“Ölüm bir formadır, bir yerdəyişmə” - Nargilə Yusifqızı Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

 “Tanıtım” rubrikasındayıq, istəkli oxucular. Dəyərli yazar Nargilə Yusifqızı iki təsirli şeiri ilə sizlərin görüşünə gəlib.

 

Ey şəhid

 

Göy üzü buludlu, ürəklər qubar,

Sən elə ucaldın, çatmaz sənə qar.

Torpağa düşəndə canın, ey şəhid,

Vətən torpağından boy atdı bahar.

 

Nə ana fəryadı, nə göz yaşıdır,

Bu, bir qəhrəmanın qanlı yasıdır.

Məzarın daş deyil, uca bir zirvə,

Başdaşın millətin şərəf daşıdır.

 

Sən ölmədin, dostum, bizə can verdin,

Yatmış vicdanlara həyəcan verdin.

 Al qanın qarışdı bayraq rənginə,

Sən öz adın ilə bizə şan verdin.

 

Ruhun şad olsun ki, azaddır vətən,

Gül açır can qurban verdiyin çəmən.

Tarixlər yazacaq sənin adını,

Ey Vətən eşqiylə kəfən geyinən!

 

 

Varlığın sükutu

 

Mən səni tapandan  itdim özümdə

Demək, var olmaqçün yox olmaq gərək.

Biz hansı xaotik boşluqdan gəldik,

Eyni bir nöqtədə bütövləşərək?

 

Zaman bir nisbətmiş, məkan bir qəfəs,

Ruhun əbədiymiş bu ilk savaşı.

Sən mənim içimdə elə bir "mən"sən –

Nə ağlım dərk edir, nə idrak yaşı.

 

Bəlkə də, heç yoxuq... Bir pərvanəyik,

Ocağın sirriylə alışıb yanan.

İki ayrı cisim, tək bir təfəkkür,

Sonsuzluq içində sükutu pozan

 

Ölüm  bir formadır, bir yerdəyişmə,

Zatən doğulmuşuq zamanı seçib.

Bu elə sevgidir – atomu yox ki

Ruhun zərrəsini doğrayıb, keçib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.