Fatimə Turan,
“Ədəbiyyat və incəsənət”
Bəzən həyatın ən böyük “uğursuzluğu” ən gözəl başlanğıcın ilk addımı olur... Bir gənc düşünün: imtahandan istədiyi nəticəni ala bilməyib, atasının ağır sözləri ilə ruhdan düşüb, ilk sevgisini itirib və həyata olan inamını sanki tamamən söndürüb... Amma tale onun üçün tamam başqa bir yol hazırlayır. Qətiyyət göstərir, növbəti il qəbul olur. Bir gün universitetin qapısında qarşısına çıxan bir qız onun həyatının istiqamətini dəyişir. Bu tanışlıq sadəcə bir sevginin başlanğıcı deyil, həm də illər əvvəl itirdiyi ümidin yenidən doğuluşudur.
Bəs həyatın gözlənilməz sınaqları onları bir-birindən ayıracaq, yoxsa taleyin görünməyən qisməti onları yenidən bir araya gətirəcək?
“Taleyin qisməti” — uğursuzluğun son deyil, bəzən daha gözəl bir başlanğıc olduğunu anlatan həyat hekayəsi.
Xoş mütaliələr!
- Vay olsun sənin kimi oğula, məni bütün biabır elədin e, biabır.
- A kişi elə demə də, neyləyib ki o uşaq?
- Heç olmaya sən sus, onu elə sən qudurtmusan.
- Bütün pullarımı tökdüme sənin hazırlıqlarına, sənin burnundan gəlsin, necə məni yandırır e, səni yana-yana qalasan.
- Ayə bəsdi dəə bu uşağı qınadın, indi universitetə girə bilməyib də, böyük şey olmayıb ki.
- Familin oğlu 600 neçə balla hüquqa daxil olube, indi yanımda bozaracaq, mənim də başım aşağı duracaq.
- Familin oğlundan bizə nə? A kişi bəsdi, dəymə onun xətrinə.
- İkinizi də rədd edəcəm rayona, gözüm görməsin sizi, qədirbilməyənlər !!!
- Neynirsən elə, özün bil, elə sən Famil kimilərlə oturub-durub bu günə qalmısan. Gələcəkdə Allah eləməmiş, yanımızda o xətrinə dəydiyin oğlun olacaq, mən olacam, o Famil, Zaur olmayacaq.
- Ay ata...
- Sən sus yerində, hələ buna baxe danışmağa dili də var, tərbiyəsiz ... dilini qarnına qoymaqdan hələ dilini çölə çıxarıb mənə “ata“ deyir.
- Bəsdir də, ay Nazim, onsuz da onun halı yaxşı deyil, niyə onu belə incidirsən?
- O da məni incitdi, vaxtında ona dedim ki dərs oxu a bala, telefonu, dostları qoy qırağa, sonra məşğul olarsan, yooox, kimə deyirsən? Daşa divara deyirsən, o ki məni saymadı mən də onu saymayacam.
- Ay Allah bu nədi də indi daxil olmayıb da gələn il hazırlaşıb daxil olar, nə var ki burda.
- Mən pul zad tökən deyiləm, vəssalam
- Mən pul taparam.
- Ay yazıq hardan tapacaqsan pulu ? Yoxsa işləmək istəyirsən hə ? Ay qoydum haa, qardaşlarına deyərsən, oxutsunlar sənin oğlunu.
- Mənim day sənə sözüm yoxdu, heyif mənim 18 ilimə, uşağın da qəlbini qırdın, heç eybi yoxdur
- Həri, həri, get.
Elnur sadəcə imtahana görə hazırlaşmışdı, həvəssiz idi, düzdü ona oxumaq maraqlı gəlirdi, ancaq atasının başına vurduğu qaxınc onu həvəsdən salırdı. “Mənim pullarımla adam olacaqsan “ deyərək Elnuru dərs oxumaqdan, ruhdan salırdı. Hazırlıqdan gələndə də anası ilə atasının həmişəki kimi mübahisələri onun lap həyata olan həyat işığını söndürürdü. Sinif yoldaşlarının dərs marağını görüb heç olmaya kitabın, testin üzünü açıb nəsə edirdi. Amma başqa səbəb də vardı onun həyata belə küskün olmasına. 1-ci sinifdən bəri aşiq olduğu qızı 11 – ci sinifin ortasından çıxarıb ərə vermişdilər. Bu ona ən böyük sarsıntı yaşatdı. Həyata olan eşqi- inamı itmişdi. Əlbəttə, 11 il az müddət deyildi. 7 il bir parta arxasında əyləşmişdilər. Nuray onun ilk eşqi olduğundan qızcığazın zalım atası tərəfindən ərə verilməsi canından can almış kimi idi. Məktəb rəhbərliyi buna razılıq verməsə də atası məktəbin həyətində hoqqabazlıq edib aləmi bir- birinə qatmış, haray-həşir salmışdı. Qızının qolundan tutub məktəbdən aparmışdı. Elnuru yandıran bu hadisəyə heç bir reaksiya verə bilməməsi idi. Vicdan əzabı çəkirdi. Bir dəfə intihar eləmək də istədi, lakin anasını və gələcəyini düşünüb bu addımdan geri çəkildi.
İndi yenə də gəmisi qəm dəryasında batmışdı. Əsgərliyə getməsinə hələ 1 il vardı. Avara-avara dolaşmaqdansa yenə oxuyub növbəti il üçün nəsə eləmək fikrinə düşdü. Dayısı onun hazırlıqlara getməsi üçün pullar tökdü. Hər dəfə evə gələndə atasi ilə göz-gözə gəlmək istəməyib otağına çəkilir, testlərlə məşğul olurdu. Həyatdan sönmüş, qəlbi qırıq oğlanın sadəcə gözündə anası dayanırdı. Anasının gülüşü onun üçün hər şey idi. Düzdü, atasını da sevirdi, hörmət edirdi, onun gələcəyini üçün çalışırdı atası. Yaxşı vəzifədə, yaxşı vəziyyətdə yaşaması üçün onu məzəmmət edirdi. Bəlkə də vaxtilə onun atasının atasının da belə olduğuna görə idi. Elnurun babası da Nazim əmi kimi zəhmli və əzmli kişi idi .
***
Bir il necə tez keçdisə Elnur gözünü açıb ayılıb gördü ki, fizikadan 25-ci sualdakı məsələyə başı qarışıb. İmtahandan çıxanda bir qızın atasını qucaqladığını gördü.
“Yəqin bu qız ya yaxşı yazıb, ya da zay gündə yazıb, atası da təsəlli verir, görəsən bu qız gülür yoxsa ağlayır ? Catmadıye mənə, əşşi nəyimə lazımdır, baxaram, atası deyər nə var baxırsan qızıma, gedime evə, mən elə öz günümə ağlayım.”
Yenə də universitetlərə qəbul cavabı çıxdı və bu dəfə Elnur 487 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul oldu. Ailədə əsl toy-bayrama səbəb oldu bu olay. Atası oğlu ilə fəxr edirdi, sanki keçən il oğlunu danlayan, onun xətrinə dəyən o deyildi.
- Mənim oğlumduye, kişidi, kişi.
- Bizim balamızdı, ay Nazim.
- Atasına oxşayıb da çalışqanlıqda, atan sənə iPhone 17 alacaq, ən son model, şellən e
- Çox sağol, ata !
- Elnur bala, bir notebook da Ənvər dayından, halal xoşun bala.
- Sağol e, dayı.
- Mənim balama da ən xoşladığı plov məndən.
- Ay ana, nəyə lazımdı, sən özün elə hədiyyəsən də.
- Buna bax, heç atasına onu deməz haa, dayısısifət.
- O anasının gül balasıdı, mənim yaraşıqlı balamdı, o gün olsun, sağ-salamat qurtarasan, Ay Allah, Amin
***
Artıq universitetin ilk günü nəhayət ki gəlib çatdı. Elnur səliqəli, sadə geyimlə evdən çıxıb universitetə yollandı. “ 28 May “ Metrostansiyasından çıxıb, universitetə tərəf getdi, girişdə nə qədər insan vardı. Bu həngamənin içində tanış bir mənzərə ilə rastlaşdı. Yenə o kişi qızını qucaqlamışdı.
“Sən öl, bu qızdı, bu kişi ilə gəlib, bura qəbul olub yəqin, pah atonnan hələ millətə bax, tələbədən çox valideynlər var, yaxşı bizimkilərdən gəlmiyib e, Ay Allah.”
Tələbələr öz qrup otaqlarına yerləşdirildilər, arxa sırada əyləşdi Elnur, yanında oturan oğlanla o dəqiqə yaxın oldu. Elə bil neçə illərin dostu imiş kimi davranırdılar. Birdən qarşı tərəfə baxanda yenə bu qıza gözü sataşdı.
“Aydaaa yenə bu qız, bəxtə baxe, gəldi bir qrupa düşdü, buna baxe barbi kuklasına oxşayır.”
İlk iki həftə bir-birilərinə “ yuxarıdan aşağı “ baxan gənclər sonradan dostlaşdılar. Mehribanın ədası, söhbəti, şirin dili Elnuru özündən alırdı. Sanki bir sehr vardı bu qızda, nəsə onu özünə cəlb edirdi. Bəlkə də o, Nuraya bənzədiyinə görə idi. Nuraydan fərqli olaraq Mehribanın atası ona xüsusi nəvaziş göstərirdi, anası yox idi, onu özü tək böyüdüb boya-başa çatdırmışdı.
Semestr imtahanlarına bir yerdə Milli Kitabxanada hazırlaşırdılar. Onların sevgilərinin, sevgi həyatlarının başlanğıcı burdan başladı. Elnurun neçə vaxtdan sonra qəlbinin fərəhlənməsi evdəkilərin də gözündən yayınmamışdı. Anası Nuray söhbətini bildiyindən oğlu ilə həssas davranırdı. Mehribanla olan münasibətini özü demişdi anasına, o da böyük məmnuniyyətlə qızı öz qızı kimi sevəcəyinə fikir bildirdi. Zəkiyyə xanımın qızı yox idi, Mehribanın da anası...
Və qəfil həmin o məşum gün, dəhşətli hadisə...
Dərsdən çıxıb gəzməyə gedən gənclər istirahət mərkəzinə getmək üçün avtobusa mindilər. Şəhərətrafında sürücü sürəti artırdı. Yol boyunca avtobusu elə sürürdü ki, sanki avtobusun içində adam deyil, kartof-soğan aparır. Onun avtobusu ehtiyatsız sürməsi nəticəsində yol qəzası baş verdi, avtobus idarəetməni itirib beton səddə çırpıldı. baş vermiş hadisə yerinə təcili tibbi yardım maşınları çağırıldı. Yaralananlar arasında Elnur və Mehriban da vardı. Mehribanın vəziyyət ağır idi. Bütün sifəti yarılmış vəziyyətdə idi. Xəstəxanaya yeləşdiriləndən sonra Mehribanın səhhəti get-gedə pisləşirdi. Elnur qolundan xəsarət aldığından özündə idi, tez valideynlərini xəstəxanaya çağırdı. Mehribanın atası Şamil əmi elə bil halda idi ki heç kim ağzını açıb heç nə deyə bilmirdi.
Axırda həkim: - Xəstənin vəziyyəti həddən artıq pisdi, çoxlu qan itirib, ona təcili olaraq qan köçürmək lazımdır, olmasa onu itirə bilərik, - söylədi.
- Həkim, Mehribanın qan qrupu +I – dir , mənimki +II.
- Şamil qardaş, mənim qanım da +I – dir, mən qanımı qıza verərəm, təki salamatçılıq olsun.
- Siz tibbi yoxlamadan keçməlisiniz.
- Gedək, həkim, gedək.
- Xumar xanım .... Çox sağol olun.
- Mehriban mənim də qızım sayılır, o nə demək.
Tibbi yoxlamadan keçən Xumar xanım öz qanını Mehribana verdi, bir müddət sonra özünə gələn Mehriban evə göndərildi. Bu gözlənilməz hadisə onun dərslərinə də mənfi təsir göstərdi. Amma bir müddət sonra o özünə gəldi, yaraları tam sağaldı...
***
Universiteti uğurla bitirən gənclər artıq yeni həyatın başlanğıcına qədəm qoydular. Vətənə olan borcunu ödəmək üçün Elnur hərbi xidmətə yollandı. Mehriban əsgər sevgilisi olaraq hər gün onun yolunu gözləyir, günləri sayır, onsuz keçən günlərini gündəlik dəftərinə qeyd edirdi. Təmiz qəlbi ilə, nur üzlü siması ilə sevdiyinin onu həyatda xoşbəxt edəcəyinə inanırdı... Belə bir fikri vardı ki, bu gündəlikdən bir kitab yaratsın, çünki gündəlikdə özünə təsəlli verə biləcək sözlər, motivasiyaedici cümlələr qurmuşdu.
Elnurun əsgərlik müddəti başa çatdıqdan sonra bir müddət marketdə satıcı olaraq çalışdı, bir qismət çörək pulundan ötrü, sonra öz ixtisası üzrə şirkətdə yüskək maaşlı işlə təmin olundu ... Artıq işi, hər şeyi olan Elnurun ailə səadətinə qovuşmaq vaxtı idi. Və vağzalı sədaları altında Elnur Mehribangilin evinə daxil oldu.
- Allah mübarək eləsin...
- Allah xoşbəxt eləsin...
- Yarıyanlardan olsunlar.
- Subaylarınızdan görəsiz, inşəallah...
- Etibar, videoçəkəni bura çağır ...
Beləliklə toy mərasiminə daxil olan bəylə gəlin öz həyat yollarının başlanğıcını qoydular, toyda onların qrup yoldaşları, əzizləri, yaxınları canla-başla iştirak edirdilər. Nazim əmi isə oğlunun uğurlarını görüb əvvəlki kimi ailəsinə sərt davranmır, əksinə daha da qayğıkeş, daha da mülayim olmağa başlamışdı. Artıq onların qız övladları da vardı – Mehriban. Mehriban ana, Xumar xanım və Nazim əmi qız övladı, Şamil əmi isə oğul övladı qazandı... Mehriban, xoşbəxt ailə tablosu yarandı ...
Evliliklərinin bir illiyini keçirən cütlük eyni zamanda “ Taleyin qisməti “ adlı kitabın təqdimat mərasimini keçirdilər. Mərasimə yazarlar, jurnalistlər və bir sıra ədəbiyyat sahəsinin nümayəndələri dəvət olunmuşdular...
Həyatımızda heç nə alınmadısa buna görə üzülməyə dəyməz. Bəlkə də “ən mükəmməl“ hesab etdiyimiz daha mükəmməl olanın yanında kölgə olar. Ali məktəbə qəbul olunmamaq həyatda məğlub olmaq demək deyil, bu hər il və hər zaman təkrarlanan prosesdir. Təhsilin yaşı, zamanı, dövranı yoxdu, universitetə qəbul olmamaq cəmiyyətdən silinmək demək deyildir. Hər işdə bir xeyir olduğu kimi də, heç olmasa burda da nəyinsə olduğunu düşünüb müsbət tendensiyaya fokuslanmaq lazımdı. Daha səylə çalışmaq lazımdır, uğursuzluqdan nəticə çıxarıb uğura gedən yolda daha da möhkəmlənmək üçün...
“Ədəbiyyat və incəsənət”
(01.10.2026)


