“Qayıtsan səssizliyimə səs, boşluğuma nəfəs olarsan” - MÜSAHİBƏ Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Bu gün də yeni bir kitabla sizin qarşınızdayıq.

 

Bugünkü qonağımızın ruhu, səsi poeziya üçün çox doğmadır. Çünki onun səsində şeirlər yenidən doğulur və izləyiciləri- şeir sevənləri valeh edir.

Beləliklə, qonağımızı Sizə təqdim edirik.

Qonağımız pedaqoq, qiraətçi və tez-tez öz şeirləri ilə mətbuatda yer alan incəruhlu xanım Müşfiqə Baləddinqızıdır.

 

— Xoş gördük, Müşfiqə xanım, ilk kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edir, axaranıcı olsun- söyləyirik.

Müşfiqə xanım, istərdim kitabın adı ilə bağlı özünüz məlumat verəsiniz və niyə o adı seçdiyinizi oxucularınızla bölüşəsiniz.

 

— "İtmiş not" əslində bir ümiddir. Və ya bir ümiddən başlanan yeni həyatdır. Orada demişəm ki,

"Qayıtsan səssizliyimə səs,

Boşluğuma nəfəs olarsan.

Mahnılar nəfəsinlə yenidən dirilər

Və mən də səninlə"

Bu sözlər bir insanın təməl yolundan sona kimi bütün arzularını əhatə edir. Burada söhbət bir fərddən getmir, burda itən arzulardan, çatmadığımız xoşbəxtlikdən, insan həyatındakı çatışmazlıqdan danışaraq yola çıxmışam. Mənim həyatımda da aşılmayan sərhədlər çox olub, arzularıma bir alpinist kimi əziyyətlə qalxmışam. Burada büdrəmək, yaralanmaq, yubanmaq da olub. Amma yorulmamışam. O itmiş not da pazl kimi idi, tamamlanmalı idi. Məncə, artıq itmiş not öz yerini tapdı bu kitabla.

 

— Poeziya ruhun pıçıltısı, bəlkə də, ruhun fəryadıdır. Bu kitab səhifələrində oxucu ən çox nəyi tapacaq? Kədərimi, həsrətimi, nakam taleyimi, yoxsa öz daxili dünyasınımı?

 

— Bu kitabda oxucu bütün sadaladıqlarınızı tapa bilər, amma mütləq sonu nikbin bitən bir işıq olmalıdır. Mənim ən güclü tərəfim çoxlarına bəli olmayan empati duyğusudur. Ona görə istər öz şeirlərimdə, istərsə də digər şeirlərin qiraətində ağrıları ruhumda hiss edirəm. Şeir yazmaq elə bir duyğu ki, tək yaşadığın duyğuları deyil, başqalarının da o şeirdə özünü, öz hisslərini görməyini təmin edirsən. Məsələn, mən tam ailədə ata- ana sevgisi ilə böyümüşəm. Amma

" Həsrətin vərəmi" şeirini anası tərəfindən körpələr evinə atılmış, orada soyuqdan vərəm olmuş bir balaca qızın hiss etdiklərini onun dilindən oxucuya çatdırıram.

Həkimlər ümidə bükürlər məni,

Gözəl göstərirlər mənə həyatı.

Basdırdım qəlbimə ümidlərimi,

Həsrətin vərəmi sağalmır axı.

Digər şeirimdə qocalar evinə atılmış bir yaşlı kişinin hisslərini yazmışam. Onun məzlum həsrətini, səksəkə ilə qapıya boylanmasını, get gedə yaddaşını itirməsini qələmə almışam.

Bir şirin xatirə basar könlünə,

Ağlar ötənlərdə qalan gününə,

Qocalar evinin soyuq küncünə

Qısılıb günlərin sayar qocalar.

Sevgi yolundan bəhs edən şeirlərimdə həm həsrəti, həm vüsalı, həm ayrılığı öz daxili tuğyanımla oxucuya təqdim edirəm.

"Gör nə qədər kor bəxtimi "sus" deyərək aldatmışam,

Gör nə qədər öz içimdə yollarıma daş atmışam."

Və ya

"Ay bəxtəvər, üzü dönük,

Söylə, kimsən

Bu sevgimdən aldın dəyər,

İndi məndən daha güclü, məndən daha dəyərlisən"

Haşiyədən uzaqlaşmadan deyə bilərəm ki, bu kitab mənim 26 illik düşündüklərimdir. Bu az ömür deyil. Ən yaxşısını oxucular hiss edər.

 

— İlk şeiriniz yadınızdadırmı, həmin dövrdəki Müşfiqə ilə indiki Müşfiqə arasında hansı fərq var? O, indi nəyi daha yaxşı anlayır?

 

— Bu bir travmadır əslində. Mən 27 yaşlı həkim qardaşımı itirmişəm. O günün ağrısı elə bir iz buraxdı ki, sonra bütün həyatıma sanki bu ağrı əbədi yansıdı. Onun kədərinə həsr etdiyim o şeir bəlkə də, zəif şeir idi, amma hər məzar üstünə gedəndə o şeiri, o günü xatırlayıram. İstəməzdim sizi bu notlarla incidim. İnsanıq ayrılıqlar çox acı olur. Zaman isə sadəcə yaralara sığal çəkir.

 

— Müəllif üçün bütün şeirləri doğmadır, amma bəzən bəzi şeirləri gizlicə və səssizcə dodağında oxunur. Sizin dodağınızda səssiz səslənən o şeir hansıdır?

 

— "Gəl" şeiri.

"Gəl" şeiri həm şıltaq, həm ayrılıqdan usanan, günahkarı bağışlamağı belə bacaran güclü bir qadının ruhunun çağrısıdır. Bundan başqa da bir neçə şeir var ki, onlar ovqatdan asılıdır. Amma son zamanlar ayrılıq, həsrət, nisgil bunlar məni çox qorxudur deyə, dilimə gətirmək istəmirəm. Çünki nədən danışdımsa, şeirlərdə az qala onları yaşamağa məhkum oldum. Bu da məni çox incitdi ki.. Ancaq etiraf edək ki, ayrılıq, kədər peziyanın təsir gücünün artırır.

 

— Bu kitabınızdan bizə hansı şeiri oxumaq istərdiniz?

 

— Bu gün dünyanın ən çox müsəlman ölkələrində söz haqqı əlindən alınmış, ailədə şiddət görən, cəmiyyətdə dəyərsiz hesab olun qadınların, qız uşaqlarının, az yaşında ailə qurmasına məcbur qoyulan məktəbli yaşlı qızların, ümumiyyətlə, qadınlara aid

" Başıbəlalı qızım" şeirini oxuyaram.

 

— Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır- söyləyiblər.

Biz Sizə yalnız sevincdən doğan göz yaşları arzu edirik. Uğurlarınız daimi olsun, sizinlə həmsöhbət olmaq çox xoş oldu, növbəti rubrikalarımızda görüşənədək.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.