Habil Yaşar,
Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Növbəti təqdimatda Bayramlı Məhəmməddir. Ədəbi təxəllüsü Signor olan Bayramlı Məhəmməd 24 mart 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Avrasiya Universitetində Tərcümə (ərəb dili) ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə Biznesin idarə edilməsi (turizm və otelçilik) ixtisası üzrə magistr təhsili almışdır. Hazırda yazarlıqla birgə tərcüməçi kimi fəaliyyət göstərir.
O, “Bakirə”, “Samuray” və “Tanrıdan soruş” romanlarının, həmçinin “Xəyalların kölgəsində” hekayələr toplusunun müəllifidir.
Müəllifin “Rüqəyya” adlı hekayəsini sizlərə təqdim edirəm...
BAYRAMLI MƏHƏMMƏD,
“RÜQƏYYA”
Sənə vəd edilən həyatın bir əmanət olduğunu unutduğun gün, ruhun bir oyuncağa çevriləcək və sən onların əlində zülmətə doğru sürüklənəcəksən...
Biz ailədə üç uşaq idik. Böyük qardaşım müharibədə həlak olandan bəri evimizə çökən kədər ailəmizi məhv olmağa doğru aparırdı. Atam mən hələ üç yaşımda olanda itkin düşmüşdü. Onun üzünü belə xatırlamırdım. Nənəm hərdən atana oxşayırsan deyəndə nəyi nəzərdə tutduğunu anlamaqda çətinlik çəkirdim. Görəsən xasiyyətimi deyirdi ya görünüşümü? Anam hərdən üzümə uzun-uzun baxanda bunu atama oxşamağıma yozurdum. Bir dəfə də ev işlərini yekunlaşdırıb, küncdəki divana oturanda yaylığını başından açıb alnının tərini sildi və mənə gülümsəyərək “Akif” deyə səsləndi. Ona su gətirməyimi istədi. Qaçıb mətbəxdən bir stəkan su gətirib ona uzadıb dedim:
- Buyur ana. Çox yorulmusan deyəsən.
- Həəəəə- ancaq indi mənim kim olduğumu anlamışdı. Stəkanı əlinə alıb, bir nəfəsə içdi və dərin bir nəfəs alıb, gözünü tavana zillədi. Mən əlindəki stəkanı alıb döşəməyə qoydum və yerə çöməldim. Qabar-qabar olmuş əllərindən tutub, bir müddət onu seyr elədim. Təqribən on dəqiqə hərəkətsiz qaldı. Əgər əlləri əlimdə olmasaydı, nəfəs alarkən asta-asta enib-qalxan sinəsini görməsəydim, yəqin ki, onun öldüyünü düşünərdim. Bəlkə də, o gün Tanrıya qarşı üsyan edən bəndələrdən biri olardım. Əgər anamı da alsaydı əlimdən, bəlkə də Tanrının mənə qarşı nə qədər qəddar olduğunu düşünərək, hətta onun varlığına da şübhə ilə yanaşardım. Axı mən də insanam. Möcüzələrlə inandığımız Yaradanın varlığına şübhə etmək üçün xüsusi bir şeyə ehtiyacımız olmur. Əslində heç şeytana da ehtiyac yoxdur. Adicə biri qayıdıb desə ki, mən Ona inanmıram, qarşısındakı da öz inancına şübhə ilə yanaşmağa başlayır. Bəzən heç bu da lazım olmur. Otaqda təklikdə oturub divara baxanda ağlına gələn “olum və ölüm” barədəki düşüncələr də bəs edir ki, sən həyatı və sənə öyrədilən bütün “həqiqətləri” sorğulayasan. Allah və bəşəriyyətə göndərilən peyğəmbərlər, ruhanilər, mələklər, hekayənin mənfi obrazı olan Şeytan. Bütün bunlar sənə kiminsə uydurduğu roman kimi görünür. Halbuki sən uşaq olandan sənə bunların həqiqət olduğunu öyrədirlər. Ailən sənin əxlaqlı, namuslu və inanclı bir uşaq olmağın üçün çabalayır. Ta ki, sən fəlsəfəylə tanış olana qədər. Üzünü belə görmədiyin filosofların dedikləri sənə məntiqli görünməyə başlayır. Daha sonra fəlsəfə müəllimi də başlayır səninlə oyunlar oynamağa. Bir də görürsən ki, qəlbindəki inancdan əsər-əlamət qalmayıb. Sən də digər insanlar kimi artıq dindən danışılan yerlərdən uzaq durmağa başlayırsan. Allahın adını çəkib, pul dilənənlərə ikrahla baxırsan. Təbii ki, bütün bunların günahkarı nə fəlsəfə, nə də ki şeytandır. Bütün bunların yeganə günahkarı sən və qəlbində ört-basdır elədiyin qorxularındır. Sən bəlkə də sadəcə Tanrının varlığına inanmaqdan qorxursan. Çünki, yaxşı bilirsən ki, əgər O varsa, sənin ona layiq bir bəndə olmadığını bilir. Sənin özün də bunu yaxşı bilirsən. Ancaq hələ də bundan qurtulmaq üçün bir cəhd göstərmirsənsə, deməli artıq ruhun məhv olmağa doğru gedir...
- Bu gün 16 il tamam olur. – anamın səsi məni düşüncələrimdən ayıranda, artıq tavana yox, mənə baxdığını gördüm. Özümü gülümsəməyə məcbur edərək, dedim:
- Nənəm demişkən, kişisizlik səni yaman qocaldıb. Elə bil, 16 il yox 60 il keçib üstündən. Arada saçının ağaran hissələrinə rəng vur da, zalım qızı.
- Ə, küçük. Mənlə məzələnirsən? – gözünü qısıb, sifətini turşutdu. Yüngülcə yanağıma bir şillə çəkdi. Daha sonra gülümsəyib, sözünə davam elədi: - Deyəsən, artıq yaşamadığına inanmaq lazımdır.
- Həəə. Elədir. – deyib, gözümü onun yaylığına zillədim. Rəngi solmuş yaylıq rəhmətlik nənəmdən qalmışdı. Anam onu ən dəyərli xəzinəsi hesab edirdi. Hər gəlinə nəsib olmurdu qayınanasının yaylığını bağlamaq. “Öləndə ovcuma basıb, mənə əmanət elədi” deyir, yatanda belə yanından ayırmırdı onu. Anam güclü qadın idi. Atamın itkin düşməyinə, nənəmin ölməyinə (qonşular buna sevindiyini desələr də, mən bilirdim ki, bu belə deyil. Hər səhər üzünü yaş dəsmalla silsə də, altını təmizləyib, yemək yedirsə də, ondan bezmir, həmişə gülərüz olurdu nənəmin yanında. Bilirdim ki, anam bunları ürəkdən eləyir), qardaşımın müharibədə həlak olmağına dözmüşdü. Məni bir təhər də olsa böyütmüş, oxumağım üçün əlindən gələni etmişdi. Mən ona “Tomris Ana” deyirdim. Bilirdim ki, mənə kimsə xətər yetirmək istəsə, onu Kir kimi qanla doyuzdurar... Qardaşımın nəşi həyətimizə gələn günü, mən heyvanlar üçün ot yığmaqdan gəlirdim. Darvazanın ağzında dayanan insanları görəndə, arabadan düşüb cəld evə qaçdım. Eşşəyimiz yolu onsuz da əzbərə bilirdi. Arxayın idim ki, ardımca o da içəri gələcək. Elə darvazanın iki addımlığına çatmışdım ki, arvadların qışqırtısı aləmi bürüdü. Adamları yarıb içəri girəndə bayrağa bükülmüş tabutu gördüm. Qonşuluqdakı arvadların saçını yolub, ax-vay eləməyindən başa düşdüm ki, artıq bir qardaşım yoxdur. Qəribə idi. Əgər onu itirsəm həyatım məhv olar deyə düşünürdüm. Ancaq həmin gün heç bir şey hiss eləmirdim. Elə bil ki, həyətin ortasında yatan qardaşım Əsəd deyildi. Sanki, yoldan keçəndə insanların toplaşdığını görüb, marağa soxulmuşdum aralarına. Həmin vaxt özümü qansız, duyğusuz biri olaraq görürdüm. Ancaq anamın da ağlamadığını görəndə, bir az da olsa rahatladım. Anam arvadların arasından aralanıb, qardaşımı gətirən əsgərlərə doğru yaxınlaşıb, üzlərinə sığal çəkərək, dedi:
- Acsınız bala? Gəlin bir qismət çörək yeyin.
- Ay arvad, dəli olmusan? – qapıbir qonşumuz Fatma xala ayağa qalxıb, dedi.
- Başına hava gəlib ay qız? – digər qadınlar da ona qoşuldular.: - Uşağın ölüb e. Oğlun yerdə yatır.
- Yerdə yatanı sizdən yaxşı tanıyıram. Onu qarnında mən gəzdirmişəm siz yox. Ona Əsəd adını boş yerə qoymamışdım. Aslan kimi yaşadı, aslan kimi öldü. Əsədim ölüb, amma bir oğlum daha var. Lazım gəlsə o da gedəcək döyüşə. Siz mənim dərdimi çəkməyin. Ondansa durun çay-çörək hazırlayın. Uşaqlar acdılar. Bir qismət çörək yesinlər. Hələ müharibə bitməyib. Taqətləri olsun. Hə mənim balalarım? Əsədimin amanatısınız. – deyib, balacaboy əsgərin üzündən öpdü, bağrına basdı. Həmin gün anladım ki, nə olursa olsun anam həmişə öz ayaqlarının üzərində dayanacaq. Heç nə onu yıxa bilməzdi...
Məktəb vaxtı müəllimim həmişə nitqimin rabitəsiz olmağından şikayətlənərdi. Gah oradan, gah da buradan danışardım. Hələ də bu vərdişi tərgidə bilmirəm. Nə danışdığımı unutmamaq üçün qeydlər aparsam da xeyri olmur. Bəzən bu xasiyyətimə görə insanlar danışdıqlarımın mənasız olduğunu düşünür və məndən uzaqlaşırlar. Buna görə də, bildiklərimi yazıya köçürmək qərarına gəldim. Əgər səbri çatıb axıra qədər oxuyan olsa, mütləqdir ki, maraqlı nəsə tapacaq. Ya da sadəcə məni söyəcək ki, həyatından boş yerə dəqiqələr oğurlamışam. Ancaq mən başımdan keçənləri yazmaqla həm ailəmə, həm də bizdən sonrakı nəsillərə olan borcumu ödəyəcəyimi düşünürəm. Bildiyim bütün pafoslu cümlələri istifadə etdiyim üçün hər kəsdən üzr istəyirəm...
Qardaşımın ölümünü rahatlıqla qəbul edən anam, atamın yaşadığına olan ümidini düz 16 il itirməmişdi. Onun fikrini dəyişdirən nə idi görəsən? Qardaşımın ölümündən hələ 11 ay keçmişdi. Müharibə hələ davam edirdi. İçərisində oturduğumuz bu evin həyətində patlamamış 7 mərmi vardı. Evin aynabəndi qəlpə izləri ilə dolu idi. Üç ay idi ki, döyüşlər bizim kənddən uzaqlaşmışdı. Ancaq ölkə hələ də müharibənin caynağında qıvranırdı. Mən universiteti yarım buraxıb anamın yanında qalmışdım. Evdə əsasən ikimiz olurduq. İki gün əvvəl isə Bakıdan Nailə gəlmişdi. Demişdim axı biz üç uşaq idik. Nailə evin balacası idi. Aramızda cəmi 6 ay fərq olsa da, mən onu balaca bacım olaraq qəbul eləmişdim. Anam da ona evin son beşiyi kimi baxırdı. Əslində Nailə atamın başqa qadından olan qızı idi. Anası rus idi. Beş il qabaq qəfil qarşımıza çıxdı. O vaxt rəhmətlik nənəm sağ idi. “Boynun qırılmasın ay Akif. Bircə urus yetimçəsi çatmırdı.” deyib, dizlərini döymüşdü. Anam nənəmi sakitləşdirib, qızı evə qəbul edəndə kənddə iki ay söz-söhbət dolaşdı. Hamı bir bəhanə ilə qızı görmək üçün bizə gəlirdi. Adını tələffüz edə bilmədiyi üçün anam qızın adını Nailə olaraq dəyişdirdi. Nailə dilimizi bilsə də, arada rusca sözlər işlədirdi. O da ki, başa düşülən idi. Müharibə başlayanda onu cəld Bakıya qohumlarımızın yanına yola saldıq ki, ora ən azından təhlükəsiz olar. Anam özü getməyə razı olmasa da, Nailənin getməyini istəmişdi. Onu qorumağa çalışırdı. Bacım da onun təkidilə getməyə razılaşmışdı. İki gün qabaq isə məcbur olub geri qayıtmışdı. Şəhərdəki qohumumuz Moskvaya gedəcəyini deyib, Nailəni geri göndərmişdi. Hər şey üst-üstə gəlirdi elə bil. Əvvəlcə un dəyirmanındakı müdirimiz məni işdən çıxarmalı olduğunu demişdi. Müharibənin davam etməsi onun da işinə mane olurdu. İndi də anam atamın sağ olduğuna olan inancını itirmişdi. Görəsən ona nə olmuşdu? Bilmirdim. Deyəsən heç vaxt da bilməyəcəkdim...
*
- Mən hələ uşaq idim bu hadisə olanda. – anam odun sobasına iri bir parça odun atıb, maşa ilə qarışdırdıqdan sonra, döşəyin üstündə yerini rahatlayıb dedi. Nailə sobanın üstündəki çaydanı götürüb, anamın stəkanına çay süzdü. Mənə təklif eləsə də, başımla istəmədiyimi bildirdim. Çaydanı yerinə qoyub, yanımda bardaş qurub oturdu. Başını çiynimə söykəyib, anamın danışmağını gözlədi. Anam stəkanı dodağına yaxınlaşdırıb, çayı üfürdü və bir qurtum içib, sözünə davam elədi: - Evdə hamı məndən gizlin danışırdı bu barədə. Rəhmətlik nənəm yaylığını örtüb Quran oxuyardı tez-tez ki, evdən şər-xata uzaq olsun. Düzü nə qədər xeyri olurdu bilmirəm. Rəhmətlik alayarımçıq ərəbcəsilə bir neçə ayəni güclə oxuyur, hövsələsi çatmadığı üçün bitirməmiş amin deyirdi. Hərdən onu yamsılayır, uşaqlarla ürəkdən gülürdük. Yaxşı günlər idi. Bircə anamın oxlovundan qurtula bilsək dərdimiz olmurdu. Amma həmin vaxtı evdəkilərin dərdi bizimkindən fərqli idi... Bu söhbəti bir gecə təsadüfən eşitmişdim. Gecə yuxudan oyananda anamı axtarsam da yerində tapmadım. Elə onu axtarırdım ki, dəhlizin başından işıq gəldiyini gördüm. Yavaşca işığa doğru irəlilədim. Nənəm, atam və anam xısın-xısın nəsə danışırdılar. Ev səssiz olduğu üçün onları aydın eşidirdim... Kəndin ayağında qoca bir qadın qalırdı. Biz uşaqlarla oradan keçəndə çalışırdıq ki, səs salmayaq. Çünki o arvadın görünüşü bizi qorxudurdu. Əslində adi qoca qarı idi. Sadəcə boynundan xaç asır və hər səhər əlində tüstüləyən bir qabla evinin qabağında nəsə mırıldana-mırıldana dolaşırdı. Ona görə də çalışırdıq ki, evinin qabağından keçməyək. Həmin arvadın nə işlə məşğul olduğunu heç kim bilmirdi. Yanına heç kim gəlib-getməzdi. Nə ilə dolandığını bilən yox idi. Ailəsi də yox idi. Elə buna görə də hökümətin diqqətini çəkmişdi. Nənəmgil də bu barədə danışırdılar:
- Dünən sovetlikdən adamlar gəlmişdi. Dedilər Mariya qarını axtarırlar. – atam əli ilə üzünü sığallayaraq dedi. Gərgin olanda həmişə belə edirdi.
- Yazıq Mariya. Nə edib ki bədbəxt?
- Nə bilim ay ana? Hökümətdi də. Kimi niyə axtarır heç kim bilmir. Amma camaatın dediyinə inansaq, qara-qura işlərlə məşğuldu. Deyirlər dua-cadu edirmiş. Qonşuluqda qalan Əfrayımı bilirsən də. Xəbərçinin biridir. Gedib çatdırıb kənd sovetinə. Bu da yuxarılara deyib. İndi də düşüblər arvadın dalınca.
- Bıy, Allahsızlar. Allah vurmuşdu onları. Mariya özümüzküdü, a bala. Elə şeylər edən olsaydı, biz bilərdik də.
- Ay ana bəsdir də sən canın. Guya bilmirsən bu adamları? Kimin nə mal olduğu bilinmir. Deyirlər cinləri çağırırmış yanına.
- Əstağfirullah, əstağfirullah. Tövbə. Ay Allah keç günahından qələtdi elədi. Sənə deməmişəm adını çəkmə lənətə gəlmişlərin?
- Yaxşı da ana. Özün deyirdin ki, mömini də var kafiri də. Bəlkə mən möminini çağırıram? Nə bilirsən?
- Yaxşı qələt eləmə. Çəkmə adını. Sözünü de görüm noldu?
- Heç nə. Mariyanın evini nişan verdilər. Bunlar da getdilər darvazanın həndəvərində bir az fırlandılar, sonra da qayıtdılar. Bu gün də gəlmişdilər. Bu dəfə maskalılar. Səssizcə gəldilər girdilər evə. Bir də gördük ki, ev od tutub yanır. Kənddən bir-iki oğlan ora doğru qaçırdı. Biz də qoşulduq. Girəndə evə yerdə cəsədlər vardı. Maskalılardan idi hamısı. Deyirlər Mariyanın işidir.
- Ay, Rafiq. Heç özün inanırsan ki, qoca arvad belə iş tutsun? – anam ehmalca atamın qoluna toxunub dedi.
- Bilmirəm ay, Nisə. Gözümlə görməsəm inanmazdım. Deyim ki, düşmənlər edib, o da yoxdu axı. Kimdi bu boyda Sovet hökümətinə baş qoşan? Həm də elə olsaydı, atışma səsləri gələrdi. Ölənlərdə heç güllə yarası da görmədim. Nəyə inanacağımı bilmirəm.
- Sonra noldu ay bala? – nənəm yaylığını başından açıb, alnının tərini silərək dedi.
- Yaxınlıqdakı erməni kilsəsinə getmişdi. Orada mühasirəyə aldılar. Heç kim içəri girməyə cürət eləmirdi. Axırı maskalılardan bir yığın adam gəldi. Camaatı dağıtmağa çalışsalar da, heç kim yerindən tərpənmirdi. Maraq ölüm qorxusuna güc gəlmişdi. Qəfil kilsəni gülləboran elədilər. Şüşələr çilik-çilik oldu. Ehtiyatla içəri girdilər. Amma heç kim gözə dəymirdi. Küncdə bir topa qara paltar vardı. Bir də qara bir pişik. Elə çölə çıxmağa hazırlaşırdıq ki, paltar od tutub yandı. Kilsənin içindən qəribə bir səs gəlməyə başladı. Sonra pişik qaçıb kilsədən uzaqlaşdı. Hamı yerində donub qalmışdı. Səs kəsiləndə elə bil donumuz açıldı. Çölə çıxdıq. Bildiyim bütün duaları oxumağa başladım. Bütün bədənim titrəyirdi...
Atam məni görüb sözünü yarımçıq qoydu. Anam qolumdan tutub, yerimə apardı. Nə vaxt yuxuya getdiyimi heç özüm də bilmirəm. Səhər oyananda nənəm əlində Quran oturub aynabənddə dua oxuyurdu. Anam da halva bişirmişdi. Cümə axşamı olmadığı üçün qəribə gəlmişdi mənə. Adətən halva istəyəndə qayıdıb deyirdi ki, cümə axşamı bişirərəm. Ölülərin də ruhuna rəhmət oxuyarıq. Bu dəfə də Mariya üçün halva bişirmişdi. Əslən erməni olan bu qarını heç kim sevmirdi əslində. Sadəcə anamgil Allah xatirinə onu tək qoymaq istəmirdilər. Amma bacardıqca gizlin görürdülər işi. Hökümətin qulağına getsə, Mariyanın yanına göndərərdilər hamımızı... Aradan bir az keçmiş, kənddə bir qızın itdiyini dedilər. Adı Rüqəyya idi. Sakit, heç kimlə işi olmayan qızın biri idi. Yazıq evdən çıxıb, gecənin qaranlığında görünməz olmuşdu. Sahədə falan axtarsalar da, heç nə tapmamışdılar. Gah dedilər ki, kimsə oğurlayıb, gah da dedilər ki, Mariyanın ruhu onu əsir alıb, yer altına çəkib. Qızı müqəddəsləşdirib qeybə çəkildiyini deyən də tapıldı. Bir onu bildik ki, anası yazıq gecə-gündüz ağlamaqdan halsız düşmüşdü. Gözü artıq kor olmaq dərəcəsinə çatmışdı. Heç kim onu təsəlli edə bilmirdi. Qızını istəyən anaya kim kömək edə bilərdi ki? Amma hərdən düşünürəm ki, kaş nə istədiyinə diqqət edərdi... Hadisənin necə baş verdiyini öz gözümlə görməmişəm. Amma bir az böyüdükdən sonra anam mənə hər şeyi danışmışdı. Rüqəyyanın itkin düşməyindən bir neçə gün keçmiş, hamı onların evinə toplaşmışdı. Kişilər həyətdə atası ilə dayanıb, ona ürək-dirək verirdi. Arvadlar da evdə oturub ağlaşma qururdular. Qızın anası da hamıdan çox ağlayırmış. Qəfil otağın qapısı açılır. Əvvəl heç kim fikir vermir. Elə bilirlər ki, həyətdəki kişilərdəndir. Samovar çayı gətirib ki, boğazlarını yaşlasınlar. Amma səs gəlmədiyini görəndə, hamı başını döndərib qapıya baxır. Görürlər ki, Rüqəyya qapının ağzında dayanıb. İfadəsiz gözlərini anasına zilləyib, gözləyirmiş. Anası cəld iməkləyə-iməkləyə qızına doğru yaxınlaşıb. Qucaqlamaq istəyəndə, qız əliylə onu kənara itələyib. Asta-asta otağın tən ortasına doğru addımlayıb. Qəfil dayanıb və gözünü tavana zilləyib. Hamı kirimişcə onu izləyirmiş. Qəfil qız başını aşağı salıb, qadınlara baxıb. Hamı bu qəfil hərəkətdən diksinib geri çəkilib. Rüqəyya dəli kimi gülməyə başlayıb. Gülməyi dayandıranda, otağa ölüm sükutu çökübmüş. Sükutu elə onun öz səsi pozur:
- Niyə toplaşmısınız? Mən çox adam olan yerləri sevmirəm. Özü də bu qədər arvad nəyə lazımdır ki? Rəqəmlərlə aram yaxşı deyil. Amma ölülərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır.
- A bala nə deyirsən?
- Mən sənin balan deyiləm. – qız artıq öz səsiylə danışmırmış. Başqa birinin səsini təqlid edirmiş elə bil. Hamı bu səsin sahibini tanıyırdı. Bu Mariyanın səsi idi. Başa düşürlər ki, qızı aparan Mariya olubmuş. Onun bədənini ələ keçirib və indi özünü tam azadlığa qovuşmuş hiss edir. Qızın anası yerindəcə quruyub qalıbmış. Elə anamgil də. Mənə danışırdı ki, Rüqəyya uzun dırnaqlarını bir-birinə sürtüb, arvadların yanından keçirmiş. Bir nəfərdən bir dayanıb, qabağında durduğu qadının boğazını dırnağı ilə cızırmış. Qadın geri çəkilsə, tutub boğazından sıxırmış. Bu bir neçə dəqiqə beləcə davam edir. Axırda qadınlardan biri qışqırır. Səsə kişilər içəri doluşurlar. Rüqəyyanı kənara çəkirlər. Deyilənə görə qızı 3 kişi güclə saxlayırmış. İçinə girən ruh onu olduğundan daha güclü edibmiş. Qız onların əlindən qurtulmaq üçün dəfələrlə cəhd edir. Ancaq bunun mümkün olmadığını görəndə, dayanır. Dərin bir nəfəs alır və deyir:
- Ölüm qapınızı çalanda və ya yaşamaq üçün tək səbəbiniz intiqam olanda məndən başqa sığınacaq limanınız olmayacaq. Tək çıxış yolunuz mən olacağam. Onda mənim adımı bacardıqca ucadan səsləyin: RÜQƏYYA!
Sözünü tamamladıqdan sonra dilini dişləyərək intihar edir. Buna şahid olanlar aylarla özünə gələ bilmir. Ən pisi isə, qızın boğazını cızdığı qadınlar bir gün fasiləylə intihar edirlər. Biri səhər tezdən özünü tövlədən asır. Bir digəri isə qarnına yaba soxur. Öldükləri günə qədər heç birində intihar meyli olmur. Sadəcə vaxtı çatanda hər biri intihar edir. Polis nə qədər araşdırsa da, qəfil ölümlərin səbəbini tapa bilmir. Ancaq kənd camaatı bunun səbəbkarının kim olduğunu yaxşı bilirdilər: Rüqəyya!..
Anam hekayəsini tamamlayanda otaqda qəribə sükut hakim idi. Nailə bərəlmiş gözlərini anama zilləyib, hekayənin sonunu gözləyirdi. Sobadakı alov öləziyirdi deyə ayağa qalxıb, iki odun atdım və maşayla eşələdim ki, od sönməsin. Yerimə qayıdıb oturanda, Nailə qolumu qucaqlayıb anamın danışmağını gözləməyə başladı. Bir müddət heç kim dinib-danışmadı. Arvad elə bil hekayədən sonra danışmağı unutmuşdu. Elə istəyirdim ki, nəsə deyim, bu vaxt gecənin səssizliyini ildırım kimi yaran bir səs eşidildi. Səsin nə olduğunu anlamağa macal tapmamış, darvazanın yanındakı tövləyə mərmi düşdü. Mən cəld anamı və Nailəni qolundan tutub çölə çıxardım. Heç ayaqqabılarımızı belə geyinməyə imkanımız olmadı. Nailə darvazaya tərəf cumsa da, onu dayandırdım. Mərminin düşdüyü yerə getmək ağılsızlıq olardı. Cəld qonşunun hasarına yaxınlaşdıq. Artıq güllə səsləri eşidilməyə başlamışdı. Müharibə yenidən kəndimizə sıçramışdı. Qonşu ilə aramızdakı hasar qarğıdan hörülmüşdü. Bir az güc verən kimi, hasar uçdu və həyətə keçdik. Ev sahibləri özləri də çölə çıxmışdılar. Hamı bir tərəfə qaçırdı. Qonşumuz Əmiraslan dayının köhnə bir “07”si vardı. Hamını cəld maşına doldurdu. Bacardıqca tez kənddən uzaqlaşmalı idik. Keçən səfər də döyüşlər gedəndə kəndi tərk etmişdik. Düşmən düz kəndin ortasına qədər gəlib çatmışdı. Amma bizimkilər çox keçmədi ki, geri oturtdu erməniləri. Biz də qayıdıb yerimizə, yuvamıza qovuşduq. İndi yenə döyüşlər başlamışdı. Gərək qadınları və uşaqları təhlükəsiz bir yerə aparaydıq. Əmiraslan dayı maşının işığını yandırmadı ki, birdən diqqəti çəkər. Qaranlıqda bir təhər irəliləyirdik. Hərdən başımızın üstündə uçuşan mərmilər yolu aydınlatsa da, hara getdiyimizi tam olaraq görmürdük. Güllə səsləri get-gedə yaxınlaşırdı. Mən geriyə qanrılıb baxanda, Nailənin anama necə qısıldığını gördüm. Anam özünü sakit aparsa da, onun da narahat olduğunu bilirdim. Özü üçün olmasa da, Nailə və Əmiraslan dayının balaca qızı Xeyransa üçün narahat olurdu. Başım o qədər qarışmışdı ki, maşın qəfil dayananda az qalmışdı qabaq şüşəyə çırpılam. Güclə özümü saxladım. Qabağa baxanda üzərimizə doğru gələn tankı gördüm. Əmiraslan dayı nə edəcəyini bilmirdi. Qəfil üstümüzə yağış kimi yağan güllə onu hərəkətə keçirdi. Maşını geri döndərib, işıqları yandırdı və sürətlə sürməyə başladı. Düz ermənilərin üstünə çıxmışdıq. Nailə və Xeyransa anamın dizinə uzanıb, ağlayırdılar. Anam onların saçını sığallayır və sakitləşdirməyə çalışırdı. Maşın nə qədər sürətlə irəliləsə də, ermənilərin əhatəsindən çıxa bilməmişdik. Kəndin yarıdan çoxunu ələ keçirmişdilər. Məzarlığın yanından keçəndə yaxınlığımızda bomba patladı. Əmiraslan dayı güclə maşını döndərdi. Üstümüzə yenidən güllə yağmağa başladı. Maşının arxa şüşəsi parçalandı. Başımızı əyib irəli doğru hərəkət edirdik. Birdən Nailənin fəryadı məni geri dönməyə məcbur elədi. Anam qanlar içində idi. Güllə başından dəymişdi. Göz yaşlarımı tuta bilmirdim. Qızların ağlaşma səsləri maşının içinə dolmuşdu. Qəzəb və kədərdən az qala boğulurdum. Elə bir vəziyyət idi ki, anamın ölümünə kədərlənməyə belə vaxt yox idi. Dayanmaq olmazdı, kədərlənmək olmazdı. Nailə və Xeyransanı bu cəncəldən qurtarmaq lazım idi... Məzarlıqdan bir az uzaqlaşmışdıq ki, qabağımızı “BTR” kəsdi. Məcbur olub maşını dayandırdıq. Əsgərlər bizi mühasirəyə aldı. İkisi maşına yaxınlaşıb, Əmiraslan dayını vurdu. Bu bizə xəbərdarlıq idi. Xeyransa hıçqıraraq ağlamağa başladı. Nailə onu sakitləşdirməyə çalışsa da, özü də ağlayırdı. Əsgərlər əvvəlcə rus dilində bizə səsləndilər. Nailə nə dediklərini başa düşsə də, danışa bilmirdi. Hərəkət etmədiyimizi görəndə, bizim dildə dediklərini təkrar etdilər:
- Düşün aşağı!
Biz ehtiyatla maşından düşdük. Mən Nailəgili arxama aldım. Silahlar üzümə tuşlanmışdı. Nə edəcəyimi bilmirdim. Dərin bir nəfəs aldım. Aldığım heç bir nəfəs məni bu qədər incitməmişdi. Anam maşında qanlar içində yatırdı. Mən əliyalın bacımı və Xeyransanı qorumağa çalışırdım. Bu qədər həngamənin arasında hələ utanmaz-utanmaz yaşamağı da düşünürdüm. O an özümə nifrət elədim. Kaş ölən anam yox mən olaydım. Bəlkə də o, qızları qorumaq üçün bir yol tapa bilərdi. Mənim kimi çarəsizcə oturub gözləməzdi. Ancaq nə etmək olardı? Anam indi həyatda yox idi. Onları qorumaq mənim öhdəmə düşürdü. Yaxınlıqda döyüşlər davam edirdi. Bizimkilər hələ təslim olmamışdı. Dəstənin başında duran erməni bir neçə əsgəri məzarlığa tərəf göndərdi. Artıq arxamızda heç kim yox idi. Təkcə qabağımızı kəsən ermənilər vardı. Yaxınlığımda dayanan əsgərin avtomatının lüləyindən yapışıb, sinəsinə bir təpik ilişdirdim. Avtomatı çevirib, atəş açdım. Əsgərlərin bir neçəsi yerə sərildi. Nailəyə dönüb sadəcə bunu deyə bildim: “Qaç!”. Qızlar qaçmağa başlayanda, maşının qapısını açıb, arxasında gizləndim. Arxamızda xırda bir təpə vardı. Oranı keçə bilsələr, düz bizimkilərin üstünə çıxacaqdılar. Bilirdim ki, orada hələ də nəzarət bizdədir. Əlimdən gələn qədər erməniləri ləngitməli idim. Bizə silah işlətməyi öyrətməmişdilər. Rusların buna heç marağı da yox idi. Axı neyləyirdilər ki, axmaq bir müsəlman gəlib silah işlətməyi öyrənsin və səhəri gün üstlərinə cumsun? Biz ancaq rus zabitlərinin yanında heç kimin görmədiyi işləri görürdük. Özlərinə yaraşdırmadıqları işləri. “Kalaşnikov”u sadəcə necə tutmaq lazım olduğunu bilirdim. Çiynimi qırmasın deyə necə tutmalı olduğumu öyrənmişdim. Onu da Əsəd öyrətmişdi. “Mənim yerimi tutası olsan, ən azından çiynini zədələmə deyə bunu bilməlisən. Silahı əlinə aldınsa, gərək birini də olsa özünlə birgə aparasan. Bax onda mənim qardaşım olduğunu sübut etmiş olarsan” deyərdi həmişə. Təkcə necə tutmalı olduğumu bildiyim silahla indi sevdiklərimi qorumalı idim. Mən atəş açanda ermənilər də “BTR”in arxasına keçdilər ki, zədə almasınlar. Hərdən başımı çıxarmadan güllə atır, hərdən də anama baxırdım. Qəhər məni boğsa da, əlimdən heç nə gəlmirdi. O an anama sarılıb doyunca ağlamaq istərdim. Sinəsinə uzanıb, ürək döyüntüsünü dinləmək üçün nələr verməzdim ki? Amma bu artıq mümkün deyildi. Mən qızların harada olduğunu görmək üçün boylananda, bir güllə çiynimə dəydi. Cəld qapının arxasında gizləndim. Avtomatı qaldırıb, baxmadan atəş açdım. Bir azdan gülləm qurtardı. Gərək bir güllə özüm üçün saxlayaydım. Amma artıq gec idi. Ermənilər ətrafımı sardı. Qarnıma və çiynimə dəyən təpiklərin sayı-hesabı yox idi. Yeriməyə taqətim qalmayanda, məni zorla ayağa qaldırdılar. Gözlərim bulanıqlaşmışdı. Demək olar ki, heç nə görmürdüm. Amma qulağım yaxşı eşidirdi. Huşumu itirməmişdən əvvəl son eşitdiyim isə Nailənin səsi idi:
- Toxunmayıııııııın!...
*
Üzümü sığallayan əlin sahibini görmək üçün gözlərimi güclə də olsa araladım. Əvvəl hər şey bulanıq görünsə də, sonra yavaş-yavaş aydınlaşmağa başladı. Anamın gülən üzünü qarşımda görəndə sevincdən az qala ürəyim yerindən çıxacaqdı. Onu qucaqlamaq üçün qollarımı qaldırmaq istəyəndə tərpənə bilmədiyimi hiss elədim. Qollarım arxadan möhkəmcə bağlanmışdı. Təkcə ağzım açıq idi. Anama nəsə demək istəyirdim, amma danışmaqda çətinlik çəkirdim. Düzü danışsam da nə deyəcəyimi bilmirdim. Mənim bu vəziyyətimi görüb, o da kədərlə gülümsədi. Şəhadət barmağını dodaqlarına aparıb, susmağımı işarə elədi. Sonra üzümü ovuclarının arasına aldı. Əvvəlcə üzümdən öpdü, sonra yanaqlarımdan. Ən axırda da gözlərimdən öpdü. Axı o heç gözümdən öpməzdi. Deyərdi ki, “gözdən öpmək ayrılıq salar bala”. Axı niyə gözümdən öpürsən ana? Axı niyə gözlərində kədər var? Axı niyə.... niyə sən həyatdasan? Mən sənin öldüyünü öz gözümlə görmüşdüm axı? Yox. Bu sən deyilsən. Bu mənim əllərimdən çıxan xoşbəxtliyimin son nəfəsidir. Bu mənim həyatımın son vədəsidir. Bu sənin cənnətdən əvvəlki son dayanacağındır. Mən səni güllər içində yola salacaqdım cənnətə. Səndən doyanda. Axı mən səndən doymamışdım ay ana. Hələ atamı tapacaqdıq. Axı niyə belə tez getdin? Mən cəhənnəm, Nailəni necə qoyub gedə bildin?.. Nailə? Bəs o haradadır? Axırıncı səfər onu... Əclaflar! Şərəfsizlər! Mən qalxmalıyam. Nailəni tapmalıyam. Nailə! Yerimdə qurcalanıb, ayağa durmaq üçün çalışırdım. Amma bacarmırdım. Taqətim qalmamışdı. Özümü toparlayıb, ayağa qalxmaq istəyirdim ki, qapı cırıltı ilə açıldı. İçəri üç əsgərin müşayiəti ilə orta boylu, üzü təmiz qırxılmış, boz kostyum geyinmiş, eynəkli bir adam girdi. Sir-sifətindən erməni olmadığı hiss olunurdu. Deyəsən, rus idi. Yanınca gələn ermənilərin yaltaqlanmağından da hiss olunurdu ki, kimdirsə vacib adamdır. Otağın rütubətli divarlarına baxıb, cibindən çıxardığı dəsmalla burnunu tutdu. Daha sonra mənə yaxınlaşıb, qabağımda çöməldi. Üzümə baxıb, ingiliscə nəsə mırıldandı. Başıma o qədər zərbə almışdım ki, ingiliscə bildiklərimi də unutmuşdum. Bu adamın yemək üçün qabağımda mırıldayan pişikdən fərqi yox idi mənimçün. İkisinin də nə dediyini anlamasam da, mənlə danışdığından əmin idim. Mənim cavab vermədiyimi görəndə, barmağını gözlərimin qabağında hərəkət etdirdi. Yoxlayırdı görsün ki, halım özümdədir ya yox. Onu eşitdiyimdən əmin olanda, dili bilmədiyimi anladı. Rusca danışmağa başladı. Yenə oxşar reaksiya verdiyimi görəndə, istehza ilə gülümsəyərək “idiot” dedi. “Axmaq”. Rusca bildiyim tək-tük sözlərdən biri idi. O vaxtı məktəbdə öyrədəndə gərək öyrənəydim. Amma mən bədbəxtin tək dərdi həyətə çıxıb futbol oynamaq idi. Nə biləydim axı bu hallara düşəcəyimi?.. Yanında gələn erməni yaltaqlanaraq gəlib onun yanında dayandı. Bərbad ruscasıyla gülərək nəsə danışdı. Daha sonra mənə baxıb, sifətini turşudaraq dedi:
- Ara, deyir buranın yerlisisən?
- Sən yerlisi olan deyilsən a. Mənəm də yerlisi. Sənin kimi oğraşlar didərgin salmasa mənim kimi yüzlərlə adam vardı burada.
- Ara, uzatma! Suala cavab ver bəsdi. Gözünə döndüyüm olmasa çoxdan səni qulağın boyda tikələrə bölüb tullamışdıq itlərin qabağına.
- Elə indi də itlərin qabağındayam.
- Burada qalanların hamısını tanıyırsan? – ağasından eşitdiyi sözləri tərcümə edən erməni bu dəfə üzümə baxmadan dedi.
- Sənə kim lazımdır? – söhbətin hara gedəcəyini bilməsəm də, cavab verməkdən başqa çarəm olmadığını bilirdim. Həm də ki, öz sualımı verəndə ən azından bir cavab eşitmək üçün onlara nəsə vermək lazım idi. Bu bacım üçün edə biləcəyim son şey idi. s
- Qoca bir qadın. İllər əvvəl yaşayıb burada. Onun evi lazımdır mənə.
- Kəndimiz uzunömürlülər məskəni idi. Qoca qarıdan çox nə var ki burada?
- Ara, qudurma. – bu səfər öz ürəyindən keçənləri deyirdi deyə, birbaşa gözlərimin içinə baxdı. Mən dəli kimi qəhqəhə çəkib, dedim:
- Qudurğan sən və sənin adamlarındı ki, leş üstünə daraşan kaftarlar kimi düşüblər canımıza.
- Küçük! – deyib, üzümə yumruq ilişdirdi. Ağası gözünü bərəldəndə, başını aşağı dikdi. Naməlum qonaq üzünə tutduğu dəsmalı kənara çəkib, gülümsəyərək nəsə dedi. “Tərcüməçim” deyəsən bu dəfə nə dediyini başa düşməmişdi. Bir az tərəddüd elədikdən sonra, üzünü mənə çevirib, tərcümə elədi:
- Mənə o qoca qadının gizlətdiyi bir şey lazımdır. Kömək etsən, səni xaricdə gözəl bir həyatla təmin edərəm. Sülhün ağuşunda bir həyatla.
Bax indi mənim növbəm çatmışdı. İndi Nailənin harada olduğunu soruşa bilərdim. Bax indi bacımla özümü xilas etmək üçün bir şansım ola bilərdi. Bu cəncəldən qurtulduqdan sonra mütləq geri qayıdacaqdım. Amma indi buradan çıxmaq üçün nə lazımdırsa etməli idim.
- Mən tək deyiləm. Bacım da mənimlə getməlidir. – çətinliklə də olsa cümləmi tamamladım və cavabı gözlədim.
- Bacın mənim himayəmdədir. Ona heç nə olmayacağına söz verirəm.
- Mənim işğalçıya inanmağımı gözləmirsən, elə deyil? Bacım da bizimlə gedəcək. Bax onda, səni hara desən apararam.
- Siz türklərin cəsarətinə heyranam. Öləndə belə öz istəklərinizi deməkdən çəkinmirsiniz.
- Bizi bizlə qorxuda bilmərsən. Biz elə ölümün özüyük. Bacımı gətirin və istədiyiniz yerə gedək. Sonra da vədinə əməl elə!
“Tərcüməçim” dediklərimi ağasına çatdırandan sonra, əsgərlər məni dartıb çölə çıxardılar. Bir az sonra maşında naməlum qonaqla və Nailə ilə yanaşı oturmuşdum. Bacımın üzü qan içində idi. Dayanmadan ağlayırdı. Üst-başı salamat idi. Bu bir az da olsa ürəyimi rahatlatmışdı. Əllərim bağlı idi deyə onu qucaqlayıb təsəlli edə bilmirdim. Nailə sinəmə qısılıb, ağlamağa davam edəndə sadəcə bunları deyə bildim:
- Sakitləş. Hər şey yaxşı olacaq. Ən azından bu həngamədən qurtula bilməyimiz üçün nəsə etməliyik. Sakit olmasan heç nə edə bilmərik. Yaxşımı?
- Yaxşı. Sən necə istəyir.
- İndi soruş gör bu nə istəyir. Rusca soruş.
- Deyir, qoca bir qadını axtarır. – Nailə naməlum adamın dediklərini öz dilimizdə təkrarladı.
- Onu başa düşdük. Axtardığı qadın kimdir? Tərif eləsin.
Adam nə dedisə, Nailənin sifəti tutqunlaşdı. Dediklərinin arasında sadəcə bir sözü seçə bilirdim: “Mariya”. Bu təsadüf idi? Məncə yox.
- Deyir Mariya adlı bir qarını axtarır. Əvvəllər burada yaşayırmış. Qardaş, bu ananın dediyi qadındır?
- Bilmirəm. Başqa Mariya tanımıram. Yadındadır o evin yeri?
- Hə. Amma bunlara demək olar evin yerini? Sonra bizə nəsə eləməzlər ki? – Nailə pıçıltı ilə dedi.
- Başqa çarəmiz yoxdur. Yoxlamalıyıq. De ki, yerini göstərəcəyik. Bir də soruş gör, bu Mariyanı niyə axtarırlar? Nə gizlədib o?
- Deyir ki, əhvalat uzundur.
- Narahat olmasın. Elə yolumuz da uzundur. Danışsın.
Nailə dediklərimi tərcümə elədi. Maşın hərəkətə keçəndə, naməlum adam başına qoyduğu şlyapanı çıxarıb, seyrək saçını əli ilə sığallayaraq, danışmağa başladı. Getdiyimiz yer qonşu kəndə yaxın idi. Köhnə erməni kilsəsinin yanından keçib getmək lazım idi ora çatmaq üçün. Həmin tərəfdə də döyüş gedirdi. Ya hamımız öləcəkdik, ya da bizimkilər xilas edəcəkdi bizi. Hansının olacağını zaman göstərəcəkdi.
- Danışılanların nə qədər həqiqət olduğunu heç özüm də bilmirəm. Babamın nağılları məni Berlindən buraya qədər gətirib çıxardı. Babam Annenfelddən Qazaxıstana sürgün edilmiş almanlardan biri idi. Müharibənin qızğın vaxtında Berlinə qədər gedib çıxmışdı. Onun danışdıqlarına inansaq burada bir sərvət yatır. Nasistlərin apardığı təcrübələrin bir neçəsi təkcə elmi yox, dini də özündə ehtiva edirdi. Hitlerin əmri ilə SS zabitlərinin bir qrupu işğal edilən bölgələrdəki, qoca qarıları və cadugərləri həbs edərək, Berlinə aparırmış. Polşadan bir neçə kahin öz övladları ilə birlikdə babamın da aralarında olduğu əsgərlərin müşayiəti ilə konslagerə aparılırmış. Müharibə heç zaman ədalət və mərhəmətlə aparılmır. Qan və dəhşət görən insan övladı bir daha əvvəlki vəziyyətinə qayıda bilmir. Onu ram eləmək də asan məsələ deyil. Xüsusən də əlində güc varsa. Kahinlərin arasında yaşlı bir qadın varmış. Onunla birlikdə aparılan nəvəsi 14 yaşında, uzun saçları belinə qədər uzanan, gözəl simalı bir qız imiş. Əsgərlərdən bir neçəsi qatarda gedərkən, “əylənmək” istəyirlər. İçki şüşələri ilə olan əyləncələri bitdikdən sonra, keflərinə qadın düşür. Gözləri kahinin nəvəsinə sataşır. Kahin nə qədər eləsə də, qızı azğınlaşmış əsgərlərin pəncəsindən xilas edə bilmir. Babam o anı danışanda, göz yaşlarını tuta bilmirdi. Çünki, o vaxt anam da təxminən o qızla eyni yaşda imiş. Qıza 4 nəfər təcavüz edir. İlk dəfədən sonra huşunu itirən qızı hər dəfə oyadır və yenidən təcavüz edirmişlər. Axırda qız dözmür və ölür. Cəsədi qatardan atıb, yola davam eləsələr də, kahinlər buna imkan vermirlər. Cəsəd düz onlar konslagerə çatana qədər qatarda qalır. Düşərgəyə çatan kimi, həkimlər cəsədi aparırlar. Deyilənə görə, ondan istifadə edəcəkmişlər. Babam bir müddət özünə gələ bilmir. Bir gecə keşik çəkərkən təcrübə aparılan bölmənin qabağından keçirmiş. İçəridən qəribə səslər gəldiyini eşidib, içəri girir. Bu vaxt ölmüş qızı havada uçan vəziyyətdə görür. Gözləri zülmət gecə kimi qaranlıq imiş. Otaqda heç vaxt eşitmədiyi bir dildə səslər eşidilirmiş. Qız da həm o səslərə cavab verir, həm də əli ilə həkimlərdən birini boğurmuş. Babam özünə gələndə oranı tərk etmək istəyir, amma qapı öz-özünə bağlanır. Qız həkimi kənara tullayıb, babama doğru yaxınlaşır və fısıldayır: “Keh mori daiman”. Daha sonra güclü bir səs dalğası yayılır və qapılar taybatay açılır. Babam özünə gələndə ətrafda heç kim yox imiş. Düşərgədə gəzərkən kahinlərin toplandığı yerdə bir yığın cəsədin olduğunu görür. Çoxu SS zabitləri və məhkumlar imiş. Kahinlərdən isə heç bir iz yox imiş. Sağ qurtulan bir həkimin dediyinə görə qız özü ilə birlikdə bir neçə flakon aparıbmış. Niyə apardığını bilməsək də, o flakonlarda vacib maddələr varmış. Həkimlərin dediyinə görə, o maddələr Führerin istədiyi ordunu qurmaq üçün lazım imiş. SS zabitləri hər yerdə həmin qızı axtarsalar da, tapa bilmirlər. İki il davam edən axtarış heç bir nəticə vermir. Daha sonra da Almaniya müharibəni uduzur və hər kəs bu məsələni unudur. Babam uzun müddət davam edən əsirlikdən sonra, Qazaxıstana qayıdır. Artıq anam mənə hamilə imiş o gələndə. Bizim evimiz Alma Atada idi. O vaxt babam bunları mənə danışıb, həmin flakonları tapmağımı istəyirdi. Əgər onları tapsam, bütün bəşəriyyətin qarşımda diz çökəcəyini deyirdi. Bütün güclü dövlətlər ordularını daha da güclü etmək üçün o maddənin dalınca düşəcəkdilər. Ona sahib olan, dünyanın ən güclü insanı olacaqdı. Düz 30 ildir axtarıram. Axır ki, izinə düşə bildim. Qız konslagerdən qaçandan sonra bir qrup qaraçı ilə birlikdə Polşaya qayıdır. Orada bütün ailəsinin tələf olduğunu görəndən sonra, SSRİ-nin müxtəlif bölgələrində məskunlaşır. Ən axırda da Azərbaycana gəlir. Buralarda məskunlaşdığını öyrəndikdən sonra dəfələrlə onu tapmağa çalışsam da, bir nəticə əldə edə bilmədim. Sovet höküməti onun varlığını sirr kimi qoruyurdu elə bil. Ancaq indi nə sovet var, nə də ki nizam-intizam. Müharibə, - cibindən siqaret çıxarıb, damağına qoydu. Kibritlə siqareti yandırıb, pəncərədən çölə atdı. Bir qullab alıb, tüstüsünü çölə üfürdükdən sonra, gülümsəyərək sözünə davam elədi: - bütün qanunların yerlə-yeksan olduğu o müdhiş səhnəcik. Bu səhnədə nə insan var, nə də insanlıq. Burada Tanrı da yoxdur. Bax elə ermənilərin özü. Onlar üçün yeganə Tanrı puldur. Onlar pula sitayiş edirlər. Lazımi qədər “xeyir-dua” versən, iplərindən tutub hara istəsən darta bilərsən. İndi mən onların iybilmə qabiliyyətindən istifadə edirəm. Siz isə fərqlisiniz. Babamdan eşitmişdim amma düzü bir az şişirtdiyini düşünürdüm. Siz türklərin qorxusuz olduğunuzu demişdi. İndi əmin oldum. Nizami ordu olmadan belə döyüşən millət, lazımi silah-sursatla nələr edər düşünmək belə insanı qorxudur. Führerin sizə niyə ilişmədiyini indi yaxşı başa düşürəm.
- Kaş bu dığalar da sənin qədər ağıllı olaydılar. Onda qurdla savaşın sonunun ölümlə bitəcəyini bilərdilər. Amma Mariyanın erməni olduğunu eşitmişdim. Dəqiq o həmin qızdır?
- Onun əslən kim olduğunu heç kim bilmir. Ola bilsin həqiqətən də ermənidir. Ya da ola bilsin insanlar onu yadırğamasın deyə özünü elə təqdim edib. Bəlkə də sadəcə siz elə zənn etmisiniz ki, o ermənidir. Fərqi yoxdur. Əsas məsələ budur ki, siz məni Mariyanın olduğu yerə aparın, mən də sizi azadlığa qovuşdurum.
- Gedirik. Görək kim kimə qovuşur.
Maşın köhnə erməni kilsəsinin yanına çatanda sürücü qəfil əyləcə basdı. Atışma davam edirdi. Bizimkilər deyəsən güc gəlirdilər. Düşmən get-gedə geri çəkilirdi. Qabaqdakı əsgər rusca nəsə dedi. Həmsöhbətimiz də siqaretini kənara tullayıb, papağını başına qoydu və maşından düşdü. Nailə üzümə baxıb, təlaşla dedi:
- Düşüb piyada getməyimizi istəyir.
- Qorxma gözəlim. Hər şey qaydasındadır. Düşək, görək neyləyirik.
Biz də ehtiyatla maşından düşdük. Güllə səslərindən qulaq tutulurdu. Başımızı əyərək məktəb binası tərəfə qaçdıq. Məktəbin yanından dar bir cığır uzanırdı. Cığırla qonşu kəndə doğru addımladıq. Kəndə çatmamış sola döndük. Artıq qarğıdalı sahəsinin yanınca gedirdik. Güllə səsləri eşidilməz olmuşdu. Hərdən patlayan mərmi səsləri eşidilsə də, əsasən sakitlik idi. Mariyanın evinə çatanda artıq mərmi səsləri də eşidilmirdi. Darvazasına sarmaşıqlar dolanmış evin vahiməli görünüşü vardı. Normalda yanından keçəndə hamı qorxudan titrəyərdi. Ancaq indi müharibənin dəhşətli üzünü görən bizlər üçün bu heç də qorxunc deyildi...
- Ev buradır.
- Açın qapını. Fənəri də tutun görək hara gedirik. - əsgərə təlimatını verib gözləməyə başladı. Bir azdan darvazanı açıb, yolu işıqlandırdılar. Biz ehtiyatla içəri daxil olduq. Əsgər erməni dilində nəsə mırıldanırdı. Dediklərinin içindən təkcə “Tanrı” sözünü başa düşdüm. Məktəbdə oxuyanda erməni sinif yoldaşımdan bir neçə söz öyrənmişdim. Amma tək yadımda qalan bu idi. Deyəsən, qorxudan dua edirdi. Naməlum qonaq əmin addımlarla irəliləyirdi. Nailə qollarımı açmışdı. Tarazlığımı güclə qoruyaraq addımlayır, bir yandan da onu qorumağa çalışırdım. Bir yolunu tapıb qaçmalı idik. Onlara etibar yox idi. İşimizi ehtiyatlı tutmalı idik. Nailəyə başımla uçmuş divarı göstərdim. Nə demək istədiyimi başa düşsə də, qorxurdu. Bunu hiss edə bilirdim. Biləklərimi kəsən kəndirdən qurtulsam da, əllərimi tərpədə bilmirdim. Güclə də olsa Nailənin əllərini sıxdım ki, yanında olduğumu bilsin. Cavabında o da mənim əlimi sıxdı. Bir az da olsa ürəklənmişdi. Naməlum qonaq isə evi ələk-vələk elədi. Deyəsən istədiyini tapa bilmirdi. Başının qarışmağından istifadə edib, qaçmağa hazırlaşırdıq ki, bu vaxt evin içindən tükürpədən bir səs eşidildi:
- Keh mori daiman.
Hamı bir anlıq əl saxladı. Əsgər belindəki silahı əlin aldı. Hazır vəziyyətə gətirib, təlaşla ətrafa boylandı. Naməlum qonaq da belindəki tapancanı çıxarıb, qaranlığa tuşladı. Mən Nailəni sinəmə sıxıb, gözləməyə başladım. Nə gözlədiyimi heç özüm də bilmirdim. Ürəyim quş kimi çırpınırdı. Nə edəcəyimizi bilmirdik. Həmin səs yenidən eşidildi:
- Keh mori daiman.
Əsgər darağındakı bütün gülləni qaranlığa boşaltdı. Ancaq səsin hələ də gəlməyə davam etdiyini görəndə, öz dilində nəsə qışqıraraq oradan uzaqlaşdı. Artıq orada 3 nəfər qalmışdıq. Naməlum qonaq əlindəki silahı bizə tuşlayıb, qaçmağımıza imkan vermirdi. Səs isə get-gedə daha aydın eşidilirdi:
- Keh mori daiman.
Əlindəki silahla bizə ona yaxınlaşmağımızı işarə elədi. Asta addımlarla ona doğru yaxınlaşdıq. Silahı ondan alıb, qaçmağa fürsət axtarırdım. Elə bu vaxt Nailə ah çəkib, yerə yıxıldı. Elə bildim ayağı nəyəsə ilişib. Yerdən qaldırmağa çalışanda fənərin işığında onun gözlərini gördüm. Ən zülmət gecədən daha qaranlıq idi. Məni kənara itələyib, cəld ayağa qalxdı. Diqqətlə baxanda onun havada uçduğunu gördüm. Nailəyə nə olmuşdu belə? Ona yaxınlaşmaq istəyəndə naməlum qonaq məni saxladı. Başını bulamağından başa düşdüm ki, bunun təhlükəli olduğunu demək istəyir. Nailə artıq mənim tanıdığım bacım deyildi. Ona nə olmuşdu belə başa düşmürdüm. Sadəcə bədənimə yayılan qorxunu hiss edir və çarəsizcə ölümə təslim olmağa hazırlaşırdım. Ancaq qonağımız mənimlə eyni fikirdə deyildi. O, silahını bacıma tuşlayıb, dalbadal atəş açdı. Bu vaxt ona mane olmağa belə gücüm qalmamışdı. Güllələr ona çatanda havada asılı qaldı. Bir az sonra hamısı yerə düşdü. Nailə əlini qonağa doğru uzatdı. O, qəfildən divara çırpılıb, çırpınmağa başladı. Çox keçmədi ki, nəfəsi kəsildi və öldü. Nailə onun öldüyündən əmin olduqdan sonra, əlini aşağı saldı. Arxasını dönüb getməyə hazırlaşırdı ki, onu səslədim:
- Nailə, dayan!
- Keh mori daiman. Ölüm sonsuza qədər davam edəcək!
- Nailə!
- Məni əsl adımla çağır! Əgər bacarırsansa.
- Sən kimsən axı? Bacım hanı?
- Məni elə bacın səslədi. Ancaq o da mənim əsl adımı çəkməyə cəsarət etmədi. Məni bir zamanlar ölümlülərin çağırdığı adımla səslədi: Rüqəyya!
- Rü..Rüqəyya? Axı o...
- Onun susduğunu deyirsən? Mən adi səslənmə ilə gələn biri deyiləm. Məni gərək ürəkdən səsləyəsən. O vaxtlar Mariya da məni ürəkdən səsləmişdi. Hamı məni o vaxt Anastasiya deyə tanıyırdı. O qızcığaz da məni o adla səslədi. Çarəsizliyə düçar olan insanların tək xilası mənəm. Heç bir insan pis və ya yaxşı olaraq dünyaya gəlmir. Doğulanda hamısı insan olur. Onu pis yaxud da yaxşı edən şey seçimləridir. Düşdüyün mühit səni vəhşi kimi böyüdə bilər. Amma sən insan olaraq qalmağı bacarırsansa, deməli düzgün yolu seçmisən. Amma bəzən insanın seçimləri də onu xilas edə bilmir. İnsanı iblisə döndərən bilirsən nədir? İntiqam. İntiqam hissini alovlandıran nədir bəs? Digər insanlar. Əslində şeytan da Tanrı da sən özünsən. Sadəcə hansına daha çox inanırsan onu seçməlisən. Əgər sən şeytanlıq edib ətrafındakılara zərər verməsən, onlar da insan olaraq yaşamağı seçə bilərlər. Mənə gəldikdə isə, heç də xeyirxah bir mələk deyiləm. Mən indi Rüqəyyayam. Bir müddət sonra hamı məni Nailə deyə səsləyəcək. Əsl adım unudulsa da, mən aciz insanların ümidi olmağa davam edəcəyəm. Tək xilaskar mənəm. Qardaş və bacılarım həmişə məndən uzaq durardı. Mömin və kafir deyə bölünürdük biz öz aramızda. Ancaq nə mömin, nə də ki, kafir bacı-qardaşlarım mənə yaxın dururdu. Cinlər arasında heç sevilməyəni mən idim. Mən ruhu oyuncağa çevrilənlərin hamisiyəm. Onların ağasıyam. Bir bilsən tarix boyunca neçə oyuncağım olub. Mariya, Rüqəyya və Nailə onlardan sadəcə bir neçəsidir... Bu kənddən sıxıldım. Artıq başqa yerlərə getmək vaxtıdır. Ancaq unutma! Məndən danışan dillər lal olar. Məni görən gözlər kor olar. Məni nişan verən barmaqlar qırılar. Mən hər dindən, hər millətdən oyuncaqlarımı toplayıram. Mən oyuncaqçıyam. Qarşıma çıxan hər kəsi öz rəfimə həbs edərəm. Çalışın yaxşı insan olun. Sizə görə birisi acizliyə düçar olarsa, bilin ki, oyuncaqçı öz oyuncağını almaq üçün gələcək. O gələndə isə oyuncağını incidən heç kim sağ qalmayacaq. Mən əbədi yaşayacağam. Çünki, Keh mori daiman. Ölüm sonsuza qədər davam edəcək.
Sözünü tamamlayıb, dilini dişləyərək intihar etdi. Havada süzülən bədən yerə çırpılanda huşumu itirdim. Özümə gələndə ətrafımda bir neçə tibb bacısı vardı. Xəstəxanada idim. Burnuma gələn dərman və qan qoxusundan ürəyim bulanırdı. Harada olduğumu soruşanda eşitdiyim cavab Bakı oldu. Sonradan öyrəndim ki, biz orada canımızla əlləşəndə bizimkilər kəndi azad edirmiş. Evləri yoxlayanda, mənim nəfəs aldığımı görüb və təcili yardımla əvvəlcə yaxınlıqdakı rayon xəstəxanasına, oradan da Bakıya göndəriblər. Nailənin cəsədinin harada olduğunu öyrənib, bir dəstə güllə ziyarətinə getdim. Ən azından onun bir məzarı vardı. Nə anamın, nə də ki, Əmiraslan dayı ilə Xeyransanın bir məzarı yox idi. Onlar sadəcə mənim xatirələrimdə yaşayacaqdılar. Mən isə bu həyatda yaşamaqdan bezmişəm. Artıq bir ildir ki, gecələr yata bilmirəm. Bu yazdıqlarım çiynimdəki yükü bir az da olsa yüngüllətsə də, mən hələ də ölümü arzulayan həmin o tənha adamam. Acizlik ruhumu sarmaşıq kimi sarmamış həyatla vidalaşmalıyam. Oyuncaqçı gəlib məni də öz kolleksiyasının bir parçasına döndərməmiş, mən özüm bu həyatı tərk etməliyəm. Əgər bunu kimsə oxuyacaqsa, dediklərimin dəlinin sayıqlaması olduğunu düşünməyini istəmirəm. Ancaq belə düşünməkdə qərarlısansa, bu dəlinin son sözlərini yaxşıca dinlə! Həyatdakı seçimlərin səni hər dəfə yaxşı bir yerə gətirməyə bilər. Çalış seçimlərinin arxasında dayan və nəticələrinə döz. Aciz olduğunu düşünmə. Çünki elə deyilsən. Əgər yaşayırsansa, nəfəs alırsansa, deməli ümidin var. Tanrıya inan. Heç kim olmasa da, o sənin yanındadır. Bəlkə də düz deyirdi. Ölüm sonsuza qədər davam edəcək. Ancaq mütləqdir ki, onun əvəzində yeni bir həyat başlayacaq. Arzu edirəm ki, onu bir daha səsləyən tapılmaz. Adı elə Rüqəyya olaraq qalar. Bir daha heç kim onun oyuncağına çevrilməz. Ümidvaram növbəti dəfə sənin adın səslənməz...
“Ədəbiyyat və incəsənət”
(20.07.2026)


