“Dustaqlanaram şeir dəftərimin sətirlərində” - Zaman Paşazadə Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Təqdimatımız bu dəfə də Güney Azərbaycana köklənibdir.

Zaman Paşazadə Xiyav (Meşkin) əsillidir. 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmışdır. Uşaqlıq illərində atasının təqaüdə çıxması ilə əlaqədar ailəsi ilə birlikdə yenidən Xiyav şəhərinə köçmüşdür. Hazırda Muğanda yaşayır.

 

Zaman Paşazadənin ilk şeirlər toplusu — “Aynada öl-dirilimək” — 2019-cu ildə işıq üzü görmüşdür.

Layihələr:

Dünya Şeir Antologiyası — tərcümə: “Alt şift şeir”.

Tərcüməçilər: Zaman Paşazadə və İsa Zeyni.

Fars dilinə tərcümə olunmuş kitabı:

“Fotoğraftan asılmış divar” (دیوارآویختهازعکس)

Tərcüməçi: Sürəyya Xaliq Xiyavi.

Şalgerden nəşriyyatı, 2023.

 

Şairin şeirlərini təqdim edirəm:

 

1

“Silsəm gözlərini…”

 

Silsəm gözlərini şeirlərimdən,

Burnunu qırışdırıb dodaqlarını büzərsən şeir dəftərimdə.

Silsəm burnunu-dodaqlarını şeirlərimdən,

Saçlarının dəniz qaranlığında qaralar dəftərim.

 

Silsəm saçlarını şeirlərimdən,

Heç bir can hənirtisi olmadan,

 ağ kağız qalar...

Və mən nə şair,

nə də rəssam,

Əli qanınla bulanmış bir qatil kimi yaxalanaram saçlarının silinməz ətrində,

Dustaqlanaram şeir dəftərimin sətirlərində...

 

 

2

“Uçurtma”

 

Yuxuma girmiş uçurtma

Göy üzünü dustaq etdiyim otaqda

Hey diksinirsən məndə ki, göy üzü fobiyasında

Hey yıxılıram üstümə, qapanır kölgəm

Hey ipin ucu əlimdən çıxır.

Gecənin ulduzlu pərdəsini siyirirəm

Ağlağan bir bulud var gecənin arxasında

Gülən bir günəş.

Xatırlamağa çalışdığım bir yuxu kimi gəl-getdədir

Uzun qırışdırır qaşını

Gülür saçlarını günəşə döyünləmiş uçurtma.

Saçların, küləklərin şəhərdaşı

Yellənir uçurtma sayağı.

Xatırlamağa çalışıram günəşə baxaraq

Sızır yaddaşıma yuxumun rikovery versiyası;

Yuxuma girmiş bir uçurtma var

Uçuruma sürükləyir ipinin ucu,

Diksinir məndə göy üzü fobiyası.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.