"Ruhun pıçıltısı" Oktay Hacımusalı ilə Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, dəyərli izləyicilərimiz, "Ruhun pıçıltısı" rubrikası bir-birindən fərqli qonaqları ilə yenə də görüşünüzə gəlib.

Bu dəfə də fərqli bir mövzu ilə qarşınızdayıq. Bu dəfə siyasi lirikaya köklənmiş şeirlər təqdim ediləcək sizlərə.

Beləliklə, qonağımız jurnalist, yazar, tərcüməçi və şair  Oktay Hacımusalıdır.

Şeirlərin orfoqrafiyasına toxunulmayıbdır, böyük hərflərin olmaması sizi təəccübləndirməsin, şairin üslubu budur.

 

 

Anam babam ərdəbil

 

1

Bir buludun uzatdığı əllərindən tutub keçirəm küçələrindən ötükənin

cibimdə ay ulduzlu bir qolbağı

tapsam bir asenanın alnından öpüb qoluna taxmalıyam

aç aç qapılarını ey ərdəbil

mən savalanda yuxuya gedən sevgilinəm

tanrılar səni mənə yazıblar

uçmağım sənsən

minsəm atıma can boğazıma çatana kimi kin qusmadan gülməliyəm

sunsam sənə ən bilgə sevdalarımı

abbas lisani yumruqlarımı sıxıb ayaqda durmalıyam

 

ən sarsaq nağılını danışıb yağı illərlə

dinlə

mək

dən

dən

dən düşüb saçlarıma

dan dan ağarmağımı

gözləmişəm sabahlarımı

don don vurub

keyiyib ciyərlərim

soluq soluğa qalmışam

 

qırmızı almalarını mən almışam

ərdəbil

qapının üstündə asdığım qoçbaşının altında gizlətmişəm

anam babam

ərdəbil

sel suyunda yuyunan qoroğlular

tamusuna qonaq getməz

tamusundan tikə parça çıxarar qısır zəhmini yağının

 

 

Mənim ötükənim sənsən ərdəbil

 

2.

 

burur buram buram

burulur burma burma

budundan bucaq bucaq

busatlanır budaq budaq

bayraqların

babam ərdəbil

 

ayı ayırıb ayrılıqlardan

arındırmışam

damdar dalanlarından daşıb

dağının daşının dolaylarında dizginlərimi

darandırmışam

öy öy öyrədib

köy köy göyrədib

soy soy söylədib

bağrımın başında

barındırmışam

babam ərdəbil

 

nənəmin nənni nənni

yelləyib yellə yuğladığı

bitiklərim bəlləyində bağlanar

saxsı saxsı salar sağuları saxlanar

oxay oxay ovurdları

oğlanların ovuclarında oxlanar

yadım yaddaşım

qurdum qurddaşım

yazımsan yazıtımsan

babam ərdəbil

 

üzündən üzüntüləri

silmək saatıdır

BABAM ƏRDƏBİL

 

3.

 

Bir qatar gedirdi yolçuların tanrıları əllərində

 bir kölgə sürünürdü arxalarınca turuncu axşam üstülərində

Bir vağzalın alnından öpürdüm özümə sıxıb

kənardan baxanlar deyirdilər dəlidi e

əllərini gicgahlarına qoyub

açar kimi iki dəfə də bururdular hələ üstəlik

bilmirdilər ki mən sənə həsrətimdən belə edirəm

ah anam babam ərdəbil

 

qara gəlsin yığvalları

boş qalsın qara qara çalmaları

həsrət qoydular səni mənə

küçəmdən bir maşının keçsə tozuna bələnirəm

toxum düşür bədəninə

qaçışır bitiklərim evlərinin arasıynan

qələmim qapılarından söz dilənir

bir maşın pul verirlər saçı saqqalı pırtdaşıq bu qoca qorçubaşına

ehhhhhh çalmaları boş qalsın

almaları dərilməsin

çürüsün budaqlarında

anam babam ərdəbil

məni sənə həsrət qoyublar

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.