Bakı şəhər Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası 2 №-li kitabxana filialında “Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirləri çərçivəsində tanınmış ictimai xadim, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və İraq Türkmən Yazarlar Birliyinin üzvü Telli Sənəm Borçalının “Oğul sorağında şəhadət zirvəsi” və itkin şəhid İxtiyar Məmmədova həsr olunmuş “Torpağa qarışan səs” kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhid ailələri, “Telli Sənəm” jurnalının baş redaktor müavini, şair Tahirə Lalə, jurnalın bölgə müxbiri Şəhla Qarabağlı, Sürəyya Məsimqızı, jurnalın fəxri üzvləri Nəzarət İbişova və Nüşabə Qafanlı, həmçinin Qadın İnkişaf Mərkəzinin sədri Sevil Əzizova və mərkəzin üzvləri iştirak ediblər.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru v.m.i.e. Arzu Xudayarova 31 kitabın müəllifi və müxtəlif ədəbi müsabiqələrin qalibi olan Telli Sənəm Borçalının zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Daha sonra Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova və böyük metodist İradə Hüseynova çıxış edərək müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə şəhid Namiq Vəliyevin bacısı Aynur Əliyeva, şəhid Famiz Şükürovun anası Sərmayə xanım, itkin şəhid İxtiyar Məmmədovun anası Roza xanım və bacısı Nahidə xanım çıxış edərək acılı-şirinli xatirələrini bölüşüblər. Şəhid Mehman Musayevin və onun vəfalı nişanlısı Sevda xanımın həyat hekayəsi tədbir iştirakçılarına kövrək anlar yaşadıb. 32 il boyunca nişanlısının yolunu sədaqətlə gözləyən Sevda xanımın ömür yolu sadiqlik rəmzi kimi vurğulanıb.
Müəllif yeni nəşr olunmuş hər iki kitabı haqqında geniş məlumat verərək, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin və itkin düşən qəhrəmanlarımızın xatirəsinin hər zaman uca tutulduğunu diqqətə çatdırıb. Müəllif bildirib ki, bu qəhrəmanların keçdiyi şərəfli həyat yolu və Vətən sevgisi gələcək nəsillər üçün əsl örnəkdir.
Sonda Telli Sənəm Borçalı tədbirin təşkilinə görə kitabxananın kollektivinə minnətdarlığını bildirib və kitablarını kitabxanaya hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(03.09.2026)


