“Biri ikisində” bu dəfə Qalib Arifin hekayəsi ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Qalib Arifin hekayələri təqdim ediləcək.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

         

 

Qalib ARİF

 

“ANACAN, DOSTUM EVLƏNİR...”

 

(“Gənclik hekayələri” silsiləsindən)

 

Deməli, 80-ci illərdi, başda nəqəratı gedən mahnı da dəbdə idi. Onda hələ “Vasmoy”da yaşayırdım, nə yaşım var idi, “Xruşovka”da 3 otaqlı damım-daşım var idi. Və qonşuluqda Nurəli adlı bir yoldaşım var idi. Uşaqlıqdan bir məhlədə böyümüşdük, 220 saylı məktəbdə bir sinifə getmişdik. Qarayanız, arıq oğlandı, məhlədə bir şey olanda, dalında dağ kimi dururdum. İllər gedirdi, amma bizim dostluğumuz davam edirdi, qardaş kimi idik...

Artıq Nurəli əsgər gedib-gəlmişdi, “Pişevoy”u bitirmişdi və Çörək Zavodunda anbardar köməkçisi işləyirdi. İşi babatdı, gündə 100 manat qazanırdı. Hündür, qayış kimi oğlandı, bir şey olanda, dalımda dağ kimi dayanırdı. Mən də Neft Akademiyasını (onda AZİ deyirdilər) bitirmişdim, Elmlər Akademiyasında aspiranturaya girmişdim. Ayda 125 manata qulluq edirdim, amma bizim xarici tələbələrlə alver edirdim, babat dolanırdım. Nurəlinin üst-başına, cins şalvarına da mən baxırdım. Puluna minnət, 250 manata “Levis”, 280-nə “Montana” alırdı. “Belgiyski” layka plaşı da vardı.

Nurəli mənim işlədiyim instituta arabir gəlirdi, amma son vaxtlar lap “su yoluna” döndərmişdi. Qara qızın dərdi varmış... “Anacan, dostum evlənir...” Bizim şöbədə Aida adlı bir qız vardı, birinci ildən AMİ-yə girməmişdi, bizdə 6 aylıq staj yığırdı. Qarayanız, suyuşirin gözəldi,  institutda bütün subaylar ona valeh idi, Nurəli də istisna deyildi. Onun boy-buxunu, “firmenni” üst-başı Aidanı da cəlb edirdi. Hiss edirdim, çörəyi qulağıma yemirdim. Dostum pul qazanan idi, amma danışan deyildi, qıza söz deyən deyildi. Odur ki, dərdini mənə dedi: “Mən zirəli, Aida məştağalı, kənd uşağıyıq, bizimki tutar, gör neynirsən...” Hətta “Abşeron”da babat qonaqlıq da söz verdi...

          Mən də atı daşlığa sürmədim, dostuma ilkin elçilik elədim. 8 mart ərəfəsində Aida ilə danışdım, onu “podruqası” ilə “Abşeron”a dəvət etdim. Gözəl işarədən söz biləndi, dəvətimi səmimi qəbul etdi. Və biz martın ilıq bir axşamı “Abşeron”a səfər etdik. Bilənlər bilər, o vaxtlar “Abşeron”a adi günlərdə düşmək çətindi, 8 mart ərəfəsi isə mümkün deyildi. Onlarla adam qapıda növbə gözləyirdi, hətta pul belə, kömək etmirdi. Nurəli tədbirli oğlandı, əvvəldən əldən dəvətnamə almışdı.Amma işin tərsliyindən, dəvətnamələr bara yazılmışdı. Bizi yuxarı restorana buraxmadılar, aşağıda barda oturası olduq.

“Zolotoy” şampanı su kimi axırdı, qara, qırmızı “ikraya” dəyib dayanırdı. Şampan ilə qara “ikra” da, məlumdur ki, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Bizim “dördlük” də həmin qoşquda, bəndənizin şux zarafatlarının qoynunda çox uzağa getdi. Arkadi Raykin qələt eləyir, mən “anekdot” danışmağın ustasıyam. Məclisi mən aparırdım, başağrısı olmasın, çox danışdım. “Anekdotlar”ın biri indi də yadımdadır, yaddaşımın qızıl fondundadır... Qızların gülüşü də qulaqlarımdadır...

– Deməli, “rus-nemes” müharibəsində bir zirəli əsir düşür. Hamı rusca az-maz bilir, zirəli bir kəlmə də bilmir. Tərcüməçi gətirirlər, nemes bunu sorğu-sual edir, bakılı ləhcəsi ilə deyir:  “Ala, haralısan?”. Zirəli kəkələyir:  “Qədeş, Bakiliyəəəmmm”. Nemes deyir: “Bunu bilirəm, Bakı ruslara neft verir. Sən Bakının harasındansan?” Nurəlinin kəççisi (kəndlisi)  bicin biri olur, fikirləşir ki, “zirəliyəm” desəm, birdən nemesin xoşuna gəlməz, elə bilər, orda neft çıxır, məni güllələyər. Qoy, “mərdəkənniyəm” deyim, Mərdəkəni hamı tanıyır, orda neft də çıxmır”. Deyir: “Qədeş, mən mərdəkənniyəəəm...” Nemes gülümsəyir ki: “Ala,  oğraş, bəs zirəli kimi kəkələyirsən...”

Bardan sonra Nurəli Aidanı ötürdü, mən də onun azərbaycanca danışmayan, ancaq başa düşən çəpgöz “podruqası”nı. Deyirəm, qıza bax e, qəsdən bunu gətirib ki, özü daha gözəl görünsün... Onlar yuxarı, “Moskva” mehmanxanasına tərəf qalxdılar, biz aşağı- “Azneft”ə düşdük. Mən bir taksi saxlayıb “podruqa”nı mikrorayona yola saldım, özüm piyada “Baksovet”ə qalxdım. Günümüz cavan qızların əhatəsində keçmişdi, kefim qaranlıq göylərdə, işıqlı ulduzlarda idi. Bəli, şair demiş, cavanlıq heç zad ilə şad olar, bizim dərdi tutmur indi dünyalar... 

Sonra Nurəlinin xoşbəxt yay günləri başladı. Aida “med-texnikuma” imtahan verdi və qəbul olundu. Nurəli qırmızı “Jiquli” aldı, özü demiş, “11 nömrə”nin daşını atdı. Tez-tez axşamlar bizə gəlirdi, mən də ona baş çəkirdim. Deyirdi:

 –Qızı şəhərdə nənəmgilə aparmışam, nənəmin xoşuna gəlir, deyir, “gözəldir”. Anamla da bulvarda tanış etmişəm, bir yerdə çay içmişik. Anamın da xoşuna gəlir, deyir, “gəlinim gözəldir”.  Bu gün-sabah kişini “Avrora”ya, qızgilə göndərmək istəyirəm, amma hələlik qız razılıq vermir...

Deyirdim:

– Allah xeyir versin... “Anacan, dostum evlənir”.

Gülüşürdük...

 

***

Deyirlər, “pis günün ömrü az olar”, amma yaxşı günün ömrü daha az olur. Bir payız gecəsi Nurəli bizə gəldi. İnanın ki, salam vermədi, qanı qapqara idi. Dedim:

–Ala, nə olub? Bəlkə qızla aran dəyib, bəlkə işdən qovublar?

Dedi:

–Ölmüşəm, yerdən götür, səhərlər çörək də yeyə bilmirəm. İş olsa, özüm düzəldərəm, pul verərəm. Amma qız mənimlə danışmaq istəmir... Mən kişini bunlara evə göndərmək istəyirəm...

Çox gec idi deyə, Aidaya zəng etmədim, həm də bu, telefon söhbəti deyildi.

–Axşamın xeyrindən sabahın şəri yaxşıdır, –dedim...

Nurəli razılaşdı, amma fikrimi başa düşdü, düşmədi?! Getdi...

Səhər tezdən Nurəli qırmızı “Jiquli”də evimizin qabağını kəsdirdi. Mən işə getməli idim, amma “Avrora” metrosuna - Aidagilin məhləsinə getdim. Çox gözləmədik, tələbə qız dərsə gedirdi. Bəzənmişdi, iri-iri gözləri... “Qara kişmişi cibə tökərlər”, qara qız qara layka plaşda hind gözəlinə bənzəyirdi. Başıma gələn axmaq fikirləri əlimlə qovdum, “hind gözəli”nə yaxınlaşdım. Qız məni şirin bir təbəssümlə qarşıladı, sanki heç zad olmamışdı. Əl verib görüşdüm, tələbə biletini bir də (zəng etmişdim) təbrik etdim. Səmimi sevindi:

– Sağ ol! İşdə nə var, nə yox? – dedi.

Söhbəti 6 ay əvvəl mən başlamışdım, indi də mən yoluna qoymalıydım. Dedim:

– Nurəli sizə elçi göndərmək istəyir.

Dedi:

– Bilirəm, amma mən istəmirəm.

Təəccüblə baxdığımı görüb “net” bir cavab verdi, indi də qulaqlarımdadır...

– Nurəli məni çox istəyir, nənəsi ilə, anası ilə tanış edib... Mən də evdə anama demişəm. Deyir: “Öz bakılımızdır, pis olmaz”. İmtahanlardan sonra, az qala, hər gün görüşürdük, görüşən kimi də,  kafeyə, ya bara gedirdik. Şampansi, sok... Sok, şampanski... Nə qədər su olar, mən paltar maşını-zadam?! Adam bir kəlmə danışmır, elə bil ağzına su alır... Arif, hər dəfə sən bizim yanımızda olmalısan ki, “anekdot” danışasan?! Axı mən darıxıram, partlayıram. Mən bu adamla necə yaşayacağam?  Mən bu adamla yaşamaq istəmirəm...

 

***

Avtomobil qəzalarını, küçə davalarını vecinə də almayan Nurəli ürək “qəzası”nı çox ağır keçirdi,  xeyli müddət özünə gələ bilmədi. Bizə də gəlmirdi, mən də qəsdən getmirdim, “Amur məsələləri”ndə ondan xeyli təcrübəli idim, deyirdim, özünə gəlsin. Amma arabir zəng edirdim, gah deyirdi “lomkada”yam, gah deyirdi “dumka”dayam... Nəhayət... Bir dəfə axşam özü zəng etdi ki: “Gəl, evdə təkəm, “vodkada”yam...”

Yeri gəlmişkən, Nurəli yaşlı valideynlərin tək övladı idi, atası Nurməmməd kişi dənizçi idi, gəmidə mexanik işləyirdi. Anası da növbəli işə gedirdi, ona görə Nurəli evdə çox vaxt tək idi. Bu dəfə də gördüm ki, qonaq otağında tək oturub, qabağında 1 litr “Stoliçni” araq, 1 qazan da “domaşni” küftə-bozbaş. Dedim:

– Sənin başın xarab olub!

 Dedi:

– İndi bilirsən?! Dünəndən...

Oturduq, yaman oturduq, gecə səhərə kimi, vurduq, səhərdən o biri gün səhərə kimi, yatdıq. Yaxşı ki, Nurəlinin bir yeşik çex pivəsi vardı, canımızı “paxmel”dən qurtardı...

Qərəz, aradan bir-iki ay keçdi, Nurəli “lomka”dan da, “dumka”dan da qurtardı. Adam kimi yaşamağa başladı. Günlərin bir günü zəng etdi ki:

– Dur gəl, təzə xəbər var!

Dedim:

– Yenə “vodkada”san?

 Dedi:

– Bu dəfə, deyəsən, sənin başın xarab olub, mən alkaş-zadam?!

Durub getdim; evləri bizə yaxın idi. Gördüm, bu dəfə də evdə təkdir, kefi də kökdür. Məni gülə-gülə qarşıladı, dedi:

– Təbrik edə bilərsən, qərdeşin evlənir...

Əlini sıxdım, üzündən öpdüm, dedim:

–“Anacan, dostum evlənir... Yaxşı, bəs, qız kimdir?!

Dedi:

– Tələsirik, yolda deyərəm, bilərsən. Öz kəççimizdir.

Nurəlinin qırmızı “Jiqulisi”nə mindik, bu dəfə “Əzizbəyov” metrosuna getdik. Qız Sabunçu xəstəxanasında “medsestra” işləyirdi, bir azdan metroya gəlməli idi. Biz də onu ötürməli, yəni götürüb Zirəyə getməli idik. Demə, bir dəfə Nurəli ata-anasını Zirəyə aparanda, kənddə maşını yoldan çıxarıb, “yamaya” salıb. Doğrudur, salamatçılıq olub, amma anası bərk qorxub, özündən gedib. Adamlar qaçıb qonşudan “medsestra” gətiriblər. Qızın əli yüngül olub, arvada bir iynə vuran kimi,  özünə gəlib. Bu, Nurməmməd kişinin xoşuna gəlib, deyib:

– Qız, kimin qızısan?

Qız deyib:

– Məmmədhəsən kişinin.

Nurməmməd kişi də deyib ki:

– Ala, gör a, Məmmədhəsən mənim dostumdur.

Vəssalam, şüttamam, bir molla, bir kəlləqənd, 100 manat da pul... Amma pul barədə bir az sonra...

Deməli, maşını metronun qabağında saxlamışdıq, özümüz düşüb avtobus dayanacağı tərəfdə dayanmışdıq. O vaxtlar Bakının kəndlərindən gələn avtobuslar yolun sağında, metronun qabağında dayanırdı, işdən gələn adamlar düşüb metroya axışırdı. Hər dəfə bir qəşəng qız görəndə qımışırdım, Nurəlidən soruşurdum:

– Budur?

Deyirdi:

– Yox.

Beləliklə, Bakının bütün qəşəng qızları gəlib keçdi, amma Məmmədhəsən kişinin qızı gəlmədi... Nəhayət... Nurəli dedi ki:

– Qız gəlir!

 Qarşıdan arıq, uzun, qara bir vücud gəlirdi. Elə bil üçlük taxta idi, dalı-qabağı bilinmirdi. Saçları olmasaydı, kişi, ya arvad olduğunu da bilmək olmazdı... Seyrək, qara saçları vardı, külək dağıdırdı... İnanın Allaha, saqqalı da olsaydı, elə bilərdim ki, “Nəsibənin kuklası”dır. Nə isə, salam verdik, aldı, maşına yaxınlaşdıq, dəvət gözləmədi, arxa qapını açıb oturdu. Mən nokaut vəziyyətinə düşmüşdüm, danışa bilmirdim, Nurəli maşın sürürdü.

Maşında qız dil-boğaza qoymurdu, amma mən çox şeyi başa düşmürdüm. Həm zirəlilər kimi kəkələyirdi, həm də anadangəlmə pəltək idi. Başa düşdüyüm qədər, Sabunçu xəstəxanasından, hər gün “operasiya” edən, “paçka” ilə aldığı qırmızı onluqları sayan hansısa professordan danışırdı, xəstə sahiblərinin “medsestra”nı da unutmadıqlarını, cibinə beşdən-ondan basdıqlarını ləzzətlə vurğulayırdı. Sonra qəfil professordan maqnitofon kasetlərinə keçdi, dedi:

– Nuyəli, sənçün 4 “yaponiski kaset” götüzdürmüşəm.

Sonra sumkasını açdı, 4 kompakt kaset çıxarıb irəli uzatdı. Nurəli maşın sürürdü, kasetləri mən aldım. O vaxtlar biri mağazada 5 manata satılan adi “Soni” kasetləri idi. Mən dinmədim, Nurəli soruşdu ki:

– Biri neçə eləyir?

 Qız dedi:

– Özün biliysən, döydü 100 manat.

Nurəli adəti üzrə dinmədi, svetoforda sakitcə pulu çıxartdı, verdi... Mən dinmirdim, “atanşik”ə heyrət edirdim...

Biz qızı Zirədə evlərinə qoyub geri qayıtdıq. Doğrudur, qardaşları evə dəvət etdilər, amma mən dedim:

– Tələsirəm.

Məqsədim vardı, univermaq bağlanınca “Avrora”ya çatmaq istəyirdim. Yolda Nurəli söhbət açmaq istədi:

– Qızın 5 qərdeşi, 5 bacısı var, adama arxadılar, – dedi: –Aida kimi “medsestra”dır, sünnət də eləyə bilir... Aida kimi qara qızdır...

Amma mən reaksiya vermədim, yalan danışmaq, dostumu aldatmaq istəmirdim. Həm də artıq nokaut vəziyyətində idim. Hardasa saat yeddinin yarısında “Avrora” metrosuna çatdıq. Univermağın qabağında Nurəliyə dedim:

– Saxla, işim var.

Bir yerdə maşından düşdük, Univermağa girdik. Qəsdən kasetlər satılan şöbəyə yaxınlaşdım, qiymətini soruşdum. “Soni” və “Panasonik” 5 manat, ən yaxşısı “TDK” 6 manat idi. Nurəli bir az avam adam idi, amma axmaq deyildi...

Nə isə, Nurəli qara qızı aldı, həyətlərində “palatka” toyu çaldırdı. Bəndəniz də VVAQ-da qolçəkən, toyda pulyazan oldu. Biz dostlar toyda “lomka”da olsaq da, toydan sonra bəyi yola saldıq, yeriniz məlum, “palatka”da oturub səhərə kimi, “vodka”da olduq. Şəkillərimiz hələ qalır, gənclik illərini yada salır. Amma təzə ailə qalmadı, dağıldı. Bir neçə il bir yerdə yaşadılar, uşaqları olmadı, boşanası oldular. İşləri məhkəmədə, mənzil davasında olanda, Nurəli axmaqlıq edir, tək maşına minir, Zirəyə gedir. Qızın qardaşları da bilən kimi, hücum çəkirlər, Nurəlini vəhşi kimi döyürlər. Doğrudur, Nurəli möhkəm oğlan idi, amma Brüs Li deyildi, 5 nəfərə cavab verə bilməzdi... Qonşular güclə onu qardaşların əlindən alırlar, “Təcili yardım” çağırırlar. Bu müddətdə qara qız da əlinə bir balta alır, qırmızı “Jiquli”nin bütün şüşələrini sındırır, amma xoşbəxtlikdən maşının korpusu salamat qalır. Zirədə də milisə getmək, şikayət etmək “za padlo” sayılır...

Bu hadisələrdən, hardasa 10 ildən çox keçdi, atam möhkəm xəstə idi, qan təzyiqi kəllə-çarxa qalxmışdı. “Təcili yardım” çağırdım, təcili gəldilər. Həkimlə gələn “medsestra” mənim əski dostum Aida xanım idi. Dəyişmişdi, kökəlmişdi, amma həmən gözəldi. Atam bu halda olmasaydı, görüşümüzə sevinərdim, anamla, yoldaşımla tanış edərdim. Amma kişini huşsuz halda xərəyə qoyub maşına apardıq. Yolda Aida danışdı, dərdini açdı:

– Mən axmaqlıq etdim, sənin sözünə əməl etmədim, o vaxt Nurəliyə getmədim. Sonra ailə qura bilmədim, elə bil üstümdə qarğış vardı, istəyən vardı, amma alınmadı. Tək qaldım...

Mən  də Nurəlinin qəmli taleyindən danışdım. Hər ehtimala qarşı,  telefon nömrəmi  verdim, onunkunu aldım. Aidanın rəngi xoşuma gəlmirdi, qara qız elə bil ağarmışdı...

Atam xeyli müddət xəstə yatdı, amma ayağa qalxmadı, qan təzyiqi onu apardı. Başım bir az açılanda Aidanı axtardım, bir-iki dəfə bayrama, 8 marta salıb zəng çaldım, götürmədi. Narahat oldum, yolumu “Təcili yardım” stansiyasından saldım. Aidanı soruşdum, dedilər:

– Sağ nə gəzir?! Dünyasını dəyişib, artıq bir ildir.

Dedim:

– Axı bu, cavan adam idi, buna belə nə oldu?!

– Qan xəstəliyi... – dedilər.

 “Qara qızın dərdi varmış, buna görə, rəngi ağarıbmış” – fikirləşdim. Sonra Nurəlini görəndə fikir verdim, bunun da rəngi elə bil ağarmışdı. Aidanın faciəsini dedim:

– Sənin də rəngin ağarıb, həkimə get... – məsləhəti verdim.

Gözləri yaşardı, sakitcə bir kənara çəkilib ağladı... Heç bir il keçmədi, getdi... Yenə qan xəstəliyi...

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.