mənə yaşamağa bir qürbət verin,

                                        Ürəyimdə bir vətən qəribsəyib...        

Vətəndən uzaqlarda yaşamağa məhkum olunmuş, vətən həsrətiylə üzülən insanların duyğularıyla həmahəng səslənən sözlər...

Mir İsmayıl Saryal 1982-ci ildə dünyasını dəyişdi, xəyallarında yaşatdığı vətəninin istiqlalını görmək ona nəsib olmadı. Lakin az da olsa, təsəlli verən odur ki, “Bakı rüzgarı”nın Azərbaycanda çap edilməsi Mir İsmayıl Saryalın xəyalən də olsa, müstəqil  ana yurduna qayıdışı oldu. Nuri bəyi mən sonuncu dəfə 2020-ci il fevralın 5-də Ankarada TÜRKSOY-un xətti ilə Sənə həsr edilmiş tədbirdə gördüm. Bu tədbirə qoşulan başqa qohumlar, dostlar da öz gəlişləriylə məni sevindirdilər, lakin 91 yaşlı, xəstəhal Nuri bəyin gözlənilməz gəlişinin sevinci heç nə ilə ölçülə bilməz. 2020-ci il dekabrın 22-də Nuri bəyin qızı Nilgün telefonda ağlaya-ağlaya: “Nuşacan, atam rəhmətə getdi indicə”, – dedi. Ailəmizin çox sevdiyi, qürur duyduğu Nuri bəy... Qulağımda nənəmin dediyi oxşama səsləndi...    

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2026)                  

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.