İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
İsmixan Abdullayev, Borçalı elindəndir, riyaziyyat elmləri üzrə alim, professordur. Ali təhsil ocaqlarına rəhbərlik edib. Hazırda təqaüddədir. Peşəkar şahmatçıdır. Tələbələri, yetirmələri ilə fəxr edir. Ədəbiyyata, poeziyaya, bədii yaradıcılığa böyük marağı vardır.
İsmixan müəllimin bir neçə şeirini çoxsaylı oxucularımıza təqdim edirik:
NƏVƏLƏRƏ
(Zarafatyana)
Gözləyirəm nəvələri,
Düzə çıxıb dəvələri.
Babaları, nənələri
Nəyə lazım indən belə.
Söz deyirəm, sözüm keçmir,
Böyük-kiçik ölçüb-biçmir.
Bundan gözüm heç su içmir,
Günləri say indən belə.
Arzu, istək təzələnir,
Səhhət bizlə məzələnir,
Çox əcələ çözələnir,
Günlər, aylar indən belə.
Bağımda ərik qalmayıb,
Dərdlərə şərik qalmayıb,
Kimdi səni qılıqlayıb,
Könlün ala indən belə.
Sizsiz keçir qışım, yazım,
Bilinməyir çoxum, azım,
Bir qarımdı, bir də sazım,
Həmsöhbətim indən belə.
Neynəyirəm adı, sanı,
Tanrı versin sağlam canı,
Axtaran yox İsmixanı,
Kimə lazım indən belə.
DARIXMIŞAM KÖVRƏLMƏYƏ
Çal, ay aşıq, kövrəlt məni,
Darıxmışam kövrəlməyə.
Apar məni köhnəliyə,
Qoy kövrəltsin köhnə yerlər,
Darıxmışam kövrəlməyə.
El qoxusu avazında,
El nəfəsi var sazında,
Yada düşər o dağ, dərə,
Qoy kövrəlim bircə kərə,
Darıxmışam kövrəlməyə.
Ətrafımda köhnə dostlar,
Həm qohumlar, həm tanışlar
Qoyur diqqət, yüksək hörmət,
Ürək dözmür bu hisslərə,
Darıxmışam kövrəlməyə.
Ağlamıram için-için,
Kövrəlt məni sevinməkçün,
Xoş arzuya, xoş diləyə,
Kövrəlt məni sevinməyə,
Darıxmışam kövrəlməyə.
Hərdən dindir İsmixanı,
Danışmaz hərzə-hədyanı.
Sevindirər el-obanı,
Gəlmişəm el deyə-deyə,
Kövrəlt, aşıq, kövrəlt məni,
Darıxmışam kövrəlməyə.
QƏMLİ DÜŞÜNCƏLƏR
Bu dünyanın səfasına
Gəldim ağlaya-ağlaya.
Oynadım çox havasına,
Güldüm ağlaya-ağlaya.
Şükr eylədim Yaradana,
Nə keçdi atdım qazana.
Köçüb getdi ata-ana,
Qaldım ağlaya-ağlaya.
İnanaraq düz ilqara,
Cəfa çəkdim çox dostlara,
Küskün düşüb xəyallara
Daldım ağlaya-ağlaya.
Zirvələrə yoxuş varmış,
İlğım kimi naxış varmış,
Geriyə sərt axış varmış,
Bildim ağlaya-ağlaya.
Bu imiş dünyanın işi,
Alır bir-bir dost-tanışı,
Təsəllim olur göz yaşı,
Sildim ağlaya-ağlaya.
ÖMÜR DƏFTƏRİ
Qarşımda ömür dəftəri:
Saralıbdı vərəqləri.
Gah qalxmışam zirvələrə,
Gah enmişəm dərələrə.
Hər birində axtarmışam,
Həm itirib, həm tapmışam.
Nələr qalıb yaddaşımda,
Baharımda, həm qışımda.
Neçə-neçə illər keçib,
Qəmli-qəmsiz günlər keçib.
Sınamışam çoxlarını,
Yaxşı-yaman dostlarımı.
Can atmışam düz olmağa,
Düz oturub, düz durmağa,
Halalı haramdan seçim,
Sözlərimi ölçüb-biçim.
İsmixanı yaxşı tanı,
Gəzib-görüb çox obanı,
Öz elini məkan seçib,
Çox bulaqdan sular içib.
DÜNYANIN HİKMƏTİ NAĞILLARDADIR
Ay nənə, sən mənə bir nağıl danış,
Bir ili bir günə gətirə bilim.
Elə bir pəhləvan olum ki, mən də,
Dünyanı çiynimə götürə bilim!
Dünyanın hikməti nağıllardadır,
Nə malda, nə mülkdə, nə də vardadır.
Bilim zülmət harda, işıq hardadır,
Zümrüdlə zülmətdən işığa gəlim.
Cinlər məkanından aralı olum,
Divlərin yanında oturub-durum.
Özümə maraqlı bir büsat qurum,
Hikmətlər dinləyib ağıllı gülüm.
Nadandan, cahildən aralı gəzim,
İllərdən nə doyum,nə də ki, bezim!
Doysa-doymasa da həyatdan gözüm,
Nağıl dünyasında yaşayım-ölüm...
ÖLMƏK İSTƏYƏRDİM ZƏLİMXAN KİMİ
(Zəlimxan Yaqubun dəfnində)
Nəhəng şairimiz köçdü dünyadan,
Elini doyurdu, içdi dünyadan.
Arayıb incilər seçdi dünyadan,
Xalqın məhəbbəti bir ümman kimi,
Ölmək istəyərdim Zəlimxan kimi.
Elin məhəbbəti var idi orda,
Sənətə hörməti var idi orda.
Şeirin hikməti var idi orda,
İstəmirəm nə xan, nə xaqan kimi,
Ölmək istəyərdim Zəlimxan kimi.
Ağlayıb hay-haray qoparan da var,
Kədərdən gözünə qəm qonan da var,
Bu ölümə həsrət aparan da var,
Millət dalğalanır bir orman kimi,
Ölmək istəyərdim Zəlimxan kimi.
Həyat badəsini belə içəsən,
Sözün zəmisini belə biçəsən,
Köçəndə həyatdan belə köçəsən,
Yaşadım ömrümü İsmixan kimi,
Ölmək istəyərdim Zəlimxan kimi.
“Ədəbiyyat və incəsənət”
(22.06.2026)


