XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
2-Cİ DƏRC
Deyirdin: “Yaz Əfqanıstan xatirələrini...”
Tam da olmasa, müəyyən anları yazacağam...
30 ildən çox vaxt keçib o illərdən. Həqiqətə bənzəməyən, uzaq keçmişdə qalan mənim Kabil həyatım. Kiminsə mənə özüm haqda danışdığı həyat. Əfqanıstana işləməyə gələnlərin əsas məqsədi iqtisadi maraq idi. Lakin hamı, içi mən qarışıq, “beynəlmiləl borc”dan dəm vururduq. Əfqanlara lazım olmayan “borc”dan, köməkdən. “Yüksək maaşlı həbsxana”. Əfqanıstanda çalışan sovet mütəxəssisləri bu ölkəni belə adlandırırdılar. Mənimsə ömrümün ən maraqlı, ən canlı çağlarından biri idi bu “həbsxana” həyatı.
Kabilə Moskvadan uçurdum. Səfər “Mossovet” xəttiylə təşkil edilmişdi. Birgə çalışacağım qrup Moskvada işləyən qadın mütəxəssislərdən ibarət idi. Pediatr, stomatoloq, ginekoloq, musiqi müəllimi, idman təlimatçısı. Təkcə mən Bakıdan idim, dəri (fars) dili tərcüməçisi qismində. Dəri dili puştu diliylə bərabər Əfqanıstanın dövlət dilidir.
Qrup üzvləriylə “Mossovet”də tanış oldum. Bizi orada beynəlxalq əlaqələr şöbəsinin müdiri qəbul etdi. O, getdiyimiz ölkədəki vəziyyət, oradakı davranış qaydalarıyla bağlı məlumat verdikdən sonra bizə “yaxşı yol” arzuladı. O zaman Əfqanıstan torpağında elan olunmamış müharibə gedirdi. 1978-ci ildə SSRİ-nin dəstəyi ilə yaradılan Əfqanıstan Xalq Demokratik Partiyası ölkədə çevriliş etdikdən sonra həmin ilin aprelində Əfqanıstan Demokratik Respublikasının yaradıldığı elan edilmişdi. Ölkədə radikal islahatların aparılması ənənəvi əfqan cəmiyyətində kütləvi etirazlara səbəb olmuşdu. Etirazçılarla mübarizədə kommunist hökumətə kömək etmək məqsədiylə 1979-cu ildə Əfqanıstana sovet qoşunları yeridildi. Sovet qoşunlarına qarşı vuruşan əfqan mücahidlərinə ruslar “duşman” (düşmən) deyirdilər. “Heç “duşman” gördünmü orada?” Bakıya qayıdandan sonra mənə ən çox verilən sual bu olacaqdı. “Gündüz işdə üzümə gülənlər bəlkə də qaranlıq çökəndən sonra əlinə silah alıb vuruşan həmin “düşmən” dedikləriniz idi”, – deyə cavab verirdim.
Qızmar bir yay günü – 29 iyul 1985-ci ildə təyyarə bizi Kabilə çatdırdı. Əfqan torpağına ayaq basan gündən gördüyümüz miskin mənzərədən sonra hamımızın üzündən bir fikir oxumaq olardı: təyyarəyə minib geri qayıtmaq. Sanki burada zaman dayanmışdı. Onda heç birimizin ağlına belə gəlməzdi ki, cansıxıcı təsir bağışlayan, qüssəli əhval oyadan bu tozlu-torpaqlı şəhərə tədricən öyrəşəcək, onun bəzi guşələri ilə doğmalaşacaq, bəzən də dönüş vaxtının uzanmasını arzulayacağıq. Xəyalən adamı “1001 gecə” nağıllarına aparan saysız-hesabsız ulduzların göz qamaşdıran parıltısından titrəyən göy üzünü, ulduzların arasından boylanan təzə Ayın yaratdığı şahanə gözəlliyi ilk dəfə burada görəcək və bu gözəllikdən səni nə gecənin sirli sakitliyini pozan atışma səsləri, nə də eyvanımızın qarşısından ətürpədici səslə şütüyüb keçən raketlər bezdirəcəkdi. Uzun zaman isə qulağına rubabın səsi gələcəkdi.
Bizi Sovet İttifaqının köməyi ilə salınmış yeni mikrorayondakı dördmərtəbəli binada, üçotaqlı, yaxşı şəraitli mənzillərdə yerləşdirdilər. Mən qrupumuzun rəhbəri pediatr Olqa Qoroxova ilə qalırdım. Onunla qura bildiyimiz etibarlı münasibət sonralar da davam etdi. Qızlar bizdən bir mərtəbə aşagıda qalırdılar. Məskunlaşdığımız binada vəzifəli, imkanlı əfqanlar yaşayırdı. Onların uşaqları bizi görən gündən “salam” əvəzinə rusca əzbərlədikləri “konfetu davay” (konfet ver) sözünü tutuquşu kimi tez-tez təkrarlayır, istədiklərini almayana qədər əl çəkmirdilər.
Gəldiyimiz gün qrupumuza təhkim olunmuş kuratorla görüşdük. Qiyabi də olsa, o, hamımızın tərcümeyi-halıyla yaxşı tanış idi. Yenicə söhbətə başlamışdıq ki, qab-qacaq cingiltisiylə müşayiət olunan yer silkələnməsini hiss etdik. Altımızdakı stullar yelləncəyə döndülər. Təkan gücləndikcə uğultu səsi də artırdı. Kiminsə başı gicəlləndi, kiminsə ürəyi bulandı. Əfqan qonşuların böyüklü-kiçikli hay-küylə küçəyə axışması bizim həyəcanımızı artırsa da, heç kim yerindən tərpənmədi. Hamımız donub kuratorun üzünə baxır, onun “əmrini” gözləyirdik. O, soyuqqanlıqla: “Zəlzələ burada tez-tez olur, alışın, amma özünüzü itirməyin”, – dedi. Həqiqətən də zəlzələ bir az keçdikdən sonra yavaşladı və tamam dayandı. “Əgər elə gələn gün Əfqanıstan bizə öz dişlərini belə qıcıdırsa, Allah bilir, sonra nələr baş verəcək...”. Ağlımdan bu fikirlər keçdi.
Kabildə yaşadığımız müddətdə vaxtaşırı həm zəif, həm də güclü yeraltı təkanlar olur, biz də onları soyuqqanlıqla qarşılayıb, yola salırdıq, eynən kuratorun dediyi kimi. Zəlzələ dayanandan sonra kurator aramla söhbətinə davam etdi, bizə təhlükəsizlik qaydaları və ona necə riayət etməli olduğumuz haqda məlumat verdi. Ölkədəki vəziyyəti şərh edərkən onun sovet ordusunun Əfqanıstanda törətdiyi soyğunçuluğu, özbaşınalığı, qəddarlığı haqqında dedikləri bizim üçün dağıdıcı, 10 ballıq zəlzələyə bərabər oldu. Sovet orqan işçisinin yeni işləməyə gələnlərlə etdiyi belə açıq söhbətlər heyrət doğurmaya bilməzdi. Kimin nə hal keçirdiyini demək çətindir, lakin hamının öz hisslərini cilovlamağa çalışdığı görünürdü.
Kim onda deyə bilərdi ki, 1979-cu ilin sonunda ordusunu Əfqanıstana yeritməklə orada vətəndaş müharibəsinin əsasını qoyan Sovet İttifaqı 1989-cu ildə onun ərazisindən öz qoşunlarını çıxarmalı olacaq və həmin il SSRİ xalq deputatlarının I qurultayında akademik Andrey Saxarov ona göstərilən təzyiqlərə baxmayaraq, tribunadan Əfqanıstanda sovet ordusu sıralarında baş vermiş əxlaqsızlıq, pozğunluq halları, əsgərlərin dinc əhaliyə qarşı törətdikləri amansızlıqlar haqda faktlar əsasında ictimaiyyətə məlumat verəcək. 1988-ci ildə sovet tankları Bakıya girəcək... 20 il qabaq Sənin sovet ordusunun Çexoslovakiyaya daxil olduğu zaman yazdığın şeir yada düşəcək:
...Sən bəlkə də sevinərdin,
Baxıb dənizə sarı,
Axı yuxuna girməzdi
Rus çarının tankları...
Bakı küçələrində sovet tanklarını görəndə gözümün önünə əfqan həkim Mohtərəmənin hüznlü baxışları gələcək... Sonra SSRİ də süqut edəcək...
Bu hadisələr hələ qabaqda idi. Məni isə Kabildə ikiillik maraqlı həyat gözləyirdi.
Qədim tarixi olan Əfqanıstan ərazisində müxtəlif mədəniyyətə, dilə, ənənəyə malik xalqlar yaşayır: puştunlar, həzaralar, taciklər, özbəklər, türkmənlər və başqaları. Ölkənin paytaxtı Kabil qədim şəhərdir. Suyu qurumuş Kabil çayı şəhəri iki yerə bölür. Köhnə və yeni şəhərə. Qala divarlarını qalıqları ilə əhatə olunmuş köhnə şəhər. Əyri-üyrü, dar küçələri olan köhnə şəhər Şərq simasını saxlamışdı. Şəhərin yeni hissəsində keçmiş şah igamətgahı, səfirliklər, inzibati idarələr, iri yaşayış məhəllələri yerləşir. Köhnə şəhərlə yeni şəhəri çayın üzərindən salınmış körpülər birləşdirir. Şəhərin küçələrində “Toyota” markalı maşınlar, rikşalar, velosipedlər, sirk maşınlarını xatırladan böyük, rəngarəng yük maşınları hərəkət edirdi. Yazda jasmin kollarındakı qızılgülə bənzər çiçəklərin ətri şəhəri bürüyürdü...
Bizim iş yerimiz şəhərin mərkəzində, sovet mütəxəssislərinin tikdiyi ana və uşaq mərkəzi olan “Şirpur”da idi. Həkimlərimiz Kabil və ətrafdakı körpələr evi və uşaq bağçalarının uşaqlı-böyüklü bütün personalını müayinə və müalicə edirdi. “Şirpur” bizi çox mehribanlıqla qarşıladı. Əfqanlara xas olan xüsusiyyətlə. Orada olduğum müddətdə ucadan danışan adam görmədim. Bəzən adama elə gəlirdi ki, onlar sözləri qulağa pıçıldayırlar. Əfqanlar bizə adla deyil, “xanım-sahib”, deyə müraciət edirdilər. Adla müraciət orada yaxşı hal sayılmır. Klinikada hamı Avropasayağı geyinirdi. Xadimələrdən başqa. Ümumiyyətlə, şəhərdə həm ənənəvi geyimli, həm də çadrasız, örpəksiz qadınlara rast gəlmək olurdu. Adətən təhsil almış qadınlar müasir geyimlərə üstünlük verirdilər. Əfqanlar bayramları, çalıb-oynamağı, deyib-gülməyi sevən xalqdır. İstirahət günləri ailələriylə ya qonaq gedir, ya da azuqələrini götürüb təbiət qoynuna çıxırdılar. İnsan öz təbiəti etibarilə düşdüyü şəraitə uyğunlaşır. Kimi gec, kimi tez. Əfqanlar da öz həyat tərzlərini, adət-ənənələrini müharibə şəraitinə uyğun davam etdirir, bəzən isə müharibə getdiyini belə unudurdular. Bizə deyirdilər ki, müharibə olmasaydı, sizi Cəlilabada aparardıq, oranın gözəl təbiətini öz gözlərinizlə görərdiniz.
O zaman Əfqanıstanın bütün körpələr evi və uşaq bağçaları departamentinin prezidenti ölkənin Nazirlər Şurasının sədrinin xanımı Kərimə Keştmənd idi. 40-45 yaşlarında olan Kərimə əzmli, baxımlı bir xanım idi. Zövqlə, Avropasayağı geyinirdi. Boynuna ipək şarflar salardı. Bizim mərkəz bilavasitə onun himayəsində idi. Eyni zamanda Təhsil Nazirliyi də öz köməyini bizdən əsirgəmidi. Buna görə həm məişət, həm də işlə bağlı bütün məsələlərimiz tez bir zamanda həllini tapırdı. Bizim qrupun ixtiyarına iki minik avtomobili verilmişdi. Bu da başqa sovet kontraktı ilə işləyən mütəxəssislərin qısqanclığına səbəb olurdu. Çünki onların əksəriyyətini avtobusla aparıb-gətirirdilər. Tünd göy rəngli, təzə “Volqa” maşını Olqayla mənə xidmət edirdi. Sürücümüz arıq, seyrək saçlı Oman adlı əfqan idi. O, gənc olsa da, yaşından böyük görünürdü. Daha yaşlı görünmək gün altında dəriləri kobudlaşmış əksər əfqanlara xas idi. Omanın bu görünüşünün arxasında mehriban, geniş qəlbli bir insan dururdu. O, bizim qürbətdəki həyatımıza rəng qatmağa çalışırdı. Kabilin mərkəzində ailəsinə məxsus gül dükanından gətirdiyi çiçəklərlə bizə “gül bayramları” yaşadırdı. Ad günlərində, bayramlarda, bəzən adi günlərdə belə otaqlarımız çiçəklərin ətriylə nəfəs alırdı. Omana deyəsən, Kabilin ən gözəl qızı qismət olmuşdu. Çox qəşəng gənc xanımı ilə qürur duyurdu Oman. Xanımı da onun nəcib qəlbli insan olmasıyla. Onların ikisi də xoşbəxt idilər. Bir qızları da oldu sonradan.
“Şorəvi” adlandırdıqları sovet mütəxəssislərini əksər əfqanlar sevmirdi. Bəziləri açıq-açığına deyirdilər: “Bizi öyrətmək lazım deyil, çıxın gedin buradan”. Bizim qrupun həkimləri yerli həkimlərə nəyisə başa salanda nəzakətli olmağa çalışırdılar. Savadlı mütəxəssislə qarşılaşanda isə münasibətlər qarşılıqlı təcrübə mübadiləsi şəklində qurulurdu. Bizim klinikanın baş həkimi bilikli, təcrübəli pediatr Mohtərəmə xanımın timsalında olduğu kimi. Sərt baxışlı, qürurlu bir xanım olan baş həkimin üzü, demək olar ki, heç gülməzdi. Onun içində elə bil illərdən yığılıb qalmış dərd, gözlərində hüzn vardı. Çox astadan danışar, fikirlərini yığcam deməyə çalışardı. Diaqnozun qoyulması ilə bağlı mübahisəli məsələ olduqda masasının üstündə saxladığı ingilis dilində olan qalın tibb ensiklopediyasına müraciət edərdi. Bəzən mənə elə gəlirdi ki, bizim klinikada olmağımız onu əməlli-başlı əsəbiləşdirir. Bunu büruzə verməməyə çalışsa da. Bəlkə də onun dərdi ölkəsində işğalçı sovet ordusunun olması və bu mövcudluğun təzahürü kimi klinikada bizə dözməsi idi. Dəfələrlə söhbət zamanı əfqan xalqının azadlıqsevərliyindən söz açır, fəxrlə xalqının XIX əsrin sonlarında və XX əsrin əvvəllərində ingilislər üzərində çaldığı qələbəni yada salırdı. Ancaq bir dəfə Olqayla mən onun otağında olanda illərlə ürəyinə yığdığı, nəfəsini daraldıb, onu boğan nifrətini zəhər kimi üzümüzə vurmaqdan çəkinmədi: “Sizə böyük rəğbətim olsa da, sovet hərbçilərinə nifrət edirəm, nifrət... Onlar bütün xalqla müharibə aparır, uşaq, qadın, qoca bilmirlər. Onlar qalib deyillər, işğalçıdırlar...”. O, bu sözləri titrək, həyəcanlı səslə desə də, başını dik tutmuşdu. Möhtərəməni dediklərinin kabinetindən çıxıb-çıxmayacağı da narahat etmirdi. Bu fikirləri bildirməyi, o, özünün vətəndaşlıq borcu sayırdı. İçimizdə onunla razılaşsaq da, dediklərini cavabsız qoya bilməzdik. “İnsan talelərinin xarabalığına, məzarına çevrilən müharibələr heç bir xalqa lazım deyil, o cümlədən də, sovet xalqına. Nə oğullarını dəmir tabutlarda qarşılayan analara, atalara, nə onların itkin düşməsi xəbərini alan gəlinlərə, nə də ki, vətənə döndükdən sonra özünə yer tapmayıb, məhv olan fiziki, mənəvi əlillərə. Müharibə onu törədən cinayətkarlara, ondan bəhrələnən siyasətçilərə, hərbçilərə, alverçilərə lazımdır...”.
Sovet İttifaqının əfqan dövlətinə etdiyi təmənnasız kömək (geyimlər, ərzaq malları) kasıb əhaliyə satılırdı. Biz dəfələrlə sovet zabitlərinin himayəsi altında əsgərlərin neçə-neçə dolu kisəni maşından dükanlara daşımasının şahidi olmuşduq. Sonradan bu dolu kisələrdə qarət olunmuş əfqan pullarının olduğunu bilmişdik. Dükanlarda (satıcılar əsasən hindlilər idi) malların qiymətlərinin birdən-birə qalxma səbəbiylə maraqlandıqda, “öz hərbçilərinizdən soruşun” cavabını eşidirdik.
Mohtərəmə bizim dediklərimizə diqqətlə yanaşsa da, söylədiklərimiz onun yarasına məlhəm ola bilməzdi. Çünki Mohtərəmə öz torpağında idi. Və bu müharibəni onun xalqına sırımışdılar...
Sovet qoşunları Əfqanıstandan çıxandan sonra hamı düşündü ki, ölkədə əmin-amanlıq bərpa olunacaq. Ancaq belə olmadı. Hakimiyyət uğrunda vətəndaş müharibəsi daha da alovlandı. “Taliban” qüvvələri hakimiyyətə gəldi. Sonra NATO qüvvələri bu ölkənin təhlükəsizliyi, inkişafı adıyla buraya yerləşdirildi. Az qala hər gün insan tələfatıyla nəticələnən partlayışlar, hərc-mərclik, görəsən, Mohtərəmənin, Omanın, Morinin və başqa tanıdığım, ünsiyyətdə olduğum əfqanların taleyini necə etdi? Onlardan sağ qalanlar varmı?
20 ildən sonra ABŞ öz silahlı qüvvələrini ölkədən çıxardı. “Taliban” qüvvələri 2021-ci il 15 avqustda Kabili tutmaqla, demək olar ki, bütün ölkə üzərində öz hakimiyyətini bərqərar etmiş oldu...
“Ədəbiyyat və incəsənət”
(23.09.2026)


