Redaksiyanın poçtundan - Arifə Hümbətovanın hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn məktublardan növbətisi Arifə Hümbətovadan gəlib. O bizə “Soyuq qəhvə” adlı hekayəsini göndərib.

 

Arifə Hümbətova

Soyuq qəhvə

Hekayə

 

– Səhərlər acqarına qəhvə içmək zərərlidir! 

 Bu xəbərdarlığı həkimlərdən çox eşitmişdi. Son vaxtlar artıq çəkiyə görə də başı dərdə düşmüşdü. Qəhvəni balaca qəhvə qaşığı ilə fincana əlavə etdi.

– Yaxşı, şəkərini az eləyərəm, – xəyalında  hər zaman söhbətləşdiyi həkimə göz vurdu. Qənddanda qurdalanan barmaqları seçib ən böyük, ən yöndəmsiz qəndi fincana atdı.

– Həyat acı, qəhvə acı, day nə oldu?! – bu dəfə göz vurmadı həkimə, eləcə yazıq, məsum baxışlarla baxdı.

Qəhvəni hazırlaya-hazırlaya xəyalındakı həkimlə bir neçə dəfə ağızlaşdı, söz güləşdirdi, axırda yorğun düşərək gəlib mətbəxin pəncərəsi önündə dayandı. Həkimdən yaxa qurtarmağa çalışarkən, binanın həyətində dayanan, qardaşına çox bənzəyən qonşu İslamı gördü. Qardaşının görüşmək üçün xəbər göndərdiyini xatırladı. Getməmişdi görüşə. Getmək istəməmişdi. Həyətdə özünü günə verən, arada gəlib-gedənlərlə hal-əhval tutan, hətta zarafatlaşan İslama baxırdı. Onun qardaşı Akifdə görmədiyi xoşbəxtliyini ürəyində qısqandı.

***

– Neçənci şöbəyə gəlmisiniz, xanım? – gənc mühafizəçinin səsinə fikirdən ayılır.

Ona zillənən baxışlardan və zəhlətökən suallardan canını qurtarmaq üçün tez-tələsik nə lazımdırsa söyləyib turnekedən keçir. Həyət gözlərinə necə geniş, nəhayətsiz görünürsə, bir anlıq harada olduğunu unudur. Sovetdən qalma səliqə-sahman, tək-tük gözə çarpan söhbətgahlar, taxta oturacaqlar ona unudulmuş “Lunapark”ı xatırladır. Həyətin abadlığı üçün zəhmət çəkən xəstələrə xəyali təşəkkürünü bildirib, binaya tərəf addımlayır. Günün günorta çağında hər yerin qəribə bir sükuta qərq olması canına ürpərti salır. Ürək döyüntüləri ilə addım səslərinin yarışmasına qulaq verə-verə getdiyi yerdə qəfildən yaxınlıqdan gələn qadın səsinə diksinir. Binanın qadın şöbəsi olduğunun fərqinə indi varır. Pəncərələrdən boylanan pərişan üzlü, dağınıq saçlı qadınlar əllərini havada oynatdıqca qorxu filmlərinin qəhrəmanlarına bənzəyirlər. Ən alt mərtəbədə qəşş edib gülən başı yaylıqlı qadın isə ağzındakı tək dişi ilə rus nağıllarındakı küpəgirən qarıdır ki var. Ancaq daha çox öz halına gülənə oxşayır. İsterik qəhqəhəsi gözündəki kədəri örtə bilmir. Taleyin qarğışına düşmüş bu insanları görməməkdən ötrü gözlərini bərk-bərk yumub  addımlarını yeyinlədir.

– Bacı, nömrə deyim yığ da nolar... Yoldaşım gəlməliydi... Gəlmir... Neçə vaxtdı...

Ətrafa boylanır. Kimsə gözünə dəymir. Deyəsən, söz ona ünvanlanıb.

– Nolar, bacı, qurban olum!  

Səs gələn tərəfə dönür. Dəmir barmaqlıqlı pəncərədən bir qadın yalvarış dolu baxışlarla ona baxır. İstər-istəməz ayaq saxlayıb onun dediyi nömrəni yığır. Səsucaldanı açıb, telefonu pəncərəyə yaxınlaşdırır.

– Alo, kimdir?

Həyəcandan dodaqları əsən qadın dinmir, məcbur qalıb özü cavab verir.

– Dispanserdən xəstəniz...

Mikrofondan gələn qarışıq uşaq səsləri və yorğun qadın səsi kəsilir.

Dut, dut, dut... 

Telefon tutan əli havadan asılı qalır.Qadın alnını barmaqlıqlara söykəyib həyəcanla telefona baxır. Onu bu naqolay vəziyyətdən gombul tibb bacısının əsəbi səsi xilas edir:

– Ay xanım, hara gəldiyinizi unutmusuz? Belə davranmaq olmaz!

Deyingən gombula  əyri-əyri baxır, dava salmaqdan özünü güclə saxlayıb yoluna davam edir.

İkinci mərtəbənin qapısını aça-aça gözünü onun əlinə zilləyən qapıçının cibinə bir “beşlik” sürüşdürüb içəri keçir. Yemək bağlamasını mətbəxdəki masanın üstünə qoyur. Dağdan-bağdan söz salan xəstə yaxınlarının vecsiz söhbətinə fikir vermədən, boş masanı yaş salfetlə bir neçə dəfə silir. Anasının  qoyduğu yeməyi, özünün əlavə etdiyi mer-meyvəni səliqə ilə düzür. Anası hər şeyi elə büküb-yerləşdirib, elə bil heç vaxt əl dəyməyəcək.

Qardaşının gecikməsi hövsələsini daraldır. Amma budur, qapıda görünür. Onu bərk-bərk qucaqlayıb üzündən öpür.

-Yavaş, boynumdan asılma!     

Akifin əvvəldən soyuq danışığı, isti baxışı var. İndi daha təntik danışır, baxışları təlaşla ora-bura qaçır. Yemək yemə tərzi isə inanılmaz dərəcədə dəyişib.

"Bir az yavaş ye, qadan alım, tələsmə, hələ vaxtımıza var, yemək də boldur” demək istəyir, amma demir.

– Siqareti çox gətirmisən?

 – Hə e, bir ay bəsdir!

 – Evdəkilər necədir?

 – Hamı yaxşıdır, bircə səndən nigaranıq.

– Mən bilirsən nə vaxt yaxşı olacam? Gedib Ramiz Qəmbərovu Şuşada sağ görəndə!

Yaxın dostudur Ramiz. Milli Qəhrəmandır. Şuşa işğal olunanda şəhid olub. Akif öz əlləri ilə məzara sallayıb onu.

Neçənci dəfədir, eyni söhbəti təkrarlayır.

Yenə bacısının yanından uzaqlaşıb keçən günlərə qayıdıb. Arada bir fərq var: o vaxt gicgahları çallaşmayıb, üzü arıqlayıb uzanmayıb.

Universitetin akt zalında çıxış edir. Tələbələr ona inanır, az qala hər cümləsini alqışlayır.

“Qarabağ bizim olana qədər, şəhidlərimizin ruhu dinclik tapana qədər bizə rahatlıq yoxdur!” – deyir ucadan.

 

Alqış səsləri günlərin, ayların, illərin üstündən aşıb dispanserin görüş otağınacan gəlir. 

Doluxsunmuş gözlərlə Akifə baxır. Qələbədən sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət etdikləri vaxt nə dua etdiyini soruşur.

– Sağalmağımı istədim! – deyir və dərhal da özü üçün nəsə istədiyi üçün utanır. – Bir də torpaqların azad olunmasını!

Diksinir. O doğrudanmı iki-üç ay əvvəl hara getdiyini bilmir? Gözünü qıyıb şirin Qarabağ ləhcəsində deyir:

– Akif, saa qurban olum, Qarabağ bizimdi dana! Yoxsa Şuşaya necə gedə bilərdik? 

– Bizimdi?

– Aha!  

– Ramiz də sağdı?

Bəlkə, yüzüncü dəfə eyni həyəcanla gözləri dolur.

Akifin isə vecinə deyil heç nə. Siqaretləri tələsik cibinə dürtüşdürə-dürtüşdürə üyüdüb tökür, sözləri güclə başa düşülür:

– Volodyaya da verəcəm bunlardan. Montində yaşayan ruslardandır, bizim milləti çox sevir. Mənim kimi iki universtitet bitirib. Söhbətimiz tutur. Bircə siqaret üsündə dalaşırıq!

Çoxdan unutduğu doğma təbəsümü üzünə qonur. Xoşbəxtdir.

   Bəlkə də belə yaxşıdır, – deyə düşünür.

 

***

Buz kimi soyumuş qəhvədən bir qurtum alıb, hələ də həyətdə dayanan İslama baxırdı. Ancaq qulaqlarında qardaşının onu son hərfinəcən inandıran son sözləri cingildəyirdi:

“Bacı, mənə görə ağlama, mən ölümdən qaçmışam, həyatdan isə canımı qurtarmışam!”

 

“Ədəbiyyat və incəsənət”

(29.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.