Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, xoş gördük.
Sizlərlə bir hissimi bölüşüm, əminəm ki, poeziyasevərlərin hər biri o hissi keçirərdi.
Mən şairin yazdığı şeiri ilk görəndə, ilk oxucusu olanda daha çox sevinirəm.
Sanki yenidoğulmuş bir gül-körpə görürəm, hətta qoxusunu da hiss edirəm.
Bu gün isə "Bir şair və bir şeir" rubrikasında Sizə təqdimata ehtiyacı olmayan şairimiz Aysel Fikrət poeziyasından yeni yazılan şeiri təqdim edirik.
Aysel Fikrət
“Mənsiz dünya necədir”
Bu ayrılıq bir yuxu,
oyansam nə olacaq?
Dağılarmı ev-eşik,
Soyuyarmı bu ocaq?
Əllərimdən tutan kimdi,
yad görünür gözləri,
Hər gördüyün yuxunu
unudurmu gözlərin?
Söylə, indi necəsən,
mənsiz dünya necədir?
Günəş şölə salırmı,
o uzaq pəncərənə?
Ayrılıq necə gəldi,
əyninə oturdumu?
Mənim yoxluğum necə,
Yaman düşüb sinənə?
Bir az heç düz olmadı,
aram nəfəs almağın,
Mütləq tənha qalanda
yaşamağın var yolu.
Əgər bir gün ötdüsə,
dərdi yarılamısan.
Bu sevginin xəmiri,
Unutmaqla yoğrulub.
Yox, yaxşısan bəs necə,
rəng- rufun üstündə,
Günü-gündən gözəllik
tökülür üz-gözündən.
Yaman düşübdü sənə
sevgisizlik, dərd-kədər,
Gülə-gülə udursan,
ayrılığı birtəhər.
Baxıb uzaqdan sənə,
Bu anımı qarğadım.
Boş bir xəyalmış ömür,
axır-əvvəl anladım.
Çəkilməyən ah kimi,
salıb itirdim səni,
Sən öz dünyanın qəmi,
mən öz dünyamın qəmi.
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)


