“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəSadiq Qarayevin “Çalası” adlı hekayəsi təqdim ediləcək.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
Sadiq QARAYEV
“ÇALASI”
– Al bu ziri, get Elmira xalandan çalası al gətir, qatıq çalım.
– Ay nənə, axı öz qatığınızdan niyə saxlamırsınız çalası üçün? Ya da, bizdə də qatıq var da, gedim anamdan alım, gətirim. Niyə hər dəfə məni obanın o başına çalası gətirməyə göndərirsən? Onların eşşək boyda itləri də var.
Nənəm üz-gözünü turşudub hirslə dedi:
– Sənə nə deyirəm, onu elə! Elmira xalanın qatığı yaxşı olur, ondan olan çalasıdan elə o dadda qatıq tutur.
Yenə naəlac qalıb, çadırların önündən keçərək obanın o başına, Elmira xalagilin çadırına tərəf deyinə-deyinə getməyə başladım. Hər çadırın önündə də bir, ya iki çoban iti, tərs-tərs adama elə baxıdılar ki, sanki gözlərindən “gəlib səni qaparam ha!” oxunurdu. Ona görə də, onların gözünün içinə baxmırdım, amma fikrim o tərəfdə olurdu ki, cumsalar, vaxtında bilim, gərməşov ağacını sağa-sola yellədib özümü qoruyum.
Gedəndə bu “it postlarından” sakitliklə keçə bildim, elə bil nənəm onlara tapşırmışdı ki, imkan verin, Elmiranın çalasısından gətirsin. Gözlədiyimin əksinə, Elmira xala məni gülə-gülə qarşıladı, ziri qatıqla doldurdu, hələ üstəlik, mənə isti lavaşda şor-kərə dürməyi də verdi.
Dürməyi yeyə-yeyə geri qayıdırdım. İtlər bu dəfə mənə başqa cür baxırdılar. Quyruqlarını bulayır, dilləri ilə ağız-burunlarını yalayır, sanki “noolar, o isti çörəkdən bizə də ver” deyirdilər.
Elə bil bayaqkı itlər deyildilər. Mən də hər dəfə dürməyimdən bir diş qoparıb onlara atırdım. Nənəmgilin çadırının yanına çatanda dürmək qurtarmışdı, itlərlə birlikdə yemişdik.
Danışırlar ki, rəhmətlik babam da müharibədən əvvəl, aclıq vaxtlarında aldığı iki çörəyin birini evə gələ-gələ böyür-başına toplaşan itlərə atırmış. Onu da deyirlər ki, o vaxtlar çörəyin ətri də başqa cür idi, kəndin o başında təndir salıb çörək yapanda, bu başında qoxusu hiss edilirmiş. Bəlkə də, camaatın hissiyyatı güclü, diri imiş. Babam evə gələndə nənəm onu danlayarmış ki:
–A kişi, dörd yetimçən ac quş balası kimi ağzını açıb səni gözləyir, sən də çörəyi yolda itlərə verirsən. Sən nə cür adamsan?
Babam da gülərək deyirmiş:
–Mən itlərə desəydim ki, çörəyi uşaqlara aparıram, başa düşəcəkdilər?
Mübahisə böyüyəndə babamın hövsələsi daralar, nənəmə bir-ikisini çəkərmiş. Ancaq nə babam itlərə çörək verməyi yaddan çıxarar, nə də nənəm onu danlamaqdan yorularmış- “payını almağı” da yerində...
Babam itlərə çörəyi ac olduqları üçün verərdi, mən isə dürməyimdən “istədiklərinə” görə, həm də qorxudan onlara vermişdim.
– Ay nənən ölsün, elə dürməyini dişləyib itlərə verdin ki! Bayaqdan sənə baxırdım, – nənəm ziri əlimdən alıb gülə-gülə üzümə baxdı, soruşdu:– Elmira xalan sənə nə deyirdi, elə bil nəsə tapşırırdı?
– Nə bilim, ay nənə, o qədər qarma-qarışıq şey dedi ki, heç nə anlamadım. Elə bil sənin haqqında nəsə deyirdi, bir də Yaysəmən xalanın adını çəkirdi.
Elə bu vaxt Elmira xala özü də gəlib çıxdı, elə bil verdiyi çalasının dalınca gəlmişdi ki, görsün, necə qatıq tutacaq.
Nənəmlə başladılar söhbətə. Nəsə həyəcanla danışırdılar, arada da Yaysəmən arvadın adını çəkirdilər. Bəlkə də, Yaysəmən xala nənəmin “beynini çalırdı”, bilmədim, mənim isə fikrim “bozenin” yanında idi: “Görəsən, hardadır? Gedib tapım gətirim, bu gün quzuya getməmişəm, boş vaxtımdır, eşşəyi minib “saqqıza” gedim. Deyirlər, Sarı döşdə yaman saqqız var, o gün Həsən kişi bir parç “tutmuşdu””.
– Nə ağzını ayırıb tamaşa edirsən?! Gəl, get bir qurtqurt (su qabı) su gətir, –anam məni səslədi.
Bu dəfə də qurtqurtu götürüb deyinə-deyinə bulağa su gətirməyə getdim. Yolda dədəmin “çalış, bir işlə məşğul ol, yoxsa hərə sənə nəsə tapşıracaq, boş qatarı yükləyərlər” fikrinə haqq qazandırdım.
***
Bərk soyuq idi, adamın elə bil paltarından keçib dərisinə, oradan da ruhuna çökürdü.
“Görəsən, ruhlar üşüyür?” Ağlıma gələn bu fikir soyuqdan ruhun titrəməsindən, ya ağlın küləkləməsindən idi, bilmədim. Bir onu bilirdim ki, Bakı iqliminə görə insan yaşayışı üçün əlverişli məkan deyil. Burada külək və rütubət yayda adamı çirklifason tərlədir, cin kimi boğur, qışda isə soyuğu şiddətləndirir. Naxçıvanın, Kəlbəcərin soyuğu bundan çox olsa da, adamı belə üşütmür. Elə bil oralarda soyuq da dağlar kimi vüqarlıdır, adamla adam kimi müharibə edir. Bakıda isə külək hər cür hiylə edir, gah istini, gah da soyuğu yelləyir.
İşdən gəlirdim, yorulmuşdum, adəti üzrə, marketə girməliydim, uşaqlar hərəsi bir şey tapşırmışdı. Kiçik qızım isə bir şokolad şəkli atmışdı ki, “çox xoşum gəlir, bundan al”. Arxasınca da, müasir dövrdə uşaqlı-böyüklü hamının “hiylə” növlərindən olan ürək, nə bilim nə şəkilləri...
Bu cür “smayliklər”, sel kimi xəbərlər, sürətli hadisələr insanın süd kimi beynini dəyişir, elə bil qatıq çalır. Bəlkə də, elə insan buna görə getdikcə qocalır...
Yadıma düşdü ki, son vaxtlar sosial şəbəkələrdə Kəlbəcərdə qazın olmaması, hansısa təzə salınmış qəsəbədə yanğın çıxması və s. xəbərlər çoxalıb. Bu cür xəbərlər də hərəsi bir dadda olan, beyinlərdə fikirləri bərkitmək, dəyişmək, necə deyərlər, ictimai fikir yaratmaq, qarışdırmaq üçün çalasıdırlar.
Axı insan yaşayan yerdə qaz, işıq kəsilə bilər, yanğın da olar, qışda su da donar, burada qeyri-adi nə var ki? Bakıda, Gəncədə və s. iri şəhərlərdə də bu hadisələr baş verir, heç o qədər söz-söhbət olmur. Niyə məhz işğaldan azad edilmiş yerlərdə, təzədən məskunlaşmış şəhər və qəsəbələrdə belə hadisələr olanda ondan çalası xəbər kimi istifadə edirlər? Kimə, hansı “ağız dadına” bu cür qarışdırmalar lazımdır? Gül kimi “südümüzü” – qələbəmizi dəyişmək istəyirlər. Axı vaxt var idi, uzaq yox, 6 il əvvəl biz Haramı düzündə səngərdən ayağımızı o tərəfə qoya bilmirdik. İndi xəbərlərə, “iradlara” baxın ey: “Kəlbəcərdə qaz kəsilib, Ağdamda ev yanıb, Laçında evləri tikəndə yeyinti olub” və s. Çalası fikirlər…
Demək, Kəlbəcər alınıb, özü də bir nəfər itki vermədən alınıb, ora yol çəkilib, qaz çəkilib, ev tikilib, sakin köçüb ki, qaz verilməsində problem və şikayət hadisəsi olub da. 6 il əvvəl belə şeylər ola bilərdi?
“Çalası” sözü ümumilikdə xalqımızın dilində ara vurmaq, aranı qarışdırmaq anlamında işlənir. Çalasılar təkcə ölkədə deyil, dostlar arasında, kollektivlərdə, qohum-əqrəba içində, hətta insanın öz içində də vardır.
Həm də, çalası təşkilatlar, qurumlar, ölkələr, qüvvələr də var. Məsələn, “rəhmətlik” Minsk qrupu, Avropa Şurası və s.
“Çalası” sözünün daha dərin mənası isə az bir şeyin çox şeyi özünə bənzətməsidir. Elmira xalanın bir zir çalasısının nənəmin bir vedrə südünü öz dadında olan qatığa çevirdiyi kimi.
Çalasıda olan bakteriyalar, maddələr südün içində əlverişli mühit tapıb sürətlə çoxalır və onu öz quruluşunda, dadında olan mahiyyətə çevirir.
Deyəsən, indi dünyada kiçik, zəif, vətəndaşlarının çoxu “qatıqlaşma”ğa meyilli olan dövlətləri müharibə yolu ilə deyil, “çalası” ilə tuturlar, işğal edirlər, südünü dəyişirlər. Elə bil iri dövlətlər hərəsi əlində bir zir çalası girir “çadırlara”...
Cəmiyyətin, xalqın da fikir çoxluğunu, əqidə və inamını südə bənzətsək, çalasılarıyla dəyişmək, özlərinə bənzətmək istəyirlər. Bu elə, çalasının südü “işğal” etməyi kimi bir şeydir.
Marketin qapısının ağzında balaca, sarışın, saçı pırtlaşıq bir qız mənə yaxınlaşdı və qəribə, insanlığın, uşaqlığın ruhunun döyüşməsi səsinə bənzər səslə:
– Əmi, mənə makaronla yağ ala bilərsən? Evdə heç nə yoxdur, acıq, – dedi və sonra da ümidin öz-özünə inamsızlığına oxşar baxışla baxmağa başladı, dodaqları da çürüməkdə olan ət kimi göyərmişdi.
– Onları ala bilmərəm, buyur, sənə bir manat verim, –deyib ona pul verdim, marketə girdim.
Nə alacaqdım, yadımdan çıxdı, Pırtlaşıq qız (ona bu adı qoydum düşüncələrimdə) fikirlərimi qarışdırmışdı. Telefona baxdım, alınacaq şeyləri xatırlayıb, səbətə yığdım. Sonra beynimdə mələklə şeytan tutaşmağa başladı. Pırtlaşığın istəkləri, səs tonu, baxışları - çalası öz işini görmüşdü.
Şeytan səsini atıb başına, həyasızcasına dirənmişdi ki: “Pırtlaşıq dilənçidir, qaraçıdır, hamıdan istəyir, bir manat verdin, bəsdir. Sənin nəyin var ki verəsən?! Gör nə qədər burda varlı adamlar bazarlıq edir, onlar niyə vermir? Sən onlardan ağıllısan?” Şeytanın çığır-bağırından od-alov saçırdı. Rəsmən şölələnirdi, özünü yırtıb-tökürdü.
Mələk də abırlı, sakit səslə deyirdi ki: “Adamsan, özgə vədə xeyirxahlıqdan-zaddan danışırsan, səndən bir manat istədilər, ya yağla makaron? Manata makaron düşür? İndi 2026-cı ildir e... Manat çoxdan “rəhmətə” gedib...”
Yaxınlaşdım makaronlar düzülmüş rəfə… “Əşi, mən bunların hansını alım? Yüz cürədir, Pırtlaşıq hansını istəyər, nə bilim... Bir manat vermişəm də, kimsə də verər, gəlib istədiyini alar” – şeytan tərəfim özünü haqlı çıxarmaq istədi. Sonra bir az yumuşaldı: “Yaxşı, qara da olsa, ucuzdur, bundan birini alım”.
Nurlu bir formanın içindən istehzalı səs: “Evinə də ondan alırsan? Adam ol, yaxşısını al!” – dedi.
Ən yaxşı bildiyim bir makaron seçdim, səbətə qoydum, kiçik qızımın istədiyi şokoladın şəklini marketin işçisi olan cavan oğlana göstərdim. Gətirdi şokoladların yanına, tapdı. Dedim:
– Biri neçəyədir?
O da getdi qiymətini öyrənməyə. Gözləmədim, ikisini götürdüm. Demə, bahalı şokolad imiş...
Marketdən çıxanda Pırtlaşığa yaxınlaşdım. Yeniyetmə bir qız onun sellofanına mərcimək qoyurdu, başını qaldırıb məni görəndə gülümsədi:
– Nə yaxşı, siz də almısınız?
Mən də gülümsədim.
Yox bu, qız deyildi, indi diqqət etdim, adama oxşamırdı, mələk idi, sarışın mələk. Pırtlaşıq da mələk idi, sınayıcı mələk.
Pırtlaşığa xitabən dedim:
– Orada şokolad da var, evə çatana kimi, hələlik bunu ye.
Hər iki sarışın mələklə sağollaşıb evə tərəf yollandım. Beynimdəki mələklə şeytan məmnun idi, sakitləşmiş, sıfırlanmışdılar. Elə bil yeni döyüşə enerji yığırdılar. Biri istədiyini almış, digəri isə yağ almağa qoymamışdı. Demək olar ki, hərəsi öz çalasılığını etmişdi.
ALLAHA dua edirdim ki, nə yaxşı, bu gün mənim qabağıma bu mələkləri çıxardı. Biri var, halal qazancından onlara nəsə alasan, daha doğrusu, sınanasan. Yoxsa ki, əlində “dürməyin” ola, ya qorxudan, ya da istədikləri üçün “itləri” yedirdəsən... Bir sözlə, itlə yemək yeyəsən...
***
Axşamçağı qayıtmışdım saqqızdan, xeylax[1]-yarı parç da saqqız “tutmuşdum”. Anam çadırda qabağıma qatıqla qalın qoymuşdu. Başım elə yeməyə qarışmışdı ki, bayırda nənəmlə Yaysəmən arvadın getdikcə qızışan “qılınc-qırğınına” fikir vermirdim. Qatığı nənəm vermişdi, günorta çörək yeməmişdim, ya nəydi bilmirəm, doğrudan da, çox dadlı idi. Elmira xalanın çalasısından yaranmış qatıq bayırdakı dava kimi yaman tutmuşdu.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)


