Mir Cəlal adına V Hekayə Müsabiqəsindən seçmələr Featured

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi artıq tarixə qovuşub. Finalçılar arasından, ümumən isə müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından 6 mükafatçı seçilib və mükafatlandırılıblar. Onları bir daha xatırladırıq:

 

3-cü yer

Turan Uğurun “Əbabil Quşu” hekayəsi;

Həmid Piriyevin “Müjdə” hekayəsi;

 Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayəsi;

2-ci yer

 Elnur Məmmədlinin “Kəkələmə” hekayəsi;

 Ömər Xəyyamın “10410-cu gün” hekayəsi;

1-ci yer

 Sərvanə Dağtumasın “Körpənin intiharı” hekayəsi.

 

Seçmə hekayələri isə “Ədəbiyyat və incəsənət” portalınada yayımlayırıq. Bu həftədən etibarən bütün mükafatçı hekayələr də portalımız vasitəsilə sizlərə təqdim ediləcək.

 

NURANƏ ABBASOVA

ZALIM PADŞAHIN YEGANƏ SADİQ QULU

Nənəmin qara toxum olub vərəqə səpilməyən söz boğçasından...

 

          Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi. Çox əsrlər bundan əqdəm Şərqin ən gözəl diyarlarından birində Mustafa adlı zalım bir padşah yaşayırdı. Bu padşah qana o qədər susamışdı ki, az qala hər gün bir baş kəsdirməyincə rahat ola bilmirdi. Kəsdiyi başa rəhmi gələnin də dilini gödəldərdilər. Ancaq zülmün ərşə dayandığı bu məmləkətdə hər yer güllük-gülüstanlıq, hər kəs şad-xürrəm idi. Bunun da səbəbi qorxu idi. Zalımın zülmündən qorxan insanlar padşahın əmri ilə heç vaxt kədərlənməz, öz kölgələrindən belə qorxar olmuşdular. Di gəl ki, bu insanlar əllərini padşahın ətəyindən üzməz, ona daim sadiq olduqlarını sübut etməyə çalışarmışlar. Bundan xoşhallanan padşaha əslində bu sədaqətin arxasında qorxunun dayandığı gün kimi aydın idi. Lakin yenə də qullarının onu görən kimi dil-ağız etməsi, əl-ətək öpməsi padşahı sevindirirdi.

          Bu padşah elə-belə padşah deyildi. Dovşana qaç, tazıya tut deyir, ilanı Seyidəhməd əli ilə tuturdu.

          İllər qanadlı at olub uçur, padşah qocalır, rəiyyətin də tezliklə bu zülmdən canları qurtarar deyə ümidləri cücərərdi.

          Bir gün vəzir padşahı öz taxtında fikir dəryasına qərq olmuş halda görüb təəccüblənir. Kefinin hansı çağında olduğunu bilmədiyi üçün padşaha da yaxınlaşıb səbəbini soruşmağa cürət etmir. Bir az keçir, padşah özü dərin bir ah çəkərək vəziri yaxınına çağırır.

          - Vəzir!, - deyə padşahın gurultusundan sarayın divarlarını lərzəyə gətirən səsi eşidilir, - Yaxşı deyiblər, nə qədər qulun o qədər qənimin. Ölkəmdə hamı məni sevdiyini, hörmət etdiyini deyir. Ancaq mən bilirəm ki, onların hamısının əlində imkan olsa, dərimə saman səpərlər. Bu sevgi, bu sədaqət hamısı yalandır.

          Padşah danışdıqca vəzir rəng verib-rəng alırdı. Dişi bağırsağını kəsirdi ki, görəsən, padşah ondanmı şübhələnir. Axı padşahın qarasınca deyinənlərdən ən birincisi elə vəzir idi. Hər fürsətdə onu yamanlayır, intiqam eşqi ilə alışıb-yanırdı. Vəzir fikirdən ayılanda padşah hələ də danışmağa davam edirdi:

          - Görəsən, bu məmləkətdə mənə həqiqətən sadiq olan, məni qorxduğu üçün deyil, mən olduğum üçün sevən qulum varmı?

          Vəzir əllərini çataqlayaraq padşahın hüzurunda gözləri dörd olmuş dayanmışdı.

          Ağılbənd vəzirindən səs çıxmadığını görən hiyləgər padşah əvvəlcə öz-özünə düşündü:

          - Yaxşı, vəzir, demək, sənin də mənə sədaqətin saxta imiş. Bu qədər fikirləşincə, ən birinci özünü deməli idin. Səninlə hesabım qalsın sonraya. İndi mənə lazımsan.

          Padşah bu dəfə ucadan dedi:

          - Sənə əmr edirəm!. Mənə bu məmləkətin ən sadiq qulunu axtar tap. Sözdə-dildə yox, məni ürəkdən sevən biri olsun. Bunu da əməlində göstərsin.

          Vəzir necə çıxılmaz vəziyyətlə üzləşdiyini görsə də, çarəsiz halda Baş üstə, padşahım” deyib dal-dalı çəkildi.

          Padşahın hüzurundan uzaqlaşan vəzir ikiiəlli başına döyməyə başladı:

          - Ağ qoyun, qara qoyun, başımı mən hara qoyum?! Samanlıqda iynə tapmaq kimidir sadiq qulu tapmaq. Mən qulun sadiq olub-olmadığını necə ayırd edəcəm. Kim qorxusundan əksini deyər? Onda gərək hamının boynu vurula.

          Vəzir qərara gəldi ki, vaxt itirmədən işə qoyulsun. Bir-bir qapıları dinləsin. Kim ki padşahın hüzurundan kənarda onu tərifləyir, sadiq qul da odur. Vəzir düşündü ki, padşaha ən sadiq qulları ondan ənam alan zənginlər məhəlləsində axtarsın. Acın nəyi var ki, hələ bir padşaha da sağ ol desin.

          Vəzir yola düzəlməyində olsun, sizə kimdən deyim Əhməddən.

          Əhməd bu dünyanın ən fağır, ən yaxşı, pislik bilməyən, halal, düzgün adamı idi. Onun vur-tut gözünün ağı-qarası, aydan arı, sudan duru bir qızı var idi. Elə bil Allah könlü olanda yaradıb. Ancaq Allah Əhmədi bala sarıdan sevindirməmişdi. Bu gözəllikdə qızın gözləri kor, ayaqları şikəst idi. Əhməd qızına baxdıqca ürəyi qubar bağlayır, yükünü qoyarkən dünyasını dəyişmiş arvadından ötrü hər gün göz yaşı tökürdü. Əhmədlə arvadı çox gec sinnidə bala sevinci yaşamışdılar. Uzun sözün qısası, Əhmədin uçuq-sökük daxmasında qızından başqa həyanı yox idi...

          Aylar keçir, vəzir padşahı sevdiklərini düşündüyü insanların arasında sadiq qul tapa bilmir. Dinlədiyi bütün qapıların arxasında hər gün padşahın qarasınca deyinir, onu öldürmək üçün əllərinə fürsət düşməməsindən heyfsilənirdilər. Bütün bunlar vəzirə heç də təəccüblü gəlmədi. Çünki özü də gizlində padşahı az yamanlamamışdı.

          Padşahın möhlətinin sonunun yaxınlaşdığını görən vəzir çar-naçar üz tutur kasıblar məhəlləsinə. Yolda düşünür ki, varlı padşahın qarasınca deyinirsə, kasıb niyə tərəfini tutsun? Acın imanı, toxun gümanı olmaz. Bu xəmirin çox su aparacağını görən vəzir qərara gəlir ki, sadiq qulu tapmasa, elə bu kasıblardan birinə bir axça qızıl verər, onu padşahın hüzuruna aparar. Padşah hər necə sınasa, canı bahasına da olsa, bütün sınaqlardan keçər.

          Vəzir tozlu-torpaqlı küçələri gəzə-gəzə gəlir çıxır Əhmədin qapısına. Adəti üzrə qapını dinləməyə başlayır və eşitdiklərinə inanmır. İçəridən gələn səs:

          - Ey ulu Tanrım! Sən padşahımı, məmləkətimi qoru. Onu başımızdan əskik etmə! Canını sağ, ömrünü uzun eylə! – deyir.

          Vəzirin gözləri kəlləsinə çıxmışdı. Düşündü ki, bəlkə də şahın gizli əmrinin sorağı bura kimi gəlib çıxıb və bu kişi də biclik işlədir. Vəzir barmağını dişləyib, saraya qayıdır. Qərara gəlir ki, növbəti günlərdə də həmin qapını dinləsin...

          Aylar keçir, vəzir hər gün Əhmədin qapısını pusur. Əhməd də hər gün padşahı üçün eyni duanı edir. Vəzir qərara gəlir ki, mətləbi padşaha ərz eləsin. Sadiq qulu tapdığını desin.

          Vəziri eşidən padşah Əhmədin sədaqətinə inanmır. Barmağının kirini soranın birimi mənə sadiqdir deyirsən” deyə qəzəblənir. Onu sınamaq qərarına gəlir. Əmr edir ki, Əhmədin yeganə qazanc vasitəsi olan qotur öküzünü öldürsünlər. Padşahın əmri yerinə yetirilir. Vəzir növbəti gün yola qoyulur. Eşitdikləri yenə onu özündən çıxarır. Əhməd yenə padşaha uzun ömür diləyib deyirdi:

          - Ey ulu Tanrım! Yaxşı ki öküzümü əlimdən aldın. Ahıl vaxtımda mənə ağır yük idi. O yazığın da canı qurtardı, sən padşahıma dəymə!

          Vəzir eşitdiklərini padşaha çatdırır. Padşah əmr edir Əhmədin bağındakı meyvə ağaclarını kəsirlər ki, heç bir qazanc yeri olmasın. Vəzir növbəti qulaqasmada yenə Əhmədin padşaha dua etdiyini eşidir:

          - Ey ulu Tanrım! Sən onu padşah yaratmısan. Bir bildiyi var, yəqin! Padşahımın canına dəymə!

          Padşah artıq hirsindən zəncir çeynəyir. Bu işdə bir iş olduğunu güman edir. Əmr edir, Əhmədin gözünün ağı-qarası bircə balasını öldürsünlər. Padşah da, vəzir də düşünür ki, daha Əhməd padşaha kin qusacaq, onu Allaha tapşıracaq.

          Günlər keçir Əhmədin qapısını dinləyən vəzir heç nə eşitmir. Əhməd daha Allah buyurandan, bəndə anlayandan demirdi. Bu onu bərk şübhəyə salır. Bir yandan da sevinir ki, özünü padşahın sadiq qulu kimi göstərən bu kələkbaz daha sədaqətindən vaz keçib. Vəziri Əhmədin qapısında yuxu tutur. Gözünü açanda görür ki, Əhməd it qurddan seçilməzdən durub günbəzli daxmaya keçdi. Vəzir cəld ayağa qalxdı. Əhməddən padşahın ünvanına nalayiq ifadə eşidəcəyi ümidi ilə onu güdməyə başladı. Ancaq bu gördükləri vəzirə birə-beş od qoydu.

          Əhməd əllərini göyə qaldırıb deyirdi:

          - Ey dünyaları yaradan, bəndələrini sevən Tanrım. Nəyi nə vaxt edəcəyini sən bizdən yaxşı bilirsən. Sən padşahıma dəymə. Qalan ömrümdən kəs, onun ömrünə cala.

          Əhmədin yenə şahın canına dua etdiyini görən vəzirin canına vicvicə düşür. Fikirləşir ki, ayə, yoxsa bütün bunlar şahın mənə oyunudur?!”. Vəzir yenə başı lovlu, dabanbasaraq padşahın hüzuruna gəlir, bilaaram danışmağa başlayır.

          Riyakar şahın hirsindən burun pərələri genəldi, başından tüstü çıxdı:

          Bu düdəmə, yoxsa, məni ələ salır?! Gətirin onu hüzuruma!”.

          Dəngəsər olmuş vəzir çar-naçar yenidən Əhmədin evinin yolunu tutur. Əhmədi padşahın hüzuruna gətirirlər. Əhməd padşahın qarşısında ikiqat olub, yenə ona dua edir:

-      Qayım-qədim olasan, şahım!

          Padşah ona etdiklərini bir-bir Əhmədə danışandan sonra hələ də ona nə üçün dua etdiyini soruşur.

-      Şah sağ olsun, Taxçadakı qarnımda, boğçadakı əynimdədi. Mənim ən böyük var-dövlətim bircə qızım idi, - deyə Əhməd cavab verir.

Padşahla vəzir bir-birlərinə baxırlar. Padşah deyir:

-      Axı qızını da mən öldürtmüşəm. Kim qızını öldürən padşahı sevər ki?!

          Əhməd iki gözü bir çeşmə danışmağa başlayır:

          - Padşah sağ olsun! Qızım doğulanda anasını itirdik. Elə həmin gündən mənim bir qorxum olub. Yaşlı adamam, kimsəmiz yoxdur. Mən ölsəm, gül camallı qızım kimin əllərində qalacaq. Vəziriniz, görünür, dualarımı axıra qədər dinləməyib. Tanrıdan hər gün bir istəyim olub: onu məndən sonraya saxlama. Əlil övladı olan ana-atanın bu dünyada tək qorxusu övladından qabaq ölməkdir. Sən qızımı öldürdəndə mən nə Tanrıdan küsdüm, nə də səndən. Nə qədər sevimli bəndə olduğumu anladım. Səni Tanrının bir elçisi bildim, ona görə küfr etmədim, küsmədim, incimədim.

          Əhmədin bu sözləri zalım padşahın ürəyini yuxaya döndərdi. Yarana necə məlhəm ola bilərəm” deyə soruşdu. Əhməd gözlərini endirib ürəyi yana-yana dedi:

Şirvanın ağ alması,

Yeyilir ağ alması,

Qiyamət günə qaldı,

Yaramın sağalması...

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.