Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
İnsanların kitab seçimi çox vaxt onların daxili dünyası, düşüncə tərzi və maraq dairəsi haqqında müəyyən təsəvvür yaradır. Kimi klassik əsərlərin dərin fəlsəfi məzmununa üstünlük verir, kimi kriminal və detektiv süjetlərdə sirrin açılmasından zövq alır, kimi isə fantastik dünyaların sərhədsiz təsəvvürünə səyahət etməyi seçir. Məncə, bu seçimlər təsadüfi deyil və insanın xarakteri, emosional ehtiyacları, həyata baxışı ilə müəyyən qədər əlaqəli ola bilər.
Necə ki, insanın danışığı, davranışı və münasibətləri onun şəxsiyyətindən xəbər verir, oxumağa üstünlük verdiyi janrlar da onun düşüncə tərzi barədə maraqlı ipucları təqdim edə bilir.
Bəs fərqli janrlara maraq göstərən insanların psixoloji xüsusiyyətləri nələrdir?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov "Ədəbiyyat və İncəsənət" portalına açıqlamasında mövzunun psixoloji tərəflərini izah edib:
"Bəzi insanların klassik ədəbiyyata, digərlərinin isə detektiv və fantastik əsərlərə üstünlük verməsi təkcə zövq məsələsi deyil. Bu seçim insanın şəxsiyyət xüsusiyyətləri, emosional ehtiyacları, düşüncə tərzi, həyat təcrübəsi və psixoloji vəziyyəti ilə sıx əlaqəlidir. Oxuduğumuz kitablar əslində beynimizin hansı tip məlumatı emal etməyə daha çox meyilli olduğunu və hansı emosional ehtiyacları qarşılamaq istədiyini də əks etdirə bilər. Klassik ədəbiyyata maraq göstərən insanlar adətən insan təbiətini, münasibətləri, həyatın mənasını və mənəvi dilemmaları dərin şəkildə anlamağa meylli olurlar. Bu əsərlər oxucunu hadisələrin sürətindən daha çox personajların daxili dünyasına yönəldir. Empatiya qabiliyyəti yüksək olan, düşünməyi, təhlil etməyi və emosional zənginlik axtarmağı sevən insanlar klassik ədəbiyyatdan daha çox zövq ala bilirlər. Belə əsərlər insanın özünü tanımasına, fərqli baxış bucaqları qazanmasına və emosional intellektinin inkişafına da töhfə verir.
Detektiv əsərlərə üstünlük verən insanlar isə adətən məntiqi düşünməyi, səbəb-nəticə əlaqələrini qurmağı və qeyri-müəyyən vəziyyətləri həll etməyi sevirlər. Onlar üçün kitab oxumaq yalnız emosional təcrübə deyil, həm də intellektual oyundur. Süjet boyunca ipuclarını izləmək, hadisələri təxmin etməyə çalışmaq və sirrin açılmasını gözləmək beyində mükafat sistemini aktivləşdirir və maraq hissini gücləndirir. Bu səbəbdən detektiv janr bir çox insan üçün həm zehni məşq, həm də stressdən uzaqlaşma vasitəsinə çevrilir".
Müsahibimiz vurğulayıb ki, fantastik ədəbiyyat isə insanın yaradıcılıq potensialını və təsəvvür dünyasını qidalandırır:
"Bu janrı sevən insanlar çox vaxt yeni ideyalara açıq olur, alternativ dünyalar və fərqli ssenarilər üzərində düşünməkdən zövq alırlar. Fantastik əsərlər gündəlik həyatın məhdudiyyətlərindən müvəqqəti uzaqlaşmağa, yaradıcı təfəkkürü stimullaşdırmağa və gələcəklə bağlı fərqli ehtimalları təsəvvür etməyə imkan yaradır. Bu xüsusiyyət xüsusilə yenilikçi düşüncəyə malik insanlarda daha qabarıq müşahidə olunur.
Bununla yanaşı, insanın oxu zövqü həyatının müxtəlif dövrlərində dəyişə bilər. Gənclik dövründə daha dinamik və macəra dolu əsərlərə maraq göstərən bir şəxs zaman keçdikcə klassik ədəbiyyata yönələ bilər. Eyni zamanda emosional vəziyyət də seçimlərə təsir edir. Stressli və yorucu dövrdə insan daha sürətli süjetli əsərləri seçə, sakit və düşüncəli mərhələdə isə klassik ədəbiyyata üstünlük verə bilər. Bu dəyişiklik tamamilə təbii psixoloji prosesdir. Psixoloji tədqiqatlar göstərir ki, kitab seçimi insanın şəxsiyyətini müəyyən edən yeganə göstərici olmasa da, onun düşüncə tərzi və emosional ehtiyacları haqqında müəyyən ipucları verir. Ən sağlam yanaşma müxtəlif janrlarla tanış olmaqdır. Klassik ədəbiyyat empatiyanı və dərin düşünmə bacarığını inkişaf etdirə, detektiv əsərlər analitik təfəkkürü gücləndirə, fantastik ədəbiyyat isə yaradıcılığı və təsəvvürü zənginləşdirə bilər. Müxtəlif janrların oxunması həm psixoloji, həm də intellektual inkişaf baxımından daha balanslı oxu mədəniyyətinin formalaşmasına kömək edir".
“Ədəbiyyat və incəsənət”
(31.07.2026)


