“Biri ikisində” Hicran Hüseynova barədə iki rekviyemlə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə jurnalın vaxtsız dünyadan köçmüş əməkdaşı Hicran Hüseynova barədə iki rekviyem təqdim edilir. Müəlliflər Qulu Ağsəs və Təranə Vahiddir.

 

 

“ÇAĞIRIR TORPAĞIM, ÇAĞIRIR ANAM...”

QULU AĞSƏS

 

Hicran bu şeiri səkkizinci sinifdə oxuyanda yazıb. Çörək almağa gedəndə. 1985-ci ildə, hardasa...

Ölümündən beş gün əvvəl bu şeiri xatırlayıb, votsapdan səs atıb xalası qızına. 30  may günü. 4 iyunda Hicran yox idi. 2026-cı ildə, dəqiq...

Hicran çörək almağa gəlməmişdi dünyaya. Şeir, esse, hekayə yazmağa, redaktə etməyə, başqalarının mətnini abıra salmağa təşrif buyurmuşdu. Mən onun yeniyetmə çağını görməmişdim, amma əminəm ki, bu şeiri yazanda da üzündə təbəssüm olub, onu ölümqabağı xatırlayıb,  votsapla xalası qızına səsli yollayanda da.

Hicran hər şeyə şükür edirdi: vara, yoxa, aza, çoxa, bəlkə, şükür etməyinə də.

Heç kəsi incitmədi və hamıdan razı getdi. 27 il “Ulduz” jurnalında çalışdı.

Hər nömrəni son cümləsinədək oxuyurdu.

Hər sözün üstündə əsirdi.

Hər ad günü iş yoldaşlarına hədiyyə alırdı.

Hər ağrıları artanda işdən çıxmaq üçün ərizə yazırdı.

Hər kəsin tayı deyildi: gözütox, qürurlu.

Son paylaşmalarında məndən sitat gətirib: “Təsəlli-xilasetmə kəməridi, onu taxmamış ömür sürmək olmaz”.

30 dekabr 2025-ci ildə redaksiyada Yeni ili qeyd eləmişdik, onu da paylaşıb, Azərbaycan mətbuatının 150 illik yubiley medalını almağını da. Hamısında da gülür.

“Dünya özü boyda sual əvəzliyidi və bütün əvəzlikləri əvəz edir”.   Bu da Hicranın son yazdıqlarındandı. Heç kəsin əvəz etmədiyi Hicran Hüseynovanın...

 

 

Hicran HÜSEYNOVA

 

***

Açılır ömrümün səhifələri

hələ oxunmamış bir kitab kimi…

Açılır həyata şux ləçəkləri

hələ qönçə olan bir çiçək kimi…

Bəlkə, ucalacaq göylərə qədər

indi qönçə olan bu şux ləçəklər.

Bəlkə, əziləcək, tapdanacaqdı,

bir anda solacaq, məhv olacaqdı…

Yox, məhv olmayacaq mənim həyatım!

Arzular olacaq mənim qanadım;

oxumaq həvəsi, yazmaq həvəsi,

bütün kainatın qəlbinin səsi.

Çağırır həyata, çağırır inam,

çağırır torpağım, çağırır anam.

İnam… inamdakı qüvvəyə inan,

yaşadır insanı, yaşadır inam.

 

 

 

 “YAŞIL ELEGİYA”

TƏRANƏ VAHİD

 

O gün göy üzü rəngini dəyişdi, yaşıla çaldı, yaşıl  buludlar qol-budaq atıb yaşıl-yaşıl talalandı, yamyaşıl yağış yağdı.

Yaşıl damcılar yaşıl otlara çiləndi, yaşıl damcılar torpağı qəhərləndirdi, səni tanıyanlar o gün yaşıl-yaşıl ağladı...

Kimsə: “Yaxşı adamlar Yer üzündən ayrılanda belə olur!” – dedi.

Yaşıl həyat rəngidi, əziz Hicranım, yaxşılığın, mərhəmətin, xeyirxahlığın rəngi.  Eynən sənin kimi...

Bunu səndən yaxşı kim  bilər ki, gözəlim?!  Yoxsa,  ilk kitabına “Yaşıl eskiz” adını seçərdinmi?

Sınaqların az olmadı. 14 yaşında anasız qaldın, torpağından ayrıldın, ayrılığın min çalarını yaşadın, özünə “ƏDƏBİYYAT” adlı yamyaşıl bir dünya qurdun. Duyğuların göy qurşağı kimi rəngli, hisslərin aydın, baxışın şəffaf, dilin şirin, niyyətin pak...

          Göydə Allaha, yerdə sözə sığındın. Sözdən keçə-keçə yolun  “Ulduz”dan keçdi. 27 il  işığını “Ulduz”dan əsirgəmədin. İllər boyu ürəyindəki Vətən sevgisi, Qarabağ həsrəti  söz-söz göyərdi. “Şuşa” şeirini yazanda  Qarabağ hələ azad olmamışdı. Sən  Şuşanı xatirə-xatirə gəzirdin:

 

Hələliksə,

soruşan olsa, deyərsən:

Burdan bir xatirə keçdi,

hicran aldı, apardı...

 

Şeirlərin, hekayələrin, pritçaların da özünə oxşayır - nurlu, işıqlı, ümidli...

Ən xoşbəxt anında, ən çətin günündə  haqqın, həqiqətin yanında oldun, sözün keşiyini çəkdin, halallıqla yaşadın, ləyaqətini, qürurunu son nəfəsinəcən qoruyub-saxladın: sən bunu bacardın!

Son günlərində səndən ötrü üzülənlərə, kədərlənənlərə, xoş söz deyənlərə:  “Sağ olun, çox sağ olun!” – deyirmişsən. Həmişə kübar, zərif, şükranlı; elə olduğun kimi.

Hə, o gün yaşıl meh əsdi, bir səs:  “Yaxşı adamlar hara getsə, ora özüylə  işıq aparır!” – dedi.

Göy üzündəki yaşıl pəncərə açıldı, göy qurşağı Yerəcən endi. Çox sevdiyin yaşıl göy, mavi, ağ, qırmızı, bənövşəyi, sarı rənglər ətrafında qanadlandı, üzünə zərif təbəssüm qondu....

Allah bilir, bir də nə vaxt Yer üzünə yaşıl yağış yağacaq, Allah bilir, bir də nə vaxt Yer üzünə  göy qurşağı pənah gətirəcək, Allah bilir, bir də nə vaxt Yer üzünə Hicran təbəssümlü bir qız gələcək...

Bircə bildiyim odur ki, indi sən ordasan, çox yüksəkdə - ULDUZLARIN arasında...

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.