“1 şair, 1 şeir”də Əfrahim Abbas və "Hardasan" qəzəli... Featured

Nigar Həsənzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Ədəbiyyat və incəsənət” portalının “1 şair, 1 şeir” rubrikasında bu gün Əfrahim Abbasın "Hardasan” adlı qəzəli təqdim edilir.

 

Əfrahim Abbas Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, veteran pedaqoq, yazıçı-publisist və şairdir.

 

 

ƏFRAHİM ABBAS

HARDASAN

 

Sənsizəm, qəlb istəyim, cismimdə canım, hardasan?!

Eşqimin şahzadəsi, sirri-pünhanım hardasan?!

 

Bu eşqdə yol gözləməkdən, düşmüş nurdan gözlərim,

Hər sözü baldan betər, şirin zəbanım hardasan?!

 

Göz yaşım leysan olub, axır ahəstə köksümə,

Ruhumu qərq eyləyən, coşan ümmanım hardasan?!

 

Yandı hicran atəşində, cismimin əlacı yox,

Bu sağalmaz dərdimə yoxdur gümanım, hardasan?!

 

Qorxuram, asi olum, hüsnün görüncə, ey sənəm

Ey Kəbəm, ey Kərbəlam, ey din-imanım, hardasan?!

 

Çəkmiş dara qəlbimi, viran edib sənsizliyin,

Ey, talan eşq dünyama, pirim-sultanım hardasan?!

 

Əfrahiməm, mən dərdimə, çarə ummaram qeyridən,

Ey tükənməz dərdimə, çarəm, loğmanım, hardasan?!

                                                              (07.07.2026)

 

“Ədəbiyyat və incəsənət”

(09.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.