“Biri ikisində” bu dəfə Zaur Ərmuğanla Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Zaur Ərmuğanın şeirləri təqdim edilir.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

         

 

Zaur ƏRMUĞAN

 

BOYDADIR

 

Ürəyi var söz duyanın,

Dərdi qəlb dağı boydadır.

Bu boyda göyü dünyanın,

Elə torpağı boydadır.

 

Bu dünya qaranlıq quyu,

Çıx zülmətdən, nurda uyu.

Bu dünyanın yası toyu,

Qarası ağı boydadır.

 

Nə qəribik, nə də ögey,

Dilimizə düşüb giley.

O yan quzey, bu yön güney,

Dünya qucağı boydadır.

 

Dünya ağardıb başını,

Adam bilib sirdaşını.

Başına salıb daşını,

Haqqı qınağı boydadır.

 

Ərzi nədir əsrimizin?

Daşı uçub qəsrimizin.

Əynimizdə nəfsimizin

Donu balağı boydadır.

 

Yuxumuz nağıl istəyir,

Ağzımız noğul istəyir,

Başımız ağıl istəyir,

Baş da papağı boydadır.

 

 

VAXTIM

 

Coşub çağladı çeşmətək,

Zamanın bulağı vaxtım.

Bu dünyayla hey təkbətək,

Bir ömrün sınağı vaxtım.

 

Qəlbin qəmi, sevinciyəm,

Bir taleyin girinciyəm.

Nə fərq, barışam, inciyəm,

Olub gün qınağı vaxtım.

 

Ömür dolaşıq yuxudu,

Bircə kitablıq oxudu.

Nə həvəsdi, nə qorxudu

Bir ünvan sorağı vaxtım?!

 

İnancım qəlbin bütüdür,

Hökmün yazısı qətidir.

Bu yerdən göyə ötürür

Məni, yol çarığı vaxtım.

 

Aldanış məni uyuda,

Dərdi azacıq soyuda.

Cavablar dərin quyuda,

Sual yük qalağı-vaxtım.

 

Ulduzlu yolları keçib,

Könlünə dan yeri seçib,

Ümiddən bir ovuc içib

Dünyanın qonağı vaxtım.

 

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.