Təqdimat rubrikasındayıq.
“Ədəbiyyat və incəsənət” növbəti gənc istedadı sizlərə təqdim edir.
Elnur Əliyev AYB Xəzər bölməsinin üzvüdür. 23 yaşı var, Bakıda doğulub. İş yeri Xəzər gəmiçiliyi, ixtisası gəmi kapitanlığıdır.
AYB Xəzər bölməsinin əksər üzvü kimi onun da əsas marağı qəzəl janrına, əruz vəzninədir.
Onun poetik nümunələrindən bir neçəsini diqqətinizə çatıdrır.
ELNUR ƏLİYEV
QƏZƏLLƏR
Kipriyin könlümü deşdi, atılıb tir’ kimi,
Ələdin qanımı aləmlərə xəlbir’ kimi.
Cadu xislətli gözün qəlbimi diz çökdürdü,
Saçların əl- qolumu bağladı zəncir’ kimi.
Bənzəsin tellərinin bəxtinə kaş ki, bəxtim,
Dolanım başına, hacət diləyim pir’ kimi.
Günəşüzlüm, gecəsaçlım, elə bil ki, Yaradan,
Aləmi xəlq eləyibdir sənə təfsir’ kimi.
İqtida etdi mənə əhli- məhəbbət, sən də,
gəl vəfa hökmünü ver şənimə təqdir’ kimi.
Könlümün taxtını başsız buraxandan bəri,
Əyləşib qəlbimə qəm hazıra- nazir’ kimi.
Qaşların səcdə salır yadıma, zülfün də rüku,
Qamətin isə qiyamət günü təkbir’ kimi.
***
Gəl daha, zülməti çöhrənlə yaran vaxtındı,
Qaralan ruhumu nurunla saran vaxtındı.
İnqilab etmək üçün, könlümə hicrət elə, çün,
Kəbənin bütlərin eşqinlə qıran vaxtındı.
Məni indi kədərin, dərdin, əzabınla yox,
Ərköyün körpə əməllərlə yoran vaxtındı.
Gözləyərkən sənə çatmaqçün ölüm növbəsini,
Kaş deyəydi biri ki, gəldi sıran, vaxtındı.
Yaz gəlib, sən də qayıt ki, sinəmin dağından,
Qanlı al gülləri bir- bir qoparan vaxtındı.
Neçə min arzu- ümid dəfn elədin, susma, könül,
Sənin həngamə qopardıb çığıran vaxtındı.
Xam xəyallar diləmə şeir ilə çox, həddini bil,
Təb ki, gəldi, sənin, Elnur, quduran vaxtındı.
***
Yarəm qabıqlayıb, daha o ağrılar keçib,
Əvvəlki qorxular ötüşüb, qayğılar keçib
Əvvəl su sızmaz idi aramızdan, ey pəri,
İndi qədri dünyada varsa, sular, keçib.
Sən bu məhəllənin qızısan, gəl qonaq bizə,
Burda həmişə bir- birinə qonşular keçib.
Çoxdan silərdım ismini qəlbimdən, amma ki,
Hər dəfə ağlımın önünə duyğular keçib.
HECA VƏZNLİ VƏ SƏRBƏST ŞEİRLƏR
Şükür ola Allaha,
Şükür ola sən varsan.
Görən indi hardasan,
Əlim boyda dünyanın,
Harasında?
Bəlkə,
Saçımın ağında,
Gözlərimin qarasında.
Biz ayrı düşəndən sonra
Heç, qitələr də birləşməyib.
Bu boyda dünya yerləşən ovuclarıma,
Əllərin yerləşməyib.
İndi məndən o qədər uzaqdasan ki,
Ölsəm də bilməzsən.
Səndən sonra qapıma,
lap ölüm də gələr, sən gəlməzsən.
İndi sən olan şəhərin boğazından
neçə ağ tüstülü gəmi keçir?
Siqaret qoxulu bu otaqda mənim boğazımdan,
Qırıq ümidimin qəmi keçir.
Bir taleyə, bir bəxtə bax bu qızda,
Heç Allah da bu qızın
Sözün yerə salmayıb.
Şükür elə Allaha,
Şükür elə mən varam,
qəmin yetim qalmayıb.
***
Mən xəyalın ilə ailə qurmuşam,
Uşaqlarımız var, həm də əkizdir.
Biri sənə çəkib, biri bəxtimə,
Bəxtimə çəkənin işi qəlizdir.
Biri ərköyündür, lap sənin kimi,
Ona şıltaqlığın yadigar qalıb.
O biri qaynayıb- qarışmır, yəqin,
Qaradinməzliyin bəxtimdən alıb.
Biri gülərüzdür, qəmdən uzaqdır,
Dilli- dilavərdir, diliysə şəkər.
O biri ağzına su alıb, durub,
Səssizdir, başıma düşən daş qədər.
***
Gəl görüm üzünü, gözəlim, çünki
Dünyanın hər üzün görən yaşımdır.
Ruhumu sən elə qocaltmısan ki,
Canımı əcələ verən yaşımdır.
Qayıt, al başımı dizlərin üstə,
Ağlayım, gözümün yaşını töküm.
Sən öz ətəyindən dağıt daşları,
Yerinə başımın daşını töküm.
Nədir bu ruhuna batan tikanlar?
Sənin ki, gül- çiçək əkən yaşındır.
Yollara dikilən qara gözünə,
Sürməni naz ilə çəkən yaşındır.
Ay üzlüm, çöhrənin nuru da itib,
Taleyin gecənin rənginə dönüb.
Bir vaxtlar gözlərin parıldayardı,
İndiysə bəxtinin ulduzu sönüb.
Sən demə sənin də qəmin çox imiş,
Ağladıq, ağladıq, gülə bilmədik.
Həsrəti, kədəri bölmək asanmış,
Bir tikə çörəyi bölə bilmədik.
“Ədəbiyyat və incəsənət”
(30.09.2026)


