Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Gənc istedadların təqdimatını davam etdiririk. Haqqında danışacağım və yaradıcılıq nümunələrini təqdim edəcəyim gənc - əslində heç gənc də deyil, yeniyetmədir, 17 yaşına hələ üzümüzə gələn ay qədəm qoyacaq. Amma siz bir onun qəzəllərinə baxın da.
Hər kəs cürət edib qəzəl yaza bilməz.
Rəfael Roman oğlu Səfərəliyev 16 oktyabr 2009-cu ildə Mingəçevir şəhərində anadan olmuşdur.
2015–2026-cı illərdə Ağdaş şəhərində yerləşən T. İsmayılov adına 8 saylı tam orta məktəbdə təhsil almışdır. 11 illik orta təhsilini uğurla başa vurduqdan sonra 2026-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə yüksək balla qəbul olunmuşdur.
Hazırda ADPU-nun Quba filialında həmin ixtisas üzrə I kursda təhsilini davam etdirir.
RƏFAEL SƏFƏRƏLİYEV
ELƏYİRSƏN
Ey xəstə könül, naləvü fəryad eləyirsən,
Bir dön mənə bax, naxoşam hey qan eləyirsən.
Durmazdı ürək, hissimi aydınca deyərdi.
Sən isə dönüb xətrimi viran eləyirsən.
Düşdüm qara sevdaya, könül, bir əlacın tap,
Zənnim nədiki, canımı sən can eləyirsən.
Almazdı canı Əzrail imdadə gələn vaxt,
Gör kimləri sən eşq(i)-biyaban eləyirsən.
Gördünmü Səfər, sıçradı qan, axdı damardan,
Guya ki, görüb ağrıma dərman eləyirsən.
BİRDƏNƏSƏN
Bu gözəllikdə sən, ey hüsnü qəmər, birdənəsən,
Görmədim mən sənə tən bircə nəfər, birdənəsən.
Asimandan görünür çeşmü ləbin, gördükcə,
Sağalar qəlbi-yaram qalmaz əsər, birdənəsən.
Həsrətindən düşürəm çöllərə Məcnunsayağı,
Leyliyə bənzəmə sən salma nəzər, birdənəsən.
Duyacaqsan adımı əhli-şəhər içrə mənim,
İnad etmə anana, saçma şərər, birdənəsən.
Kövni-dünya daralır vəslinə çatdıqca gülüm,
Könlünü xar elədi, kordu Səfər, birdənəsən.
GECİKMƏ
Fələyin tərs üzü bizə baxandan,
Ayrılıq hicranı üzümə düşüb.
Evin o tayında şən, xoş ab-hava,
Evin bu tayına kədər bürünüb.
Hicranı ölümə bərabər tutan,
Yarımı axtarıb, tapa bilmirəm.
Afətin dalınca mən hey sürünüb,
Qaçıram, qaçıram, çata bilmirəm.
Daş başa dəyəndə, baş daşa dəyər,
Gəlməsən, bu sözü xatirinə sal.
Kişilər ilk gülü məzarda alır,
Nə olar gecikmə, alsan, indi al.
İSTƏRSƏN OLUM…
Istərsən olum, canına can, həsrətinə son
Axtar məni, qəbristanın ən qarə yerində.
Könlüm bir azad quş kimidir, uçsa dayanmaz,
Həcv ilə yuyunmaz, dikələr məhz öz elində.
Yorğun üzünə rəssam olan kəslərə bir bax,
Dinməz ikiüzlü üzünə, söylər içində
Gördünmü yanıb-odlanır əğyar için-için,
Sərsəmmi deyim, təndiq edim odlu dilimdə.
Sevgim deyəsən gəldi gözə, məğlubun oldum,
Hicrin yaxama dərd, qəm olub, süzdü gözüylə.
Küsdünmü? Fəqət, neyləmişəm, çevril özün de,
Yad etdiyin insan, necə yad oldu, Əzizim?
ƏFV EYLƏ
Gözəlim, tutma bərabər məni cahan ilə,
Nədə əğyar ilə bir aşiqi-nalan ilə.
Döyünərkən sənin eşqinlə mənim sinəmdə
Niyə bəs doldu boşaldı ürəyim qan ilə?!
Arzum idi yaşayaq birgə bütün ömrümüzü
Bəzənəydi evimiz gülli-gülüstan ilə.
Saçının rəngini könlümdə şikar eyləmişəm
Ki, odur çağladı könlüm mənim əfqan ilə.
Ey Səfər, bir ürəyin var sənin, bir canın
Yarı əfv eylə görüm yüz belə nöqsan ilə..
GƏZƏRƏK EY GÜL…
Gəzərək, ey gül, oyat sən bu könül düzlərimi,
Salım arxanca gözüm, izləsin hər izlərini.
Ağlasan qarə çökər, gündüzümüz zülmət olar,
Razıyam, birgə olaq qurban edim gözlərimi.
Zülfünə aşiq olan kimlər isə söylə mənə,
Düz önündə vuruşum, əsdirim hey dizlərini.
Birdən hərgah unudarsan məni və sevgimizi,
Ağlına yaxşıca sal, hisslərimi, sözlərimi.
Dilbərim, sayma keçən günləri, axtarsan əgər,
Bil ki, mən saymışam, hər gün dəyişən üzlərini.
Bənzə sən, hurilərə, güllərə ey nazlı nigar
Büzmə gəl ağzını, qaytar mənə gündüzlərimi.
Ağzını tam açıq etdi, Səfərin kəlmələri,
Sona bir nöqtə qoyub, izlədi səssizliyini.
HƏLƏ UŞAQDIR
Bilirəm, böyüdüm, dəyişdi dövran,
Xəyal da, inam da satılır indi.
Qara tən bir uşaq baxır aynadan,
Hər səhər günəşə inanır indi.
Körpədir, dəymiyin, böyüyə baxıb,
Böyüyüb, boy atmaq, qocamaq istər.
Bəlkə də böyüyüb, boy atdığı vaxt,
Ömrünü qız üçün puça çevirər.
Basmayın qəlbimə özüm boyda dağ,
Olarmı, dəyməyin, hələ uşaqdır.
Kəpənək ömrümə cavan yaşımda,
Ölüm də cismimə tanış qonaqdır.
“Ədəbiyyat və incəsənət”
(29.09.2026)


