“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəİbrahim Yusifoğlunun uşaq şeirləri təqdim edilir. Mütləq onları balaca uşaqlar üçün oxuyun, arada uşaqları internetin cəhgindən qoparmaq da lazımdır.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
İbrahim YUSİFOĞLU
CIR TUT
Budağa yapışıbdı,
Nə suyu var, nə dadı.
Xoşlamırlar uşaqlar,
Cır tutdur onun adı.
AĞ TUT
Yaxına gəl, çəkinmə,
Ağ tutdan ye birini.
Çox xoşuna gələcək,
Bal kimi şipşirindi.
XAR TUT
Köməyə çat, babacan,
Barmaqlarım oldu qan.
Dəcəllik etməmişəm,
Dərib yedim xar tutdan!
NAR
Babanın narı vardı,
Ortadan narı yardı.
Uşaqlar daddı nardan,
Çoxlu giləsi vardı.
DOVŞAN BƏRƏSİ
Şabranda örüşü
Çəpərə alıbdılar.
Dovşanlara çox geniş
Bir bərə salıbdılar.
Dovşanların rəngləri
Ağ, qaradı, boz, sarı.
Hər cürə yaşdadılar
Bərənin dovşanları.
Qaldıqları yuvalar
Dayaz deyil, dərindir.
Qış çağları istidir,
Yay günləri sərindir.
Bərədə cərgə-cərgə
Ot tayası qurublar.
Yorğun düşmüş dovşanlar
Burda mürgü vurublar.
Bəziləri dəcəldi,
Yerli-yersiz dalaşır.
Dinclik nədir bilməzlər,
Bərə boyu dolaşır.
Çox incə olsalar da
Dovşanların dişləri
Kələm, kök, ağac şiri,
Çeynəməkdir işləri.
Yolunuz düşsə əgər,
Ay uşaqlar, gələrsiz,
Bu dovşan bərəsini
Heyranlıqla süzərsiz.
ƏL ÇALIB ALQIŞLAYAR
Hamı yaxşı tanıyır
Bu bir yaşlı Məmini.
Yamancana tapıbdı
Dəcəlliyin çəmini.
Yuxudan oyananda
Boş görəndə otağı,
Bir-birinə qatır,
Çarpayıda yatağı.
Yastığı didişdirir,
Gücü çatmır, dirəşir.
Balıncı döyəcləyir,
Qucaqlayıb güləşir.
BULAQ
Dağların ətəyində
İnci sulu bulaq var.
Bulağın gözündə də
Bitib yabanı otlar.
Bir-bir yoldum otları,
Sandım, bulaq ağlayır.
Baxdım, fərəh-sevincdən
Bulaq coşub-çağlayır.
Bulağın buz suyundan
İçəmmədim, dayandım.
Ancaq ayna suyunda
Sığallandım, darandım.
BAKI ŞƏHƏRİ
Xəzərin sahilindən,
Baxır Bakı şəhərı.
“Gilavar”la, “Xəzri”ylə
Açılır hər səhəri.
Yaşı qədim, uludu,
“Qız qalası” qeyrəti.
Görənlərdə oyadır
Əfsanəni, heyrəti.
Tarıxləri yaşadır
“Şirvanşahlar sarayı”.
Burda görüb, duyursan
Yaşanan dərd-harayı.
İçərişəhər kimi
Memarlıq incisi var.
Novruz günləri burda
Tonqal çatıb, qalarlar.
Qobustan qayaları
Yaşadır çox sirləri.
Müqəddəsdi, uludu
Məbədləri, pirləri.
Qoynunu seyr edəndə
Mavi gözlü Xəzəri,
Qağayılar cəlb edir,
İlk baxışdan nəzəri.
Yağışı, küləyi bol,
Qırovu, qarı azdı.
Göyərçinə, qumruya
Qış günü burda yazdı.
Məşəl yanan zirvənin
Şəfəqlənir hər yanı.
Nur selində uyuyur,
“Şəhidlər Xiyabanı”.
Bakının qucağında
Xiyabanlar yer alır.
Sevilən dahilərə
Abidələr ucalır.
Gözəlliklər cəlb edir
Qoynuna gələnləri.
Həm qədimi binalar,
Həm də göydələnləri.
“Gilavar”la, “Xəzri”ylə,
Açılır hər səhəri.
Günü-gündən gəncləşir
Qədim Bakı şəhəri.
PÖHRƏLƏR
Yamancana sozalmışdı
Xan çinarın pöhrələri.
Su içəntək açıldılar
Pöhrələrin çöhrələri.
YAĞIR YAĞIŞ
Narın-narın
Yağır yağış.
Gölməçəyə
Salır naxış.
AYANDI
Rəqs eyləyən bir qıza:
“Dovşan”, – dedim, dayandı.
Maskasını soyundu,
Dedi: “Adım Ayandı”.
ƏRİMİR
Qar yağanda bağçadan
Hamı evə tələsir.
Saçımıza yağan qar
İsti duycaq, əriyir.
Deyirəm ki, görəsən,
Bu nə sirdir, bu nə sirr,
Babamın saçlarına
Yağan qarlar ərimir?
AYTƏNƏM
Boynubükük bitən gül,
Nə olubdu, qəmlisən?
Ağlamısan elə bil,
Ləçəkləri nəmlisən.
Səndən şeir bilirəm,
Mənə öyrədib nənəm.
Tanımadın sən məni?
Səni sevən Aytənəm!
ƏSGƏRNƏĞMƏSİ
Eldə, obada
Xoş titrəyiş var.
Bağçada, bağda
Oxuyur quşlar.
Çöllər bürünüb
Al laləsinə.
Şəbnəmlər qonub
Piyaləsinə.
Kövrək sədalar
Qaval, tarındı.
Uçan nəğmələr
Uşaqlarındı.
Göy üzü mavi,
Üfüqlər duru.
Ələnib yerə
Günəşin nuru.
Çaylar səs salar,
Coşar dərədə.
Ceyran-cüyürlər
Mələr bərədə.
Bir səs də var ki,
Ləldi kəlməsi.
Qəlb ovsunlayan
Əsgər nəğməsi.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)


