“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Arifə Hümbətovanın “Novruz qız qaçırdıb” adlı hekayəsi təqdim edilir.
Biz redaksiya heyəti olaraq çox bəyəndik. Siz də bəyənəcəksiniz.
ARİFƏ HÜMBƏTOVA,
“NOVRUZ QIZ QAÇIRDIB”
Səhər kəndin sakit havasına heç uyğun gəlməyən qəribə bir xəbərlə açılmışdı: Novruz qız qaçırdıb. Əslində, xoş xəbər idi bu; illərdir evlənməyən, qohum-əqrəbanın tapdığı hər qızda bir əmma tapan, yaşı az qala qırxa çatmış bir oğlan evlənirdi. Eşidən hər kəs sevinirdi. Ta ki gəlib “ qız”ı görənədək.
Hər dəfə kənddən qəsəbənin mərkəzinə gəlib, ev üçün ayın-oyun alanda, yolunu gəlinlik paltarları satan və ya kirayə verən mağazanın qarşısından salar, dayanıb saatlarla vitrindəki “gəlinlər”ə baxardı. Hərdən vitrinin şüşəsində özünə çəki-düzən verərdi. Artıq çallaşmağa başlayan və getdikcə seyrələn saçlarına yüngülcə sığal çəkib, gözəlliyi ilə qəlb oxşayan “gəlinlər”ə göz vurardı. Adamın allahı var, heç biri bu əyriburun, çatmaqaş oğlanın xətrinə dəymirdi. Hələ içlərində biri vardı, Novruz onu görəndə kilidlənib küçənin ortasında qalırdı. Gözünü qıyıb xəyallara daldığı belə günlərin birində, qəfil nəsə fikirləşib içəri girdi.
Çoxdan gözaltı etdiyi, daş-qaşlı paltarının işığında cilvələnən mavi gözlü, qısa xurmayı saçlı manekenin fatasını üzünə salıb:— Mən bunu alıram, — dedi.
Satıcı onu şübhəli, bir az da təəccüblü baxışlarla süzüb dilləndi:
— Müəllim, siz oturun gözləyin, mən bu saat büküb gətirirəm.
Novruz konfeti əlindən alınmış uşaq kimi necə qıyya çəkdisə, mağazada kim varsa geri çevrildi.
— Ay xanım, mən bu paltarı da istəyirəm, bu qızı da! Xərci nədirsə, çəkəcəm, — deyib, etiraz istəməyən baxışlarla satıcı qızın gözlərinə zilləndi.
Təəccübünə heyrət də əlavə olunan satıcı bu qəribə müştəridən can qurtarmaq üçün müdirə yaxınlaşdı. Amma Novruz manikendən elə möhkəm yapışmışdı ki, nəinki müdir, dünya-aləm yığılsa da əlindən ala bilməzdi.
Geyimli-kecimli manikeni bərk-bərk qucağına sıxıb kəndə aparmaq haqqında düşündüyü vaxt həmkəndlisi, yük maşını sürücüsü Rzanı gördü. Sol qolu ilə manikeni sinəsinə basıb, sağ əli ilə sevincək salamlaşdı. Uzun əhvalatı kəndçisinə qısaca danışıb ondan kömək istədi.
Kəndin kələ-kötür yollarında silkəlindikcə maşının banında uzanan manikenə bir şey olar deyə narahatlıq keçirirdi. Novruzun əzab çəkdiyini görən Rza bic-bic güldü:
— Ayə, ay allahsız, sən indi bu "qız"ı Fatma xalaya gəlinmi aparırsan?
Dalınca qəşş eləyib güldü.
Novruz da bığaltı qımışdı:
— Hə e, əl çəksinlər məndən, mən öz yarımı tapdım!
Kənd balaca, xəbər böyük idi. Yük maşını Novruzgilin darvazasının ağzında dayananda, qonum-qonşudan bir-iki nəfər hasarın arasından boylanırdı. Fatma xala eyvanda oturub həmişəki kimi oğlunun yolunu gözləyirdi. Maşından düşən Novruzun qucağındakı bəyaz, bərq vuran gəlinliyi və onun içindəki hərəkətsiz, mavi gözlü "gözəli" görər-görməz çay içdiyi armudu stəkan nəlbəkiyə düşüb cingildədi.
— A bala, bu nədir?! — Fatma xalanın səsi titrədi.
Novruz heç kimə məhəl qoymadan qucağındakı "gəlin” i ehtiyatla eyvana, anasının qarşısına gətirdi. Fatma xala yaxına gəlib gəlinin süni, soyuq, plastik üzünə mat-mat baxdı.
Səhəri bu qəribə xəbərlə açan kənd camaatı axşama doğru qərara gəldi ki, Fatma xalanın təkbaşına, min bir əziyyətlə böyütdüyü oğlu havalanıb, dəli olub. Nə anasının, nə də qohumların yalvarışlarına məhəl qoydu Novruz, inadım inaddır deyib tutdurdu. Əlacsız qalıb kəndin ağsaqqalı Bürcəli kişini köməyə çağırdılar. Yaşı yetmişi keçməsinə rəğmən qıvraq və gümrah görünən ağsaqqal xəbəri eşidən kimi papağını pırpız qaşlarının üstünə endirib, pencəyini çiyninə saldı və üz tutdu Fatma xalagilə tərəf. Süfrə açılıb, çay-çörək verildikdən sonra hər kəs gözünü ağsaqqalın ağzına dikdi. Kişi boğazını arıtlayıb, ötkəm, amma doğma səslə soruşdu:
— Novruz, a bala, sənin bu tutduğun iş deyil, cansız kukladan adama arvad olmaz. Kənd camaatı deməzmi ki, Novruz havalanıb?
İndiyə qədər hərəni bir cür yola verən Novruz bu dəfə başını aşağı salıb, masanın kənarını sıxdı:
— Qoy desinlər, Bürcəli dayı! İllərdir içimdəki səssiz fəryadı eşitməyənlər, nələr çəkdiyimi bilməyənlər indi bir kuklaya görə mənə dəli deyəcəklərsə, qoy desinlər!
Bürcəli kişi dünya görmüşdü. Onun nə demək istədiyini bilirdi. Ona görə susub fikrə getmişdi.
Novruzun bir Göyçək sevdası vardı.
Hələ iyirmi yaşlarında sevmişdi. Uzun xurmayı saçlı, iri mavi gözlü, hündürboylu bu qızı kənddə sevən çox idi. Amma o, saf, dürüst, ürəyinin təmizliyi gözlərindən oxunan Novruzu seçmişdi. Seçmişdi və sevmişdi. Həm də çox! Hər kəs bu seçimə də mat qalmışdı, bu sevgiyə də. Əyri, koğa burunlu Novruzu heç kim Göyçəyə yaraşdırmırdı. Novruzəlinin anası Fatma xala da inanmamışdı bu sevginin təmizliyinə və bu izdivacın baş tutması üçün əlindən gələni eləmişdi. Tezliklə uzaq qohumlarından varlı biri Göyçəyə elçi düşdü, ata-anası fürsəti qaçırmayıb razılıq verdi, sevənləri bir-birindən ömürlük ayırdılar. Son dəfə Göyçəyi toy günü gördü Novruz. Bər-bəzəkli gəlin paltarında... Uzun xurmayı saçlarını qısa kəsdirmiş Göyçəyin donuq mavi gözləri duvağın altından kədərli-kədərli baxırdı... Eynən neçə il sonra vitrində gördüyü maniken kimi...
Qərarlı idi. Ona görə ötkəm çıxırdı səsi. Artıq bu Göyçəyi heç kimə verməyəcəkdi. Onu ala bilməyəcəkdilər Novruzun əlindən.
— Mən ancaq bu qədər xoşbəxt ola bildim, Bürcəli dayı! — əvvəl ürəyində dedi, sonra səsli. — Heç olmasa bunu mənə çox görməyin!
“Ədəbiyyat və incəsənət”
(10.07.2026)


