Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
“Danış ona doğrusunu,
Qarışdırma yuxusunu,
Gətir mənə qoxusunu,
Gilavar, ay gilavar”
ElçinHəsənov
İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.
Həsənov Elçin Əbülfət oğlu 14 noyabr 1989-cu ildə Masallı rayonunun Boradigah qəsəbəsində hərbçi ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri Yasamal rayonu A. Hüseynzadə adına 20 nömrəli liseydə alıb.
Uzun illər dövlət qulluğunda fəaliyyət göstərən Elçin Həsənov 14 il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb. Səhhətində yaranan problemlərlə əlaqədar olaraq 2022-ci ildə tutduğu vəzifədən ayrılıb.
Elm və təhsilə olan marağı onu 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə gətirib. Hazırda Bakı şəhərində yaşayır və subaydır.
Ədəbiyyata olan sevgisi məktəb illərindən formalaşıb. Özünə qapalı xarakteri uzun müddət yaradıcılığını geniş oxucu auditoriyasına təqdim etməsinə mane olsa da, universitet illərində bu sahədə daha fəal olmağa başlayıb. Həmin dövrdə şeirləri universitetin divar qəzetində dərc olunub, müxtəlif şeir müsabiqələrində və ədəbi məclislərdə iştirak edib.
Hazırda Elçin Həsənov ilk şeir kitabı olan "Sözümdə Sən" adlı toplu üzərində çalışır
Daha mən yoruldum, daha bezmişəm,
Geriyə gəlsən də, qarşılamaram.
Yalvarıb qapımı döysən də "Vallah"
Mən səni ölsəm də bağışlamaram.
Aldandım uşaq tək, çökdüm, bəsindir,
Ağladı durmadan gözüm bəsindir,
Eşidib bilsəm ki, son nəfəsindir,
Mən səni ölsəm də bağışlamaram.
Son dəfə əllərin gözlərim üstə,
Ölüm yatağımda sən başım üstə,
Lap belə cöksən də dizlərin üstə,
Mən səni ölsəm də bağışlamaram.
Xəyanət hələ də yandırır məni,
Yalanlar söylədin yandırır məni,
Bil Elçin Allaha tapşırır səni,
Mən səni ölsəm də bağışlamaram.
***
Bilki gözəldi səni sevmək və sevilmək,
Ruhuna köçmək.
Həsrətdədir gözlər səni istər, səni gözlər,
Dil səni səslər.
Bəslər sənə qarşı bir məhəbbət,bir bahar tək,
Bağçada bar tək.
Gecədir dərdimə həmdəm, mənə sirdaş gözəlim,
Axı sənsən özəlim.
Yazılar şəninə nəğmə, nə şeirlər, nə qəzəllər,
Dillərdədə əzbər.
Düzərəm mən səni sözlərdə tükənməz,
Sevdam sənə bitməz.
Sevirəm, xəstədi qəlbim səni dərman bilirəm,
Əl açıb istəyirəm,
Çarə sənsən deyirəm.
***
Yadıma düşdün yenə,
Əzab verərək mənə,
Məktub yazacam sənə,
Unutmaq istəyirəm.
Qıvırcıq tellərini,
Qulağımda səsini,
Əlinin istisini,
Unutmaq istəyirəm.
Dərd olur hər səhəri,
Verdin mənə qəhəri.
Sən yaşayan şəhəri,
Unutmaq istəyirəm.
Itib batıb ağılın,
Bilinməyir sabahın.
Daha sevgi nağılın,
Unutmaq istəyirəm.
Əsdikcə Bakı küləyi,
Qurdun fitnə kələyi.
Sən tək şeytan mələyi,
Unutmaq istəyirəm.
Içimdə bir qüssə var,
Ürəyimi dağlayar,
Kürəyimdən vurdu yar,
Unutmaq istəyirəm.
Əhdini peymanını,
Içdiyi o andını,
Mən Elçin öz adını,
Unutmaq istəyirəm.
***
Qəlb evimi bağlamışam,
Taleyimlə barışmışam,
Söylə ona darıxmışam,
Gilavar, ay gilavar.
Danış ona doğrusunu,
Qarışdırma yuxusunu,
Gətir mənə qoxusunu,
Gilavar, ay gilavar.
Deki onsuz kimsəsizəm,
Yaşamıram ürəksizəm,
Yorulmuşam çarəsizəm,
Gilavar, ay gilavar,
Yaşartma sən gözlərini,
Üşütmə sən əllərini,
Yetir mənə bir telini,
Gilavar, ay gilavar.
“Ədəbiyyat və incəsənət”
(02.06.2026)


