“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gün sizlərə Akif Azalpın bir məktubu və bir neçə şeiri təqdim ediləcək.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
“Ulduz” jurnalının Baş redaktoru Qulu Ağsəsə
Hörmətli Baş redaktor!
Tələbə ikən dövlət xətti ilə başqa ölkəyə göndərildiyimə görə və elmi-ədəbi fəaliyyətim uzun illər qardaş Özbəkistanda keçdiyi üçün öz vaxtında Azərbaycan mətbuatında, o cümlədən, ədəbi-bədii jurnallarda çap edilmək imkanım olmayıb. Bunu nəzərə alaraq, jurnalınıza müxtəlif illərdə yazılmış bir sıra gənclik və idman şeirlərimi göndərirəm və onları növbəti sayınızda çap edəcəyinizə ümid edirəm.
Dərin ehtiramla: Akif Azalp, Azərbaycan Yazıçılar Birliyinin və Özbəkistan Yazıçılar Uyuşmasının üzvü
20.04.2026
“QARTOPU” OYUNU
Hara aparırdı o ağappaq düz?
Bilmirdik, göylərdən nə ələnirdi.
Gecələrdən belə sirli bir gündüz
Bəyaz duvağında nəşələnirdi.
Qaçırdıq, qovurduq yıxıla-dura,
Qartopu ataraq bir-birimizə.
Ağca sükunətə gəlmişdi sıra,
Qəfil dayananda nəfəs-nəfəsə.
Nə baş verdiyini artıq sezirdik,
Könüllər səssizcə nəğmə deyirdi...
Mənim baxışımdan səndəki keylik,
Sənin baxışından qar əriyirdi…
BİR BAYATIYA SON SÖZ YERİNƏ
Bir sütül oğlanın lal baxışından
Ay üzündə qalan o izlər haqqı!
Göydən müjdə alan bir bakirənin
Bətninə əkilən o sözlər haqqı!
Dünyanı yaradan sevgidir ancaq,
Dünyanı yaşatsa, o yaşadacaq!
Sürünə-sürünə bir kam yolunda
Qançır-qançır olan o dizlər haqqı!
Ümidin sonundan bir qaraltıya
Baxa-baxa dolan o gözlər haqqı!
Dünyanı yaşadan sevgidir ancaq,
Dünyaya nə qalsa, ondan qalacaq!
GƏLSƏN, ÖZÜN GƏLMƏ!
Gəlsən, özün gəlmə!
Mənə yaddaşımın yadını gətir,
Bir də baxışımın odunu gətir,
Bir də dodağımın dadını gətir!
Gəlsən, yalqız gəlmə!
Mənə təkliyimin röyasın gətir,
Bir də o dənizin havasın gətir,
Heç olmasa bir cüt dalğasın gətir!
Gəlsən, təkcə gəlmə!
Sənsiz illərimin qədrini gətir,
Bir də o baharın ətrini gətir,
Şeirimin bir yanar sətrini gətir!
Gəlsən, elə gəlmə!
Onlar da sənintək düşəndən uzaq,
Yovuşmaz oldular heç kimə heç vaxt,
Gəlsələr, səninlə gələrlər ancaq!
Gəlsən, özün gəlmə!..
ƏLƏKBƏR VƏ “MİLAN”
İtaliyanın fəxri olmusan, “Milan”,
Ancaq yadındadı, o mərdi-meydan –
Bir oyunda sənə dörd qol yağdıran
Gənc Ələkbər idi Azərbaycandan!
Sən də mərd ol! Bəxtin üzü futbolda,
Bəzən o yanadı, bəzən bəridi.
Div rəqibə səndən kim dörd qol vursa,
De ki, İtaliyanın Ələkbəridi!
QIZIL FİTİN ZƏFƏRİ
66-cı ilin çempionatı,
Finalı dağıdır ulduzlar cəngi.
Yalnız bir qol üçün “əlbəyaxa”dı,
Dünya futbolunun iki nəhəngi.
London dilxor ikən, qüssəyə dalıb,
Top qapı xəttindən qayıdan kimi,
Mərkəz hakimi bir qıraqda qalıb,
Mərkəzi göstərir yan xətt hakimi!
Çarltonlar göydə, Müllerlər üzgün,
Dünya əhsən deyir qızıl fitinə:
Tükü tükdən belə seçdiyi üçün,
Tofiq Bəhrəmovun məharətinə!
BARIŞ ELÇİSİ
Futbol kralının 50 yaşına
Üfüqlərdən birdən itir dumanlar,
Kəsir atışmalar, gülləbaranlar.
Sükut elan edib müharibəyə,
Susur qırıcılar, bombardmanlar,
Pele meydanlara çıxacaq deyə!
Atəşlər yerini verir alqışa,
Gül-çiçəklər birdən dönür yağışa.
Uzaqdan tələsib təbrik etməyə,
Öpüşlər göndərir baxış baxışa,
Barış meydanlara çıxacaq deyə!
Bir qitə yarımçıq qoyur naharı,
Bir qitə küçədə açır iftarı...
Milyardlar gözündə yüksəlib göyə,
Dəri top susdurur dəmir topları,
Pele meydanlara çıxacaq deyə!
Uzandıqca qanlı münaqişələr,
Səni düşünürəm, Sülhsevər bəşər!
Haqqın əli ilə gəlib yedəyə,
Nə vaxt susar, görən, haqsız tərəflər,
Barış meydanlara çıxacaq deyə?!..
MARADONA YAŞANTISI
“Uçurdum top ilə qapıya doğru,
Yaxşı anlamadan nə baş verdiyin.
Hakimlər gözündən yayınıb oğrun,
Bəxtin başım üstdən qanad gərdiyin!
Yetər bunca iki od arasında,
Bir yandan həqiqət, bir yandan Vətən!
Onsuz da etiraf öz sırasında
Hər şeyi yerinə qoyacaq, zatən!
Amma nə olsa da, şükür, xudaya!
Ondan bəri dilim doymur duaya:
Ecazkar əlini bircə anlığa
Borc verdiyin üçün Argentinaya!”
“Ədəbiyyat və incəsənət”
(12.08.2026)


