XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
3-CÜ DƏRC
Mən Əfqanıstanda iki il işlədim. Oradakı həyatın öz qayda-qanunları vardı. Onlara riayət edib, şəraitə uyğun yaşayıb, kənara çıxmamaq lazım idi. Qaydanı pozanlar ya vaxtı başa çatmamış geri göndərilir, ya da müqaviləsi uzadılmırdı. İnsana inam, etibar kimi keyfiyyətlərin sınağı idi orada işləmək. Ən böyük tərif isə “Səninlə kəşfiyyata getmək olar” sözlərini qazanmaq idi. İlk dəfə orada peşəmin lazımlı olduğunu hiss etdim. Mənə müraciət edir, mənimlə məsləhətləşirdilər. Mən yenidən özümə inanmağa başladım...
Kabildə müqavilə müddətimiz sona yaxınlaşdıqca departamentin işçiləri, klinikanın, uşaq bağçasının personalı təəssüfləndiklərini bildirir, üçüncü ilə də qalmağımızı xahiş edirdilər. Əslində, müqaviləmizin vaxtını uzada bilərdik. Lakin bilirdik ki, vətəndə bizi nigarançılıq içində, səbirsizliklə gözləyən valideynlərimiz, övladlarımız var.
Bir göz qırpımında keçən Əfqanıstan həyatımdan mənə saysız-hesabsız xatirələr qalıb. Əfqanlarla vidalaşdığımız günü xatırlayıram. Bağça müdirəsindən tutmuş körpələr evinin sanitarına, klinikanın işçilərinə kimi hamı özündən nəsə nişanə qoymaq üçün hədiyyə bağışlamaqda bir-birləriylə yarışa girmişdilər. İndi də baxanda hər bir hədiyyədə onların sevgi dolu gözlərini görürəm.
Qayıtmağıma bir neçə gün qalmış səhər tezdən eyvana çıxarkən gördüyüm göy qurşağının ecazkar gözəlliyi mənə sanki ümidli sabahdan xəbər verirdi. Bir-birinə hörülmüş yeddirəngli (qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi) bu heyrətamiz təbiət möcüzəsini ilk dəfə idi belə aydın, yaxından görürdüm. İnanmaq istədim gələcək sabaha...
Bu ərəfədə eşitdik ki, klinikanın əczaçısı əl falına baxır. Ortayaşlı, nurüzlü əfqanın xiromantlıq bacarığından gec xəbər tutmağımıza heyifsilənsək də, onun bu məharətindən bəhrələnməyə macal tapdıq. Onun mənə dediklərindən: “Sən tanınmış, çox nüfuzlu adamla ailə həyatı quracaqsan. Onun 2 uşağı olacaq. Səni çox istəyəcək...”. İnanıb-inanmamağımdan asılı olmayaraq falçının dedikləri yaddaşıma həkk olundu...
Səninlə görüşümüzə bir il qalırdı...
Sovet dönəmində “əfqanlar”a hörmətlə yanaşılır, bir çoxlarına yüksək vəzifə etibar edilirdi. “Əfqanıstan veteranı” vəsiqəsinin də öz çəkisi var idi. Əfqanıstanda sovet ordusu sıralarında olan azərbaycanlı əsgərlərin bir çoxu Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, onlardan on yeddi nəfəri Milli Qəhrəman adına layiq görülmüşdü.
1987-ci il iyulun sonunda bizim qrup Kabildən Moskvaya döndü. Avqustun 2-si, qızımın ad günüdür, 10 yaşı tamam olur. Mütləq onun yanında olmalıyam, onu daha intizarda qoya bilmərəm. Düşündüyüm kimi də alındı. “Şeremetyevo” beynəlxalq hava limanında məni eynən bir il qabaq məzuniyyətə gəldiyim vaxt olduğu kimi atam, anam, qızım qarşıladılar. Qaldığımız “Rossiya” mehmanxanasında (çox sevdiyim bu mehmanxana, təəssüf ki, 2006-cı ildə söküldü) atam anamla özünə, mənimlə qızıma ayrı-ayrı nömrələr götürmüşdü.
Avqustun 1-də atam dedi: “Dostlarından kimləri istəyirsən sabah axşam saat yeddidə “Rossiya” restorana dəvət et”. Yaddaqalan, şən bir ad günü keçirtdik avqustun 2-də. Eynən Qeorqiy Daneliyanın “Mimino” filmindəki kimi, musiqiçilər Mirvarini təbrik etdilər: “Pozdravlyaem s dnem rojdeniya naşu qostyu iz solneçneqo Baku” (“Günəşli Bakıdan olan qonağımızın ad gününü təbrik edirik”). Təbrikin ardınca dünyaca məşhur Azərbaycan mahnısını – Qəmbər Hüseynlinin “Cücələrim”ini çaldılar. Bütün zal oynadı. Mirvari xoşbəxt idi o gün. Mən gedəli atamın, anamın, bacımın hədsiz sevgisi, diqqəti, qayğısı əhatəsində olan qızımı indi hər sözümlə, nəvazişimlə, davranışımla, hədiyyələrlə mənsizləşmiş könlünü almağa çalışırdım...
Moskvadan Bakıya qayıtmaya da bilərdim. Orada qalıb işləmək üçün təklif də vardı, imkan da. Olqa da Moskvada qalmağımı çox istəyirdi. Özümün də qalmaq istəyim olduğu halda Bakıya qayıtdım. Sanki hansısa gözəgörünməz qüvvə məni Bakıya çəkirdi. Sonra biləcəkdim ki, bu qüvvə Sən imişsən. Səninlə birgə sürəcəyimiz ömür imiş. Səndən eşidəcəyim “Mən ömrüm boyu səni gözləmişəm” etirafı imiş. Bizim alın yazımız imiş...
Bakıya qayıtdıqdan sonra mən əvvəlki iş yerimdə – ASSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində çalışmağa başladım. Şöbənin müdiri tarix elmləri doktoru Şövkət xanım Tağıyeva idi. Bu təvazökar xanım bütün ömrünü Cənubi Azərbaycan tarixinin araşdırılmasına həsr etmişdi. Şöbədə həmişə onu üstünə kitablar düzülmüş yazı masasının arxasında, başı aşağı nəsə yazıb-oxuyan görmək olurdu. Bəzən mənə elə gəlirdi ki, onun başı elə evində də oxuyub-yazmaqdan qalxmır. Şövkət xanım institutda heç kəsə qaynayıb qarışmaz, bütün söz-söhbətlərdən uzaq gəzərdi. Soyuq adam təsiri bağışlayan bu xanımın içində həssas, kövrək ürəkli qadın yatırdı. İçində həbs etdiyi bu keyfiyyətləri sanki üzə çıxarmağa çəkinirdi. Şövkət xanımın elmi işləri və özüylə tanış olan Əbülfəz Elçibəy onu bir gözəl alim, zərif, sədaqətli Azərbaycan xanımı kimi yüksək qiymətləndirirdi.
1988-ci ilin fevral ayı idi. Şöbədə Şövkət xanımın dissertantı Vidadi Mustafayevin namizədlik işinin müzakirəsi keçirilirdi. Fasilədə şöbənin bir neçə işçisinin Cavanşirin başına yığışdığını gördüm. Onlar böyük maraqla bir kitaba baхırdılar. Kitabla maraqlandım. Kimsə dedi ki, Azərbaycanın şair və yazıçıları haqda məlumat kitabçasıdır. Cavanşir Sənin şəklini mənə göstərib qürurla: “Bax, bu mənim əmim oğludur, yəqin tanıyırsan”, – dedi. Üstəlik şairliyini, insanlığını da təriflədi. Biləndə ki, mən Səni tanımıram, çoх təəccübləndi, həm də bir qədər hirsləndi. Sakitləşsin deyə, dedim: “Caz həvəskarları klubu”nu aparmağından хoşum gəlir. Qardaşım da onu tanıyır. Deyir: “On qenialnıy poet ” (O, dahi şairdir). Cavanşirə o an sanki görücülük qabiliyyəti verildi və o, gözlənilmədən dedi: “Bilirsən nədir, gəl, sizi tanış edim. Siz bir-birinizə çox oxşayırsınız. Taleyiniz, xasiyyətiniz. Həm də sənin adi adamlar xoşuna gəlmir axı. Vaqif isə əsl sənin adamındır...”.
“Dəli olmusan, məni heç kəslə tanış etmək lazım deyil”, – deyib bir az hirsləndim. Ancaq Cavanşir düz deyirdi. Məni həmişə heç kəsə bənzəməyən, başqalarından fərqli, maraqlı insanlar cəlb edib. Adətən belələri hər cəhətdən qabiliyyətli, istedadlı olurlar. Xarizmatik olurlar. Ancaq mürəkkəb olurlar. Təbiətin Səndən əsirgəmədiyi xüsusiyyətlər...
Müzakirə qurtarandan sonra Cavanşir yenidən bu söhbətə qayıtdı. Deyəsən, etdiyi təklif özünə də maraqlı gəlmişdi. Getməyə hazırlaşdığımız vaxt Cavanşir tez-tələsik Sənin ev nömrəni yığıb: “İndi səninlə gözəl bir xanım danışacaq”, – deyərək, dəstəyi mənə uzatdı. Cavanşirin bu inadkarlığı mənə gülməli gəldi. Gülə-gülə dəstəyi götürüb: “Siz Allah, üzürlü sayın, – dedim, Cavanşirin oyunlarıdır”. Dəstəyə çökən sükutdan sonra: “Biz sizinlə mütləq sonra danışarıq”, – cavabını eşitdim. Öz-özlüyümdə fikirləşdim: “Mən niyə onunla danışmalıyam?”
Aranızda həmişə böyük-kiçik söhbəti olduğundan, Cavanşirin belə bir təklif etməsi Səni çoх təəccübləndirmişdi. Buna görə də axşam ona zəng edərək bu söhbətlə maraqlanmısan. Cavanşir də məni, ailəmi Sənə xeyli tərifləyib, qardaşım bəstəkar Mobil Babayevi tanıdığını deyib. Sənin ona: “İndi çox məşğulam, sonra bu haqda danışarıq”, – deməyin isə məni özümdən çıxartmışdı. Odur ki, Cavanşirə Səninlə bu haqda danışmağı qadağan etdim. Buna baxmayaraq, Cavanşir vaxtaşırı bu mövzuya qayıtmağı elə bil özünə borc bilirdi. Düzü, Cavanşirin bu canfəşanlığı məndə də Sənə qarşı maraq oyatmağa başlamışdı. Ancaq yaradıcı adamların adətən içkiyə meyilli olmaları və aramızda olan yaş fərqini səbəb gətirərək, Cavanşirə bu fikrindən əl çəkməsini təkid edirdim.
Bu arada Sənin AzTV-də qardaşım Mobili görəndə onun üzünə böyük maraqla, diqqətlə baxaraq məni təssəvvür etmək istəyin gülməli bir səhnə yaradıb. Sənin baxışlarından təəccüblənən Mobil: “Vaqif, nəsə olub?” – deyə soruşub.
Qardaşım Mobil Babayevlə Sən Azərbaycan Kinostudiyasında çalışdığınız dövrdən tanış idiniz. Sən o zaman “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, Mobil musiqi redaksiyasında baş redaktor idi. 1985-ci ildə AzTV-də “Caz həvəskarları klubu” verilişi yenidən sizi bir araya gətirmişdi. Sən o zaman çoх populyar olan bu verilişin aparıcısı, Mobil isə redaktoru idi. Bu veriliş Azərbaycanda caz musiqisinin təbliğində əvəzsiz rol oynadı.
Bilirsən, “Asan radio” bu yaxınlarda dinləyicilər arasında sorğu keçirmişdi: “Ötən illərin ən yaddaqalan aparıcısı kim olub?” Xatırlanan adlar içində Sənin adını eşidəndə gözlərim doldu. 30 ildən çox vaxt ötsə də, tamaşaçını məftun edən xarici görünüşün, heç kəsə bənzəməyən sadə, aram, səmimi, sərbəst danışığın unudulmayıb...
Səninlə Mobilin birgə yazdığınız “Sən gələndə” mahnısını mən ilk dəfə Kabildə eşitmişdim. 1986-cı ildə Moskva kanalı ilə nümayiş olunan “Bircəciyim” filmində Mübariz Tağıyevin bənzərsiz ifasında. Vətəndən uzaqlarda əsl doğmalıq yaşadım – musiqi, söz, ifa doğmalığını. Sonralar mənə dedin ki, sənin gəlişini hiss etdiyimdən, o sözləri yazmışdım. Bu sözlər zarafatyana söylənsə də, zaman onların doğru olduğunu sübut etdi…
... Sən gələndə
Çiçəklər açılardı,
Sən gələndə
Daşlar da gül açardı,
Sən gələndə
Kədər məndən qaçardı...
Bu gün “Sən gələndə” mahnısını gənc müğənni Samirə Əfəndiyeva oxuyur. Onun ecazkar ifasında səslənən bu mahnıda indi mən öz səsimi eşidirəm...
“Ədəbiyyat və incəsənət”
(24.09.2026)


