XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
4-CÜ DƏRC
Səninlə ilk tanışlığımız mayın 2-si 1988-ci ildə oldu. Sonralar bu günü hər il qeyd etdik. Gündüz inadcıl Cavanşir zəng etdi. Dedi ki, bu gün axşam Vaqif sənə zəng edəcək. Və dönə-dönə tapşırdı: “Televizorda “Bəхt üzüyü” tamaşasını göstərəcəklər, mütləq baх, heç olmasa, onun yazdıqlarından az da olsa, xəbərin olsun”. Cavanşirin təkidinə baxmayaraq mən pyesə baxa bilmədim. Daha doğrusu, baxmaq istəmədim. Çünki diqtəylə nəsə etməkdən heç vaxt xoşum gəlməyib...
Aхşam Sən zəng etdin. Və hər şey bu telefon zəngindən başladı...
Bir gün səslənəcək bu telefon
və ölüm qədər yaxın,
doğma bir səs eşidəcəm...
Ömrün səslərində bir boşluq səslənəcək,
və mənə gərəksiz olacaq
yer üzünün bütün özgə səsləri...
Söhbətimiz çox təbii alındı. Səhər 6-ya kimi davam etdi. Arada zarafat edir, məni güldürürdün. Yüz ilin tanışları kimi danışırdıq. Çox maraqlı adamla danışdığımı başa düşürdüm. Hansı bürcdən olduğunu soruşdum: “Əkizlər”. İlahi, ən çox ehtiyat elədiyim bürc! İlk evlilik təcrübəmdən Əkizlər bürcündə anadan olan kişilərin intellektual, istedadlı, yaradıcı olduqlarını, eyni zamanda, qeyri-stabil, dəyişkən, çox sərbəst, ipə-sapa yatmayan xüsusiyyətlərini bildiyimdən onlardan uzaq duracağıma and içmişdim. Necə də doğru sözdür: “Heç vaxt heç vaxt demə”. Səsim batdı.
- Nədir, xoşunuza gəlmədim?
“Eyni bürcdən olanların hamısı heç də bir-birinə oxşamır”, – fikriylə özümə toxtaqlıq verdim və çox zəif, inamsız səslə: “Yox, niyə ki...”, – deyə bildim.
Çox illər sonra bir gün Sən: “Nuşa, bu gecə bir yazı oxudum. Sən demə, Əkizlər bürcünə dözən bir bürc varsa, o da Qoç imiş”, – dedin. Mənim Qoç bürcündən olduğuma işarə edərək, bığaltı gülə-gülə, özü də xüsusi bir vurğuyla dedin...
Söhbət zamanı etiraf etdim ki, Sənin yaradıcılığınla tanış deyiləm, axşam televizorda “Bəxt üzüyü” tamaşasına da baxa bilməmişəm.
“Bu lap yaхşıdır ki, siz (söhbətimizin sonuna yaхın Sənin təkidinlə bir-birimizə sən deyirdik), mənim yaradıcılığımı bilmirsiz”, –dedin.Ya özünü sındırmamaq üçün belə dedin, ya da düşündüyünü dilə gətirdin. Digər tərəfdən, mənim bu səmimi etirafım, deyəsən, Sənin də mənə olan marağını artırmışdı. Bir də o zaman mənə Sənin böyük şair, dramaturq olduğunu bilməyim lazım deyildi. Mən bunu sonra biləcəkdim. Özün kimi yaradıcılığının da təkrarsız, unikal olduğunu.
Məncə, münasibətlərin davamlı, möhkəm olmasında yaradıcı adamın özünün bir insan kimi tanınıb sevilməsi, sonradan yaradıcılığının qiymətləndirilməsi daha vacibdir, nəinki əksinə, əvvəl onun yaradıcılığına vurulub, yaratdıqlarını onun şəxsiyyətində aхtarıb, tapmadıqda boşa çıхmış ümidlərin üzüntüsüylə yaşamaq.
Bizim telefon söhbətlərimiz yavaş-yavaş gündəlik tələbata çevrilir və gecə yarısına kimi davam edirdi. Bir-birimizi hər gün eşitmədən keçinə bilmirdik. Səni bilmirəm, mən vurulmamışdım. Ancaq cazibə böyük idi. Dərin erudisiya, güclü yumor, səsinin ürəyə yatan tembri, kövrəkliyi...
İlk görüşümüz. Heç çəkinmədən gözlərini zilləyib mənə baxırdın. Sıxıldım.
– Nə çox baxdız mənə, vurularsız birdən...
– Ola bilər...
Çox sonralar bir gün Səndən soruşdum:
– İlk görüşümüzü xatırlayırsan?
– Əlbəttə. Ancaq soruşma nə geyinmişdin, yadımda deyil. Gözlərin, təbəssümün yadımdadır. Fikirləşdim, sağ olsun əmioğlu Cavanşir, nə qəşəng xanımdır.
– Mənsə bütün xırdalıqlarına qədər hər şeyi xatırlayıram. Sənin geyimini, üzünün ifadəsini, sözlərini. Ciddiliyin, az danışmağın, həlimliyin ürəyimə yatmışdı.
Bizim münasibətlərimiz, demək olar ki, Azərbaycanı qaynatmağa başlayan Qarabağ dərdiylə paralel inkişaf edirdi. Kremlin Azərbaycan хalqının haqqını pozan siyasətinə qarşı Bakıda başlanan mitinqlər, ilk ümumхalq etirazları…
Yuxuda gördüm səni,
dirilmə, ay nənə, dirilmə!
Erməni bizi, biz ermənini,
rus hər ikimizi qırır, ay nənə...
Minlərlə adamın toplaşdığı və son ümid yeri saydığı Lenin meydanı (indiki Azadlıq meydanı). Kimlər görünmədi onun tribunasında. Tanıdıqlarımız, tanımadıqlarımız. Boşboğazlıq edənlərin vədləri, cəfəngiyyat ideyalar da səslənirdi, ağıllı, sağlam fikirlər də eşidilirdi. Ancaq sözün əsl mənasında Azərbaycan xalqı özünün ruh yüksəkliyi dövrünü yaşayırdı. 1989-cu ildən Sən də, Yusif də qoşuldunuz bu ümumхalq hərəkatına. Sənin çıхışların xalqımızın çətin günlərindəki vəziyyətini, yaşadığı sarsıntılar içərisindəki əhval-ruhiyyəsini ifadə edirdi. Belə çıxışların birində Sən tənhalıqdan – fərdin tənhalığından deyil, daha böyük faciədən – arxasız xalqımızın tənhalığından danışdın. Yüz minlərlə insanı təsirləndirən, kövrəldən sözlər: “Dünya istəyəndə kar da olur, kor da olur. Belə bir dünyada öz dərdini tək çəkir Azərbaycan, milli tənhalığını yaşaya-yaşaya”. Əbülfəz Elçibəy bu çıxışını tarixi çıxış adlandırdı. İlk dəfə ictimai fikrə “M i l l i T ə n h a l ı q” anlayışını Sən gətirdin.
Haraya hay verməyib,
Dünya keçir kar kimi
Bir kor dəyir divara
Bizim dualar kimi...
Yadımdadı, mitinqlərin birindən geri dönən atam (o, bizim münasibətimizdən xəbərsiz idi) dedi:
– Vaqif Səmədoğlunun çıxışından sonra orada qalmaq maraqsızdır...
Can üstə olan sovet quruluşunun və hakimiyyət hərislərinin süngü, məkr, yalan və təkəbbürünün gücünü хalqın üzərində sınamasıyla nəticələnən 1990-cı il 20 Yanvar faciəsini və onun dərin sarsıntısını, SSRİ-nin dağılmasını, Azərbaycanın müstəqillik qazanmasını və sonrakı dramatik, mürəkkəb prosesləri хalqla birlikdə biz də yaşadıq öz mülahizələrimizdə, düşüncələrimizdə.
Qan axır, bu dünya qandan da umur,
Damcını tez görür, selə göz yumur.
Doğru böhtan olur, haqq düşür şərə,
Ölüm də bölünür xeyirə, şərə...
Bilirsən, Vaqif, o ağır illərdən, həyəcan və gərginliklə dolu aylardan, günlərdən Sənsiz baş çıxarmağım çətin olardı mənə. Sən baş verən hadisələrin gedişindəki acı vəziyyətin yumor tərəfini və ya əksinə, gülməli vəziyyətin kədərli tərəfini görür və bu müdrikliyin mənim də baxışlarıma təsir edirdi.
Vaqif, dünyanın yaşadığı karantin şəraitində - 2020-ci ilin ən möhtəşəm xəbəri Azərbaycan ordusunun Qarabağda qəhrəmancasına apardığı 44 günlük müharibədə qazandığı Q ə l ə b ə oldu. Ağdamın, Füzulinin, Cəbrayılın, Şuşanın... qaytarılması oldu...
Yadıma Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovla bağlı yazın düşdü.
“1992-ci ildə Şuşanın işğalından iki həftə qabaq igid şuşalı balası, mərd insan Ramiz Qəmbərovla görüşdüm. Çay içdik. Aramızda belə bir söhbət oldu:
- Ramiz bəy, Şuşaya haçan qayıdırsan?
- O silah məsələsi düzəlmədi... Bir saata geri qayıdıram.
- Ramiz, getdik. Məni də apar Şuşaya.
- Vaqif bəy, sən başın, get otur evində. Sənin kəndindən bir Vaqif Şuşa uğrunda canından keçib. İkincisi artıq olar...
Ramizin ölüm xəbəri gələndə anam dedi: “Ramizi öldürüblər? Vaqif, Şuşa getdi”. Ramiz 1992-ci il 30 apreldə həlak oldu, mayın 8-də Şuşa süqut etdi. Şuşada Vaqifin son yeri, axır yurdu qaldı. Məqbərəsi qaldımı? Bundan xəbərim yoxdur. Ancaq indiyə kimi o məqbərənin açılış günü yadımdadır. Qar, aman Allah, necə qar yağırdı! Molla Pənahın başına yığılmış minlərlə insan, SSRİ-nin neçə şəhərindən, Bakıdan yol ölçüb Şuşaya toplaşmış qonaqlar, yenicə tikilmiş məqbərə, hamı, hər şey qar altında qalmışdı...
...Məqbərəni baharda, yayda görə bilmədim. Eləcə qar içində qaldı mənimçün Molla Pənah Vaqifin məqbərəsi. Bu günə kimi qar altındadır. Günəşin hərarəti, yayın istisi əritmir o qarı. Nə vaxta qədər qar altında qala-qala üşüyəcək Molla Pənah Vaqif? Üstündəki buza dönmüş qarı nə əridəcək? Deyəsən, yalnız və yalnız bizim ə s g ə r l ə r i m i z i n n ə f ə s i. O gün onun məqbərəsinə baş çəkəcəm. Deyəcəm:
– Salam, adaş. Xoş gördük, nənəm Məhbubun babası...”
2008-ci ildə yazdığın bu xatirəni indi qürurla oxuyuram. Sənin ümidlə gözlədiyin o gün gəldi. Əridi qarlar, suya döndü buzlar. Dövlət başçısının əzmi, igid əsgərlərimizin qəhrəmanlığı sayəsində. Sən bu günü gözləyirdin, ümidlərin söndüyü vaxtlarda şair fəhmiylə inanırdın bu günün gələcəyinə.
“Q ə l ə b ə g ö z l ə n i l m ə y ə n y e r d ə n g ə l ə c ə k. N ə d ə n s ə
y a m an g ö z l ə y i r ə m bu m ö c ü z ə n i. İ n a n ı r a m b u n a...”
Təəssüf ki, arzuladığın möcüzəni görə bilmədin...
Bu gün kataklizmlər, müharibələr, insanlığın böhranı... dövründə yaşayırıq. Bəşəriyyətin taleyinin həlledici mərhələsində işıqlı qüvvələrlə qaranlığın mübarizəsi davam edir...
Xeyir Şərmiş, Şər Xeyirmiş, hamısı bir ad imiş...
Sənə yuxu görünən bu dünyada
gerçəkdən körpələr ölür.
Şeytanlar gülür
yerlə sürünən
çiçəkli çəmənlərə,
deyib - gülənlərə,
gedib-gələnlərə.
İnsanlıq oyanmalıdır. İndi təkcə vahid millət deyil, vahid bəşəriyyət olmaq vaxtıdır. İnsanlığa qarşı baş verən ədalətsizliklərdən dəli olmaq olar, əgər Yaradanın varlığına, Onun sözünə inam olmasaydı...
...İlahi, vaxtdır, tanışlıq ver bizə,
Vaxtdır, görün gözə...
Sabah daha gec olacaq,
Özünə də güc olacaq
Bizə çarə qılmağa.
Dünya tamam boşalacaq,
Burda bir yer qalmayacaq
Sənə yuva salmağa.
İlahi, vaxtdır, görün,
Qalmaq istəyirsənsə,
İlahi, vaxtdır, görün,
Olmaq istəyirsənsə...
Yazdıqların mənim təsəllim olacaqmış, Şair...
“Ədəbiyyat və incəsənət”
(25.09.2026)


